Azərbaycan Respublikasının Milli Məclisi və Uruqvay Şərq Respublikasının parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

 

Mayın 22-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Uruqvay Şərq Respublikasının parlamentinin Nümayəndələr Palatasının sədri Herman Kardosonun rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirən O.Əsədov demişdir ki, bu səfər Azərbaycan ilə Uruqvay arasındakı əlaqələrin daha da yaxınlaşmasına səbəb olacaqdır. Biz yalnız siyasi sahədə deyil, eyni zamanda, iqtisadi, mədəni əlaqələrin də genişləndirilməsini istəyirik. Bu istiqamətdə hər iki ölkənin parlamentləri fəal olmalıdırlar. Artıq Azərbaycanın və Uruqvayın parlamentlərində əməkdaşlığın genişləndirilməsi üçün dostluq qrupları yaradılmış, qarşılıqlı səfərlər həyata keçirilmişdir. Bu səfərlərdən sonra əhatəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensiala malik olması müəyyən edilmişdir. Bu günədək Azərbaycan ilə Uruqvay hökumətləri arasında 3 sənəd imzalanmış, 5 sənəd isə imzalanmaq üzrədir.

Azərbaycanda həyata keçirilən iqtisadi-siyasi islahatlar haqqında qonağa məlumat verən Milli Məclisin sədri nəzərə çatdırmışdır ki, son 10 ildə ölkəmizə 130 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür.

Azərbaycan, həmçinin tolerant ölkədir, burada məscidlərlə yanaşı, katolik, pravoslav, protestant kilsələri və sinaqoqlar da fəaliyyət göstərir. İnsanların dini etiqadlarına hörmətlə yanaşılır.

Bütün bunlarla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal altında saxlanılması regionun iqtisadi inkişafına və insanların rifah halının yaxşılaşmasına maneə törədir. Ermənistan ATƏT-in, Avropa Şurasının, BMT-nin işğal altında olan torpaqların qeyd-şərtsiz azad edilməsi haqqında qətnamələrinə məhəl qoymur. Azərbaycan bu problemi sülh yolu ilə həll etmək istəyir və dünya ictimaiyyətini ədaləti dəstəkləməyə çağırır.

Səmimi görüşə görə minnətdarlığını bildirən H.Kardoso demişdir ki, Azərbaycandakı real vəziyyət onun təsvir etdiyindən çox fərqlidir. Buradakı inkişaf ilk anlardan diqqətimizi cəlb etmişdir. Coğrafi baxımdan bizim dövlətlər bir-birindən uzaqda yerləşirlər. Lakin biz düşünmürük ki, bu uzaq məsafə əməkdaşlığımıza maneə olacaqdır. Uruqvay da gənc dövlətdir və ölkə əhalisinin əksəriyyətini Avropadan gələn immiqrantlar təşkil edir. Biz dünyanın bütün dövlətləri ilə yaxşı münasibətlər qurmağa çalışırıq. Ona görə də  xarici siyasətiniz beynəlxalq qanunlar əsasında formalaşmışdır. Azərbaycan beynəlxalq hüquqa üstünlük verən bir dövlətdir və bu da əməkdaşlığımızı şərtləndirir. Uruqvayın Azərbaycan ilə iqtisadi və ticarət əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirən H.Kardoso demişdir ki, Azərbaycan əmin olsun ki, onun Cənubi Amerikada Uruqvay kimi yaxın dostu vardır.

Görüşdən sonra Milli Məclisin sədri O.Əsədov və Uruqvay parlamenti Nümayəndələr Palatasının sədri H.Kardoso Azərbaycan Respublikasının Milli Məclisi və Uruqvay Şərq Respublikasının parlamenti arasında əməkdaşlıq haqqında sazişi imzalamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında