Naxçıvanda yeni sosial obyektlər

 

 

Culfa rayonunun Camaldın kəndindəki su dəyirmanı əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Açılış mərasimində çıxış edən kənd ziyalısı Kazım Hüseynov qədim su dəyirmanının yenidən istifadəyə verilməsi və kənddə həyata keçirilən abadlıq işlərinə görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kənd sakinlərini dəyirmanın əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə onları təbrik edərək demişdir: “Bu gün müstəqil ölkəmizdə bütün sahələrin inkişafı ilə yanaşı, tarixi-mədəni irsimizin qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Çünki hər bir tarixi-mədəni abidə xalqımızın milli sərvəti, onun tarixini və qədim mədəniyyətini yaşadan nümunədir. Buna görə də muxtar respublikamızda tarixi-mədəni abidələrimizin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində xalqımızın məişət mədəniyyətinin bir parçası olan su dəyirmanlarının yenidən bərpa olunaraq istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir”.

Ali Məclisin sədri Camaldın kəndindəki su dəyirmanının muxtar respublikamızda bərpa olunan ikinci su dəyirmanı olduğunu bildirərək demişdir: muxtar respublikanın digər yerlərində olan su dəyirmanlarının bərpası üçün də lazımi dövlət dəstəyi göstəriləcək. Hazırda muxtar respublikamızda gündəlik istehsal gücü 450 ton olan 18 taxıl emalı müəssisəsi fəaliyyət göstərir və onlar daxili tələbatı tamamilə ödəyir. Lakin su dəyirmanlarında istehsal olunan un dietik xüsusiyyətlərə malikdir. Burada istehsal olunan undan bişirilən çörək həm də müəyyən xəstəliklərdən əziyyət çəkən sakinlərin ehtiyaclarını ödəyəcək.

Ali Məclisin sədri ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində bu cür tarixi-mədəni abidənin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını bildirmiş, bu münasibətlə kənd sakinlərini təbrik etmişdir. Sonra dəyirmana baxış olmuşdur.

* * *

Vasif Talıbov akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev muzeyinə də gəlmişdir. Məlumat verilmişdir ki, alimin ev muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 28 fevral tarixli sərəncamına əsasən ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, alimin Ordubad şəhərində yerləşən ev muzeyində yenidənqurma işləri aparılmışdır. İkimərtəbəli muzey ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Muzeydə akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-dən artıq eksponat saxlanılır. Bu eksponatlardan 370-i ekspozisiyada nümayiş olunur.

Ali Məclisin sədri muzeyin mövcud vəziyyəti ilə tanış olmuş, binada yenidənqurma işlərinin aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

* * *

Ordubad şəhər uşaq bağçasının yeni binası da istifadəyə verilmişdir.

Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov demişdir ki, son illər rayonda 19 məktəb binası, 17 səhiyyə müəssisəsi, 24 mədəniyyət obyekti, 31 inzibati bina inşa edilmiş, yeni yollar çəkilmiş, bütün sahələrdə irəliləyiş əldə edilmişdir. Bu gün istifadəyə verilən uşaq baxçasının binası da ən müasir tələblərə cavab verir.

Ali Məclisin sədri Vasif Talıbov tədbir iştirakçılarını uşaq bağçasının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: “Ölkəmizin sürətli inkişafı, sosial sahədə əldə olunan nailiyyətlər ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”, - demişdir. Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti muxtar respublikada uğurla həyata keçirilir, uşaq bağçalarının tikintisinə xüsusi diqqət yetirilir”.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.

Məlumat verilmişdir ki, 4 mərtəbədən ibarət olan binada tikinti işləri yüksək keyfiyyətlə aparılmış, müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi şərait yaradılmışdır.

242 yerlik bağçada 11 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 21 tərbiyəçi-müəllim məşğul olur. Müəllim və tərbiyəçilər uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetirirlər.

Sonra piano və mebel avadanlıqları ilə təchiz olunmuş tədbirlər və şənliklər zalında uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Uşaqlar vətənimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, rəqs etmişlər.

Ali Məclisin sədri uşaqlarla şəkil çəkdirmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında