UNUDULMAZ BÖYÜK TARİXİ ŞƏXSİYYƏT

 

 

 

 

 

 

Tarixi dahi şəxsiyyətlər yaradır. Azərbaycan xalqı  tarix boyu çox görkəmli şəxsiyyətlər yetişdirmişdir. Bu gün keçmişə nəzər salarkən bir daha aydın olur ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən dahi şəxsiyyətlərdəndir. İllər keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, onun xalqı naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi  daha aydın görünür. Ulu öndərimizin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrük dövlətçilik siyasəti nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur.

Azərbaycanın XX əsr tarixinə qısa bir nəzər yetirmək kifayətdir ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, uzaqgörənliyini, vətənpərvərlik missiyasını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi üçün göstərdiyi misilsiz xidmətlərini bir daha qabarıq şəkildə görək.

Azərbaycanın zəngin təbii sərvətləri, əlverişli torpaq-iqlim şəraiti, Asiya və Avropa qitələri arasında münasib coğrafi mövqeyi bu ölkədə ən qədim zamanlardan iqtisadiyyatın bir çox mühüm sahələrinin inkişafına şərait yaratmışdır. Bu imkanlar XIX əsrin ortalarından sənaye əsasında neft hasilatının inkişafı nəticəsində onun nisbətən daha geniş miqyasda istifadə olunmağa başlanması ilə əlaqədardır. Hələ keçən əsrin əvvəllərində  fəaliyyət göstərən neft şirkətləri arasında əsas 3 iri şirkət ( “Nobel qardaşları”, “Mantaşov  və  K”, “ Xəzər-Qara dəniz birliyi”)  neftin 25 faizindən çoxunu, benzinin isə 40 faizini istehsal edirdi. 1913-cü ildə Azərbaycanda neft çıxan torpaqların yarıdan çoxu xarici maqnatlara məxsus idi. XX əsrin ilk onilliklərinə qədər keçən vaxt ərzində dünyada neft hasilatının başlıca mərkəzi kimi tanınan Azərbaycanda bu sahənin inkişafı digər sahələrin də yaranmasına səbəb oldu.  İstehsal həcmi ildən-ilə artan neftin bir hissəsinin Bakıda emalı  neftçıxarma sənayesi ilə bilavasitə əlaqədar olan bir sıra başqa sənaye sahələrinin də inkişafına gətirirdi. 1913-cü ildə Azərbaycanda 110 milyon kilovat-saatdan artıq  elektrik enerjisi istehsal edilmişdir.

Sovet hakimiyyətinin ilk illərindən iqtisadiyyatın əksər sahələrini əhatə edən quruculuq prosesi digər müttəfiq respublikalar kimi  Azərbaycanda da geniş vüsət aldı. Lakin xüsusiilə ittifaq əhəmiyyətli sənaye müəssisələrinin yaradılmasına önəm verilən bu illərdə respublikaya rəhbərlik edən şəxslər tərəfindən  əhalinin həyat səviyyəsini yüksəldəcək iqtisadi sistemin formalaşmasına  lazımi təşəbbüs göstərilmirdi.  60-cı illərin sonuna doğru kənd təsərrüfatında ümumi daxili məhsul istehsalı 2,1 dəfə, sənayedə 2,9 dəfə, neft sənayesində 1,5 dəfə  azalmışdı və ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində tənəzzül hökm sürürdü ki, bu da əhalinin rifahına öz mənfi təsirini göstərirdi. Respublika əhalisinin, xüsusən rayon və kəndlərin 35 faizi elektrikləşdirilməmiş, 60 faizə qədər qazlaşdırılmamışdı, yol infrastrukturu isə, demək olar ki, yox dərəcəsində idi.  Təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazaları çox aşağı səviyyədə idi. 60-cı illərin sonuna doğru respublika iqtisadiyyatı bütün sahələr üzrə inkişafdan qalmışdı.  1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın müasir tarixinin dönüş mərhələsinin təməli qoyuldu.

Ümummilli lider Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisinə yönəltdi.  Heydər Əliyevin məharətlə həyata keçirdiyi dövlətçilik fəaliyyəti nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexi tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti  yaxşılaşdırılmışdı.  Heydər Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Minlərlə azərbaycanlı gənc digər şəhərlərin aparıcı təhsil və elm ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə iki mindən çox azərbaycanlı zabit hazırlandı.

Ulu öndər Heydər Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.

Heydər Əliyevin təşəbbüsü ilə SSR hökuməti Azərbaycanda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün  xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı.  

Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70-ci illərin ilk ilindən geniş vüsət aldı. Respublikaya kapital qoyuluşunun  həcmi 70-85-ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da bütövlükdə Sovet dövrünün əvvəlki  50 ilində istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi. Bu kapitalın 45 faizindən çoxu energetika, maşınqayırma, kimya, neft-kimya, tikinti materialları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.

Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14 milyard kubmetr  təbii qaz istehsal edilmişdi.70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi, demək olar ki, başa çatdırılır.

70-80-ci illərdə  elektrotexnika sahəsində istehsalın həcmi 72 faiz, kimya və neft kimya sənayesində 205 faiz, maşınqayırma və metal emalı sənayesində 432 faiz artmışdı. Bu illərdə qara və əlvan metallurgiya sənayesi 166 faiz, meşə və ağac emalı sənayesi 186 faiz, tikinti materialları istehsalı 161 faiz, yüngül sənaye 170 faiz artmışdı. 70-80-ci illərdə respublikada sənayenin maddi-texniki bazası möhkəmlənmiş, əsas istehsal fondları 1,4 dəfə artmış, 64 iri müəssisə istifadəyə verilmişdi. Respublikada energetika sənayesi sürətlə inkişaf edirdi. Mingəçevirdə elektrik stansiyası, Şəmkir SES, Araz çayı üzərində İranla birlikdə SES tikildi. Yüngül sənaye, yeyinti sənaye müəssisələri şəbəkəsi xeyli genişləndi. Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 81-85-ci illərdə orta hesabla 1966-70-ci illərə nisbətən 2,6 dəfə çoxaldı.  Beləliklə, 70-80-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük zirvələr  fəth etdi. Əsas sosial iqtisadi göstəricilərə  görə Azərbaycan İttifaq respublikaları içərisində ön sıralara keçdi.

Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr meydanı yaradılmış,  Bakı Dəniz Vağzalı, Respublika Sarayı, Gülüstan sarayı, Velotrek və digər çoxsaylı iri obyektlər tikilmişdi. Bakı sakinlərinin   içməli suya olan tələbatını ödəmək məqsədi ilə  Kür su kəməri çəkilmişdi.

70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında da mühüm  dövr oldu. Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində  təhsilin, elmin, mətbuatın, ədəbiyyatın və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın  mənəvi sərvətləri, kadr potensialı  daha da  artdı. Xalqın mədəni irsinin, tarixinin, dilinin öyrənilməsi  və təbliği genişləndi.  

1969-cu ilə qədər iqtisadi göstəricilərinə görə  ittifaqın digər respublikalarına nisbətən geridə qalan Azərbaycanda istehsal olunan elektrik enerjisi 12,027  milyard  kilovat-saat  təşkil edirdi ki, bu da  elektrik enerjisinə olan tələbatı tam ödəmirdi. Bu səbəbdən qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi  idxal edilirdi.  Elektrik enerjisi təchizatınin müəyyən qisminin daxili imkanlar hesabına ödənilməsinin təmin edilməsi məqsədilə  həmin illərdə gücü 22 MVt olan “Araz” su elektrik stansiyası inşa edilmiş, 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücü  220 MVt-a çatdırılmış, 380 MVt gücündə Şəmkir SES-in  ilk hidroloji qurğusu istismara verilmiş və gücü 2400 MVt olan 8 enerji blokundan ibarət Azərbaycan DRES-in birinci bloku işə salınmışdır. Sadalanan işlərin nəticəsi olaraq 1969-cu ilədək elektrik enerjisini kənardan alan Azərbaycan Respublikası 1982-ci ildən elektrik enerjisi ixracatçısına çevrildi.

1981-ci il oktyabr ayının 20-də də Heydər Əliyevin Mingəçevir şəhərinə gəlməsi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi unudulmaz tarixi hadisə idi. Həmin tarixi gün—20 oktyabr möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur.

Hakimiyyətə qaydışından sonra ümummilli liderimiz Heydər Əliyev 70-80-ci illərdə energetika sahəsində gördüyü işlər haqqında belə deyirdi: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında  məsələ qoyarkən mənə deyirdilər ki, sənin nəyinə lazımdır. Bizdə–SSRİ-də vahid elektrik enerjisi sistemi var... Bütün SSRİ -ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.

Həmin illərdə Bakı şəhərində Məişət Kondisionerləri, Dərin Özüllər, neft emalı zavodları kimi   neçə-neçə   iri sənaye müəssisələri, Gülüstan sarayı, Əl oyunları sarayı, indiki Heydər Əliyev sarayı kimi iri sosial obyektlər istifadəyə verilmiş, Əhmədli və Günəşli kimi yaşayış massivlərinin tikintisinə başlanılmışdı. Aparılan inşaat işlərinə paralel olaraq  həmin obyektlərin, yaşayış massivlərinin elektrik enerjisi təchizatı üçün qida mənbələri yaradılır, qovşaq yarımstansiyaları və  paylayıcı şəbəkələr qurulurdu.

“Abşeron”,“Xırdalan”,“Müşfiq“,“Nizami”,“Hövsan“,”Binəqədi”, 205, 203 (BTK), ETK-4, “Radiozavod”, “Həzi Aslanov”, “BMKZ”, “Yasamal-1”,“Yasamal-2”,“Dağlıq”, “Təmizləyici Qurğu”, “Dərnəgül-1”,”Dərnəgül-2” və digər  yarımstansiyalar məhz həmin dövrdə inşa edilmişdir. Ümumiyyətlə, Bakı şəhərində mövcud olan 110 kV-luq yarımstansiyaların 50 faizindən çoxu ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə tikilib istifadəyə verilmişdir.

Ümummilli liderimizin energetika sektoruna bu dərəcədə diqqətinin əsl səbəbləri Azərbaycan müstəqilliyə qovuşduqdan sonra daha aydın, daha dolğun şəkildə başa düşüldü. Xalqımızın dahi oğlu sonralar deyirdi: “ Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmışdır. Ona görə də, o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.

Sovet İttifaqının süqutu elektroenergetika sektoruna da təsirsiz ötüşmədi və iqtisadi böhran nəticəsində elektroenergetika sisteminin  ahəngdar işi pozuldu. Tarix bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyevin vaxtilə tikdirdiyi Azərbaycan DRES-i olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

1993-cü ilin iyununda Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkə iqtisadiyyatında köklü dəyişikliklər dövrü başlandı. Ulu öndər tərəfindən iqtisadiyyatı dirçəltmək üçün düşünülmüş strategiya işlənib hazırlandı. Azərbaycanın əsas sərvətinə—neft amilinə əsaslanan bu strategiyanın həyata keçirilməsində müstəqil respublikanın iqtisadi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur. Heydər Əliyev dühasının bəhrəsi olan bu müqavilənin və sonralar imzalanmış digər neft müqavilələrinin uğurla reallaşdırılması gənc müstəqil Azərbaycan dövlətini düşdüyü ağır iqtisadi vəziyyətdən çıxarmağın yeganə düzgün yolu idi. Ulu öndər müstəqil Azərbaycanın elektroenergetika sisteminin inkişafına da xüsusi diqqət yetirirdi. Həmin illərdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetika sistemində  də gərgin vəziyyət yaranmışdı. Ümummilli liderimiz bu sahəni böhrandan çıxarmaq, maddi-texniki bazasını yeniləşdirmək və möhkəmləndirmək üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirməyə başladı.

Ölkə iqtisadiyyatının tənəzzülünün dayandırılması və inkişafa qədəm qoyması üçün siyasi sabitlik vacib şərt idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ictimai siyasi sabitliyin  bərqərar olması ölkə iqtisadiyyatının inkişafına stimul verdi və xarici tərəfdaşların Azərbaycana maraqları artdı.

Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektroenergetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı. Həmin sərmayələrdən Azərbaycanın elektroenergetika sisteminin potensialının səmərəliliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunurdu.

Elektrik stansiyalarında görülən modernləşdirmə işləri nəticəsində onların gücü 1990-cı ildəki 4503 MVt-dan 1998-ci ildə 4933,1 MVt-a çatdırıldı və 2000-ci ilin dekabr ayında 150MVt gücündə olan Yenikənd SES istifadəyə verildi.

Ulu öndərin rəhbərliyi ilə “Şimal” DRES stansiyasında 400 MVt gücündə yeni buxar-qaz qurğusu inşa edildi. 2002-ci ildə  Bakı 1 nömrəli İstilik-Elektrik Mərkəzində aparılan yenidənqurma işlərindən  sonra stansiyada elektrik enerjisi istehsalı 79 milyon  kilovat-saatdan 800 milyon kilovat-saata çatdırıldı.

Heydər Əliyevin şəxsi təşəbbüsü, bilavasitə rəhbərliyi, diqqət və qayğısı sayəsində onun siyasi hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın energetika sistemində təxminən 3500 MVt generasiya gücü və 70 min kilometrə yaxın elektrik verilişi xətləri istifadəyə verilmişdir. Elektrik enerjisi istehsalı 1,8 dəfədən çox artaraq, 1970-ci ildəki 12027 milyon kilovat-saatdan 2003-cü ildə 21286 milyon kilovat-saata çatdırılmışdır.

Ümummili lider Heydər Əliyevin əsasını qoyduğu sosial iqtisadi inkişaf strategiyası 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən  uğurla davam etdirilmiş və bütün təsərrüfat sahələrində olduğu kimi, elektroenergetika sektorunda da islahatların yeni mərhələsinə başlanılmışdır. Dövlət başçısı cənab İlham Əliyevin yeni iqtisadi strategiyasının ana xəttinin əsas prinsipi ondan ibarətdir ki, neftə məqsəd kimi yox, vasitə kimi baxılır. Çünki neft hasil edən, ancaq heç də hərtərəfli tərəqqiyə nail ola bilməyən ölkələr əsas götürülərək Azərbaycan iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi üçün qeyri-neft sektorunun  sürətli inkişafı prioritet kimi müəyyənləşdirilmişdir. Artıq neftdən əldə edilən gəlirlər Azərbaycan iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilir. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirir. 

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yanacaq-enerji  kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ölkəmizdə elektroenergetikanın inkişafında yeni bir mərhələ olmuşdur. Proqrama əsasən, yeni generasiya güclərinin işə salınması, bir sıra istilik və su elektrik stansiyalarının tikilməsi, iqtisadiyyatın enerji təchizatının möhkəmləndirilməsi, Azərbaycanın regionda elektrik enerjisinin tranziti, sonra isə ixracatı üzrə mühüm ölkəyə çevrilməsini nəzərdə tutan layihələr həyata keçirilməkdədir. 2003-2013-cu illərdə Azərbaycanda 2100 MVt-dan artıq əlavə generasiya gücünün işə salınması nəticəsində  ölkənin bütün elektrik stansiyalarının qoyuluş gücü  6450 MVt-a çatdırılmışdır.

Yeni güc mərkəzlərinin inşası ilə yanaşı, bu gün elektrik şəbəkələri də ardıcıl olaraq inkişaf etdirilir və bu sahədə “Bakıelektrikşəbəkə” ASC-nin  xüsusi payı vardır. Belə ki, ölkə üzrə istehlak olunan elektrik enerjisinin 51-52 faizi  məhz Bakı şəhərinin payına düşür.

Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları enerji sistemin yenidən qurulmasının hərəkətverici qüvvəsi olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına çox güclü təkan vermiş, istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi  təchizatına təminat vermişdir. Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar “Bakıelektrikşəbəkə”ASC tərəfindən elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilmiş və  həmin tədbirlər bu gün də davam etməkdədir. İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Bakı şəhərində beynəlxalq standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılmasını zəruri etdiyindən  yeni 110 kV-luq yarımstansiyaların tikintisinə xüsusi diqqət yetirilir. Bakı şəhərinin elektrik təchizatının fasiləsizliyinə və perspektivdə elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə təminat verən dairəvi sxemin yaradılması məqsədilə  “Müşfiq”–“Bayıl”, “Xırdalan”- 203  yarımstansiyalararası hava xətləri əsaslı təmir edilmiş, 110 kV-luq “Bayıl”, 227, 203, 215 saylı yarımstansiyalar tamamilə yenidən qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli “Liman” yarımstansiyası,  “İçərişəhər”,  “Yeni Bayıl” yarımstansiyaları inşa edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, 31 yanvar 2013-cü ildə möhtərəm Prezidentimiz  İlham Əliyevin açılışını etdiyi 110/35/10kV-luq BMKZ  yarımstansiyası 220kV-luq “Xırdalan” və “Müşfiq” yarımstansiyalarıarası 110kV-luq dairəvi sxemin tərkib hissəsi olmaqla bərabər 220 kV-luq “Nizami” yarımstansiyası ilə əlaqələndirilmiş və ikinci 110 kV-luq dairəvi sistemin yaradılmasında “BMKZ” yarımstansiyasının baza rolu təmin edilmişdir.

Möhtərəm Prezidentin göstərişinə əsasə, şəhər daxilində olan yüksək gərginlikli hava xətləri kabel xətləri ilə əvəz edilmişdir ki, “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpa olunduğu  2006-cı il tarixədək  paytaxtın elektrik şəbəkəsində 110 kV-luq kabel xətləri, ümumiyyətlə, mövcud olmamış, 35 kV-luq kabel xətləri isə çox az miqdarda olmuşdur.

Yüksək gərginlikli kabel xətləri ilə bərabər, xüsusi kanallarla fiberoptik kabellər də çəkilir ki,  bu da Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulur. Qeyd etməliyəm ki, 2011-ci ildə “Bakıelektrikşəbəkə” ASC-də  ən müasir texnoloji avadanlıqlarla təmin edilmiş yeni Dispetçer İdaretmə Mərkəzi yaradılmışdır.

Son illər beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artması fonunda bütün diqqət Azərbaycana yönəlmiş və 2012-ci ildə Bakı şəhəri  “Avrovision” musiqi yarışmasına ev sahibliyi etmişdir. Bu tədbirin enerji təchizatının yüksək səviyyədə  təmin olunması üçün 110 kV-luq “İçərişəhər”, “Bayıl” və xüsusi olaraq 35 kV-luq “Bayraq Meydanı” yarımstansiyaları istifadəyə verildi.  Ümumiyyətlə, keçən dövr ərzində  səhmdar cəmiyyəti tərəfindən 20 ədəd müasir tipli 110 kV-luq və 52 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilmiş, 128 ədəd yeni transformator məntəqəsi inşa edilmiş və 400 ədəd transformator məntəqəsi  əsaslı təmir olunmuş, ümumilikdə 10000 kilometrdən artıq  elektrik verilişi xətləri çəkilmişdir. Hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda yenidənqurma, təmir-bərpa işləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 80 faiz artaraq 5270 MVA olmuşdur. Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki  itkilərin səviyyəsi azaldılaraq 9 faizə endirilmiş, ifrat yüklənmə halları tamamilə aradan qaldırılmışdır.

Şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranmış və hazırda səhmdar cəmiyyət üzrə bu göstərici  95  faizindən yuxarıdır.

İstehlakçılara xidmət sahəsində daha bir yenilik elektrik enerjisi uçotunun aparılması üçün elektron tipli SMS sayğacların tətbiqidir. SMS sayğaclardan istifadə edən abonentlərdə insan amili, demək olar ki, aradan qalxmışdır. Hazırda SMS sayğaclardan istifadə edən istehlakçıların sayı 24 mindən artıqdır.

Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də əsaslı işlər görülmüş, əvvəllər yalnız iki inzibati binası olan şəbəkədə bu gün 11 inzibati rayona xidmət göstərən RETSİ(SS)-lər, o cümlədən  Enerji Satış Departamenti  və  digər mərkəzi strukturlar üçün müasir tipli yeni inzibati binalar inşa edilmişdir. “Bakıelektrikşəbəkə” ASC-nin mərkəzi idarəetmə aparatı şəhərin memarlıq üslubuna uyğun inşa edilmiş və mərkəzi elektron idarəetmə sistemi ilə təchiz olunmuş yeni binaya köçürülmüşdür.

Bakı şəhərində həyata keçirilən quruculuq işləri, xüsusən də   “Ağ şəhər”, “Yaşıl şəhər” və digər meqalayihələrin icrasına başlanılması, Qaradağ rayonunda  “Sənaye parkı”nın yaradılması, o cümlədən , 2015 - ci ildə keçiriləcək I Avropa idman oyunlarına hazırlıqla əlaqədar olaraq “Bakıelektrikşəbəkə” tərəfindən geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanmışdır.

Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz  İlham Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış dövlət   proqramlarının  uğurla  həyata  keçirilməsi  nəticəsində ölkəmizin iqtisadi qüdrəti   getdikcə artır. Memarı ulu öndərimiz Heydər Əliyev olan Azərbaycan onun layiqli davamçısı   möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında uğurlu addımlarla parlaq gələcəyə doğru inamla addımlayır.

Hər birimiz, o cümlədən ölkə energetikləri həmişə olduğu kimi, dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ümummilli lider Heydər Əliyev ideyalarının gerçəkləşməsi üçün bundan sonra da var qüvvə ilə çalışacaq, ölkə Prezidentinin qarşımıza qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində səylərimizi əsirgəməyəcəyik.

 Dahi Heydər Əliyev zəkasının nuru hələ neçə-neçə əsrlər  boyu Azərbaycan xalqının yolunu işıqlandıracaq və daha böyük qələbələrə ruhlandıracaqdır.

 

Baba RZAYEV,

“Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında