Bakıda keçirilən Cənubi Qafqaz Forumu mayın 8-də ikinci iş gününə “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” və “Şəxsiyyətin plüralizmi” mövzularında paralel sessiyalarla başlamışdır.
“Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” mövzusunda birinci sessiyanın moderatoru - Misirin İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dinlərarası və mədəniyyətlərarası dialoqun, tolerantlığın əhəmiyyətindən danışmış, bu məsələlərin müzakirəsinə imkan yaratması baxımından Forumun işini yüksək qiymətləndirmişdir.
Litvanın sabiq Prezidenti, Madrid Klubunun üzvü Valdas Adamkus icmalar arasında münasibətlərdə dinin oynadığı roldan danışmış, ölkəsinin bu sahədə təcrübəsini bölüşmüşdür. Müstəqilliyin bərpasından sonra ölkəsində bütün dinlərə sərbəst şəraitin yaradıldığını bildirən sabiq Prezident Litva Konstitusiyasında bunun üçün hüquqi təminatların əksini tapdığını diqqətə çatdırmışdır.
Dünyəvi bir dövlətin prezidenti olduğunu xatırladan Uruqvayın sabiq dövlət başçısı, Madrid Klubunun üzvü Luis Alberto Lakalle tolerantlıq, sülh və insan hüquqları kimi dəyərlərin insanların irqindən, dinindən, yoxsul və ya zəngin olmasından daha önəmli olduğunu qeyd etmişdir. O, həmin dəyərlərin cəmiyyətdə konsensusun bərqərar olunmasında əhəmiyyətini xüsusi vurğulayaraq bu baxımdan dünyəvi dövlətlərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır.
Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov bu mötəbər tədbirin təşkilatçılarına təşəkkür edərək Forumun mühüm məsələlərin müzakirə olunması üçün əlverişli imkanlar yaratdığını bildirmişdir. Sessiyanın mövzusunun günümüzün aktual tələblərini əks etdirən məsələ olduğunu vurğulayan P.Stoyanov müasir cəmiyyətlərin, mədəniyyətlərin, dinlərin bir-biri ilə qarşılıqlı münasibətlər şəraitində yaşamasının vacibliyindən danışmışdır. Bunun üçün biz bir-birimizi başa düşməyi öyrənməliyik. Çünki yalnız bu halda dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa nail ola bilərik. Sabiq Prezident, həmçinin Bolqarıstanda bütün etnik azlıqların dini etiqad azadlıqlarının təminatı üçün hər cür şəraitin yaradıldığından söhbət açmışdır.
Müsəlman və xristian dünyasının müxtəlifliyini qeyd edən Latviyanın sabiq Prezidenti, Madrid Klubunun üzvü Valdis Zatlers Azərbaycanda olduğu kimi, ölkəsində də bütün dinlərin nümayəndələrinə bərabər imkanların yaradıldığını diqqətə çatdırmışdır. Latviyanın pravoslav kilsəsi haqqında qanunu qəbul edən nadir ölkələrdən olduğunu vurğulayan Valdis Zatlers bildirmişdir ki, biz yalnız cəmiyyətin hər bir üzvünün seçim azadlığı əsasında tolerantlığa nail ola bilərik. Biz insanları sövq etməliyik ki, digər dinlər haqqında da öyrənsinlər. Yalnız bu yolla biz müxtəlif dinlərə hörmətlə yanaşmanı təmin edə bilərik.
* * *
“Şəxsiyyətin plüralizmi” mövzusunda ikinci sessiyanın moderatoru olan ABŞ-ın birinci xanımı Mişel Obamanın şəxsi heyətinin sabiq rəhbəri xanım Suzan Şer cəmiyyətlərimizdə şəxsiyyətin hüquq və azadlıqlarının təminatı istiqamətində hələ də gərgin mübarizənin aparıldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, internet, iqtisadiyyatın qloballaşması insanların yaxınlaşmasına və daha sıx əməkdaşlığa şərait yaratmaqla yanaşı, müasir dünyamızda bu dəyərlərlə bağlı geniş müzakirələrin aparılmasını təmin edir.
Mavritaniyanın sabiq Prezidenti, Madrid Klubunun üzvü Kassam Utim çıxışında hər bir ölkənin, müxtəlif dinlərə, icmalara mənsub insanların özünəməxsus xüsusiyyətlərinin olduğunu vurğulayaraq bu məsələdə immiqrasiya proseslərinin rolunu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bu proseslər cəmiyyətlərin çoxdinli, çoxmədəniyyətli olmasına şərait yaratmışdır.
Cəmiyyətlərin inteqrasiyasında iqtisadiyyatın, xüsusən də ticarətin tarixi rolunu diqqətə çatdıran sabiq Prezident hər bir dövlətin siyasi liderinin doğru qərar qəbul etməklə inteqrasiyanı düzgün istiqamətləndirə bildiklərini vurğulamışdır. İqtisadi inkişaf cəmiyyətin paylanmasına kömək edir. Siyasi plüralizmin mövcudluğu müasir cəmiyyətimizdə əhəmiyyətli amillərdən biridir. Bu baxımdan hər bir dövlət üçün seçki sisteminin təkmilləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə hökumətin üzərinə düşən məsuliyyət milli səyləri dəstəkləməkdən ibarətdir.
Bakıda olmaqdan məmnunluğunu vurğulayan Yəmənin sabiq Baş naziri, Madrid Klubunun üzvü Abdulkarim Əl İryani demokratiya olmadan sülhün, sabitliyin təmin edilməsinin, plüralizmin inkişafının mümkünsüzlüyünü bildirmişdir. Müasir sivilizasiyaların qədim ticarətin əsasında formalaşdığını qeyd edən sabiq Baş nazir ölkəsində hökumətin digər dini icmaların nümayəndələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulamışdır.
Mərmərə Qrupu Fondunun baş katibi Akkan Suver XXI əsr mədəniyyət və dinlərin əməkdaşlığının, tolerantlığın təmin edilməsi istiqamətində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, hansı dinə mənsubiyyətinə baxmayaraq hər bir insan ədalətli olmalıdır. Münaqişələrin qarşısını almaq üçün sağlam çərçivənin yaradılmasının və inkişaf etdirilməsinin vacibliyinə toxunan Akkan Suver yalnız bu yolla müasir cəmiyyətdə sülhün və sabitliyin qoruna biləcəyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, əgər biz sülh fəlsəfəsini insanlara aşılamaq istəyiriksə tolerantlığın daha geniş yayılmasına nail olmalıyıq.
İsveçrə Konfederasiyasının sabiq Prezidenti, Madrid Klubunun üzvü xanım Mişelin Kalmi-Rey çıxışında cəmiyyətimizin gündən-günə dəyişərək inkişaf etdiyini, İsveçrədə də müxtəlifliyin mövcudluğunu vurğulamışdır. O, ölkəsində konstitusiyalı demokratiyanın hökm sürdüyünü, qadın və kişilərin bərabər hüquqlara məlik olmasının güclü hüquqi baza əsasında tənzimləndiyini diqqətə çatdırmışdır. İsveçrəyə qonşu ölkələrdən miqrasiya edənlərin sayının artdığını vurğulayan Mişelin Kalmi-Rey müsəlman ölkələrindən gələnlərin sayının xüsusilə çoxaldığını bildirmişdir. Ölkəsində hökumətlə müsəlman və yəhudi komitələri arasında sağlam əməkdaşlıq mühitinin qurulduğunu vurğulayan sabiq Prezident sabit və sağlam cəmiyyət qurulmasının İsveçrənin əsas prioritetlərindən olduğunu qeyd etmişdir.
Çıxışlardan sonra hər iki sessiyada mövzular ətrafında müzakirələr aparılmışdır.
* * *
Paralel iclaslardan sonra Cənubi Qafqaz Forumu çərçivəsində insan alveri ilə bağlı fövqəladə sessiya keçirilmişdir.
Sessiyanın moderatoru “Cole Production” şirkətinin rəhbəri Stiven Koul Azərbaycanın insan alverinə qarşı mübarizədə böyük uğurlar əldə etdiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, insan alveri narkotik və silah ticarətindən sonra ən çox gəlirin qazanıldığı sahədir. Bu baxımdan insan alveri ilə mübarizə olduqca ciddi və uzunmüddətli zəhmət tələb edir.
Çıxış edən “İnsan Alverinə Dərhal Son” Təşkilatının icraçı vitse-prezidenti xanım Aleya Hammad rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. O, özəl sektorun dəstəyi ilə bu bəlaya qarşı mübarizə aparılması istiqamətində böyük uğurların əldə edildiyini, bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayaraq bu prosesdə biznesin fəal iştirakının səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
“Ekson Mobil” şirkətinin birinci vitse-prezidenti, “İnsan Alverinə Dərhal Son” Təşkilatı idarə heyətinin üzvü xanım Jan Baderşnayder insan alverinə qarşı mübarizəni gündəlikdə duran əsas korporativ səbəb kimi qəbul etməyin vacibliyini vurğulamışdır. İnsan alverinin genişlənməsində icbari əməyin mühüm rol oynadığını qeyd edən natiq hazırda yer üzündə 200 milyon uşağın əməyindən istifadə olunduğunu bildirmişdir.
İnsan alverinə qarşı mübarizə tarixinin çox da böyük olmadığını qeyd edən “Moonbeam Films” şirkətinin direktoru və prodüseri xanım Anna Reevell də çıxışında müxtəlif ölkələrdə insanların icbari əməyindən istifadə edildiyini diqqətə çatdırmış, bəzi hallarda valideynlərin övladlarını kölə kimi satdıqlarını bildirmişdir. Bunun qarşısını almaq, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmək üçün üzərimizə böyük məsuliyyət düşür. A.Reevell insan alverinə qarşı mübarizədə videoçarxların, filmlərin, sərgilərin səmərəli təsir göstərdiyini qeyd etmişdir.
BMT-nin baş katibinin xüsusi məsləhətçisi xanım Nafis Sadik insan alverinin genişlənməsinə gətirib çıxaran amillər arasında yoxsulluğun və işsizliyin mühüm rolu olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, insan alverinə qarşı uğurla mübarizə aparmaq üçün bu sosial bəlanı yaradan amilləri aradan qaldırmalıyıq. Təəssüf ki, bu gün narkotiklərə qarşı mübarizəyə diqqət yetirildiyi qədər insan alverinə fikir verilmir. Bu da insan alverinə qarşı mübarizənin səmərəliliyini azaldır.
Məşhur aktrisa, UNODC-un insan alverinə qarşı qlobal mübarizənin sülhməramlı səfiri xanım Mira Sorvino çıxışında əsasən insan alverinə qarşı mübarizə işinə kitablar, sənədli filmlər vasitəsilə töhfə verilməsi məsələsindən danışmışdır. İnsan alverinə qarşı mübarizədə sosial medianın imkanlarından istifadə edilməsinin əhəmiyyətini vurğulayan Mira Sorvino hər il 2,5 milyon nəfərin insan alverinə məruz qaldığını, heç bir ölkənin bu sosial bəladan sığortalanmadığını bildirmişdir.
Çıxışlardan sonra mövzu ilə bağlı təqdimatlar olmuş, fikir mübadiləsi aparılmışdır.
Müzakirələrdə bildirilmişdir ki, əsasən köləliyin müasir forması kimi təsvir edilən insan alveri cinayətdir və beynəlxalq insan haqlarının pozulmasıdır. Bu, dövrümüzün ən ağır və mürəkkəb problemlərindən biridir və bir ildə 30 milyard dollar gəlir gətirir. Vurğulanmışdır ki, insan alveri insanların azadlıq, sülh və təhlükəsizlik şəraitində yaşamasına böyük maneə yaradır. İnsan alverinə qarşı daha təsirli mexanizmlər yaradılmalıdır.
* * *
Sonra Birinci Cənubi Qafqaz Forumunun yekun iclası keçirilmişdir.
İclasa sədrlik edən Misirin İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin konfransın maraqlı keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirmişdir. O demişdir ki, Birinci Cənubi Qafqaz Forumunun keçirilməsi qadınların rolunun gücləndirilməsi, etnik, dini azlıqların qorunması, müştərək cəmiyyətlərin inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcəkdir.
Kanadanın sabiq Baş naziri, Madrid Klubunun üzvü xanım Kim Kempbel müştərək cəmiyyətlərin yaradılmasının əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, bunun üçün hər bir insanın institusional hüquqlarını tanıyan, onlara hörmətlə yanaşan bir sistemin qurulması tələb olunur. Azərbaycan Prezidentinin ölkəmizin etnik, dini müxtəlifliyinin ən böyük sərvətlərindən olması ilə bağlı sözlərini diqqətə çatdıran xanım Kim Kempbel respublikamızda qadınlara 1918-ci ildə seçib-seçilmək hüququnun verildiyini bildirmişdir. Kanadanın sabiq Baş naziri, həmçinin müştərək cəmiyyətlərin qurulmasında ədəbiyyatın və mədəniyyətin rolunu xüsusi vurğulamışdır.
Latviyanın sabiq prezidenti, Madrid Klubunun üzvü Valdis Birkavs müştərək cəmiyyətlərin yalnız kiçik ölkələr üçün deyil, böyük ölkələr üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Çünki müştərək cəmiyyətlər ölkələr, xalqlar arasında dialoqu təşviq edir. Müştərək cəmiyyətləri qurarkən biz həm öz uğurlarımızı, həm də səhvlərimizi müzakirə etmək imkanı qazanırıq. O, çıxışının sonunda müştərək cəmiyyətlərin qurulmasına töhfə verən insanlara minnətdarlığını çatdırmışdır.
Yeni Zelandiyanın sabiq Baş naziri, Madrid Klubunun vitse-prezidenti Cenni Şipli Cənubi Qafqaz Forumunun bu regionda mühüm məsələlərin müzakirəsi üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxşı təşəbbüsü olduğunu demişdir. Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü çatdıran C.Şipli Azərbaycan Prezidentinin bu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikirlərindən məmnunluğunu vurğulamışdır. Biz Prezident İlham Əliyevin multikulturalizmə alternativin olmaması ilə bağlı fikrinə tam şərikik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu vurğulayan natiq kiçik dövlətlərin böyük dövlətlər qədər müştərək cəmiyyətlərdə fəal iştirak edə biləcəklərini vurğulamışdır. O, forumdakı çıxışlarda yeni ideyaların, çağırışların səsləndirildiyini qeyd edərək bu baxımdan tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ölkəmizin qadın hüquqları, insan haqları, demokratik dövlət quruculuğu istiqamətində mühüm yol qət etdiyini vurğulamışdır. Müsəlman Şərqində ilk dəfə olaraq qadınların azadlığı, onlara səsvermə hüququnun Azərbaycanda verildiyini diqqətə çatdıran Nazim İbrahimov vətəndaş cəmiyyətinin qurulması, dini etiqad azadlığı, dini, etnik dözümlülüyün və sürətli inkişaf edən Azərbaycanın bu mötəbər tədbirin keçirilməsi üçün məkan kimi seçilməsini bir çox məsələlərin həllinin ölkəmizdə reallaşdırılmasına verilən inamın göstəricisi olduğunu demişdir. Biz bu tədbirləri yüksək səviyyədə keçirməklə dünyaya bir daha sübut etmək istəyirik ki, Azərbaycan demokratiya yolunda inkişaf edir, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesi sürətlə gedir.
Dövlət Komitəsinin sədri demişdir ki, gənc müstəqil Azərbaycan Respublikasında Qərb meyarları ilə tam demokratik dövlət qurmaq mümkün deyildir. Biz elə bir regionda yerləşirik ki, ölkəmizdəki etnik, dini rəngarənglikdən istifadə edərək burada qarışıqlıqlar yaratmaq istəyən qüvvələr vardır. Bunlara baxmayaraq, belə gənc ölkələrdə sizin kimi təcrübəli insanların təcrübəsinə bizim ehtiyacımız vardır. Ona görə də sizin çıxışlarınız bizim üçün çox əhəmiyyətlidir. Bu baxımdan biz gələcəkdə sizin təcrübələrinizdən öz işimizi daha səmərəli qurmaqda istifadə edəcəyik.
Azərbaycan xalqının çox qonaqpərvər olduğunu vurğulayan Nazim İbrahimov ölkəmizdə bu foruma diqqətin çox yüksək olduğunu bildirmişdir. Azərbaycan Prezidentinin tapşırıqları üzrə respublikamız sizinlə gələcək əməkdaşlığa, eləcə də digər tədbirlərin keçirilməsinə həmişə hazırdır.
Müzakirələrə yekun vuran İsmail Serageldin belə forumların Azərbaycanın beynəlxalq əməkdaşlıq və mötəbər tədbirlərə ev sahibliyi etmək istiqamətində təcrübəsinin daha da zənginləşməsinə imkan yaratdığını vurğulamışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Bununla da birinci Cənubi Qafqaz Forumu işini başa çatdırmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.