Rusiya XİN: “Azərbaycan bizim Cənubi Qafqaz və Xəzər bölgəsindəki vacib strateji tərəfdaşımızdır”

 

 

Ölkələrimizin bir çox beynəlxalq və regional problemlərlə bağlı mövqeləri yaxındır və üst-üstə düşür

“Azərbaycan bizim Cənubi Qafqaz və Xəzər bölgəsindəki vacib strateji tərəfdaşımızdır”. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə öz müsahibəsində Rusiya XİN İnformasiya və mətbuat departamenti direktorunun müavini Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, ikitərəfli münasibətlər hüquq bərabərliyi, qarşılıqlı maraqlara hörmət və mehriban qonşuluq əsasında inkişaf edir: “Biz Azərbaycanla çoxplanlı qarşılıqlı fəaliyyəti siyasi, iqtisadi və humanitar sahələrdə dərinləşdirmək niyyətindəyik.

Rusiya-Azərbaycan strateji tərəfdaşlığının əsas elementi ölkələrimizin prezidentləri arasında siyasi dialoqdur. Vladimir Putin və İlham Əliyev arasında yaranmış qarşılıqlı inamlı əlaqələr yaranan istənilən məsələləri operativ həll etməyə imkan verir.

Yüksək səviyyədə dialoqdan əlavə hökumətlərimiz, əsas nazirliklər və idarələrimiz arasında əlaqələr də fəal inkişaf edir. Son illərdə ikitərəfli münasibətlərdə parlament vektorunun əhəmiyyəti xeyli artıb. 2012-ci ildə Bakıda Rusiya Federal Məclisi palatalarının sədrləri Valentina Matviyenko və Sergey Narışkin Azərbaycanda rəsmi səfərdə olublar. İkitərəfli müqavilə-hüquqi baza təkmilləşir.

İkitərəfli qarşılıqlı əlaqələrin vacib elementlərindən biri İqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyadır. Hazırda komissiyanın 14-cü iclasına hazırlıq gedir. Hərbi-texniki əməkdaşıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyası var. Bu komissiyanın 6-cı iclası 2012-ci il avqustun 8-də Moskvada keçirilib. 2012-ci il noyabrın 2-də Bakıda Rusiya Federasiyası Federal Məclisi və Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlığına dair parlamentlərarası komissiyanın 10-cu iclası keçirilib”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya gözlənilən səfəri ilə bağlı suala cavab verən M.Zaxarova qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı ikitərəfli münasibətlərin geniş spektrini, beynəlxalq və regional problemləri müzakirə edəcəklər: “Səfərin gedişində Rusiya və Azərbaycan xarici işlər nazirlikləri arasında 2013-14-cü illər üçün məsləhətləşmələr planı imzalanacaq.

Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxildir. Rusiya bu nizamlanmada həm Bakı ilə ikitərəfli münasibətləri çərçivəsində, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi aparıcı beynəlxalq vasitəçilərdən biri qismində çıxış edərək tərəflərə qarşılıqlı məqbul həll axtarmağa yardım edir. Biz bu istiqamətdə gələcəkdə də birgə işimizi davam etdirmək niyyətindəyik.

Xarici siyasət sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinə baxmaq da nəzərdə tutulur. Məmnuniyyətlə vurğulayıram ki, ölkələrimizin bir çox beynəlxalq və regional problemərə dair mövqeləri yaxındır və ya üst-üstə düşür”.

M.Zaxarova həmçinin Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin intensiv surətdə inkişaf etdiyini bildirib: “Rusiya əvvəlki kimi Azərbaycana məhsul ixrac edən ölkələr arasında liderdir və eyni zamanda Azərbaycan mallarının idxalatçıları arasında ilk dördlükdədir. 2012-ci ildə qarşılıqlı mal dövriyyəsinin həcmi 3,4 milyard ABŞ dolları olaraq rekord həddə çatıb.

Buna baxmayaraq hesab edirik ki, bizim bu sahədə əməkdaşlığı genişləndirmək üçün lazımi potensialımız var. Güman edirik ki, İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın keçiriləcək iclası bu istiqamətdəki işə yeni impuls verməlidir. Həmçinin digər vacib o cümlədən energetika sahəsində birgə layihələrin həyata keçirilməsinə ümid edirik. Rusiya vahid enerji sistemi və Azərbaycan enerji sisteminin paralel işinin təmin edilməsinə dair tədbirlər haqqında hökumətlərarası sazişin imzalanmasına hazırlıq gedir.

Regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərimizin həlledici elementlərindən biridir. Son illər ərzində xeyli iş təcrübəsi toplanıb, xüsusən söhbət Şimali Qafqaz federal dairəsinə daxil olan respublikalardan getdikdə qarşılıqlı fəaliyyətin getdikcə inkişaf etdirilməsinə ikitərəfli maraq var.

Hazırda Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycan ilə regionlararası əməkdaşlıq edir. Ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığa dair 40-dək saziş var. Sözügedən sahədə qarşılıqlı fəaliyyətin perspektiv formatı hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumudur. Hazırda iyunun əvvəlində Volqoqradda keçiriləcək dördüncü foruma hazırlıq gedir.

Rusiya-Azərbaycan humanitar əlaqələri yüksəliş dövrünü keçirir. Əməkdaşlığın bu istiqaməti Rusiya və Azərbaycan xalqları arasında dost, mehriban qonşuluq münasibətlərinin, inam və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün vacib əhəmiyyətə malikdir. Hazırda Rusiya və Azərbaycan arasında 2015-ci ilədək humanitar sahədə əməkdaşlığa dair proqram imzalanmağa hazırlanır.

Bu il aprelin ortalarında Bakıda MDBMİ məzunlarının birinci beynəlxalq forumunun uğurlu təşkili və keçirilməsini qeyd edirik. Şübhəsiz ki, ölkələrimizin ziyalılarının görüşü üçün gözlənilən meydança olmuş Bakı beynəlxalq humanitar forumuna böyük əhəmiyyət veririk.

Məmnuniyyətlə Azərbaycanın MDB çərçivəsində humanitar əməkdaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfəni qeyd edirik. Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümünə hazırlıqda Bakının fəal iştirakına ümid edirik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında