Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mərasim keçirmişdir. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız qarşısındakı xidmətlərindən söz açdı.
M.İbrahimqızı qeyd etmişdir ki, Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu. Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana Vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından danışan M.İbrahimqızı diqqətə çatdırdı ki, həmin dövrdə yaranmış hakimiyyətsizlik və özbaşınalıq respublikamızı gündən-günə uçuruma yaxınlaşdırırdı. 1993-cü ilin kəşməkeşli iyun günlərində xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Məhz ulu öndərin böyük və qüdrətli dühası, siyasi müdrikliyi sayəsində Azərbaycan XX əsrin sonlarında yenidən parçalanmaqdan xilas olmuşdur.
Azərbaycanın XX əsrə bəxş etdiyi və haqlı olaraq öyündüyü böyük və təkrarsız düha sahibi, ölkəmizin müstəqilliyi və azadlığı üçün bütün həyatını həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyev 34 ildən çox Azərbaycana rəhbərlik etmişdir. Bu böyük şəxsiyyət bütün varlığı ilə bağlı olduğu xalqı ilə elə qaynayıb-qarışmışdı ki, bu gün də nurlu siması, unudulmaz xatirəsi ilə qədirbilən insanların qəlbindədir. Azərbaycan durduqca ulu öndər yaşayacaq. Müdrik siyasi xadim hər birimizin qəlbində əbədi heykəlini qoyub.
Sonra YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, ATU - nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış etdi. Akademik ulu öndərin elmimizin və səhiyyənin inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı. Qeyd olundu ki, Heydər Əliyev epoxasının ən önəmli səhifələrindən biri ümummilli liderimizin rəhbərliyi dövründə elmimizin, beynəlxalq aləmə çıxarıla biləcək bir səviyyədə inkişaf etməsidir. Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində o zamankı respublika rəhbərliyinin elmə laqeyd, soyuq münasibəti nəinki ölkəni dərin tənəzzülə düçar etmişdi, hətta məhvə doğru aparırdı. Ən qorxulusu həm də o idi ki, elmə, elm adamlarına biganə münasibət böyüməkdə olan gənc nəslin biliyə olan marağının azalmasına, zəifləməsinə aparırdı. Bu, xalqın elmi düşüncəsinə kənardan deyil, öz içərimizdən vurulmaqda olan ağır bir zərbə idi. Çünki elmsiz bir milləti heç nə köləlikdən qoruya bilməz və o, nəinki heç nə əldə edə bilməz, hətta nail olduqlarını da asanlıqla itirə bilər. Heydər Əliyev bizi bu ağır faciədən də vaxtında xilas edə bildi.
Azərbaycan səhiyyəsinin inkişafından bəhs edən akademik dedi ki, səhiyyəmizin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.
Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Azərbaycan xalqı bugünkü firavan yaşayışına görə ulu öndər Heydər Əliyevə borcludur.
YAP Nəsimi Rayon Təşkilatı İdarə Heyətinin üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ulu öndərin dövlət quruculuğu sahəsindəki xidmətlərindən danışdaraq bildirdi ki, məhz Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyindən sonra ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. N.Məhəməliyev ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha diqqətə çatdırdı. Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, onun zəngin təcrübəsindən danışdı.
Başçı qeyd etdi ki, 1993-cü ildən sonrakı dövrdə Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan respublikasının qurulması, möhkəmləndirilməsi, Xalq Cümhuriyyəti demokratik ənənələrinin yeni məzmunda - hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində davam etdirilmiş, bu istiqamətdə xeyli iş görülmüşdür. Heydər Əliyevin sədrliyi altında Azərbaycan Respublikasının ilk Milli Konstitusiyası qəbul edilmişdir. Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilmiş, qanunun 159 maddəsindən üçdə biri, başqa sözlə desək 48-i insan hüquq və azadlıqları məsələsinə həsr olunmuşdu.
Tədbirdə www.umummillilider.com saytının təqdimatı keçirildi. YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Sərraf Hüseynov sayt haqqında ətraflı məlumat verdi.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.