İnsanlığın və liderliyin zirvəsində dayanan şəxsiyyət

 

(əvvəli qəzetimizin 10 may 2013-cü il tarixli sayında)

Ulu öndərimizlə bağlı bir incə məqamı da qeyd etmək yerinə düşər. Təbii ki, onun da adi tamaşaçı kimi xoşladığı incəsənət xadimləri, televiziya tamaşaları və s. vardı. Müşahidə etmişdim ki, TV ilə bağlı o öz şəxsi arzularını heç vaxt dilə gətirməz, bu barədə xüsusi göstərişlər verməzdi. Amma rəğbətləndirmə vaxtlarında bu incə məqamı hiss etmək o qədər də çətin deyildi. Həssas televiziya işçiləri bu incə məqamları vaxtında hiss edib, həyata keçirməyə çalışırdılar. Ümumilikdə isə onun demokratik mövqeyindən, sərbəst fəaliyyətə yaratdığı ideal şəraitdən maksimum istifadə edən əməkdaşlarımız radio və televiziyada bütün maraqları əhatə etməyə çalışırdılar. Azərbaycan efir dünyasındakı rəng bolluğu da məhz ulu öndərin demokratik idarəçilik mövqeyi sayəsində formalaşırdı. O, rəsmi səfərlər, tədbirlər zamanı da TV işçilərinə daha sərbəst və həyəcansız işləmək imkanı yaradan ən təcrübəli siyasi xadimlərdən idi. “Televizyonçuları” çox zaman partnyoru hesab edən Heydər Əliyev  onların marağına görə də işini qurmağa etiraz etmirdi. Nəticənin daha uğurlu alınması üçün ən xırda nüansların tənzimlənməsinə imkan yaradır, operatorların əlverişli çəkiliş nöqtəsi seçməsinə, hazırlıq aparmasına çox incəliklə şərait yaradırdı.

Kameranı Heydər Əliyev kimi hiss edən ikinci dövlət başçısı tapmaq çətindir. Əslində o, kamera nümunəsində qarşısında dayanan milyonlarla xalqı görür, bu cansız TV qurğuya milyonların məsuliyyətini daşıyaraq yanaşırdı. Onun televiziya ilə çıxışlarında bir neçə incə keyfiyyət həmişə özünü büruzə verirdi: inandırıcılıq, səfərbərlik, səmimilik... Çıxışın yüksək faktlılığı, arqumentliyi baş verən hadisəyə tamaşaçıda inam hissi təbliğ edirdi. Mövzunun hər kəsdən ötrü vacibliyini, cəmiyyət üçün gərəkliliyini ən xırda məsələlərə kimi izah edən Prezident TV çıxışlarında çox səmimi təsir bağışlayırdı. Yaşlı adamlar bu çıxışlarda yetkin siyasətçinin dəmir məntiqinin ifadəsini hiss edirdilərsə, cavanlar, gənclər ata, valideyn dərsləri kimi dinləyir, nümunə götürürdülər. Prezident hər bir televiziya çıxışçısından bu məsuliyyəti tələb etməyi TV əməkdaşlarının borcu sayırdı.

Heydər Əliyev özünün mötəbər informasiya mənbələrindən biri hesab etdiyi teleradionun yayım dairəsini həmişə geniş, əhatəli görmək istəyirdi. Təkcə müsbət məqamları qabardıb cəmiyyətdə arxayınçılıq yaratmağın sonrakı pis nəticələri barədə bizi sayıq salır, haqlı tənqidə geniş yer ayırmağı ümumi işimizin xeyrinə hesab edirdi. Lakin bununla belə, qərəzli tənqidin doğuracağı acı nəticələrdən ehtiyatlanmağı, hadisənin o biri başında öz taleyini görməyi, sonra qələm çalmağı tövsiyə edirdi. Humanitar yardımları yerlərə çatdırarkən, əziz günlərdə ehtiyacı olanlara yardımlar edərkən çox incə hərəkət etməyi “sağ əlin verdiyini sol əldən gizlətməyi”, kimsənin könlünü qırmamağı məsləhət görürdü. Azərbaycanda hər cür milli-mənəvi dəyərlərin və inancların yayıldığı şəraitdə mənəviyyatla, əxlaq, milli mentalitetlə bağlı proqramlara üstünlük verməyi çox vacib hesab edirdi. Heç nəyi heç kəsə qadağan etməyin mümkün olmadığı demokratik cəmiyyətdə öz mənəvi dəyərlərimizin üstünlüyünü qoruyub saxlamağı əsas şərt sayırdı.

Azərbaycançılıq-türkçülük ideyalarının sistemli təbliği ilə tanınan “Turan”, “Azərbaycan dili”, “Vətəndaş”, “Türk elləri” kimi proqramların türk dünyasında doğurduğu əks-səda ilə bağlı onun razılıq dolu sözlərini dönə-dönə eşidib sevinmişəm. Xüsusən, xalq yaradıcılıq redaksiyasının xətti ilə hazırlanan “Yallı”, “Qala”, “Karvan”, “Buta”, “Qobustan” kimi verilişlərin Türkiyə Cümhuriyyətində populyar proqramlar kimi sevildiyi haqda Prezidentdən xoş sözlər eşitmək bu sahədəki işlərimizi daha da inkişaf etdirməyə stimul yaradırdı. Təkcə “Dəmir qapı Dərbənd” proqramının yaxın xaricdəki soydaşlarımızın taleyini əks etdirməsi istiqamətində müsbət nəticələri barədə dünya şöhrətli siyasətçidən dəfələrlə razılıq eşitmişəm. Əslində, cənab Prezidentin ən populyar proqramlar haqqında orijinal fikirləri, tövsiyələri vardır. Müşahidə etmişdim ki, Prezidentin maraq göstərdiyi proqramlar sırasında “Səhər”in xüsusi yeri var. Proqramın əlvan politrasını peşəkarcasına təhlil edən ölkə başçısı xüsusən xəbərin təqdimat ritmini, blokdakı düzümünü hər dəfə təqdir edirdi. Hər fəsildə yeniləşən tərtibatı ilə təzə görünən “Səhər” xoş ovqat proqramı kimi ölkə başçısının da diqqətini cəlb edirdi. Yaradıcı kollektiv bu faktı yeni axtarışlar üçün bir borc hesab etdilər. İstər musiqi seçimində, istərsə də qonaqların planlaşdırılmasında ən ali tamaşaçı zövqü diqqət mərkəzində saxlanılırdı.

Azərbaycan televiziyasının hər bir uğuru Prezidentin nəzərindən yayınmırdı. Azərbaycan dili haqqında prezident sərəncamında teleradionun bütövlükdə milli yayıma keçməsi məsələsi də bir vəzifə kimi qarşıya qoyulurdu. Azərbaycan televiziyasında hələ bir neçə il əvvəl yaradılmış “Dublyaj” redaksiyası sərəncamdan irəli gələn tələblərə əməl etmək üçün yaradıcılıq potensialını qat-qat artırdı. Efirdə yer alan hər növ filmlərin, bədii lentlərin dublyajı - milli dildə təqdimatı ölkə başçısını çox razı salmışdı. Tez bir zamanda zəngin film fondu yaradan kollektivi bu işi davam etdirməyə çağırırdı. Çoxsəsli çevirmə prinsipi ilə hazırlanan dublyaj filmləri həm də orijinala yaxınlığı, səslərin obrazlara uyğun seçilməsi ilə ölkə Prezidentinin diqqətini cəlb edirdi. Eşidəndə ki, kiçik bir kollektiv ayda 50-60 film dublyaj edir, ilk dəfə təəccüblənmiş, işin həcmini burada çalışanların fədakarlığı kimi qiymətləndirmişdi. O zaman  AzTV-də mindən artıq dublyaj filmi var idi, bunların sayı gündən-günə artır, efirin milli dildə lent ehtiyacını tamamilə ödəyirdi.

Yadımdadır, bir dəfə Böyük Vətən müharibəsi illərində əsir düşüb İsveçrədə yaşayan azərbaycanlının həsrətini yetirən veriliş təqdim olundu. Ömrünün son günlərini yaşayan əlil soydaşımızın göz yaşları içərisində dediyi Vətən bayatıları, sən demə, ölkə başçısının diqqətindən yayınmayıb. Sonralar o, mənə belə verilişlərin sayını artırmağı, ümumiyyətlə, xaricdəki azərbaycanlıların taleyi, dövlətin diaspor siyasəti ilə bağlı olan proqramları artırmağı tövsiyə etdi. Azərbaycan televiziyasında “Beynəlxalq proqramlar” redaksiyası yaratmaq ideyası da bu təqdirdən sonra baş verdi. Mən bu barədə ona məruzə edəndə, cəmi iki-üç cümlə ilə redaksiyanın ən ümumi maraqları haqda uzunmüddətli proqramı gözlərim önündə canlandırdı. 1998-ci ildən bəri əsasən diaspor siyasəti ilə məşğul olan redaksiya dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların ünvanını müəyyənləşdirib təsirli verilişlər hazırlamışdır. Bu proqramlar həm də bir-birini itirmiş doğmaların görüş ünvanına çevrilməsi, ölkələr, talelər arasında körpü salması ilə diqqəti cəlb edirdi. “Körpü”, “Qürbət mənim içimdə”, “Sorağınız gəlsin”, “Azərbaycan bu gün”, “Qonağımız var” və s. verilişlər öz orijinal axtarışları ilə yadda qalır. Gənclərin cəmiyyətdəki fəallığı ölkə başçısını həmişə sevindirir, onların təhsildə, idman yarışlarında, istehsalatdakı uğurlarını daim diqqətdə saxlamağı məsləhət görürdü.

Azərbaycanın işıqlı gələcəyinin təminatı

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin xalqın yekdil rəyi ilə Prezident seçilməsi qanunauyğunluq idi. Onun seçkilər ərəfəsində xalqla görüşlərində, müdrikliyi, xalqla səmimiliyi, hədsiz təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə, sələfinə, üstəlik, öz şəxsiyyətinə hörmət və ehtiramı yüksək, ali tərbiyəsindən, zəngin mənəviyyatından, siyasi yetkinliyindən xəbər verirdi. O, həm də bu səbəblərdən qalib gəldi.

Bu gün, doğrudan da, Azərbaycan adlı nəhəng bir gəminin sükanı etibarlı əllərdədir. Gəlin, çox uzağa getməyək, elə son vaxtlar onun xarici ölkələrə səfərləri, Avropa Şurası Parlament Assambleyasındakı olduqca uğurlu çıxışları, bu səfərlərdə Prezidentimizə göstərilən yüksək ehtiram, onun ən nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi dünya siyasət arenasında İlham Əliyevin reytinqinin çox yüksək olduğunu təsdiq edir. Bu isə Azərbaycanın işıqlı gələcəyinin təminatı deməkdir.

İndi ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, hamısında təmsil olunur. Müstəqillik yolu ilə inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak edən dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilmişdir. Demokratiya və müstəqillik ideyalarına sadiq olan İlham Əliyev indi milli mənafelərimizi yüksək səviyyədə qoruyur. Bu gün Heydər Əliyev siyasətinin uğurlu davamını görmək nə qədər xoş və ürəkaçandır! Ona görə də 2002-ci ildə “Sabaha inamla”, 2007-ci ildə “Uğurlu yolun layiqli davamçısı” adlı (4 dildə) kitablar nəşr etdirdim.

Bəli, İlham Əliyev Prezident kimi, elə ilk addımlarından sübut etdi ki, ona inanmaq, ona arxalanmaq, ona güvənmək olar! İnanırıq ki, o “Bizim yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”, – deyən Heydər Əliyevin amallarını uca tutur və uca tutacaqdır... O, buna qadirdir!

Həmişə zirvədə...

Ümummilli liderimizin fiziki yoxluğunu hamı kimi, mən də böyük ürək ağrısı və yanğı ilə yaşayıram. Çünki o, Azərbaycanın itkisidir, bütün türk dünyasının itkisidir. Amma bu cismani yoxluqdur, o, ölməzdir, bizimlədir, nə qədər ki, Azərbaycan adlı məmləkət var, yenə də var olacaq və hər zaman insanlara doğru yol göstərəcək!

Allah – təala Heydər Əliyevi adi insanlardan fərqləndirən bir çox fenomenal xüsusiyyət və bacarıqla mükafatlandırmışdı. Hansı idi bu xüsusiyyətlər? Hər şeydən əvvəl, dərin bilik, yüksək idarəçilik qabiliyyəti, intuisiya, yaddaş, işgüzarlıq. Heydər Əliyev həftələr, aylar, bəlkə də illərlə gündə 15-18, bəzən isə 20 saat işləməyi bacarır, yoruldum demirdi. Onun ətrafındakılar deyə bilməzlər ki, nə vaxtsa biz ümummilli liderimizi səhər işə gələndə yorğun, əzgin görmüşük. O, həmişə işə gümrah gələr, gəncliyində, ahıl və yaşlı vaxtlarında da öz geyimi, səliqəsi ilə hamıya nümunə olardı.

Heydər Əliyev elə bil onlarca ixtisas üzrə ali təhsil almış, universitet bitirmişdi. Elmin elə sahəsi yox idi ki, həmin sahənin ən yüksək ixtisaslı mütəxəssisləri ilə danışanda həmsöhbətlərini heyrətdə qoymasın. Onun Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, incəsənətini necə dərindən bildiyini televiziya ilə nümayiş etdirilən yığıncaqlarda hamı görüb. Ədəbiyyatımızın, musiqimizin, rəssamlıq, memarlıq sənətinin korifeyləri etiraf edirlər ki, Heydər Əliyevlə sənət haqqında söhbət etməkdən, sözün əsl mənasında, ehtiyat edirdilər, çünki o, qəflətən sənətlə bağlı elə incə məqamlara toxunurdu ki, şairi də, yazıçını da, bəstəkarı, rəssamı, heykəltəraşı da heyrətdə qoyurdu.

Unutmayaq ki, yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə qismət olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman doğulub-böyüdüyü torpaq üçün, xalqı, milləti üçün, Azərbaycan üçün müqəddəs olaraq qalacaq! Bu sevgi onun halal haqqıdır!

İllər keçəcək, əsrlər dəyişəcək, amma bir fakt faktlığında qalacaq: dünyanın Atilla, Atatürk, Vaşinqton, Şarl de Qol, Bismark, Ruzvelt, Çerçill kimi siyasi liderləri sırasına Azərbaycan XX əsrdə Heydər Əliyev kimi dahini bəxş etdi! Bu, xalqımızın xoşbəxtliyidir!

Heydər Əliyev  hər zaman zirvədə dayandı və indi də zirvədədir.

 

 

Nizami XUDİYEV,  
YAP İdarə Heyətinin üzvü,
   filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında