Mayın 6-da Naxçıvan şəhərində 10 nəfər müharibə iştirakçısına, 15 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, müharibə əlillərinə bərabər tutulan 2 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 3 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov demişdir ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı sakinlərin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur. Bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir, bu təbəqədən olan insanlar fərdi yaşayış evləri və minik avtomobilləri ilə təmin edilirlər. Cavid Səfərov yeni avtomobillərin təqdimatını muxtar respublikada insan amilinin yüksək qiymətləndirilməsinin daha bir ifadəsi kimi dəyərləndirmiş, göstərilən qayğıya görə müharibə iştirakçıları və sağlamlıq imkanları məhdud şəxslər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasim iştirakçılarını salamlamış, yeni avtomobillərlə təmin olunanları təbrik edərək demişdir: Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələr inkişaf etdirilir, insanların sosial rifah halı yaxşılaşdırılır. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısının artmasına səbəb olmuşdur.
Ali Məclisin sədri demişdir: Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən siyasi xətt ölkəmizi yeni inkişaf mərhələsinə çıxarmış, Azərbaycanın hərtərəfli inkişafını təmin etmişdir. Bu gün ölkəmizdə xalq-dövlət birliyi mövcuddur. Bu birlik də Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutmasında, insanların rifah halının daha da yaxşılaşdırılmasında başlıca hərəkətverici qüvvədir.
Ali Məclisin sədri təqdimat mərasiminin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 9 may Qələbə bayramı ərəfəsində keçirildiyini bildirmiş, bu münasibətilə bütün veteranları təbrik etmişdir.
Avtomobillərin açarlarını təqdim edən Ali Məclisin sədri yeni avtomobillərlə təmin olunanlara firavan həyat və xoş günlər arzulamışdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının avtomobil parkı və təlim mərkəzi istifadəyə verilmişdir
Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına gəlmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev aparılan yenidənqurma işləri barədə Ali Məclisin sədrinə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ümumi ərazisi 61 min kvadratmetrə yaxın olan park və təlim mərkəzində Mülki Müdafiə Alayının xüsusi təyinatlı texnikalarının və avtomobillərinin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Avtomobil parkının tərkibinə 2 texniki boks, qarovul evi, yanacaqdoldurma, yuma, texniki nəzarət, texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexi daxildir. Bokslarda 36 xüsusi təyinatlı texnika və avtomobil saxlamaq mümkündür.
Təlim mərkəzinin tərkibinə maneələr zolağı, alpinist və pirotexnika şəhərciyi, kimya şəhərciyi, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji bölməsi üçün təlim yeri və vertolyot meydançası daxildir. Təlim sahələrində əyani vasitələr və təşviqat materialları qoyulmuşdur. Alpinist və pirotexnika şəhərciyində şəxsi heyətə yüksək mərtəbəli binalarda xilasetmə işlərinin aparılması, ərazilərdə partlamamış mərmilərin aşkarlanaraq məhv edilməsi kimi vərdişlər öyrədiləcəkdir. Kimya şəhərciyində isə əhalinin kütləvi qırğın silahlarından mühafizə tədbirləri, eləcə də radiasiya və kimyadan mühafizə bölüyünün əməli vərdişlərinin təkmilləşdirilməsi həyata keçiriləcəkdir. Təlim mərkəzində yaradılan vertolyot meydançası zərurət yarandıqda xilasedicilərin və humanitar yardımların fövqəladə hadisə rayonuna tez və operativ çatıdırılmasına imkan verəcəkdir.
Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, təlim mərkəzində Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasındakı digər birləşmə və hissələri ilə birlikdə təlimlərinin keçirilməsi, şəxsi heyətin praktik bilik və bacarıqlarının artırılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti
BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycan son 14 ildə ən böyük elektron idarəçilik proqramını yaradıb”
Azərbaycan son 14 il ərzində ən böyük elektron idarəçilik proqramını yaradıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek dünən Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “E-hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda V beynəlxalq elmi-praktik konfransda çıxışında bildirmişdir.
Onun sözlərinə görə, bu işlərə BMT İnkişaf Proqramı da müvafiq töhfələrini verib: “Bu işlərdən biri kimi, xüsusilə dövlət idarəçiliyi sahəsində müvafiq islahatların keçirilməsini qeyd etmək olar. Bu islahatlar sayəsində layiqli idarəçiliyi və effektiv xidməti təmin etmək üçün dövlət strukturlarının fəaliyyətində şəffaflıq və cavabdehlik amilləri daha da gücləndirilib”.
“Biz Ədliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Xarici İşlər nazirlikləri, DSMF kimi qurumlarla əməkdaşlıq etmişik. Sonra da RİTN-lə işləyərək məlumatların ötürülməsi şəbəkəsini daha da gücləndirmişik və beləliklə, dövlət proqramına və əhalinin hüquqlarına tam cavab verən, yəni xidmətləri elektron qaydada əlçatan şəklə salan bir sistem yaratmışıq” - deyə BMT-nin rezident-koordinatoru bildirmişdir.
Naxçıvan güləşçiləri
“Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnirin qalibi olmuşlar
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir başa çatmışdır.
Səkkiz komandanın mübarizə apardığı turnirdə Naxçıvan güləşçiləri ən güclü olmuşlar. Finalda Azərbaycan komandası ilə görüşdə 4:4 hesablı heç-heçə qeydə alınsa da, yerli güləşçilərdən birinin təmiz qələbə qazanması görüşün taleyini həll etmişdir. Bununla da Naxçıvan güləşçiləri turniri birinci sırada tamamlamışlar.
Azərbaycan komandası ikinci, Gürcüstan güləşçiləri isə üçüncü yerdə qərarlaşmışlar.
Turnir çərçivəsində Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova Beynəlxalq Güləş Federasiyasının (FİLA) qızıl medalı və fəxri diplomunu təqdim etmişdir.
AzərTAc
“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu başa çatdı
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, UCI Europe Tour çərçivəsində 2.2 kateqoriyası üzrə velosiped yarışı sayılan “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu başa çatmışdır. Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan beynəlxalq velosiped turunun son mərhələsi paytaxtın mərkəzi küçələrində velosipedçilərin 12 dəfə dövrə vurmağı ilə yekunlaşmışdır. Bu mərhələnin ümumi uzunluğu 144 kilometr olmuşdur.
Yarışın beşinci mərhələsi Azadlıq meydanından start götürmüşdür. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Litva milli komandasının üzvü Tomas Vaitkus bu məsafəni 3 saat 19 dəqiqə 49 saniyəyə qət edərək sonuncu mərhələnin qalibi olmuşdur. Lüksemburqun “Leopard-Ter” komandasının idmançısı Sin De Bi ikinci, Hollandiyanın “Rabobank Development” kollektivinin velosipedçisi Konstant Godrie üçüncü olmuşlar.
“Tour d’Azerbaidjan”ın sonuncu mərhələsi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Yarışda ümumi hesabda birinci olan Türkiyənin “Torku Şekerspor” komandasının üzvü Sergey Qreçin göy, sprint yarışlarında lider olan Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının velosipedçisi Kristof Şveyzer yaşıl, dağ klassifikasiya yarışlarının birincisi “Synergy Baku Cycling Procect”in digər idmançısı Konnor Makkonvey qırmızı köynəklə mükafatlandırılmışlar.
Yarışın ən yaxşı gənc idmançısı adına Qazaxıstanın “Astana” komandasının üzvü Baxtiyar Kojatayev layiq görülmüş və ona ağ-bənövşəyi köynək hədiyyə edilmişdir. Ən yaxşı azərbaycanlı idmançı üçün hazırlanmış köynək isə (göy-qırmızı-yaşıl, alov əksi olan forma) Elçin Əsədova təqdim olunmuşdur.
“Tour d’Azerbaidjan”ın ən yaxşı komandası adını Portuqaliyanın “Efapel-Glassdrive” kollektivi qazanmışdır.
Beş gün davam edən yarışlarda idmançılar bütövlükdə 770 kilometr məsafə qət etmişlər.
Yarışlardan sonra “Hilton Baku” mehmanxanasında “Tour d’Azerbaidjan”ın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Konfransda Beynəlxalq Velosiped Federasiyasının prezidenti Patrick McQuaid, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və yarışın qalibləri iştirak etmişlər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirmişdir ki, bütövlükdə “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu yüksək səviyyədə keçmişdir. O, yarışa verilən dəstəyə görə Federasiya rəhbərliyi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, yarışın təşkilində bütün dövlət qurumları federasiyaya yaxından köməklik göstərmişlər.
Azərbaycan komandasının çıxışına gəldikdə isə, federasiyanın vitse-prezidenti nəticələrdən razı qaldığını söyləmişdir. Hədəflərin Avropa Oyunlarına və Olimpiadaya hazırlıq olduğunu deyən S.Ələkbərov komandamızın hələ gənc olduğunu vurğulayaraq, velosipedçilərimizin gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını, lakin buna bir qədər zaman tələb olunduğunu söyləmişdir.
İki ildə 3 dəfə ölkəmizə səfər etdiyini vurğulayan Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrick McQuaid yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. Onun sözlərinə görə, yarışda güclü idmançılar mübarizə aparmışlar. Bu turnir digər ölkələr üçün model rolunu oynaya bilər.
Patrick McQuaid qeyd etmişdir ki, “Synergy Baku Cycling Procect” komandası da çox yaxşı çıxış edib. Kollektivin gözəl gələcəyi var və bu komandanın uğurları Azərbaycan gənclərinin də velosiped idmanına marağını artıracaqdır. BVİ rəhbəri gələcəkdə “Synergy Baku Cycling Procect” komandasında azərbaycanlıların sayının artacağına ümid etdiyini bildirmişdir. Patrick McQuaidın sözlərinə görə, burada Azərbaycan Velosiped İdmanı Federasiyasının da rolu böyükdür. Hazırda komandanın bir neçə azərbaycanlı üzvü vardır. Onlar yarışlarda iştirak edir və təcrübə toplayırlar.
Sonra yarışın qalibi olmuş velosipedçilər çıxış edərək turun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmışlar.
Qeyd edilməlidir ki, son mərhələ istisna olmaqla, qalan 4 mərhələnin hamısında Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının üzvləri fəxri kürsüdə yer almışdılar.
Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının velosipedçisi Kristof Şvaytser Bakıda keçirilən 1-ci mərhələnin qalibi olmuşdur. Azərbaycan komandasının velosipedçisi 157 kilometrlik məsafəni 3 saat 32 dəqiqə 19 saniyə ilə başa vuraraq yarışın lideri olmuşdur.
Turun ikinci mərhələsi “Bakı - Abşeron - Qobustan - Şamaxı - İsmayıllı” marşrutu üzrə keçirilmişdir. 183 kilometrlik bu yarışda isə azərbaycanlı idmançı, “Synergy Baku Cycling Procect” komandasının velosipedçisi Aleksandr Surutkoviç ikinci yeri tutmuşdur.
Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə (165 km) keçən turun üçüncü mərhələsində Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının üzvü Kristofer Şvaytser üçünjü yeri tutmuşdur.
Turun dördüncü mərhələsi “Qəbələ-Şamaxı” marşrutu ilə keçirilmişdir. Digər marşrutlarla müqayisədə bu mərhələ əsasən dağlıq ərazilərdən keçdiyindən turun həlledici və ən çətin mərhələsi sayılırdı. Azərbaycanın “Synergy Baku Cycling Procect” komandasının üzvü Konor Makkonvi bu mərhələdə ikinci yerə çıxmışdır. Beləliklə, yeni yaradılmış komandamız ümumilikdə çox yaxşı nəticə göstərmiş, komanda hesabında yarışı 4-cü yerdə bitirmişdir.
Xatırladaq ki, veloturun rəsmi açılış mərasimi Dənizkənarı Milli Parkda möhtəşəm bayram konserti ilə başa çatmışdır. Muzey Mərkəzi ilə üzbəüz ərazidə yerləşən fəvvarədə 3D şou, veloturun son günü isə Azadlıq Meydanında BMX şou təşkil edilmişdir. Proqramlar paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.
Beynəlxalq velosiped turu yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən Eurosport və Eurosport-2 televiziya kanalları ilə geniş işıqlandırılmışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.