Ümummilli lider Heydər Əliyevin ən böyük abidəsi xalqın qəlbindədir

 

 

 

 

XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş etmişdir. Xalqımızın dahi şəxsiyyəti, ümummilli lideri, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Ulu öndər Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir.

Azərbaycanın tarixi inkişafının son illərində yaşadığı hadisələr, qarşılaşdığı olaylar Heydər Əliyev fenomeninin, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli və vacib olduğunu əyani şəkildə göstərmişdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti çoxəsrlik tariximizin ən nühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini mərdliklə verən qüdrətli bir şəxsiyyət olduğu aşkar görünür.

Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuşdur.

Heç kimin şübhə etmədiyi reallıq budur ki, Heydər Əliyev təkcə XX əsr Azərbaycanının deyil, həm də XXI yüzillik Azərbaycanının gerçək simasını müəyyənləşdirən nəhəng bir etno-siyasi amildir.

Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər ulu öndərin adını dünyanın siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Mustafa Kamal Atatürk, Şarl De Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer ilə birlikdə çəkirlər. Amma bu şəxsiyyətlərin hər birinə böyük hörmət hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları  ictimai-siyasi formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə etməyə çalışmış və buna nail olmuşlar. Heydər Əliyev isə həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, adını əbədi olaraq tarixə yazmışdır.

Azərbaycanın bugünkü reallıqlarını  anlamaq üçün Heydər Əliyevin dövlətimiz qarşısındakı xidmətlərini dərk etmək lazımdır. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.

Zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyev kimi bir şəxsiyyətin fəaliyyətinin araşdırılması, təhlil edilməsi uzun illər tələb edir. Bu mahir siyasət və idarəetmə ustadının, adı və nufuzu Azərbaycanın sərhədlərini çoxdan aşmış nəhəng ictimai-siyasi xadimin siyasi personası, onun milli-ictimai və siyasi fəaliyyəti, dünyagörüşü və həyat fəlsəfəsi, yaratdığı siyasi və etik məktəb hələ neçə-neçə illər bundan sonra da sosioloq və tarixşünasların, cəmiyyətşünasların və politoloqların, filosofların və iqtisadçıların fundamental araşdırmalarının predmeti olacaqdır. Əlbəttə, hamımızın eyni dərəcədə xəbərdar olduğu çox adi bir həqiqət var: Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və onun nə dərəcədə əlçatmaz  olduğunu çox gözəl bilirik.

Gəncliyində memar olmaq istəyən bu dahi şəxsiyyət, taleyin xoş qismətindən başqa bir möhtəşəm abidənin — demokratik və müstəqil Azərbaycan dövlətinin qurucusu oldu. O, mahir bir memar kimi Azərbaycan dövlətçiliyinin alternativsiz modelini quraraq praktika müstəvisində sübuta yetirdi.

Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə apardı. Bu mücadilə Azərbaycanın tarixində ən şərəfli səhifəni təşkil edir. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin — müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa iştirakı ilə qoyulmuşdur. Vətəni ilə bağlı müqəddəs arzularının həyata keçməsi üçün dahi şəxsiyyət  böyük bir tarixə sığa biləcək mürəkkəb işlər görmüşdü.

Heydər Əliyev indiki müstəqil Azərbaycanın qurulması işinə 40 il bundan öncə başlamışdı. Ulu öndərin Azərbaycana rəhbərliyinin 40 ilinin, az qala, üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yer tutmuşdur. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətinə nəzər saldıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın yurdunun tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmətlə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. O  bu böyük iş uğrunda bütün gücü, biliyi, bacarığı və təcrübəsi ilə çalışırdı. Məsələ heç də bu çalışmaların hansı ideoloji çalarlara malik olmasında deyildi, onun mahiyyətində, keyfiyyətində və məqsədində idi. Sovet dövründə salınan nəhəng sənaye müəssisələrinin, əkilən ağacların, çəkilən yolların sovet sosializm ideologiyasına heç bir dəxli yox idi. Burada əsas işin mahiyyəti idi.

Heydər Əliyevin sovetlər dönəmində Azərbaycanın bilavasitə uzaq perspektivinə, deməli, bu gününə yönəlmiş sırf milli xarakterli fəaliyyətini əyani surətdə sübuta yetirən yüzlərlə, minlərlə fakt, epizod və hadisə göstərmək mümkündür. Bu dahi şəxsiyyətin fəaliyyəti mahiyyət etibarilə gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi demək idi. O illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində mümkün olmuş istənilən bir dirçəliş və həyata keçirilmiş təşəbbüslər məhz ümummilli liderimizin gərgin əməyinin nəticəsidir. Bu isə o deməkdir ki, sovet rejimində milli rəhbər qoyulan qadağaları, maneələri dəf edib Vətəninə, xalqına xidmət etməyi bacarırdı. Bu dahi insan Heydər Əliyev idi.

Xalqımızın şəriksiz lideri Heydər Əliyevin Kreml zirvəsinə ucalması isə Azərbaycanın milli varlığının gücünün parlaq təsdiqi idi. Ulu öndər görkəmli dövlət xadimi kimi tarixi bir inkişaf yolu keçərək öz adını hələ uzun illər bundan öncə dünya siyasətçiləri kitabına qızıl hərflərlə yazmışdı. Tanrının onun üzərinə qoyduğu müqəddəs missiya tək bununla tamamlanmadı. Tale elə gətirdi ki, o, Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanı, şərəfli və müqəddəs yolu sonradan müstəqil, suveren Azərbaycan dövlətinin Prezidenti kimi yeni tarixi şəraitdə də uğurla, ardıcıl şəkildə davam etdirdi.

Milli qüruru  yüksəldən, milli şüuru və milli ruhu zənginləşdirən özünəqayıdış prosesi Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, diqqəti və təşəbbüskarlığı sayəsində reallığa çevrilmişdir. Xalq Heydər Əliyevin bu Qayıdışını alqışlamış, həmin günü isə milli qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.

Ulu öndər Heydər Əliyev yenə də özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, güclü şəxsiyyətində təzahür etdirmişdi. Bu bənzərsiz lider doğma xalqını vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində böyük sabaha inam hissi yaratmağa nail olmuşdu. Onun parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız bütün maneələri dəf edərək öz mili-mənəvi dəyərlərini qoruya bilmişdir.

Azərbaycan xalqı tarixə həm də ona görə minnətdardır ki, Heydər Əliyev kimi böyük dühanı bir daha onun mübarizəsinə qaytardı. Azərbaycanın tale kitabını mahir bir memar kimi ulu öndərin özü səhifələdi, həllivacib məsələləri asanlıqla yoluna qoydu, Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli lider dövlətçiliyimizi məhv olmaqdan qorudu, onu dağılmaq təhlükəsindən xilas etdi və möhkəmləndirdi.

Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya da yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. XIX-XX əsrlərin hüdudunda yaşayan milli maarifçilərimizin ideya əsaslarını qoyduğu azərbaycançılıq ümummilli lider Heydər Əliyevin çıxışlarında özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edən, həmrəyliyi təmin edən təkmil ideologiya halını aldı. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi.

İdeya və əməllərinin əhatəsi və zənginliyi sərhədlər aşan bu görkəmli dövlət xadiminin fəaliyyəti mahiyyət etibarilə gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsindən ibarət idi. Heydər Əliyev fenomeninə hansı prizmadan yanaşırsan-yanaş, nəticə həmişə eyni olacaq, çünki onun bütün fəaliyyəti - yalnız milli intibaha - müasir və müstəqil Azərbaycan Respublikasına aparan yolun ən vacib mərhələləridir. Heydər Əliyevin hakimiyyətdə olduğu 40 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.

Dahi şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması da Heydər Əliyev dühasının bəhrəsidir. Biz çox xoşbəxtik ki, qismətimizə, onun kimi nadir şəxsiyyətlə, qüdrətli lider və dövlət rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti nəsib olmuşdur. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar ümummilli liderimiz Heydər Əliyevi müstəqil Azərbaycanın həqiqi memarı və yaradıcısı sayır.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyələrə sadiq, müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi bizim üçün hədsiz qürur və iftixar mənbəyidir. Ulu öndərimiz Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətini rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, ölkəsini inkişaf etdirib, bütün dünyaya tanıdıb.

Ulu öndər Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıb. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Ona görə də təkcə xalqımız deyil, bütün dünya ölkələri bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir. Təsadüfü deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli liderimiz barədə yüksək fikirlər söyləmişlər. Ulu öndərimiz bəşər tarixinə özünəməxsus siyasi dəst-xətt, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biri kimi daxil olmuşdur.

Heydər Əliyev epoxası zəngin və çoxəsrlik Azərbaycan tarixində müstəsna yer tutur. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkənin hüdudlarını aşaraq, dünyada gedən qlobal proseslərə də öz təsirini göstərirdi. Buna görədir ki, o, ənənəvi və müasir, novator keyfiyyətlərin ideal sintezinə nail olmuş, bu dəyərlərin varisliyini təmin etmişdir. Xalqın rəğbətinin ən ali məqamına - ümummilli lider səviyyəsinə yüksəlmək məhz bunların sayəsində mümkün olmuşdur.

Nadir  zəka sahibi Heydər Əliyev Azərbaycanın yaxın və uzaq tarixini dərindən bildiyindən, beynəlxalq aləmdə tükənməz nüfuz qazandığından, zəngin dövlətçilik təcrübəsinə və fenomen yaddaşa malik olduğundan ayrı-ayrı dövrlərdə tarixi şəraitə uyğun və dövlətçilik baxımından düzgün qərarlar qəbul etmiş və reallaşdırmışdır. Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” — kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin qorunması və  bərpa edilməsi, Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, mənəviyyatımızın yüksəldilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən idi.  Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda həyatını şam kimi əritmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.

Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaqdır. Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq. Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.

Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ulu öndərin qətiyyətli səyləri ilə müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.

Dahi rəhbər vaxtilə böyük sevgi və inamla demişdi: “Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam”. O, doğrudan da, həmişə bizimlə olacaq, çiçəklənən Vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Ümummilli liderin ən böyük abidəsi  isə xalqın qəlbindədir.

Asif ƏSGƏROV,

Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Siyasi

Şurasının üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında