Şriftin ölçüsü:
22.05.2013 11:59 | Oxunma sayı: 805
Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Moskvada apardıqları danışıqların yekunlarına dair mətbuat konfransı keçirmişlər. Görüşdə Azərbaycan ilə Rusiyanın xarici işlər nazirlikləri arasında 2013-2014-cü illər üçün məsləhətləşmələr planı imzalanmışdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlər qarşısında çıxışında demişdir: “Azərbaycan ilə Rusiya arasında münasibətlər müxtəlif sahələr nöqteyi-nəzərindən çox müsbətdir. Münasibətlərimiz həm ikitərəfli əlaqələr, həm də iqtisadi baxımdan Azərbaycan ilə Rusiyanın dövlət başçılarının 2008-ci ildə imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Sazişə müvafiq olaraq yüksələn xətt üzrə inkişaf edir və biz bu sənəd çərçivəsində hərəkət edirik”. Azərbaycan XİN-in başçısı qeyd etmişdir ki, Moskva ilə Bakı Rusiya-Azərbaycan münasibətlərinin gündəliyini və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişlər. Nazirin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində durğunluğun aradan qaldırılacağına ümid bəsləyir. Azərbaycan naziri demişdir: “Bu gün Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə etdik. Biz Rusiyanın regionda və həmsədr qismində rolu nöqteyi-nəzərindən ilk növbədə danışıqlar prosesinin üzləşdiyi durğunluğun qarşısının alınmasını gözləyirik”. Onun sözlərinə görə, prezident seçkilərindən sonra Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün hərbi qüdrətini artıracaqdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdir ki, Rusiya üçün xarici siyasətin prioritetlərindən biri Qafqazda sabitlikdir, odur ki, Moskva həmin vəziyyəti hərəkətə gətirmək üçün hər cür səy göstərəcəkdir. Rusiya XİN-in başçısı vurğulamışdır ki, indiki halda tələsik nəticə çıxarmaq olmaz. S.Lavrovun sözlərinə görə, Rusiya bu istiqamətdə işi davam etdirir. Bu günlərdə Azərbaycan ilə Ermənistan nazirlərinin görüşü olmuşdur. Kompromisin və münaqişənin həlli yolunun axtarılması üzrə prosesləri hər cür dəstəkləmək, bilavasitə iştirak edən bütün tərəflərin daxili siyasi təqvimlərini nəzərə almaq lazımdır. S.Lavrov demişdir: “Heç kəs əlini bu işdən soyutmağa hazırlaşmır. Biz bu problemin həlli üçün hər cür şəraitin yaradılmasına hərtərəfli kömək edəcəyik”. S.Lavrov Bakı-Novorossiysk neft kəmərinə dair müqavilənin fəaliyyətinin dayandırılması məsələsinə toxunaraq demişdir ki, Bakı-Novorossiyk neft kəmərinə dair müqavilənin fəaliyyəti Rusiya tərəfindən sırf iqtisadi səbəblərdən dayandırılmışdır. O demişdir: “Bununla əlaqədar olaraq iki ölkənin energetika idarələri hazırda yeni iqtisadi reallıqları əks etdirən yeni hökumətlərarası sazişin hazırlanması ilə məşğuldurlar”.
Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri “Eurovision-2013" mahnı müsabiqəsində balların yoxa çıxması ilə bağlı məsələyə də toxunmuşlar. RF XİN-in başçısı Sergey Lavrov Azərbaycan vətəndaşlarının ”Eurovision" mahnı müsabiqəsinin rusiyalı iştirakçısı Dina Qaripovaya verdikləri səslərin yoxa çıxmasını biabırçı fakt adlandıraraq xəbərdarlıq etmişdir ki, bu məsələ cavabsız qalmayacaqdır. O demişdir: “Biz bu biabırçı aksiyanın cavabsız qalmaması üçün birgə fəaliyyətimizi razılaşdıracağıq”. E.Məmmədyarov bildirmişdir ki, Azərbaycanın üç mobil rabitə operatoru üzrə səslərin yoxlanmasının nəticələrinə görə Rusiya ikinci yerdədir. Azərbaycan əhalisinin böyük bir hissəsi Rusiya ifaçısına səs vermişdir.
Azərbaycan naziri demişdir: “Azərbaycanın ən iri mobil rabitə operatoru 1677 səslə Rusiyanı ikinci yerə qoymuşdur. Qalan mobil rabitə operatorları da yüksək ballar açıqlamışlar. Səslər necə oldu, hara yoxa çıxdı? Əlbəttə, bu sual Avropa Yayımları Birliyinin əsas tərəfdaşı olan bizim İctimai Televiziyaya verilməlidir”. Mətbuat konfransında verilən məlumata görə, tərəflər razılığa gəlmişlər ki, Azərbaycan İctimai Televiziyası hüquqi məqamları aydınlaşdırdıqdan sonra birgə fəaliyyət razılaşdırılacaqdır.
Fəridə ABDULLAYEVA
AzərTAc-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.