Mayın 14-də Milli Məclisin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, gündəlikdəki qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini, rəy və təkliflərini səsləndirmişlər. Çıxışlarda Bakıda soyqırımı abidəsinin və muzeyinin yaradılması, Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin rəsmi protokola daxil olunması kimi təkliflər irəli sürülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisinin İranda həbsinə etiraz bildirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov deputatların təkliflərinə münasibət bildirərək demişdir ki, Azərbaycan ilə İran arasında parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir və bu qrupun üzvləri İrandakı həmkarlarına müraciət etməlidirlər.
Oqtay Əsədov öz növbəsində İran parlamentinin sədrinə müraciət edəcəyini diqqətə çatdırmışdır.
Sədr onu da bildirmişdir ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə vardır, heykəl dəyişdiriləcək və muzey yaradılacaqdır. Gələcəkdə bu abidənin ziyarət edilməsi də rəsmi protokola salınacaqdır.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılmışdır. Əvvəlcə, “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə bəzi redaktə xarakterli düzəlişlər edilmişdir.
Sonra “Avtomobil yolları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə" sənəd müzakirəyə təqdim olunmuşdur. Bildirilmişdir ki, bu Qanun Azərbaycanda avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının layihələndirilməsi, tikintisi, istifadəsi, saxlanılması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Sənədə təklif olunan dəyişikliklər nəqliyyat sahəsinin müasir tələblər səviyyəsində qurulması prinsiplərinə xidmət edir. Mövcud qanun 1999-cu ildə qəbul olunmuşdur və ötən illər ərzində ölkənin yol-nəqliyyat sistemində əsaslı dəyişikliklər baş vermişdir ki, bu da qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Qeyd olunmuşdur ki, yeni layihədə yüklü və yüksüz iritonajlı nəqliyyat vasitələri üçün alternativ yolların çəkilişi, ödənişli yolların salınması, dövlət mülkiyyətində olan yollarda qorunma zolaqları, avtomobil yollarının ehtiyat zonaları ilə bağlı bir sıra mühüm məsələlər əksini tapmışdır. Layihədə həmçinin avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin olunması məqsədilə müasir standartlara və normativlərə uyğun ödənişli avtomobil yollarının yaradılması nəzərdə tutulmuşdur.
Müzakirələrdən sonra qanun layihəsi səs çoxluğu ilə qəbul edilmişdir.
İclasda “İcbari sığortalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilmişdir. Bildirilmişdir ki, sənəd respublikamızda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycanda qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin sığorta qaydalarını və şərtlərini müəyyən edir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.
Gündəlikdəki digər iki məsələ - Cinayət və İnzibati Xətalar Məcəllələrində edilən dəyişikliklərlə bağlı məlumat verilmişdir ki, hər iki sənəd parlamentə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuşdur. Hər iki layihə “Normativ hüquqi aktlar haqqında” Qanuna uyğun olaraq hazırlanmışdır.
Cinayət Məcəlləsində edilən dəyişikliyə əsasən yazılı KİV-də təhqir və böhtana görə nəzərdə tutulan cəza eyni qaydada internet KİV üçün də tətbiq ediləcəkdir.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, inzibati məsuliyyət üçün nəzərdə tutulan 15 sutkalıq həbs cəzasının 3 ayadək uzadılması nəzərdə tutulmuşdur. Millət vəkilləri təklif edilən dəyişiklikləri razılıqla qarşılamışlar.
Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq qəbul edilmişdir.
Deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunu da birinci oxunuşda müzakirə etmişlər.
Bildirilmişdir ki, bu qanun ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların və yoxlamada iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edəcəkdir.
Sənəd səs çoxluğu ilə qəbul olunmuşdur.
İclasda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi də müzakirəyə çıxarılmışdır. Məlumat verilmişdir ki, bu Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcəkdir.
Qeyd olunmuşdur ki, dövlətimizin iqtisadi inkişafı, ölkədəki ictimai-siyasi sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artmasına və miqrant axınının güclənməsinə səbəb olur. Yeni məcəllə bu sahədə mövcud olan bütün münasibətləri tənzimləyəcəkdir.
Müzakirələrdən sonra məcəllə layihəsi birinci oxunuşda qəbul edilmişdir.
Bununla da Milli Məclis öz işini başa çatdırmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.