Görkəmli rus yazıçısı Lermontovun sözüdür: əgər bir insanın həyatını əvvəldən sonadək yazıya köçürməyi bacarsan, bu, hansısa bir xalqın tarixindən daha maraqlı olar. Üzərinə götürdüyü missiya ilə xalqı, dövləti üçün faydalı olmağın məsuliyyətini başa düşənlərlə yanaşı, bunu alın yazısı, kimi qəbul edərək özünün həyat amalına çevirənlər böyük şəxsiyyətlərdir. Həm də ona görə ki, tarixi proseslər bu şəxsiyyətləri ardınca apara bilmir, əksinə, onlar özləri dərk edilmiş məsuliyyətdən doğan cahanşümul fəaliyyətləri ilə yeni bir tarixin müəllifinə çevrilirlər. Bununla da, əslində, adlarını yaratmış olduqları tarixin şərəf salnaməsinə həkk edir, ədəbiyaşarlıq qazanırlar.
90 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda təntənə ilə qeyd olunan ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün məhz belə bir fenomenal şəxsiyyətdir. Ulu öndər zəngin və mənalı həyatı, şərəfli idarəçilik missiyası ilə Azərbaycanın yarım əsrlik tarixinin böyük yaradıcısı, yönləndiricisidir. Böyuk strateq xalqı və dövləti qarşısındakı müqayisəyəgəlməz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf yolunun müəllifidir. Heydər Əliyevin şərəfli ömür yolu, taleyi respublikanın yarım əsrə bərabər tərəqqi və yüksəliş dövrü ilə ayrılmaz surətdə bağlıdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur”.
Azərbaycanın son 20 ildə keçdiyi yolu, sadəcə, müstəqillik dövrünün uğurları kimi məhdudlaşdıranlarla tam mənada razılaşmaq olmur. Bu gün obyektivlik hissini itirməyən tarixçilər də etiraf edirlər ki, SSRİ kimi nəhəng imperiyanın süqutuna, Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması da ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Məhz Heydər Əliyev dühası cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini – ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla, əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Eyni zamanda, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Həmin dövrün inkişaf salnaməsini kino lenti tək gözlərimiz önündə canlandırsaq, istər-istəməz, bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişindən sonra başlanmışdır. Məhz bu mərhələdən Azərbaycan cəmiyyəti Heydər Əliyevin göstərdiyi səylər nəticəsində yeni inkişaf parametrləri qazanaraq özünün daha dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdən başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları Azərbaycanın həyatının başlıca gerçəkliyinə, inkişafın təməl daşına çevrilmişdir.
Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Ulu öndər gənc nəslin ideoloji sistemin zəncirlərindən xilas edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır.
Həmin dövrdə qarşıya qoyulmuş bu məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun SSRİ məkanında bırincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən Heydər Əliyev ölkədə genişmiqyaslı dəyışikliklərə start vermişdir. Eyni zamanda, iqtisadi və sosial sahələrdə dərin struktur islahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi cəhətdən azad olmayan millətin siyasi müstəqılliyindən söhbət gedə bilməz. Məhz Heydər Əliyevin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdir. O dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir. Cəsarətlə söyləmək mümkündür ki, Azərbaycanın iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin ilk günlərdən başlayaraq diqqət yetirdiyi məsələlər təkcə iqtisadi potensialın artırılması ilə məhdudlaşmırdı. Bu dövrdə dahi rəhbər milli dilin inkişaf etdirilməsinə, dövlət müəssisələri də daxil olmaqla, ictimai-siyasi həyatda geniş istifadəsinə ciddi fikir verirdi. 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin müdrikliyinin və dahiyanə uzaqgörənliyinin parlaq nümunəsi idi.
Ulu öndərin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında birmənalı göstərildi. Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” müddəası təsbit edildi. Heydər Əliyev çox sonralar - 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdir: “Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.
Böyük strateq Heydər Əliyev həmin dövrdə dövlət idarəetmə strukturlarında, xüsusən də, yüksək vəzifələrdə çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirir, bununla əlaqədar konkret addımlar atırdı. Azərbaycançılıq məfkurəsinin genişləndirilməsi və ictimai şüurda daha dərin iz buraxması üçün Heydər Əliyev yaradıcı insanların sərbəst düşünməsinə və fikirlərini azad şəkildə ifadə etməsinə, beləliklə, milli-mənəvi idealın yüksəldilməsi üçün də lazımi mühit formalaşdırılmasına çalışırdı. Bu isə, öz növbəsində, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən şərait yaratmışdı. Heydər Əliyev cəsarətinin formalaşdırdığı bu şərait yüzlərlə azərbaycanlı ziyalını sovet totalitarizminin repressiya maşınından xilas etmişdi. Halbuki, Sovetlər İttifaqının bir çox başqa respublikalarında həmin dövrdə milli məfkurədən çıxış edən elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı təqib və təhdidlər özünü aşkar hiss etdirirdi. Həmin illərdə respublikada nəinki dissident hərəkatı olmamış, əksinə, ulu öndər Heydər Əliyev milli ziyalı elitasını sovet rejiminin sərt repressiyalarından, təqiblərindən qorumaqla, bu yolda bütün çətinliklərə mərdliklə sinə gərməklə, əslində, Azərbaycan xalqının genefondunu hifz etmişdir. 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Ulu öndər nitqlərinin birində bildirirdi ki, “1937-ci ildə ”millətçilikdə" ittiham edilərək sürgün olunan ölməz dramaturqumuz Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza olan sədaqət, sevgi mənə belə bir cəsarət göstərməyə imkan verdi”.
Bütün bunlar Heydər Əliyevli Azərbaycanın 70-80-ci illərdəki uğurlarıdır. 80-ci illərin sonu 90-cı illərin əvvəllərini - Heydər Əliyevsiz Azərbaycanı göz önünə gətirmək, müəyyən tarixi gerçəkliklərə nəzər salmaq isə olduqca ağır və üzücüdür. Xüsusən də 1991-1993-cü illərin gerçəklikləri bir həqiqəti ortaya qoydu ki, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməyi bacarmalıdır. 1991-ci ildən 1993-cü ilin iyununadək bütövlükdə yeni müstəqil dövlətin taleyi ciddi sual altında idi. Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan cəmi 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi.
Müəyyən ekstremal situasiyalarda tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait hər bir şəxsiyyətin və liderin nəyə qadir olduğunu qabarıq şəkildə üzə çıxarır. Bu mənada əminliklə demək olar ki, ulu öndər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə də qətiyyən biganə qalmamış, hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsil vətənpərvərliklə, lider təəssübkeşliyi ilə milli müstəqilliyin qazanılmasında yaxından iştırak etmişdir.
Vaxtilə bilavasitə şahidi və iştirakçısı olduğumuz tarixi prosesləri yada salaraq əminliklə deyə bilərik ki, respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini israrla, əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir.
1990-1992-ci illərdə – Heydər Əliyevsiz Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərmiş, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşına pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarmışdı. O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılarla yanaşı, biz gənclər də xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdük. Ağır vəziyyətdən cana doymuş insanlarla birgə böyük strateq Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, böyük strateqin yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdik.
Respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayının 16-da ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də ulu öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən Heydər Əliyev yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi.
Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Heydər Əliyev fenomeninin siyasi iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti 1993-cü ilin iyunundan etibarən Azərbaycanı xaos və anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, sabit inkişaf yoluna çıxarmışdır. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.
Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Həmin dövrdə Qərbin aparıcı şirkətləri müharibə şəraitində, eləcə də iqtisadi tənəzzül mərhələsini yaşayan Azərbaycana investisiyaların yatırılmasına tərəddüd edir, bunu riskli sayırdılar. Belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq, Qərb şirkətlərini sərmayə qoyuluşlarının etibarlılığına inandırmaq son dərəcə çətin idi. Bu istiqamətdə gərgin danışıqların uğurla yekunlaşması isə məhz ulu öndərin şəxsi liderlik keyfiyyətləri, sözünə bütövlüyü, biznes və siyasət etikasına sadiqliyi ilə şərtlənirdi.
Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini elmi şəkildə açıqlayan, yeni neft strategiyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin—sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.
Dahi öndər Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda, 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.
Ötən 10 ildə ulu öndərin yürütdüyü siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz “Güclü dövlət, sosial rifah” tezisi dayanır. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Prezident İlham Əliyevin son 10 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik surətdə gerçəkləşdirilməsini təmin etmişdir.
Keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir.
Əlbəttə, gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından—qərarların qəbulundan asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
Bəli, əsl siyasətçi mümkün olmayanı reallaşdırmaq qabiliyyəti ilə seçilir. Vəd vermək mümkündür, lakin onu reallaşdırmamaq ən cəlbedici ideyaları da insanların gözündən salmaq deməkdir. Bu mənada, cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 10 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, cəmi 10 ildə həyata keçirilən islahatların – real miqyasına, əhəmiyyətinə görə – ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Fəqət liderinin yüksək iradəsi, əzmi, qətiyyəti sayəsində, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.
Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılmış, ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublkamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir.
Bu gün Azərbaycanın ən müxtəlif bölgələrində müşahidə olunan abadlıq və inkişaf paytaxtın Nərimanov rayonunda da qabarıq görünür. Son illərdə müasir tikinti-inşaat meyarları əsasında, yüksək estetik zövqlə həyata keçirilən, vətəndaşlarda dərin razılıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri Nərimanov rayonunun simasını əsaslı dərəcədə dəyişmişdir. Mühüm inşaat layihələrinin uğurla gerçəkləşdirilməsi nəticəsində rayonun küçə və meydanları, prospektləri, parkları, istirahət məkanları, yolları abadlaşmış, əksər yaşayış və inzibati binalarının fasadları müasir görkəm almışdır.
Möhtərəm Prezidentimizin birbaşa təşəbbüsü və himayəsi sayəsində son dövr ərzində Nərimanov rayonunda mühüm obyektlərin tikintisinin təməli qoyulmuş və inşası uğurla başa çatdırılmışdır. Ümumiyyətlə götürsək, müxtəlif tədbirlərdə, açılışlarda, təməlqoyma mərasimlərində iştirakla bağlı son 8 ildə ölkə Prezidenti 30 dəfədən çox Nərimanov rayonu ərazisində olmuşdur. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən bu obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirmiş və gözəlləşdirmiş, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynamışdır. Dövlət başçısı Nərımanov rayonuna və sakinlərimizə son 10 il ərzində çoxsaylı səhiyyə və təhsil müəssisələri, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar bəxş etmişdir. Heydər Əliyev Mərkəzınin unikal memarlıq üslubundakı inzibati binası bütövlükdə müstəqillik tarixinin ən möhtəşəm tikililərindən biridir.
Rayondakı inkişaf prosesindən danışarkən, Heydər Əliyev Fondunun misilsiz qayğısından, böyük himayədarlığından danışmamaq mümkün deyildir. Çünki rayonumuzda bu sahədə görülən işlərdə dövlətin ən yaxın yardımçısı məhz ulu öndərin adını şərəflə daşıyan bu fond olmuşdur. Təsadüfi deyildir ki, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan vətəndaşlarının, xüsusən də Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilmişdir. Talassemiya Mərkəzinin, Psixonevroloji Uşaq Evinin, Kor və zəif görən uşaqlar üçün musiqi məktəbinin, məktəb kompleksınin, Z.Əliyeva adına uşaq bağçasının, parkların və digər bu kimi obyektlərin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nərimanov rayonu ərazisində istifadəyə verilməsini sakinlərimiz böyük qədirbilənlik və sonsuz minnətdarlıqla xatırlayırlar. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan vətəndaşlarının, xüsusən də Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilmişdir.
Hakimiyyəti xalqın idarəsinə söykənən, onun dəstəyini daim hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində köklənmiş mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyev siyasi xəttini dönmədən davam etdirməyə qadir peşəkar, intellektli və praqmatik lider tərəfindən idarə olunması Azərbaycanı bütövlükdə Avropada sayılıb-seçilən dövlətə çevirmişdir. İnanırıq ki, Əliyevçilik ənənələrini davam etdirmək üçün İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən tərəqqi və inkişaf prosesləri qarşıdakı mühüm kampaniya - prezident seçkiləri zamanı ictimai rəyin növbəti dəfə doğru seçimini şərtləndirəcəkdir.
Abdin FƏRZƏLİYEV,
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı,
YAP Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.