Milli Məclisdə Küveyt-Azərbaycan əlaqələrinin inkişafı məsələləri müzakirə edilmişdir

 

 

Mayın 16-da Milli Məclisin sədri Oqtay Əsədov Küveyt Milli Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh Əl-Nəcədə ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonağı Bakıda görməkdən məmnun olduğunu bildirən O.Əsədov demişdir ki, Azərbaycan körfəz ölkələri, həmçinin Küveyt ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Ölkələrimiz arasındakı münasibətləri genişləndirmək üçün qarşılıqlı səfərləri intensivləşdirmək lazımdır. Bu səfərlər zamanı aparılan danışıqlar həm parlamentlərarası, həm də hökumətlərarası əməkdaşlığın yüksəlməsinə xidmət edəcəkdir.

Milli Məclisin sədri cari ilin fevral ayında Küveyt Dövləti baş nazirinin müavini, xarici işlər naziri Seyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın Azərbaycana səfəri və səfər çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərinin müzakirə edildiyini xatırladaraq, nəzərə çatdırmışdır ki, rəsmi Bakının arzusu Küveyt ilə mövcud əlaqələri dostluq və müttəfiqlik səviyyəsinə yüksəltməkdən ibarətdir.

Dağlıq Qarabağ münaqişəsi haqqında qonağa məlumat verən O.Əsədov demişdir ki, Ermənistan bütün beynəlxalq qanunları tapdalayaraq Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. Ölkəmiz demokratik prinsiplər əsasında inkişaf edir, münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan isə qeyri-konstruktiv mövqedən çıxış edərək münaqişənin davam etməsini istəyir.

Küveyt parlamentinin deputatı səmimi qəbula görə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycana səfəri onda çox xoş təəssüratlar yaratmışdır. Azərbaycan böyük islam dünyasının bir parçasıdır. Biz özümüzü dost ölkədə hesab edirik. Azərbaycan xalqı uzun illər ərzində sovet imperiyasının tərkibində yaşasa da, öz dininə və milli adət-ənənələrinə sadiq qalmışdır.

 Mübarək Saleh Əl-Nəcədə qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev yalnız Azərbaycanda deyil, bütün dünyada böyük nüfuza malik olan siyasi xadim idi. Küveyt xalqı Heydər Əliyevi görkəmli dövlət xadimi və güclü lider kimi qəbul edir.

Biz Azərbaycanın haqq səsini müsəlman ölkəsi olduğuna görə yox, beynəlxalq qanunlara hörmətlə yanaşdığına görə dəstəkləyirik.

Küveytli deputat iki ölkə arasındakı əlaqələrin bütün sahələri əhatə etməklə yüksək səviyyəyə çatacağına əmin olduğunu bildirmişdir.

Mübarək Saleh Əl-Nəcədə Küveyt parlamenti sədrinin dəvət məktubunu Milli Məclisin sədri O.Əsədova təqdim etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında