Heydər Əliyev – xarizmatik liderin siyasi portreti

 

 

 

 

 

Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, xalqı qarşısında misilsiz xidmətlər göstərən, bütün ictimai-siyasi fəaliyyətini doğma xalqının yüksəlişinə və tərəqqisinə, ana vətəninin çiçəklənməsinə və qüdrətlənməsinə həsr edən, bu yolda böyük qələbələr qazanan, ümummilli lider Heydər Əliyevin uğur fenomeni dünyanın bir çox məşhur siyasi xadimləri, politoloqları və filosofları tərəfindən təqdir edilən, tədqiq olunan və uzun müddət öyrəniləcək bir hadisədir.

Dünya siyasət tarixində öz xalqının və ölkəsinin, eləcə də regionun və hətta dünyanın taleyini dəyişmək qüdrətinə malik hökmdarlar, dövlət xadimləri çox olmuşdur.Lakin bu xadimlərin, demək olar ki, hamısı güclü dövlətə, hərbi gücə və müasir silaha malik böyük ölkələrin və xalqların nümayəndələri olmuşlar. Bütün bu şəxsiyyətlərdən fərqli olaraq Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada - sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə antaqonist məkanda - SSRİ kimi nəhəng  diktaturanın bətnindən çıxmış birpartiyalı sistemin idarə etdiyi hökmran dövlətin tərkib hissəsi olan Sovet Azərbaycanında və müstəqilliyini elan etmiş, lakin onu qura bilməmiş, siyasi-iqtisadi, hərbi xaos içərisində olan Azərbaycan Respublikasında rəhbər kimi uğurlar qazanmışdı, bütün daxili və xarici basqıları dəf edərək dünyanın qəbul etdiyi dövlət xadiminə və milli liderə çevrilə bilmişdi.

1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilən və 1982-ci ilə kimi - 13 il bu vəzifədə çalışan Heydər Əliyev Azərbaycanı SSRİ məkanında 1920-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, geridə qalmış, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə 15 respublika arasında 13-cü yerdə gedən bir ölkəni inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı respublikasına, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı ölkəyə çevirdi.

Heç də təsadüfi deyildi ki, SSRİ-nin iqtisadiyyatı durğunluq keçirən bir vaxtda Heydər Əliyevin Azərbaycanı sosial-iqtisadi, mədəni-elmi, ictimai həyatının bütün sahələrində böyük nailiyyətlər əldə etmişdi. Heydər Əliyev 1982-ci ildə SSRİ tarixində ilk türk olaraq bu nəhəng dövlətin ali rəhbərliyinə gətirildi. Siyasi Büro üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. SSRİ-də əsrin tikintisi sayılan Baykal Amur Magistralının tikintisinə rəhbərlik etmək Heydər Əliyevə həvalə olunmuşdu və onun səyləri nəticəsində bu nəhəng magistral vaxtında və keyfiyyətlə istifadəyə verildi.

1993-cü ilin iyununda Azərbaycan “ölüm-dirim” dilemması qarşısında qalanda, bütün xalq, o cümlədən dövlət başçısı Əbülfəz Elçibəy üzünü Naxçıvana tutaraq Heydər Əliyevi - tarixi xilaskarı respublika rəhbərliyinə dəvət etdi.

Həyatda bütün təsadüflər zərurətə bağlıdır.Hətta bizim ən böyük təsadüf saydığımız hadisələr də, görmədiyimiz, lakin bizim qavrayış və iradəmizin xaricində olan zərurətin mövcudluğundan doğur.Varlığı yaradan, yaşadan, dünyanı idarə edən sirli qüvvə bəlli zamanda, bəlli fenomenləri yaradır və müəyyən missiyanı həyata keçirməyi ona həvalə edir. Peyğəmbərlər, dahilər, müdriklər - tarixdə müəyyən missiya ilə yer üzərinə göndərilən, insanları bəlalardan xilas edən, xalqlara xoşbəxtlik gətirən bu seçilmiş insanlar haqqında zaman - zaman müxtəlif sirlərin daşıyıcısı, xarizmatik lider, “Allahın sevimli bəndələri” kimi fikirlər səslənmiş belə liderlərin xüsusiyyətlərinin araşdırılması cəhdləri olmuşdur və bu gün də liderlik fenomeninin konkret izahı yoxdur.

“Xarizmatik lider” fenomenini din, Allah vergisi kimi izah edir. Elə “xarizma” sözününün özü də qədim yunan dilindəki “xarita” sözündən götürülüb “özünə diqqəti cəlb edən”, “cazibədar” anlamı verir. Qədim yunan mifologiyasına görə gözəllik və zəriflik ilahəsi də Xarita adlanırdı.Qədim yunanlar xarizmatik keyfiyyətlərə malik insanları Allahın sevimliləri sayır və müəyyən uğurlar əldə etmək üçün seçilmiş insanlar hesab edirdilər. Təbii ki, xarizmatik liderin bir çox keyfiyyətləri - dində “Allah vergisi” adlandırılan - istedad, ünsiyyətcillik, mehribanlıq, cazibədarlıq, intellekt, insanları inandırmaq və arxasınca apara bilmək bacarığı və s. onun anadangəlmə xüsusiyyətləri ilə bağlıdır.

Xarizmatik liderlik fenomeninin klassik tədqiqatçıları sayılan Maks Veber və Robert Haus bu keyfiyyətləri xarizmatik liderliyin anadangəlmə xüsusiyyətləri hesab edir və “anadangəlmə liderlik” nəzəriyyəsini irəli sürürlər.

Mən 1990-cı illərdə “Urud” kitabımın üzərində işləyərkən, ulu öndər Heydər Əliyevin yeniyetməlik və gənclik dostları ilə görüşüb söhbət etmiş, həmsöhbətlərimin gənc Heydər Əliyev haqqında təəssüratlarını yazıya almışam. Müsahiblərimin, demək olar ki, hamısı yeniyetmə Heydər haqqında eyni fikirdə idilər: “ O, olduqca ağıllı, təfəkkürlü, savadlı, istedadlı, səliqəli, mehriban, ədalətli bir oğlan idi. Kəndə gələndə bütün kənd cavanları onun başına yığışardı.Onda insanları asanlıqla öz ətrafına toplamaq, onları idarə etmək, onlara rəhbərlik etmək bacarığı var idi”.

Anadangəlmə keyfiyyətlərlə yanaşı, xarizmatik liderin formalaşmasında qazanılmış xüsusiyyətlər - onun xarakteri, həyat təcrübəsi nəticəsində əldə etdiyi digər keyfiyyətlər - təşəbbüskarlıq, özünə inam, məqsədyönlülük, geniş bilik sahəsi, yüksək intellekt, çalışqanlıq çox mühüm rol oynayır. Bu iki keyfiyyət - liderliyin anadangəlmə və qazanılma xüsusiyyətləri birlikdə xarizmatik liderliyin endogen nəzəriyyəsinin əsasını təşkil edir.

Bu nəzəriyyənin bütün komponentlərini ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətində aşkar izləmək mümkündür. Xarizmatik liderin xüsusiyyətlərini və fəaliyyət diapazonunu onun anadangəlmə keyfiyyətləri və həyat təcrübəsində əldə etdiyi idarəetmə bacarığının cəmi kimi izah edən endogen nəzəriyyə ilə yanaşı, liderin meydana çıxmasına səbəb olan mühiti, onun liderliyinə ehtiyacı olan ictimai - sosial toplumun varlığını vacib hesab edən ekzogen nəzəriyyə (C.Homans) də mövcuddur.Ekzogen nəzəriyyəyə görə, “idarə edən” sosial qrupdur, bu qrup elə şəxsi lider seçir ki, həmin lider qrupun gözləntilərini doğrultsun, onun maraqlarını və arzularını həyata keçirsin.

Sosial qrup kimi Azərbaycan xalqını nəzərdən keçirsək, liderliyə tələbatda bu nəzəriyyə də özünü doğruldur.1969-87-ci illərdə öz lideri kimi Heydər Əliyevi tanıyan Azərbaycan xalqı ekstremal situasiyada (1988-1993-cü illər) dövlətin başında dayanan hər bir şəxsdə (Ə.Vəzirov, A.Mütəllibov, Ə.Elçibəy) Heydər Əliyevin liderlik keyfiyyətlərini axtardı, bu keyfiyyətləri görmədikdə isə həmin rəhbərləri lider kimi qəbul etmədi.

Xarizmatik lider fenomeninin izahında interaktiv yanaşmanın tərəfdarı olan Robert Hausa, görə xarizma lider və onun davamçılarının (tərəfdarlarının) arasındakı münasibətin xüsusi forması olaraq meydana çıxır. Davamçılar (tərəfdarlar, Yeni Azərbaycan Partiyası fəalları, üzvləri, geniş mənada Azərbaycan xalqı və dünya azərbaycanlıları) hesab edirlər ki,

1.Liderin ideyaları doğrudur;

2.Liderin rəhbərliyi birmənalı qəbul ediləndir;

3.Liderə inanır və ürəkdən bağlanırlar;

4.Öz qarşılarına böyük məqsədlər qoymuşlar;

5.Liderin rəhbərliyi altında əsas missiyalarını həyata keçirəcəklər.

Müstəqil Azərbaycan dövlətinin qurulması, vətəndaş müharibəsinin qarşısının alınması, dövlət çevrilişlərinə cəhdlərin yatırılması, iqtisadi, sosial, siyasi, hüquqi sahədə islahatların uğurla aparılması, neft kontraktlarının bağlanması, beynəlxalq siyasətdəki uğurlar və s. nailiyyətlərimiz Lider – sosial toplum, Heydər Əliyev – Azərbaycan xalqı birliyinin nəticəsində əldə olunmuşdur.

Xarizmatik lider kimi ümummilli lider 1969-cu ildən bu yana həmişə Azərbaycan cəmiyyətinin diqqəti mərkəzində olmuş, xalq onun hər müraciətini, hər çıxışını, hər sözünü nəfəs çəkmədən dinləmiş, ona ürəkdən bağlanmış, öz xilasını və işıqlı sabahını onda görmüşdür.

Xarizmatik liderliyin nəzəri tədqiqi ilə məşğul olan filosoflar aşağıdakıları xarizmatik keyfiyyətlərə aid edirlər:

1.Şəxsiyyətin maqnetik

cəzbedici qüvvəsi;

2.Həyati-vacib məsələlərin həllindən ilham almaq, ruhlanmaq;

3.Yerinə yetirdiyi vəzifəsinə uyğun olmaq;

4.Öz gücünə inam və daxili harmoniya;

5.Diqqətini həllivacib məsələnin üzərində cəmləşdirə bilmək;

6.Ünsiyyətcillik, hər kəslə uzun müddətli münasibət qura bilmək bacarığı;

7.Özünü və başqalarını hər hansı fəaliyyətə kökləyə bilmək;

8.Düzgün yanaşma;

9.Özünün və başqalarının qarşısındakı prioritetləri düzgün müəyyənləşdirmək;

10.Cazibədarlıq;

11.Fəallıq, tükənməz enerji və qərar qəbul etmək bacarığına malik olmaq;

12.Başqalarına nümunə olmaq və həyatsevərlik.

Ümummilli lider Heydər Əliyevin siyasi dühası bu keyfiyyətlərin hamısını özündə cəm etməklə yanaşı, böyük dövlət xadiminə, mübarizə qəhrəmanına, dahi filosofa, dünyagörmüş müdrikə xas olan bir sıra nadir xüsusiyyətlərə də malik idi ki, bu da onun qabiliyyətli zəfər yolunu daim nurlandırmışdır.

Zamanında düzgün qərar vermək. Uğur əldə olunması təkcə qərar qəbul etməklə bağlı deyil, o qərarın hansı zamanda və məkanda qəbul edilməsindən çox asılıdır.

Məsələn,  1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətə gələn kimi latın qrafikalı əlifbaya keçidlə bağlı fərman verdi. Əslində, bu qərar olaraq doğru idi, lakin zamanı yetişməmişdi, xalq keçidə hazır deyildi. Heydər Əliyev isə hakimiyyətə gələndən yalnız 8 il sonra, 2001-ci ildə latın qrafikalı əlifbaya keçid qərarını verdi. Həmin müddət ərzində bu prosesin həm psixoloji, həm də nəzəri - texniki problemləri aradan qaldırıldı. 1994-cü ilin 20 sentyabrında əsrin müqaviləsi  adlanan neft sazişlərinin imzalanması da zamanında verilmiş düzgün qərar idi.

Cəsarətlilik. Liderin uğurlu və qalibiyyətli fəaliyyəti üçün çox vacib olan bu keyfiyyət ümummilli lider Heydər Əliyevin həyat kredosu idi. Cəsarətlilik bütün həyatı boyu - istər Dövlət Təhlükəsizlik Komitəsində işləyəndə, istər Sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edəndə - Heydər Əliyevin uğurlarını şərtləndirən şəxsi, yüksək insani keyfiyyəti olmuşdur. Onun 1990-cı ilin 21 yanvarında Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə getməsi və SSRİ hökumətini, Mixail Qorbaçovu ifşa edən çıxışı, 1991-ci il 17 iyulda Sov. İKP sıralarından istefa ərizəsi yazması, 1991-ci ilin mart referendumunun Naxçıvan MR-də keçirilməsinə qadağa qoyması, 1993-cü ilin iyununda Surət Hüseynovun kriminal ünsürlərlə dolu başıpozuq qiyamçı dəstəni zərərsizləşdirmək üçün Gəncəyə getməsi, 4 oktyabr 1994-cü ildə və 16 mart 1995-ci ildə dövlət çevrilişlərinə cəhdlərin qarşısını alması, 2000-ci ilin 25 noyabrında Bakıda baş verən güclü zəlzələdən sonra Prezident Aparatındakı kabinetinə gəlib fəaliyyətini davam etdirməsi, 2003-cü ilin 22 aprelində indi öz adını daşıyan saraydakı çıxışı zamanı iki dəfə huşunu itirməsinə, həkimlərin və yaxınlarının etirazlarına baxmayaraq, var qüvvəsini toplayıb yenidən tribunaya dönüb nitqini bitirməsi və s. dünya liderlik tarixində cəsarətliliyə dair ensiklopediyalara düşə biləcək nadir nümunələrdəndir.

Uzaqgörənlik. Buna bəsirət gözü də deyilir.Uzaqgörənlik siyasi xadimlərdən daha çox dövlət xadimlərinə xas olan vəhy, bilik və təcrübənin vəhdətindən yaranan düzgün proqnozlaşdırma, hadisələrin ətrafdakıların görə bilmədiyi inkişaf istiqamətinin öncədən müəyyənləşdirilməsidir.Uzaqgörən dövlət xadimi öz siyasətini bir seçki dövrü, bir inkişaf mərhələsi üçün deyil, bütöv epoxa, bəzən bir neçə nəsillər üçün müəyyənləşdirir.Ümummilli lider Heydər Əliyevin siyasi portretində uzaqgörənlik cizgisi parlaq şəkildə nəzərə çarpır.

Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə onun gördüyü böyük işlərin, demək olar ki, hamısı müstəqillik illərində öz bəhrəsini vermiş və bu gün də verməkdədir. C.Naxçıvanski adına hərbi məktəbin yaranması, milli zabit kadrlarımızın hazırlanması Milli Ordumuzun təşkilində tarixi rol oynadı və bu gün milli generallarımızın tam əksəriyyəti bu məktəbin – Heydər Əliyev uzaqgörənliyinin müdavimləridir.

Heydər Əliyev Azərbaycanın gələcəyinin təhsilli və elmli insanlarla bağlı olduğunu nəzərə alaraq hər il minlərlə gənci Sovet İttifaqının aparıcı ali məktəblərinə, akademiyalarına təhsil və elm dalınca göndərirdi. Onların oxumasına maddi və mənəvi dəstək verdi. Bu gün qüdrətli dövlət olan Azərbaycanın qurulmasında və inkişafında həmin kadrların rolu danılmazdır.

1991-ci ilin martında SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsi ilə əlaqədar müzakirələr keçirilərkən Heydər Əliyev böyük uzaqgörənlik və siyasi qətiyyətlə söylədi ki, SSRİ-nin dağılması qaçılmazdır, tarixi zərurətdir. Zaman göstərdi ki, referenduma getmək əvəzinə, SSRİ-dən çıxmağı təklif edən, Azərbaycanın öz müstəqilliyini təmin etmək potensialının olduğunu uzaqgörənliklə söyləyən Heydər Əliyev nə qədər haqlı idi.

Müdriklik  ümummilli lider Heydər Əliyevin siyasi portretinin çox mühüm bir əlaməti onun peyğəmbərcəsinə müdriklik keyfiyyətidir. Müdrik qərar qəbul edərkən, eyni zamanda, daha çox parametrləri nəzərə alan, daha az səhv edən şəxsdir. Müdriklik mərtəbəsində ən ali pillə, şəksiz ki, Allaha məxsusdur. Ondan sonrakı pillədə peyğəmbərlər, daha sonrakı yerlərdə isə dahilər, aqillər və ən sonda adi insanlar dayanırlar. Müdriklik pilləsində Heydər Əliyevin yeri,  dahilərdən bir az yuxarı, peyğəmbərlər mərtəbəsindədir.

Resursları səfərbər etmək və lazımi məcraya yönəltmək qabiliyyəti. Heydər Əliyev dühasının misilsiz uğurlarını şərtləndirən keyfiyyətlərdən biri də bu xüsusiyyətdir. Bu qabiliyyəti ümummilli liderin bütün qərarlarında, fərman və sərəncamlarında görmək olar.Heydər Əliyev istənilən məsələnin həllinə kompleks yanaşır, aidiyyatı olan bütün qurumları problemin çözülməsi üçün cəlb edirdi.

Yüksək təşkil olunma və təşkil etmə. Bu keyfiyyət Heydər Əliyevin bir dövlət xadimi kimi müvəffəqiyyətinin əsasında dayanan çox qiymətli xüsusiyyətidir. Heydər Əliyev heç bir tədbirə, çıxışa,  görüşə, fəaliyyətə ikinci dərəcəli iş kimi baxmırdı. Ümummilli lider heç bir tədbirə hazırlıqsız getmirdi, onun geyimi, səliqə - sahmanı, nitqi, davranışı, hətta səsinin tembri də qarşıya qoyulan məqsədə çatmağa xidmət edirdi.

Fenomenal yaddaş, dərin zəka, yüksək savad, böyük intellekt, təkrarolunmaz natiqlik qabiliyyəti  ümummilli lider Heydər Əliyevin siyasi portretinin bənzərsiz ifadələridir. Onun uca boy-buxunu, işıqlı gözləri, iti baxışı, şux yerişi, dəqiq jestləri, valeh edici nurlu siması hamını məftun edirdi. Məşhur estrada müğənnisi SSRİ-nin xalq artisti Alla Puqaçovanın Heydər Əliyev haqqında söylədiyi “Həyatımda ondan gözəl və müdrik kişi tanımırdım” fikri milyonlarla insanın qəlbindən keçənləri ifdə edirdi.

O siyasi lider xoşbəxtdir ki, onun davamçısı, ideyalarını daha irəli aparacaq varisi vardır. Siyasi liderin daha bir keyfiyyəti öz davamçıları (tərəfdarları) arasından ən qabiliyyətini seçib yeni mərhələdə ideya daşıyıcısına çevirə bilməsidir.Ümummilli lider bu baxımdan - siyasi varislik prinsipi baxımından da mükəmməldir, əbədiyaşardır. Bu gün Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən günün tələblərinə uyğun səviyyədə inkişaf etdirilir, Azərbaycan dünyanın mədəniyyət, tolerantlıq, iqtisadiyyat, idman mərkəzinə çevrilməkdədir. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 20 üzvündən biridir. Bu gün Azərbaycan dünyanın az sayda ölkəsinin təmsil olunduğu “Kosmos klubu”-nun üzvüdür. Bu gün regionda dünya birliyinin bir çox transmilli layihələri Azərbaycanın adı ilə bağlıdır.

Bu gün ümummilli liderin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” - fikri parlaq təsdiqini tapmaqdadır.

Yazımı ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili

Mehriban Əliyevanın ümummilli lider haqqında fikirləri ilə tamamlamaq istəyirəm : “Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətənin - Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. Azərbaycan üçün Heydər Əliyevin varlığı taleyin Tanrı payıdır.”

 

 

Musa URUD,

millət vəkili, YAP Siyasi Şurasının üzvü

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında