Bunu beynəlxalq aləmdə keçirilən rəy sorğularının nəticələri də təsdiqləyir
Azərbaycanın artıq regional lider dövlətə və beynəlxalq münasibətlərin etibarlı tərəfdaşına çevrildiyi dünya birliyində də öz təsdiqini tapıb. Ümummilli liderimiz Heydər Əliyevin müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkəmizin inkişafında yeni mərhələnin başlandığını, yeni siyasətin, yeni strateji baxışın formalaşdığını bir daha təsdiqləyir.
Müasir dövrdə ölkəmizin strateji seçimi modernləşmə xəttidir. Bu seçimin əsas mahiyyətlərindən biri demokratik inkişafdır. Demokratiya hər bir xalqın öz inkişafını, strategiyasını və yolunu müəyyən etməkdən ibarət olan suveren hüquqdur. Azərbaycan müstəqil dövlət olaraq, demokratik prinsiplərin inkişafına xüsusi önəm verir, dünya birliyinə inteqrasiya istiqamətində bütün imkanlardan yararlanır. Ölkəmizdə müstəqil mətbuatın maneəsiz fəaliyyətinə, fikir plüralizminə, azad sözün inkişafına və insanların öz fikirlərini sərbəst ifadə etmələrinə yardılmış şərait beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Qazanılan bütün uğurların əsasını təbii ki, ölkə başçısının düzgün müəyyənləşdirdiyi strategiya təşkil edir. Bu fakt beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilməsində də bu amillər əsas götürülmüşdür. Jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondentin iştirak etdiyi bildirilmişdir. Jurnalda, həmçinin İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə də ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Nəşrdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri barədə ətraflı məlumat verilmişdir.
Beynəlxalq miqyasda keçirilən rəy sorğularının nəticələrinə görə Azərbaycan Prezidentinin yüksək reytinqə sahib olmasını təsdiqləyən faktlar çoxdur. Məsələn, 2011 - ci il sentyabrın 10-dan 30-dək Böyük Britaniyanın nüfuzlu “Populus Limited” şirkətinin Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də bunu bir daha təsdiqləyir.
Mərkəzin direktoru Gerald Frost bildirmişdir ki, respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Qurumun rəhbəri demişdir ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. G.Frost diqqətə çatdırmışdır ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür. Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində Azərbaycanın dünyadakı nüfuzunun xeyli artdığını, 54 faizi isə ölkədə həyat səviyyəsinin getdikcə yaxşılaşdığını bildirmişlər. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini vurğulamışlar. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, sabit, uğurla inkişaf edən güclü bir ölkə olduğundan məmnun qaldıqlarını bildirmişlər.
Bu yaxınlarda “Avropa Qonşuluğu Barometri” çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi Avropa Qonşuluğu ölkələrində ictimai rəyin öyrənilməsi ilə bağlı media monitorinqi keçirilib. Bu monitorinqi son illərdə Azərbaycanda keçirilən ən obyektiv, tərəfsiz monitorinq kimi qiymətləndirmək olar. Monitorinqdə müxtəlif mövzular ölkəmizin siyasi, iqtisadi inkişafı, ölkədə siyasi güc mərkəzlərinin balansı və eyni zamanda sosial vəziyyətin öyrənilməsi, sosial-psixoloji əhval-ruhiyyənin səviyyəsi, Avropa ölkələrinə münasibətin necəliyinin müəyyənləşdirilməsi kimi zəruri istiqamətlər əhatə olunub. Sorğunun nəticələrinə görə Azərbaycanda əhalinin 92 faizi dövlətimizin başçısına inandığını, ona güvəndiyini bildirib. Ardınca Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “10 ilin dövlət adamı” seçilməsi ölkəmizin və onun başçısının dünya miqyasında nüfuzunun artması və mövqelərinin getdikcə möhkəmlənməsinin nəticəsidir.
Azərbaycan yeni dünya nizamında əsas etibarlı tərəfdaş olkələrdən birinə çevrilib. Son illərin iqtisadi göstəriciləri - iqtisadi artım tempi, yoxsulluğun kəskin azaldılması, işsizliyin aşağı düşməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması ölkə iqtisadiyyatının sağlam özüllər üzərində və şaxəli şəkildə inkişaf etməsinin bariz nümunəsidir. Davos İqtisadi Forumunun hesablamalarına əsasən makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Əlbəttə, bu, çox yüksək göstəricidir. Bu göstərici əslində onu deyir ki, gələcək illərdə də bu sahədə sabitlik olacaqdır. Bazar iqtisadiyyatına keçidi başa vuran respublikamız hazırda kapital idxal edən ölkədən kapital ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycanın özəl və dövlət şirkətləri dünyanın müxtəlif ölkələrində sərmayələr yatırır, milli ideyaların daşıyıcılarına çevrilirlər. Müstəqil dövlətimiz dünyanın sürətlə inkişaf edən ölkələrindəndir. Dövlət büdcəsi müstəqilliyin ilk illəri ilə müqayisədə çox böyük həcmdə artıb. Daxili imkanlar hesabına həyata keçirilən investisiya layihələri, iqtisadi fəaliyyət istiqamətlərinin genişlənməsi iqtisadiyyatın çoxşaxəli inkişafına xidmət edib.
Azərbaycan Prezidenti İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk vaxtlarda verdiyi bütün vədləri reallaşdırdı. Məhz onun yürütdüyü siyasət nəticəsində dünyada baş verən maliyyə böhranı Azərbaycanın inkişafının qarşısını ala bilmədi. Son 10 ildə dövlət büdcəmiz 20 dəfə artaraq 20 milyard dolları keçdi. İlin sonuna strateji valyuta ehtiyatlarımızın 50 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə Azərbaycan dünyada ilk onbeşlikdədir. Bütün bu möhtəşəm uğurlara rəğmən, dövlət başçımız İlham Əliyev inkişafın son həddinin olmadığı qənaətindədir. O, Azərbaycanın adını daha yüksək zirvələrə qaldırmaq əzmindədir və buna qadirdir. Azərbaycan Prezidenti əmindir ki, ölkəmiz bundan sonra da sürətli inkişafını davam etdirəcək, getdikcə qüdrətlənəcək. Xalqımız isə vədinə əməl edən və Azərbaycanı xoşbəxt gələcəyə aparan liderin ərtafında sıx birləşib.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum kimi layihələr Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında öz strateji yerini tapmasında və dünyanın siyasi məkanında çox ciddi geosiyasi aparıcı dövlət kimi qəbul edilməsində böyük rol oynamışdır.
Azərbaycanın iqtisadi qüdrətinin artması digər sahələrin inkişafına da öz müsbət təsirini göstərmişdir. Ökəmizdə davanlı ictimai - siyasi sabitliyin yaradılması, bölgədə sülh, əmin-amanlıq və sabitliyin bərpa olunması dövlət başçısının qarşıya qoyduğu prioritet sahələrdəndir.
Azərbaycanda həyata keçirilən xarici siyasət ölkəmizin böyük uğurlar qazanmasına xidmət edir. Məqsəd və vəzifələri daim təkmilləşdirilən xarici siyasət kursumuz bizə dünyanın bütün dövlətləri ilə bərabərhüqülu, faydalı əməkdaşlığı genişləndirməyə və əksər ölkələrlə diplomatik münasibətləri inkişaf etdirməyə imkan verir. Bu gün Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyinin, 5 təmsilçilik ofisinin, 18 beynəlxalq təşkilat yanında missiyasının və 9 baş konsulluğunun olması da bunu təsdiq edir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və Azərbaycan həqiqətlərinin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır.
Prezident İlham Əliyevin uzaqgörən və çoxşaxəli xarici siyasət kursunun məntiqi uğuru olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi vurğulamaq istəyirəm. BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilmək cəmi 20 il müstəqillik həyatını yaşayan ölkə üçün çox böyük tarixi nailiyyətdir. Bu seçkiidə dünyanın yüz əlli beş ölkəsi bizi dəstəklədi.Təhlükəsizlik Şurası legitim gücdən istifadəyə malik olan yeganə siyasi orqandır. Beynəlxalq təhlükəsizliyin və sülhün əsas təminatçısı kimi bu təşkilatın əsas məqsədi hüquqi prinsip və normalara əsaslanan dünya nizamını mövcud mexanizm və vasitələrlə tənzimləməkdir. Dağlıq Qarabağla bağlı qəbul edilmiş, lakin bu günə kimi həyata keçirilməyən qətnamələri xatırlamaq kifayətdir. Bu baxımdan Azərbaycanın bu quruma üzvlüyü mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi ölkəmizin beynəlxalq siyasətdə malik olduğu yeni statusa uyğun fəaliyyət imkanlarının genişlənməsinin göstəricisidir. Bu tarixi nailiyyət, həm də Azərbaycanın beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfənin dünya birliyi tərəfindən tanınmasının bariz nümunəsidir.
Azərbaycan Qoşulmama Hərəkatına da üzv oldu. Bu da siyasi cəhətdən çox düzgün bir addım idi və təbii ki, bizim xarici siyasətimizin böyük qələbəsi idi. O təşkilata üzv olmaq və üzv olduqdan sonra cəmi bir il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, ərazi bütövlüyü prinsipini rəhbər tutan qətnamənin qəbul edilməsinə nail olmaq çox böyük tarixi nailiyyətdir. Ölkəmiz cəmi bir il idi ki, bu təşkilatda fəaliyyət göstərirdi. Amma bu fəaliyyət o qədər faydalı və səmərəli oldu ki, bir il ərzində 120 ölkə bizim mövqeyimizi dəstəklədi. Beynəlxalq aləmdə qazanılan bu uğurlar hər birimizin qürur mənbəyidir.
Bu il fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1" uğurla orbitə buraxılması ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirdi. Təsadüfi deyildir ki, Azərbaycanın kosmosa öz peykini buraxması bütün Türk dünyasının uğuru kimi qiymətləndirilir. Respublikamızda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə ”informasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.
Ölkə başçısı 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.
Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş apardı. Ən əsası isə bütün diqqət Azərbaycanın ilk süni peyki olan “Azerspace-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəldildi.
“Azərkosmos” fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində iş apardı və biz bunun gözəl bəhrəsini bu ilin əvvəlində gördük: ilk telekommunikasiya peykimiz - “Azərspace-1" uğurla orbitə buraxıldı. Onu da qeyd edək ki, ”Azərspace-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir.
Azərbaycanın bu uğuru regionda Türk dövlətinin güclənməsinə və söz sahibi olmasına yardımçı olacaq. Bu uğurdan digər Türk dövlətləri də faydalana biləcəklər. Qeyd edək ki, “Azərspace-1" peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdə bir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat faydalana biləcək. Bununla yanaşı, ilk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq.
Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.
Son on ildə qazanılan uğurları sadalamaqla qurtaran deyil. Ölkəmiz dünya birliyində ən etibarlı tərəfdaşa çevrilib. Müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, “Eurovision” musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərdən biri kimi qəbul olunur. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin düzgün müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticəsidir. Bu uğurlar beynəlxalaq təşkilatların keçirdikləri rəy sorğularında öz əksini tapır.
Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalında qeyd edilmişdir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Növbəti dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Bu və digər səbəblər Prezident İlham Əliyevi “10 ilin dövlət adamı” elan etmək üçün tam əsas yaradır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.