Ey türk xalqı! Sən nə xoşbəxtsən! Xoşbəxtsən ona görə ki, zaman-zaman tarix səhnəsinə görkəmli sərkərdələr, dövlət xadimləri, ağıllı, zəkalı siyasətçiləri bəxş etmisən, onların liderliyində inkişaf etmisən, mutlu bir həyat sənə nəsib olub. XX əsrdə isə iki böyük düha sahibini – Mustafa Kamal Atatürkü və Heydər Əliyevi tarix səhnəsinə çıxarmısan, onların rəhbərliyində zirvələri fəth etmisən, öz müstəqilliyini, milli mənliyini qoruyaraq saxlamısan.
Tarixə ekskurs etsək görərik ki, XX əsr tarixə fitri istedada, bacarığa malik bir çox insanları bəxş etmişdir. Bu insanların sırasında dərin ağıl, işıqlı zəka, möhkəm iradə sahibi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı qızıl hərflərlə həkk olunmuşdur. Son yüzilin tarixinə düşmüş görkəmli şəxsiyyətlərin hər biri müəyyən sahə üzrə öz istedadlarını nümayiş etdirmişlər. Heydər Əliyev şəxsiyyəti isə insan həyatının bütün sahələrində - siyasətdə, iqtisadiyyatda, dövlət quruculuğunda, hərbi işdə, eləcə də mədəniyyətdə, təhsildə, hüquqi dövlət quruculuğunda hərtərəfli istedad sahibi olmuşdur. Bir anlığa insan fikirləşir ki, bu qədər çoxsahəli fəaliyyətin mümkün olmasının mənbəyi nədir? Bir qədər dərindən düşündükdə cavabı birmənalı olaraq tapılır: bütün bunların mənbəyi ilk növbədə Allah vergisi və eyni zamanda xalqına, Vətəninə, bütövlükdə türk dünyasına olan sevgi-məhəbbətdir.
Bu böyük şəxsiyyət biliyini, ağlını, təcrübəsini, iradəsini xalqına, Vətəninə, onun övladlarına məhəbbət hissi ilə birləşdirə bilmişdir: “Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm”. Görkəmli dövlət xadiminə xalq məhəbbəti də bundan yaranmış, bu məqsəd aydınlığından bəhrələnmişdir. Ulu öndərin milli dövlət quruculuğu strategiyasının ana xəttini də bu qarşılıqlı sevgi təşkil edir.
Türk dünyasının nəhəng siyasətçisinin fəaliyyət göstərdiyi dövr çox mürəkkəb və ziddiyyətli zamana təsadüf edir. Türk-müsəlman siyasətçilərinin, dövlət xadimlərinin sovet dövləti kimi bir imperiyanın hakimiyyət iyerarxiyasında zirvəyə yüksəlməsi praktik cəhətdən qeyri-mümkün idi. Heydər Əliyev dühası o qədər qüdrətli və güclü idi ki, onun yüksəlişinin qarşısını almaq mümkün olmadı. Onun Kremldə yüksək vəzifə tutması əleyhdarlarımızı — ermənilərdən tutmuş rus şovinistlərinə qədər hamısını narahat edirdi.
Kremldə Sovet İttifaqı KP MK-nın Baş katibi olmuş, sonra isə prezident vəzifəsini tutmuş, özünün şovinist, ermənipərəst mövqei ilə tanınan Mixail Qorbaçov ermənilərlə birləşərək Heydər Əliyevə qarşı mübarizəyə başladı. Heydər Əliyev ona qarşı birləşmiş çoxsaylı qüvvələrə qarşı tək mübarizə aparırdı. Təkbaşına bu qədər məkrli, səlahiyyət sahibi olan adamlara qarşı mübarizəyə hər adam tab gətirməzdi. Buna yalnız Heydər Əliyev kimi möhkəm iradəli bir şəxsiyyət öz dərin zəkası ilə tab gətirə bilərdi.
Heydər Əliyevə qarşı minbir hiylədən və tələdən istifadə edən Mixail Qorbaçov sonralar məcbur oldu ki, bu böyük siyasətçinin nəhəngliyini etiraf etsin: “Əliyev heç şübhəsiz, böyük siyasətçidir, ağıllı, iradəli, ehtiyatlıdır... Heydər Əliyev qabiliyyətli, bacarıqlı insandır, o SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi hökuməti də real surətdə tam gücü ilə işlədə bilirdi. Siyasi Büronun fəal üzvü və son dərəcə ciddi rəhbər idi”.
M.Qorbaçovun bu etirafı Heydər Əliyev dühasının nəyə qadir olduğunu bir daha sübut edir.
O, etirafını zorən etmişdi, Heydər Əliyev epoxasının nəhəng dünya siyasətçiləri isə səmimiyyət və reallıqdan çıxış edərək bu nəhəng türk oğluna, onun dühasına qiymət vermişlər. Həmin fikirlərdən bir neçəsi ilə tanışlıq yerinə düşər: “Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin keçmiş zamanda, xidmət göstərdiyi zaman yaradılmışdır... Hörmətli Heydər Əliyev dünyada tanınmış adamdır. Hansı qapını döysə, o qapı açılır. İstədiyi zaman Şırakla, istədiyi zaman Buşla, istədiyi zaman istədiyi adamla danışır. Azərbaycan dövlətini dünyada etibarlı şəkildə təmsil etməkdədir” (Süleyman Dəmrəl, Türkiyənin 9-cu Prezidenti) “Sizin rəhbərliyinizlə Azərbaycan firavan gələcəyin bünövrəsini qoymaqdadır” (Bil Klinton, ABŞ-ın sabiq Prezidenti).
“Heydər Əliyev Rusiya Federasiyasında nəinki Azərbaycanın, həm də keçmiş Sovet İttifaqının görkəmli siyasi xadimi kimi məşhurdur” (Vladimir Putin, Rusiya Federasiyasının Prezidenti).
Dünyanın nüfuzlu siyasi liderləri tərəfindən istedadlı dövlət xadimi kimi tanınan Heydər Əliyev sovet rəhbərliyindən istefa verdikdən sonra doğma Vətəninə qayıtmaq, xalqı ilə birlikdə olmaq istəyirdi. Həmin dövrdə Azərbaycanda ciddi siyasi hadisələr cərəyan edirdi. Azərbaycan öz müstəqilliyini elan etmişdi. Azərbaycanın müstəqilliyini istəməyən, ona qısqanclıqla yanaşan daxili və xarici düşmən qüvvələr birləşərək Azərbaycanın o zamankı rəhbərliyinin səriştəsizliyindən istifadə edərək ölkədə xaos yaratmış, daxili çəkişmələr müstəqilliyimizin itirilməsi təhlükəsini gündəmə gətirmşidi. Bir sözlə, Azərbaycan parçalanmaq və bununla xalqın qanı bahasına əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi.
Xalq yeganə çıxış yolunu türk dünyasının böyük oğlu Heydər Əliyevi respublikada yenidən hakimiyyətə dəvət etməkdə gördü. Ulu öndərin hakimiyyətə gəlməsi ilə ölkədəki hərcmərcliyin qarşısı alındı, qayda-qanun bərqərar oldu, respublikada sabitlik yarandı. Ümummilli lider öz məqsədini, görəcəyi işlərin mahiyyətini aşkarlıq olsun deyə xalqa çatdırdı. “Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.
Sərrast məntiqə, aydın zəkaya, zəngin təcrübəyə malik olan bu böyük şəxsiyyət elə ilk gündən xalqa bəyan etdi ki, xalqının azadlığı, firavanlığı və xoşbəxtliyi yolunda bütün məhrumiyyətlərə dözməyə, lazım gələrsə, canını belə qurban verməyə hazırdır: “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, — demişdi ümummilli lider.
Azərbaycanın sevimli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyev bilirdi ki, xalq tərəfindən dəstəklənməyən liderlərin ən mükəmməl işlənmiş planları belə müvəffəqiyyətlə sonuclana bilməz. Bütün nəhəng planları yerinə yetirmək üçün xalqa arxalanmaq lazımdır. O deyirdi: “Mən həyatımda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma”.
Uca Tanrıya, öz bacarığına və xalqına arxalanan bənzərsiz lider Azərbaycan dövlətinin inkişafı üçün zəngin və miqyasına görə çoxşaxəli inkişaf strategiyası və konsepsiyası hazırladı. Bu strategiyanın önəmli qollarından birini də türk dünyası ilə ilişkilər təşkil edirdi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bu konsepsiya təkcə türk dünyasının gücündən faydalanmaq deyil, həm də türk dünyasının birliyinə və həmrəyliyinə nail olmaq məqsədi daşıyır. Müstəqil Azərbaycana başçılıq edənə qədər də Heydər Əliyev türk dünyasının sayılıb-seçilən liderlərindən biri kimi qəbul edilirdi. Azərbaycan dövləti başçısı seçiləndən sonra isə böyük türk xalqı üçün gördüyü nəhəng işlər onu zəmanəsinin şəriksiz türk dünyası liderinə çevirdi.
Heydər Əliyevin başlanğıcda yandırdığı şam onun bu sahədəki ideyalarından pərvazlanaraq böyük bir alova çevrilmişdir. Türk dünyasının həmrəyliyi və birliyi, bütün dünyada yaşayan türklərin diasporlarının təşkilatlanması, mədəni-siyasi, iqtisadi əlaqələrin yaranması Heydər Əliyev ideyalarının və arzularının müasir dünyada reallığa çevrilməsidir. Bir millət, iki dövlət, bir millət yeddi dövlət və iyirmi doqquz qohum və əqrəbanın birlik və bərabərlik içində olması güçlü olmaq deməkdir. Güc və qüvvət birlikdən doğar. Birlik olarsa, Türk millətini xarici güçlər necə boğar? “Bir millətin bir diasporu olar”.
Biz biriz,
Bir oluruz.
Böyle yapmazsak;
Yok oluruz.
Bir elin nesi var,
İki elin sesi var.
Türk milleti birliğini muhafaza ederse;
Dış güçler onu nasıl boğar?
Mən özümü həm şanslı, həm də xoşbəxt hesab edirəm. Şanslıyam ona görə ki, Türk dünyasının dahi insanını tanımaq, onun yaxınında olmaq, kursunda yetişmək imkanı qazandım.
Xoşbəxtəm ona görpə ki, yaxınında olmaqla onun etibarını və sevgisini qazandım.
Naxçıvana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Naxçıvan torpaqlarının itirilməsinin qarşısını almaq üçün bütün vəsaitlərdən, o cümlədən Qars müqaviləsinin qarantlarından biri olan Türk dövlətinin gücü və beynəlxalq nüfuzundan bacarıqla istifadə etdi. Mən xoşbəxtəm ki, bu böyük şəxsiyyətin Qars müqaviləsi ilə bağlı apardığı araşdırmalarda və danışıqlarda iştirak etmişəm.
Osman GEZEKER,
iş adamı, Özkaya Group
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.