Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur

 

 

Mayın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Parlamentinin slovakiyalı üzvləri Boris Zala, xanım Katarina Nevedalova və Avropa-Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən görüşdə qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotolardan ibarət stend, maket və 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritə ilə tanış olmuşlar.

Görüşdə Baş nazirin müavini Əli Həsənov Avropa Parlamenti ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu bildirərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu cür səfərlərin önəmini qeyd etmişdir.

Ölkəmizin iqtisadi inkişafından, əldə olunan uğurlardan danışan Baş nazirin müavini diqqətə çatdırmışdır ki, respublikamızda son on ildə bir milyondan çox iş yeri açılmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. Beynəlxalq aləmdə nüfuzu gündən-günə artan Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir.

Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb edilmişdir. Ancaq Ermənistan beynəlxalq təşkilatların qərar və qətnamələrinə riayət etmir. ATƏT-in Minsk qrupunun himayəsi altında 20 ildən artıqdır danışıqlar aparılır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və qeyri-konstruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.

Komitə sədri qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Diqqətə çatdırılmışdır ki, Ermənistanın işğalı davam etdirməsi təkcə Azərbaycan və region üçün deyil, eyni zamanda, beynəlxalq təhlükəsizlik üçün də ciddi təhdid yaradır və beynəlxalq ictimaiyyət bu ədalətsizliyə son qoymaq üçün hərəkətə keçməlidir.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri, Slovakiyanın Sosial-Demokrat Partiyasının üzvü Boris Zala Azərbaycanın son illər ərzində qazandığı nailiyyətləri yüksək qiymətləndirərək demişdir: “Biz Azərbaycanın iqtisadi inkişafını, əldə etdiyi uğurları izləyirik və buna qibtə ilə yanaşırıq. Belə qısa müddətdə bu cür inkişafa nail olmaq Azərbaycanın böyük uğurudur. Slovakiya Azərbaycanı özünə dost bilir”.

Ölkələrarası münasibətlərdə iqtisadi əlaqələrin mühüm rol oynadığını deyən slovakiyalı qonaq, qarşılıqlı sərmayə qoyuluşunun bu münasibətləri daha da möhkəmləndirəcəyini vurğulamışdır. Azərbaycan-Slovakiya Ticarət Palatasının yaradılması təşəbbüsünü irəli sürən B.Zala Azərbaycan sərmayəsini Slovakiyada görməkdən şad olacağını diqqətə çatdırmışdır.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən Avropa Parlamentinin üzvləri, Azərbaycanın tutduğu strateji xətti respublikamızın inkişafı və qonşu ölkələrlə mehriban əlaqələrin qurulması baxımından doğru yol olduğunu ifadə edərək, bunu alqışladıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında