Dünya azərbaycanlılarının şəriksiz lideri

 

 

 

 

Dünya tarixinə iz qoyan şəxsiyyətlər çox olub. Lakin onlardan biri, 50 milyonluq dünya azərbaycanlılarının ulu öndəri, şəxsən mənim üçün çox əziz olan dostum Heydər Əliyev haqqında danışmaqdan çox ehtiyat edirəm. Çünki o, nəinki qəzet məqaləsinə, kitablara belə sığmayan, tükənməyən, bitməyən mövzudur, danışdıqca insan danışmaq istəyir. Heydər Əliyev dünyada yaşayan bütün azərbaycanlıların şəriksiz lideri kimi həmişə tarixdə qalacaqdır.

Xatirimdədir ki, keçən əsrin 80-ci illərinin axırlarında Kreml rəhbərləri Azərbaycana qarşı açıq-açığına haqsızlıq edəndə ürəyimdən ağır hisslər keçirdi. Həmişə düşünürdüm ki, xalqımızın sahibi yoxdur. 1990-cı ilin Qanlı Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyevin verdiyi kəskin etiraz bəyanatından sonra isə qət elədim ki, bu millətin yiyəsi var, amma o, hələ Azərbaycanda deyil. Həmin narahatlığımıza 1993-cü il iyun ayının 9-da son qoyuldu. Ümummilli liderimizin Naxçıvandan Bakıya gəldiyi barədə xəbəri eşidərkən rahat nəfəs aldım və öz yanımdakılara söylədim: “Azərbaycan fəlakətlərdən qurtuldu”. Cəmi bir həftədən sonra iyunun 15-də bizim arzu etdiyimiz qurtuluş artıq rəsmiləşdi. Mən o vaxt Londondan ulu öndərin özünə telefon açaraq sevincimi onunla bölüşdüm.

Heydər Əliyev Azərbaycan tarixində “liderlər əsri olan XX əsrin lideri” (Gürcüstanın sabiq Prezidenti E.Şevardnadze) kimi qalacaqdır. Yeni Azərbaycan Heydər Əliyevin adıyla bağlıdır. Ulu öndərin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı, elitar təbəqəsi formalaşdı. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu. Qeyd edək ki, hal-hazırda dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda və digər ölkələrdə məskunlaşıb. Məhz bu miqyasda “sosial gücün” vahid hədəf ətrafında birləşdirilməsi və ölkənin maraqları naminə kompleks hərəkətinin təmin edilməsi üçün xalq güclü iradəyə, rasional düşüncəyə malik liderə və ideologiyaya ehtiyac duyurdu. Milləti yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və siyasət arenasına çıxara biləcək yeganə şəxsiyyət  isə ulu öndər Heydər Əliyev idi.

Bütün dünya azərbaycanlılarının ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının xilaskarı və banisi Heydər Əliyev – 1994-cü il fevralın 23-də Londonun “Hilton” otelində bizimlə görüşərkən Vətənimiz Azərbaycan haqqında qürurla danışanda,  tam səmimi deyirəm, fərəhdən gözlərim yaşardı. Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində ulu öndər həmin gün vaxt tapıb Londonda yaşayanlarla görüş keçirirdi. Həmin görüşdə Heydər Əliyev bizimlə çox səmimi söhbət etdi və əslində, xaricdə yaşayan azərbaycanlılarla aparılacaq işin, dövlət siyasətinin ilk konturlarını nəzərimizə çatdırdı və dəyərli tövsiyələrini verdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir. Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız ulu öndər Heydər Əliyev olmuşdu.

Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının Vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci il mayın 23-də xüsusi sərəncam imzalayan ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində keçirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə hesab olunan bu qurultayda  çıxış edən soydaşlarımız bu mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər.

Mən özüm də həmin tarixi qurultayın iştirakçısı idim. Qurultayın iştirakçıları arasında gözəl ab-hava hökm sürürdü – biz hamımız bir-birimizlə tanış olmağa, ünsiyyət saxlamağa, şəkil çəkdirməyə və diasporların problemlərinin həlli yollarını bölüşməyə çalışırdıq.

Birinci qurultayda məhz ulu öndərimizin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası (DAƏŞ) yaradıldı. Bu gün də fəxr edirəm ki, ümummilli liderimiz həmin forumda namizədliyimi “mənim dostum Qulamrza Səbri Təbrizi” kimi, DAƏŞ sədrinin birinci müavini vəzifəsinə təklif etdi. Mənim üçün həyatda bundan böyük və qiymətli mükafat olmayıb. 

Bu hadisədən sonra mən aşağıdakı şeiri yazdım:

Heç vaxt ölməz

millətini sevən ruh.

Yaşar ağaclarda,

dağlarda-daşlarda,

Ürəklərdə, çiçəklərdə, güllərdə.

Buna görə mən sevirəm xalqımı,

Buna görə sevinirəm onların

Gözəl, azad gələcəyinə.

 

Onu da qeyd edim ki, xaricdə yaşayan soydaşlarımızın fəallığının artmasında, diasporlarımız arasında əlaqələrin yaradılmasında və onların fəaliyyətinin bir məcraya yönəldilməsində DAƏŞ-in çox mühüm rolu olmuşdur. Dünyanın bir sıra ölkələrində, o cümlədən İngiltərədə, ABŞ-da, Norveçdə... Azərbaycan dilini öyrənən məktəblər, dərnəklər, kurslar təşkil etdik və oraya yüzlərlə dərs vəsaiti, bədii və tarixi əsərlər göndərdik. Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı müxtəlif tədbirlər, konfrans, seminar və simpoziumlar keçirdik.

Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Vurğulamaq lazımdır ki, Əlaqələndirmə Şurası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə maksimum səy göstərir. Azərbaycan Respublikasının diaspor quruculuğu sahəsindəki dövlət siyasətinin başlıca qayəsi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini həyata keçirməkdən ibarətdir. Heydər Əliyevin bir fikrini xatırlatmaq istərdim: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi doğma Azərbaycanla bir vurmalıdır”.

Ulu öndərimizin ideyalarını davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də Azərbaycanın inkişafı , gələcəyi üçün əlindən gələni edir. Azərbaycanın günü-gündən çiçəkləndiyini, dünyanın aparıcı dövlətləri arasında öz yerini tutmasını, xarici ölkələrdə yaşayan soydaşlarımıza dövlətin diqqət və qayğısını hər dəfə seyr etmək mənə böyük məmnunluq, xoşbəxtlik hissi bəxş edir. Bu işdə şəxsiyyətinə həmişə hörmət bəslədiyim ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin qətiyyətli mövqeyi təqdirəlayiqdir. Onun çıxışlarında “Mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm” deməsi və özünün hər əməlində bunu isbatlaması məndə soydaşlarımızın gələcək taleyinə olan əminlik hisslərini bir daha artırır.

Müstəqil Azərbaycan dövləti hər bir azərbaycanlının qüruru, istinadgahıdır. İndi dünyanın hər yerinə səpələnmiş azərbaycanlılar hamılıqla bir məsələ ilə fəxr edirlər: Azad Azərbaycanın varlığı ilə! Bu, çox şey deməkdir. Hər bir insan ilk növbədə öz Vətənini azad görməyi həmişə arzulayır. Mən çox xoşbəxtəm ki, ömrüm boyu arzuladığım müstəqil Azərbaycanı görə bildim. Bu, mənim üçün hər şeydən vacib və önəmlidir. Ən böyük arzum, amalım Azərbaycanın öz tarixi torpaqlarında suveren hüquqlarını bərpa etməsidir. Doğrudur, bu, hələlik gerçəyə çevrilməsə də, müstəqil Azərbaycanın varlığı bu yaşımda mənim üçün hələ ki ən böyük təsəllidir. Bu gün əminliklə deyə bilərəm ki, əsas düşmənimiz olan Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. Vətənimizə qarşı tutduqları bu mənfur işğalçılıq və terror yolunda onlar heç nəyə nail ola bilməyəcəklər. Ən böyük ağrılı-acılı yerimiz olan Qarabağ problemi tezliklə öz həllini tapacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma, qədim ata-baba torpaqlarına dönə biləcəklər. Getdikcə güclənən və düşmənə “göz dağına” çevrilən Azərbaycan dövlətinin bu problemi də tezliklə çözəcəyinə məndə dərin inam hissi var.

Qulamrza SƏBRİ TƏBRİZİ, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri,

Edinburq Universitetinin professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında