Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təntənəli yubiley mərasimi

 

 

 

 

Mayın 9-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə yubiley mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə sarayın foyesində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev - 90” sərgisinə baxmışlar.

Sərgi ilə tanışlıqdan sonra keçirilən təntənəli mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını və muxtar respublika əhalisini təbrik etmişdir.

Ali Məclisin sədri demişdir: “Müasir dövrdə müdrik dövlət xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoymuşdur. 1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan möhtərəm Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçmiş, daim xalqımızın rifahı naminə, Azərbaycan naminə çalışmışdır.

Ulu öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən o, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: “Azərbaycan mənim qibləgahımdır”. Yaxud: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikirlər bir dahi ömrünün manifestidir”.

Ulu öndərin daim yüksəlişdə olan zəngin, çoxcəhətli bioqrafiyasından söz açan Vasif Talıbov onun Azərbaycana rəhbərlik etdiyi dövrlər üzərində daha geniş dayanmışdır: “1969-cu il iyulun 14-də hakimiyyətə gələn 46 yaşlı dövlət təhlükəsizlik orqanı generalı və möhkəm siyasi iradə sahibi olan möhtərəm Heydər Əliyevi çətin sınaqlar gözləyirdi. O, Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə xalqı yaşatmalı idi. Bununla yanaşı təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. O dövrün Azərbaycanı ittifaq dövlətinin digər respublikalarından fərqli olaraq əhalisi son dərəcə kasıblıq həddində yaşayan aqrar region idi.

44 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Bu həyat özünü nədə göstərirdi? Hər şeydən əvvəl, tarixilik baxımından olduqca qısa bir müddətdə - cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. İyirminci əsrin 70-ci illərinin kiçik Azərbaycanı böyük Sovetlər Birliyinin əsas neft maşınqayırma, üzümçülük bazası, yeganə məişət kondisionerləri istehsalı mərkəzi statusunu qazanmışdı. Respublikamızın ittifaq miqyasında iqtisadi çəkisi əhəmiyyətli dərəcədə artmışdı.

O dövrün politoloq və tarixçiləri öz təhlillərində göstərirdilər ki, SSRİ-də cəmi 2 respublika müstəqil olaraq yaşayıb fəaliyyət göstərə bilər. Onlardan biri Azərbaycan idi. 1969-cu ildə özünü heç nə ilə təmin edə bilməyən Azərbaycan 1982-ci ildə ittifaq dövlətinin dotasiyası olmadan yaşaya bilən, iqtisadi müstəqilliyə tam hazır olan respublika səviyyəsinə gəlib çatmışdı. Bu amil ümummilli liderimizin Azərbaycanda rəhbərliyinin birinci dövrünün ən mühüm siyasi yekunu və milli liderin, əsl rəhbərin qısa zaman kəsiyində mümkün olmayanı mümkün etmək bacarığının əyani ifadəsidir”.

Ali Məclisin sədri daha sonra demişdir: “1982-ci ilin sonlarında möhtərəm Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçildi. Bu təyinat ümummilli liderimizin misilsiz dövlət idarəçiliyi bacarığı ilə bağlı idi. 1982-1987-ci illərdə qüdrətli dövlətin rəhbərlərindən biri kimi gərgin rejimdə fəaliyyət göstərməsinə baxmayaraq görkəmli dövlət xadiminin gündəlik iş qrafikində ən vacib məsələlər sırasında Azərbaycan və onunla bağlı problemlərin həlli dayanırdı. Sovetlər Birliyində hamı Heydər Əliyev — Azərbaycan faktoru ilə hesablaşır, heç kim Azərbaycanın inkişafının qarşısını almağa, əsassız torpaq iddiası irəli sürməyə cəsarət etmirdi. Qərəzli təzyiqlər nəticəsində 1987-ci il oktyabrın 21-də ulu öndərimiz siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Bundan 15 gün sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə çıxarıldı.

Ümummilli liderimizə, onunla birlikdə isə Azərbaycana qarşı siyasi təzyiqlərin açıq müstəviyə keçdiyi 1987-ci ildən sonrakı dövr şəxsiyyətin dönməzliyi və qətiyyəti sayəsində təhlükəli vəziyyətin xalqın xeyrinə necə dəyişdirilməsinin fakt və arqumentləri ilə zəngindir. Bu dövr nəyi göstərdi? Birinci növbədə onu göstərdi ki, möhtərəm Heydər Əliyev hakimiyyətdə olmadığı dövrlərdə belə Azərbaycan naminə çalışmış, Azərbaycanın müstəqilliyini öz şəxsi həyatından üstün tutmuş, 1990-cı il yanvarın 20-də xalqın müstəqillik arzusunu boğmaq üçün Bakıda törədilmiş qanlı faciəni bütün dünyaya bildirərək onu törədən dövlət rəhbərlərini kəskin ittiham etmişdir.

Xalqımızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Moskvadan Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsini təşkil etmişdir. Bu böyük şəxsiyyətin Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmişdir.

Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Böyük öndərimiz Azərbaycan naminə yaşadığı həyatın, mənalı ömür yolunun siyasi mübarizələrlə dolu olan anlarını göz önünə gətirərək deyirdi: “İndi... bütün həyatımı təhlil edərək görürəm ki, hər halda bir başlıca hadisə də var. O da bundan ibarətdir ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.

Ümummilli liderimizin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən və separatçılıq meyllərindən xilas olmuş, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alınmış, milli ordu quruculuğunda əməli addımlar atılmış, əldə olunmuş sabitlik nəticəsində iqtisadi inkişafın əsası qoyulmuşdur. Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən ulu ödərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən ümummilli liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”

Ali Məclisin sədri tədbir iştirakçılarını bir daha şanlı yubiley münasibəti ilə təbrik etmiş, Heydər Əliyev ilində hər kəsə doğma Azərbaycanımızı ulu öndərimiz kimi sevməyi, Azərbaycan naminə ulu öndərimiz kimi fəaliyyət göstərməyi arzulamış və çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bu gün inkişaf edən, güclənən Azərbaycan, Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcək, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq” — fikirləri ilə tamamlamışdır.

Sonra Ali Məclisin sədri muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafında əməyinə görə bir qrup şəxsə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılan “Xatirə” qızıl medalını təqdim etmişdir.

Yubiley tədbirində Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri, xor kollektivi, mahnı və rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Mayın 9-da Naxçıvan MR Ali Məclisinin “Araz” dövlət qəbul evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ziyafət təşkil olunmuşdur. Ali Məclisin sədri Vasif  Talıbov mərasim iştirakçılarını yubiley münasibətilə bir daha təbrik etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında