. Müstəqilliyimizin ikinci onilliyində Azərbaycanın dünya miqyasındakı rolu əhəmiyyətli dərəcədə artmışdır. 1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin əvvəlcə daxili siyasi böhrandan və bununla yanaşı, iqtisadi böhrandan çıxarılması istiqamətində atılan mühüm addımların nəticəsi olaraq yaranmış yeni şəraitdə Azərbaycanın hərtərəfli potensialının bütün dünyaya tanıdılması üçün əlverişli şəraitin əldə edilməsi ilə bağlı olmuşdur. Siyasi və iqtisadi sabitlik əldə olunduqdan sonra “Əsrin müqaviləsi” və bir sıra iri həcmli beynəlxalq layihələr çərçivəsində transmilli şirkətlərin ölkəmizə çoxmilyardlıq sərmayə yatırımları dünyanın Azərbaycana marağını, Azərbaycanın isə dünyaya çıxışını təmin etdi.
Beynəlxalq miqyasda Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması ildən-ilə ölkəmizin nüfuzunun yüksəlməsinə və nəhayət, dünya birliyinin 155 üzvünün dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlüyünə zəmanət rolunu oynadı. Belə bir şəraitdə ölkəmizin dünyanın bütün qitələrində təmsil olunması istiqamətində atılan ciddi addımlar Azərbaycanın qlobal siyasi arenada iştirak və təsir gücünü də artırmış oldu. Hal-hazırda dünyanın 70-dən çox ölkəsində Azərbaycan Respublikasının diplomatik missiyaları dünyanı Azərbaycana, Azərbaycanı isə dünyaya yaxınlaşdırmaq istiqamətində uğurlu fəaliyyət göstərirlər. Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadi qüdrətini bizdən çox-çox uzaqlarda yerləşən ölkələrin cəmiyyətlərinə və dövlətlərinə layiqincə təqdim edirlər. Belə uzaq ölkələrdən biri də Cənubi Amerika qitəsinin ən məşhur ölkəsi hesab edilən Uruqvay Şərq Respublikasıdır.
İki yüz illik müstəqillik tarixinə malik olan Uruqvay dünyada parlamentarizm demokratiyasının ən yaxşı nümunələrindən sayılan siyasi quruluşa malik olmaqla çoxmədəniyyətli və plüralist bir cəmiyyətin təşəkkül tapdığı demokratik bir ölkədir. May ayının əvvəllərində Uruqvay parlamentinin dəvəti ilə Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupu üzvlərinin Uruqvay Respublikasına ilk rəsmi səfəri həyata keçirilmişdir. Səfər parlamentlərarası əlaqələri genişləndirməklə iki ölkə arasında mədəni-iqtisadi əlaqələrin təşviqinə və hər iki ölkənin beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə xidmət edirdi. Milli Məclisin üzvü, Azərbaycan-Uruqvay dostluq qrupunun sədri Cavanşir Feyziyev və dostluq qrupunun üzvü, millət vəkili Aslan Cəfərov, eləcə də ölkənin beş nüfuzlu şirkətinin rəhbərlərindən ibarət olan nümayəndə heyətini Uruqvay Şərq Respublikasının paytaxtında – Montevideo hava limanında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə və Uruqvay parlamenti beynəlxalq əlaqələr şöbəsinin müdiri Oskar Pikinella qarşılamışdır.
Azərbaycan nümayəndə heyətinin ilk rəsmi görüşləri Uruqvay parlamentində olmuşdur. Uruqvay Parlament institutu çoxpartiyalılıq prinsipi əsasında demokratik seçkilər yolu ilə formalaşan iki palatadan – Nümayəndələr Palatası və Senatdan ibarətdir. Uzun müddətli müstəqillik tarixinə malik olan Uruqvay Respublikası Mərkəzi Amerikada parlament demokratiyasının ən yüksək inkişaf etdiyi ölkə kimi tanınır. Əvvəlcə qonaqlar yüz il əvvəl inşa edilmiş və bu gün də Mərkəzi Amerikada ən gözəl memarlıq abidələrindən biri sayılan Parlament Sarayı ilə tanış olmuşlar. Avropa sənətkarlığına aid zəngin memarlıq xüsusiyyətlərinə malik olan Parlament Sarayı yüksək zövqlü tərtibatı ilə muzeyi xatırladır. Uruqvaylılar haqlı olaraq bu nadir memarlıq nümunəsi ilə fəxr edirlər. Binanın tarixi və geniş zallarını bəzəyən tərtibat işləri barədə qonaqlara ətraflı məlumat verilmiş, daha sonra azərbaycanlı qonaqları Uruqvay Nümayəndələr Palatasının sədri cənab German Kardoso qəbul etmişdir.
Spiker German Kardoso Azərbaycan-Uruqvay dostluq qrupunun Uruqvay parlamentinə ilk səfərini yüksək qiymətləndirdiyini və qrupla birgə iş adamlarının da səfərə gəlməsinin parlamentdə böyük maraq doğurduğunu qeyd etdi. Nümayəndə heyətinin rəhbəri, millət vəkili Cavanşir Feyziyev Azərbaycan dövləti və Milli Məclisi tərəfindən bütün ölkələrlə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə və bütün sahələrdə hərtərəfli və faydalı əməkdaşlıq fəaliyyətinin bərqərar olunmasına xüsusi önəm verildiyini bildirmişdir. Azərbaycan cəmiyyətinin dünyəvi, tolerant və multikulturalist ənənələrə malik olduğunu vurğulayan Cavanşir Feyziyev ölkəmizin hələ 20-ci əsrin əvvəllərində Şərqdə ilk parlament respublikası qurduğunu qeyd edərək Azərbaycanda parlamentarizmin inkişaf tarixi barəsində cənab Kardosoya ətraflı məlumat vermiş, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun dəvət məktubunu təqdim edərək onun Azərbaycana rəsmi səfərə dəvət olunduğunu bildirmişdir. Uruqvay parlamentinin sədri German Kardoso dəvəti məmnuniyyətlə qəbul etdiyini, dəvətə görə Milli Məclisin sədrinə minnətdarlığını çatdırmağı və yaxın zamanlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirmişdir. Görüşün sonunda Uruqvay Parlamentinin rəsmi Qonaqlar Kitabına nümayəndə heyətimizin Uruqvay parlamentinə ən xoş arzularını əks etdirən xatirə qeydləri edilmişdir. Parlamentdə növbəti görüş Azərbaycanın da üzv olduğu Parlamentlərarası İttifaqda təmsil olunan Uruqvay nümayəndə heyətinin üzvləri və o cümlədən hal-hazırda bu beynəlxalq qurumun vitse-prezidenti vəzifəsini daşıyan uruqvaylı senator İvonne Possada ilə, sonra isə Uruqvay Parlamentində 10 nəfərdən ibarət Uruqvay-Azərbaycan dostluq qrupunun üzvləri ilə keçirildi. Görüşdə iştirak edən uruqvaylı deputatlar keçən il Azərbaycana etdikləri səfərdən məmnun qaldıqlarını və Azərbaycan nümayəndə heyətinin qarşılıqlı səfərini alqışladıqlarını bildirdilər.
Növbəti günlərdə Azərbaycan nümayəndə heyəti Uruqvay Prezidenti Administrasiyasının Dövlət katibi cənab Diego Kanepa, Uruqvay xarici işlər naziri Luis Almaqro, Uruqvay kənd təsərrüfatı naziri cənab Tabare Agerre və digər rəsmi şəxslər tərəfindən qəbul edilmişdir. Uruqvay Prezident Administrasının rəhbəri, Dövlət katibi Dieqo Kanepa bu ilin əvvəlində Azərbaycana səfərini, bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşünü, eləcə də Milli Məclisdə keçən görüşlərini xatırlatdı və səfərdən məmnun qaldığını bildirdi. İki saat davam edən görüşdə Uruqvay-Azərbaycan əlaqələrinin mövcud vəziyyəti, eyni zamanda, həm Qafqazda, həm də Cənubi Amerika regionundakı mövcud geosiyasi vəziyyət, hər iki ölkənin öz regionunda oynadığı rol və ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi və bu əlaqələrin bütün istiqamətlərdə inkişaf perspektivləri müzakirə olundu. Millət vəkili Cavanşir Feyziyev hər iki ölkənin iqtisadi-ticari əməkdaşlıq sahəsində böyük potensiala malik olduğunu və bu məqsədlə də nümayəndə heyətinin səfərinə bir qrup iş adamının da qatıldığını vurğulayaraq bu səfərin gedişində özəl qurumlar arasında hər iki tərəf üçün əhəmiyyət kəsb edən faydalı iş birliyinin yaranacağına inam bəslədiyini bildirdi.
Azərbaycan nümayəndə heyəti Uruqvayın xarici işlər naziri cənab Luis Almaqro ilə də görüşdü. Xarici işlər naziri region haqqında qismən məlumatlı olduğunu, ölkəsinin regionda baş verən hadisələri diqqətlə izlədiyini və Azərbaycan-Uruqvay münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu, hər iki ölkənin müxtəlif qurumları arasında yaranmaqda olan əməkdaşlıq meyllərini dəstəklədiyini bildirdi. Nazir Luis Almaqroya regionun və eləcə də ölkəmizin tarixi və mədəniyyəti haqqında, Azərbaycanın Qafqazda və eləcə də Avropa ilə Asiyanın qovşağında yerləşməklə daha geniş bir regionda oynadığı müstəsna rol barəsində geniş və ətraflı məlumat verildi. Azərbaycanın dünyəvi, sülhpərvər, multikultural və tolerant bir ölkə olduğu, bunun dünya birliyi tərəfindən dəyərləndirildiyi və nəticə etibarı ilə Azərbaycanın yeritdiyi müstəqil siyasətin beynəlxalq birlik tərəfindən bəyənilərək onun uğurla TŞ-ya qeyri-daimi üzv seçildiyi nazir Almaqronun diqqətinə çatdırıldı. Azərbaycanın bütün münaqişələrin sülh danışıqları yolu ilə həllinə və bütün ölkələrin beynəlxalq hüquq qaydalarına qeyd-şərtsiz əməl etməli olduqlarına tərəfdar olduğu bildirildi.
Azərbaycan nümayəndə heyətinin daha bir maraqlı görüşü Uruqvay heyvandarlıq, kənd təsərrüfatı və balıqçılıq naziri Tabare Aqerre ilə oldu. Cənab Tabare Agerre nümayədə heyətinin üzvlərinə Latın Amerikası regionunun iqtisadi xüsusiyyətlərindən danışdı və öz ölkəsindəki iqtisadi inkişaf dinamikası barədə məlumat verdi. Azərbaycan nümayəndə heyəti öz növbəsində Azərbaycanın müstəqillik dövründə keçdiyi sürətli inkişaf yolundan, Azərbaycan iqtisadiyyatının regionun inkişafında oynadığı roldan, eləcə də Azərbaycanın regionda irihəcmli beynəlxalq iqtisadi layihələrin bilavasitə təşəbbüskarı və iştirakçısı olmasından danışdı. Millət vəkili Cavanşir Feyziyev 20 illik müstəqillik tarixi ərzində ardıcıl iqtisadi islahatları uğurla həyata keçirərək Azərbaycanın sərmayə idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilməsi haqqında nazir T.Aqerreyə ətraflı məlumat verdi.
Səfər müddətində MM üzvləri həmçinin Uruqvay Milli Ət İstehsalı İnstitutunda (İNAC) oldular. İnstitutun direktoru Fernando Gil və Monitorinq üzrə menecer Daniel Sparano tərəfindən Azərbaycan nümayəndə heyətinə institutun fəaliyyəti və ölkənin ət istehsalı sənayesi haqqında geniş təqdimat oldu.
Azərbaycan nümayəndə heyəti Uruqvaya davam edən səfəri çərçivəsində Uruqvay Dövlət Gömrük Komitəsində də qəbul olundu. Uruqvay Dövlət Gömrük Komitəsinin direktoru Enrike Kanon ölkəmizdə rəsmi səfərdə olduğunu və Azərbaycan Dövlət Gömrük Komitəsi ilə təcrübə mübadiləsi sahəsində faydalı əməkdaşlıq etdiklərini bildirdi.
Azərbaycan nümayəndə heyətinin Uruqvaya davam edən bir həftəlik səfəri ərzində Uruqvayın sabiq prezidenti senator Lakajie və hal-hazırda iqtidarda olan hakim partiyanın sədri senator xanım Monika Xavier ilə görüşlər də xüsusi maraq doğurdu. Senator xanım Monika Xavierlə görüş hakim partiyanın Baş qərargahında təşkil olunmuşdu. Görüş zamanı xanım Monika Xavier ölkəmizin parlamentarizm tarixi haqqında məlumatlı olduğunu və parlamentlərarası ittifaq çərçivəsində ölkələrimiz arasında əlaqələrin və eləcə də işgüzar əməkdaşlığın genişləndirilməsində öz ölkəsinin maraqlı olduğunu bildirdi.
Uruqvayın sabiq prezidenti, senator Lakajie Azərbaycan nümayəndə heyətini parlamentdə-öz iş otağında qəbul etdi. Senator regiondakı mövcud vəziyyəti daim izlədiyini və Uruqvay-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin hər iki ölkə üçün faydalı olacağına əminliyini qeyd etdi.
Səfərin davam etdiyi bir həftə ərzində Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupu ilə birlikdə Azərbaycandan Uruqvaya gəlmiş iş adamları da Uruqvay əczaçılıq sənayesinin iri ixracatçıları ilə faydalı görüşlər keçirməyə müvəffəq oldular. Hələ səfərin ilk günündə Milli Məclis üzvləri və iş adamları Trust Konsultinq şirkətinin ofisində oldular. Sonrakı günlərdə MM üzvlərinin rəsmi görüşləri ilə paralel olaraq Azərbaycan iş adamlarından ibarət olan qrupun Uruqvayın iri əczaçılıq ixracatçıları olan “Urufarma”, “Gramon Bago”, “Celsius”, “Cibeles”, “Roemmers” və “Microsules” şirkətləri ilə istehsal müəssisələrində işgüzar görüşlər keçirildi. Bu görüşlərdə Uruqvay əczaçılıq sənayesi, istehsal olunan məhsullar və onların ixracat potencialı haqqında Azərbaycan iş adamlarına təqdimatlar olundu, azərbaycanlı iş adamları istehsal prosesi ilə yerində tanış oldular. “Roemmers” və “Microsules” şirkətləri ilə Azərbaycanın “Avromed” və “Azərimed” şirkətləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalandı.
Azərbaycan nümayəndə heyəti Uruqvayda səfərdə olduğu müddət ərzində Azərbaycandan gəlmiş qonaqların şərəfinə ayrı-ayrı günlərdə Uruqvay Nümayəndələr Palatasının sədri və eləcə də Uruqvay-Azərbaycan dostluq qrupu tərəfindən rəsmi ziyafətlər təşkil olundu. Nümayəndə heyəti Cənubi Amerikanın ən məşhur turizm mərkəzi hesab olunan Punta del Este şəhərində turizm infrastukturu ilə yaxından tanış oldular. Həm dostluq qrupu üzvlərinin, həm də iş adamlarının görüşləri yüksək səviyyədə və qarşılıqlı ehtiram şəraitində keçmişdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.