Yeni Azərbaycan Partiyasının növbəti V qurultayına hazırlıq çərçıvəsində paytaxtın Xətai rayon təşkilatının X konfransı keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular.
Sonra YAP Xətai rayon təşkilatının iclas zalında keçirilən təntənəli konfransı rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, bu gün Azərbaycan cəmiyyətinin həlledici qisminin inam və etimadına güvənən, ölkənin aydın sabahı naminə əzmlə çalışan Yeni Azərbaycan Partiyası 20 illik bir dövrdə böyük inkişaf yolu keçmişdir. Bu yola nəzər salanda aydın görünür ki, YAP həmişəki kimi bu gün də Azərbaycanın siyasi taleyində müstəsna rol oynamaqdadır. Məhz hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli liderləri - ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqla sarsılmaz birliyi ötən illərdə Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, qısa bir dövrdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə imkan yaratmışdır.
Natiq bildirmişdir ki, YAP bu il prezident seçkiləri kimi mühüm bir siyasi kampaniya ərəfəsindədir və ölkədə həlledici siyasi qüvvə kimi yenidən öz iradəsini ortaya qoymalıdır. Bu iradə Yeni Azərbaycan Partiyasının vahid lideri cənab İlham Əliyevin seçkilərdə qələbəsini təmin etməklə Azərbaycanı növbəti siyasi qələbələrə doğru aparmalıdır. Bunun üçün partiyamızın bütün imkanları və yenilməz siyasi iradəsi var.
R.Məmmədov çıxışının sonunda YAP-ın növbəti qurultayına seçiləcək namizədləri əvvəlcədən təbrik etdi və onların üzərinə düşən mühüm işlərin həyata keçirilməsində uğurlar arzuladı.
Sonra YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov geniş məruzə ilə çıxış edərək təşkilatın IX konfransından sonrakı dövr ərzində görülən işlər barədə geniş məlumat verdi. Natiq bildirdi ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli idealları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.
1993-cü ilin iyunundan etibarən ölkədə ictimai-siyasi sabitliyi təmin edən böyük strateq Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını göstərmişdir. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.
Natiq onu da vurğuladı ki, tarixə qovuşan illər ərzində hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş, daha da sarsılmaz etmişdir.
Natiq YAP Xətai rayon təşkilatı, onun yarandığı tarixi dövr və bu gün milli dövlətçilik quruculuğunda iştirakı barədə də ətraflı məlumat verdi və bildirdi ki, hazırda təşkilat rayonun 147 ərazi təşkilatında 20 mindən çox partiya üzvünü birləşdirir.
Sonra Xətai rayon təşkilatından YAP-ın V Qurultayında iştirak edəcək nümayəndələrin adları açıqlandı və onlar səsə qoyuldu. Qurultay nümayəndələrinin seçkisindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mubariz Qurbanlı bildirdi ki, 2003-cü ildən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini inamla davam etdirən, sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Prezident İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən ən mühüm məqamlardan biri dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə - ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat vermişdir. Dövlət başçısı İlham Əliyev qısa zamanda yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona etibar etməkdə heç də yanılmamışdır.
M.Qurbanlı qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyasının gücü onun hazırkı sədri İlham Əliyev amili və onun modern, müasir və güclü bir Azərbaycan qurmasındadır. Belə olan halda bu gün Azərbaycanın siyasi səhnəsində hakim partiya olan YAP-ın çoxminli ordusunun növbəti prezident seçkilərində vahid namizədi şübhəsiz ki, xalqımızın böyük inamını qazanmış cənab İlham Əliyevdir. Biz əminik ki, xalqın Yeni Azərbaycan Partiyasının liderinə olan inamı möhtəşəm qələbəmizi təmin edəcək və gerçəkləşdirəcək.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV(foto), “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.