Qızıl ucuzlaşır?

 

 

Qızıl bazarı eniş dövrünü yaşayır. Belə ki, dünya iqtisadi böhranı bu bahalı metalın da qiymətinə mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, qızılın qiymətində müşahidə edilən ucuzlaşma son 30 il ərzində qeydə alınan ən yüksək rəqəmdir. Cari ilin birinci rübündə qızılın 9 faiz dəyər itirdiyi vurğulanır və bu rəqəmin son olmayacağı barədə proqnozlar da irəli sürülür. İndi bir çoxları da belə bir suala cavab axtarırlar: qızıl ehtiyat depozit kimi etibarlığını saxlayacaqmı?

Xatırladaq ki, 2001-ci ildə qızılın qiyməti demək olar yeddi dəfə artmış və artıq 2011-ci ildə bir unsiyası (31 qram) tarixi minimuma-1923,7 dollara çatmışdı. Qiymət arıtmı xüsusilə də 2008-2009-cu illərdə baş qaldırmış maliyyə böhranı zamanı müşahidə edilmişdi. Səbəb də digər valyutaların dəyər itirməsi və sərmayadarların ehtiyat kapital kimi qızıla bel bağlamalarıydı. Ancaq son zamanlar qızıl bazarında əhval-ruhiyyə sürətli dəyişir. Avropazonada borc  böhranının uzanması və ABŞ-da iqtisadi artım tempinin yavaşıması sarı metala olan marağı azaldır. Tanınmış işadamı Corc Sorosun da qızılın artıq lsakit liman» olmadığını deməsi vəziyyəti da dərinləşdirdi.

Mütəxəssislər deyirlər ki, qızılın ucuzlaşmasına bir sıra faktorlar təsir göstərir. Məsələn, bu yaxınlarda Kiprin müflisləşmədən xilas olmaq üçün qızıl ehtiyatının bir hissəsini satışa çıxaracağı barədə verdiyi açıqlama sarı metalın qiymətinə ciddi zərbə vurdu. Bu məlumatdan bir qədər sonrasa ABŞ Federal Ehtiyatlar Sisteminin qızıla sərmayə yatırmağı dayandıracağı haqqında yayılan məlumatlar da qiymətlərin aşağı düşməsinə səbəb oldu. Çindən gələn xəbərlər də əhval-ruhiyyəyə yaxşı təsir göstərmir. Son statistik məlumatlara görə, Çində iqtisadi artım tempi yavaşıyır və bu da qızıla olan marağı azaldır.

Qeyd olunur ki, Kipr hökuməti bazara 10,3 ton, yəni təqribən 400 milyon dollar dəyərində qızıl çıxarmağa hazırlaşır. Bəs bu qədər qızıl bazara öldürücü zərbə vura bilərmi? Analitiklər deyirlər ki, Kiprin bu qədər qızıl satmağa hazırlaşması qiymətlərə təsir göstərəcək, amma sarı metalın mövqeyini ciddi sarsıtmayacaq. Çünki 10,3 ton qızıl qlobal miqyasda böyük rəqəm deyil. Lakin Kiprin addımı daha böyük qızıl ehtiyatına malik digər ölkələri də hərəkətə gətirə bilər. Bu gün Avropanın bir sıra ölkəsi ciddi maliyyə problemlərilə üz-üzədir və dövlət xərclərini azaltmaq məqsədilə həmin ölkələrin qızıl ehtiyatlarının bir hisəsini satışa çıxaracaqları mümkündür. Bazar iştirakçıları da ehtiyat edirlər ki, Kiprin ardınca İspaniya(280 ton), Portuqaliya(385 ton) və İtaliya( 2,4 min ton) qızıl satışına başlaya bilər.

Mütəxəssislər deyirlər ki, Avropanın mərkəzi bankları 1990-cı ildə olduğu kimi, qızıl ehtiyatlarını satmağa başlayarsa, o zaman sıra metalın qiyməti uzunmüddətə ucuzlaşacaq. Hazırda dünyanın mərkəzi banklarında 31,7 min ton qızılın olduğu bildirilir. 2011-ci ildə qiymətlərin aşağı düşməsilə əlaqədar olaraq dünya üzrə qızıl ehtiyatının da 560 milyard dollar dəyər itirdiyi vurğulanır. Bununla bağlı olaraq da mərkəzi banklar qərara gəlsə ki, qızıl satmaq üçün əlverişli vaxtdır, o zaman sarı metalın qiyməti daha da ucuzlaşacaq.

Qeyd etmək yerinə düşərdi ki, bu gün ən böyük qızıl ehtiyatına ABŞ malikdir. Sonrakı yerləri Almaniya, İtaliya, Fransa, Çin, İsveçrə, Rusiya, Yaponiya, Niderland Krallığı və Hindistan tutur. Son zamanlar qızıl ehtiyatını sürətlə artıran ölkələrdən biri Hindistandır. Bu ölkə 2009-cu ildə Beynəlxalq Valyuta  Fondundan 200 ton qızıl almasıyla gündəmə gəlmişdi. Hazırda “fillər ölkəsi” qızıla sərmayə yatırılmasında ən yüksək göstəriciyə malikdir.

Səbuhi Məmmədov
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında