Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir

 

 

Mayın 13-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir.

Tədbirdə Şurada qeydiyyata alınmış, əsas fəaliyyət istiqamətləri gənclər ilə bağlı olan QHT-lərin nümayəndələrinin və ekspertlərin iştirakı ilə gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.

Şuranın sədri Nurəddin Mehdiyev tədbiri açaraq ictimai-siyasi həyatda gənclərin rolu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

Gənclərin cəmiyyətin bütün sahələrində önəmli yer tutduğunu vurğulayan N.Mehdiyev bu gün yüzlərlə azərbaycanlı gəncin dövlət xətti ilə xarici ölkələrdə təhsil aldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, hazırda dövlət qurumlarında çalışan gənclərin sayı xeyli artmışdır. Şura sədri, həmçinin cari ildə keçiriləcək prezident seçkilərində Azərbaycan gəncliyinin səsini inandığı namizədə - Prezident İlham Əliyevə verəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, dövlətimizin gənclər siyasəti bilavasitə gənclərimizin iştirakı ilə formalaşır və həyata keçirilir. Bu siyasətin həm formalaşması, həm həyata keçirilməsi, həm də gələcək planlara dair təşəbbüslər gənclərdən gəlir.

Şöbə müdiri qeyd etmişdir ki, dövlət gənclərin irəli sürdüyü təklifləri sistemləşdirir və həyata keçirir. O yerdə ki, fəaliyyət kortəbii deyil, planlı şəkildə, bu sahəyə aid olan şəxslərin ideyaları əsasında formalaşır, belə siyasət həmişə davamlı, daha praktik və praqmatik olur. Gənclərin çıxışlarını dinlədikcə, düşünürsən ki, sabaha daha arxayın addımlamaq və gələcəyə ümidlə baxmaq olar. Əgər vətəndaş nikbindirsə, deməli, sabaha ümid və inam vardır. İnsanların fəaliyyəti şüurludursa, konkret hədəflərə ünvanlanıbsa, o siyasəti yürüdənlər iradəlidirsə, deməli, müvəffəqiyyətdən danışmaq olar.

Əli Həsənov demişdir: “Gənclərin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməsini alqışlayıram və hesab edirəm ki, bu, sizin şüurlu seçiminizdir. Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi əminəm ki, sizdən gələn ideyadır. Sizi buna heç kim məcbur etməmişdir”.

Ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi töhfədən danışan Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırmışdır ki, ulu öndər 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gəncləri tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərmişdir. Bu, Azərbaycanın kadr potensialının inkişaf etdirilməsinin başlanğıcı idi. Qısa müddət ərzində 15 min azərbaycanlı gənc keçmiş Sovet İttifaqının 150-dən artıq ali məktəbində 275 ixtisasa yiyələnmişdir. Bu gün həmin insanlar Azərbaycanın dövlət quruculuğu prosesində fəal iştirak edirlər. Ümummilli liderin 1993-cü ildən sonrakı fəaliyyəti də gənc nəslin formalaşmasına yönəlmişdir.

Hazırkı ictimai-siyasi modelin beş tələbinin olduğunu deyən Əli Həsənov vurğulamışdır ki, bunlar dövlətçilik, qanunçuluq, cəmiyyətdə sosial ədalət, vətəndaş prinsipiallığı və həmrəylikdir. Bu gün bizim söykəndiyimiz əsas məqam bunlardır. 1992-ci ildə hər kəs irəli sürdüyü şüarı cəmiyyət idarəçiliyinin, daxili siyasətin prinsipi elan edirdi. Bu cür şüarlar cəmiyyətimizi içəridən dağıdırdı.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ideya isə bu gün də ölkənin inkişafına xidmət edir. Azərbaycançılıq dövlətimizi möhkəmləndirir. Azərbaycançılıq vətəndaş həmrəyliyidir və milli mənsubiyyəti inkar etmir. Ümummilli Liderin “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir” kəlamını xatırladan Əli Həsənov demişdir ki, bizim mədəniyyətin təməlində hər bir insanın zənginliyi durur. Bu mədəniyyətə milli azlıqların verdiyi töhfəni çıxsaq, mədəniyyətimizdə nə qalar?! Bizim mədəniyyətimiz Azərbaycanda yaşayan xalqların mədəniyyətinin məcmusudur.

Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırmışdır ki, İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin dəstəklənməsi üçün gənclərin iradəsi ortadadır. Bu iradəni dəyərləndiririk. Əminəm ki, qarşıdan gələn seçkilərdə Azərbaycan gəncləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Bildirilmişdir ki, bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar. Təəssüflər olsun ki, onların atdığı böhtanlarda bir mexanizm kimi bizim gənclərimizdən istifadə olunur. Gənclərimizin bəzilərini yolundan azdırırlar, dövlətçilik istiqamətində fəaliyyətdən çəkindirirlər, ayrı-ayrı çirkli mərkəzlərdən maliyyələşən qrantlar ilə onları qeyri-sağlam, antimilli yola sövq edirlər. Onların informasiyası əsasında bizim yürütdüyümüz siyasətin mahiyyətini təhrif edirlər. Dövlət quruculuğu və idarəçiliyi ilə gənclər arasında uçurum yaratmaq istəyirlər. Sağlam gənclik buna yol verməməlidir. Azərbaycan ötən 20 ildə formalaşmışdır və özünü tam təmin edən dövlətə çevrilmişdir. Ancaq hər bir dövlətin gücü onun vətəndaşlarının iradəsi ilə ölçülür. Əminəm ki, Prezident İlham Əliyev üçüncü dəfə prezident seçiləcəyi təqdirdə gənclərin problemlərinin həllində, dövlət idarəçiliyində, ailə planlaşmasında, gənclərin mənzillə təminatında nəzərdə tutulandan daha artıq işlər görüləcəkdir.

Tədbirdə çıxış edən İctimai Şuranın sədr müavini Gülsel Səfərova beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladıqları qərəzli hesabatlardan danışmışdır. Vurğulamışdır ki, “Amnesty İnternational”, “Human Rights Watch” kimi bir sıra beynəlxalq təşkilatlar Azərbaycan, o cümlədən Dağlıq Qarabağ haqqında təhrif olunmuş faktlara əsaslanan hesabatlar hazırlayırlar. Bu cür hesabatlar Azərbaycanın inkişafından narahat olan müəyyən siyasi dairələrin maraqlarına xidmət edir. G.Səfərova bildirmişdir ki, korrupsiyaya qarşı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mübarizə, “ASAN” xidmət mərkəzlərində hazırlanan layihələr bütün bu faktların əsassız olduğunu bir daha sübut edir. O demişdir: “Biz gənclər Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti tam dəstəkləyirik”.

Daha sonra tədbirdə çıxış edən “Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin (ATGDC) sədri Rəşxan Qaraşlı və digər iştirakçılar da gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakı, azərbaycançılıq ideologiyası və gənclərin formalaşması, vətəndaş cəmiyyətinin fəal hissəsi kimi gənclər təşkilatlarının baş verən proseslərə reaksiyası, ünsiyyətin təşkili, fərdi inkişaf, gənclərin sosial fəallığı və məsuliyyəti kimi mövzularda çıxış etmişlər. Gənclər Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan etmişlər. Onlar Azərbaycan gənclərini qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevə səs verməyə çağırmışlar.

Sonda Gənclərlə İş üzrə İctimai Şura adından bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında