1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümumilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində, ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.
Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamızın ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.
Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial, iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı əlaqələri, eləcə də dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.
Ümummilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu cətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələrin Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilmişdir. Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etmək və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyev tərəfindən “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinin imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaratmışdır.
Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Müqaviləni imzalamış dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.
Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi.
Az sonra, yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.
Ümummilli lider Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞPA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı.
Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. Bütün bunların məntiqi davamı kimi, 2003-cü il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazılmış oldu.
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.
Bu məqsədlə ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Prezident Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan Prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirmişdir. Azərbaycan Prezidenti bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT- in, NATO-nun , Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur.
Əsası ümummilli lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz” .
Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Buna görə də Azərbaycan dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaratmaqla, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək ittifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.
Ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə ittifaqın “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Azərbaycanın neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tibilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur regionun əhəmiyyətini artırmış, Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istehsalçısı və ixracatçısı kimi Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artmaqdadır. Cənubi Qafqaz regionu üzərindən beynəlxalq nəqliyyat və komunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir.
Bundan əlavə, Azərbaycanın xarici siyasətində İslam ölkələrini birləşdirən və ölkəmizin də üzv olduğu İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır - İƏT) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbədə ümrə ziyarəti, kral Fəhd bin Əbdüləzizlə apardığı danışıqlar, İƏT Baş katibliyinin rəhbərliyi ilə keçirdiyi səmərəli görüşlər Azərbaycanın İslam aləmində olan maraq və diqqəti daha da artırdı. Nəticədə, İƏT-in beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi istiqamətində Azərbaycanın mövqeyini daha da möhkəmləndirərək əməkdaşlığın gələcək inkişafına zəmin yaratdı.
Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak edir. Ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatları və ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini daha da artırmışdır. Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir.
2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin sammitində çıxış edən ümummilli lider Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.
Ölkəmizin artan bu siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.
Bununla yanaşı, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan müstəqilliyin ötən 20 ili ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır.
Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimiz dövründə – 20 il ərzində belə böyük uğurun əldə edilməsini tarixi nailiyyət kimi qiymətləndirərək demişdir: “Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin prioriteti olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.
Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin nizama salınması, hücum taktikasına üstünlük verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsi üçün möhkəm zəmin yaratmışdır. Dövlət başçısı İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti bəyan etmişdir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.
Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.
Göründüyü kimi, bu gün müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısı İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına və dinamik şəkildə davam etdirən Prezident İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə, Azərbaycan yalnız regional deyil, eləcə də dünya miqyaslı tədbirlərə ev sahibliyi edərək, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının müasir dövrdə dinamik şəkildə inkişaf etdirilməsi, müstəqil dövlətimizin dünya birliyində mövqelərinin yüksələcəyinə olan ümidləri daha da artırmış və perespektivdə Azərbaycanın qüdrətli dövlətlər sırasında duracağını şərtləndirmişdir.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.