Son bir neçə sessiyada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclaslarında tətbiq edilən sərbəst müzakirələr təcrübəsi müsbət səmərə verməkdədir. Bu müzakirələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, hər bir deputat lazım bildiyi aktual mövzuda müəyyən edilmiş vaxt çərçivəsində fikirlərini paylaşa bilər. Amma belə bir şərt də vardır ki, haqqında danışılan məsələ sessiyanın gündəliyinə daxil edilmiş hər hansı mövzunu təkrar etməməlidir.
Aprelin 25-də baş tutan sərbəst müzakirələrdə bir sıra avropalı deputatlarla yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da mühüm bir məsələ ilə bağlı düşüncələrini bölüşmüşdür. Məlum olduğu kimi, rotasiya qaydasında Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi gözlənilir. Deputat Rafael Hüseynov Avropa Şurasının nüfuzuna sarsıdıcı zərbə ola biləcək belə bir addımdan çəkinməyə çağırmış, Ermənistana ifrat yumşaq münasibətinə görə Avropa Şurasını kəskin tənqid etmişdir. Məsələnin mahiyyəti ilə əlaqədar təhlillər aparan Rafael Hüseynov demişdir: “Avropa Şurası sinizmin ən əyani nümunəsi kimi qiymətləndirilə biləcək bir addımı atmağa çalışır və mən özümə borc bilirəm ki, yaxşı ənənələrinə dərin hörmət bəslədiyim bu təşkilatı rüsvay olmaqdan xilas etməkdən ötrü fikirlərimi bölüşüm. XX əsrin ortalarında yaranan Avropa Şurası indiyədək ona görə yaşayıb və ona görə bütün dünyada belə yüksək nüfuz qazanıb ki, onu onillər ərzində ayrı-ayrı şəxslərin, ya qrupların iradəsi və maraqları deyil, həqiqət, ədalət, düzlük prinsipləri idarə etmişdir. Nüfuzu və hamının hörmətini qazanmaq yalnız uzun illər boyu çəkilən zəhmət, görülən yaxşı işlər sayəsində mümkün olursa, nüfuzu və hörməti itirmək üçün bircə an, ciddi bir səhv də kifayət edir. Avropa Şurası indi belə bir təhlükə qarşısındadır.
2005-ci ildə Avropa Şurasının Parlament Assambleyası Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi ilə bağlı ayrıca 1416 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamənin elə ilk bəndində Ermənistanın işğalçı olduğu göstərilir. Ermənistan Avropa Şurasının 47 üzvü arasında yeganə dövlətdir ki, bu qurum öz rəsmi sənədində onun təcavüzkar olmasını təsdiq etmişdir. Növbəlilik prinsipi əsasında indi Avropa Şurası Nazirlər Komitəsinə Ermənistan rəhbərlik etməyə başlayacaqdır və hadisələrin gedişindən belə görünür ki, Avropa Şurası buna mane olmaq fikrində deyildir. Əksinə, bundan ötrü daha münasib situasiya formalaşdırmağa çalışır. Görün hansı mənzərə alınacaq - insan haqlarına hörməti, qanunun aliliyini, demokratiyanı əsas prinsipləri hesab edən təşkilata bütün bu dəyərlərə həqarətlə yanaşan dövlət başçılıq edəcəkdir.
Ərazilərinin 20 faizini işğal etdiyi Azərbaycanın 1 milyon insanını qaçqın və məcburi köçkünə çevirmiş Ermənistan öz ölkəsinin daxilində də bundan 3 dəfə çox insanı səfalət içərisində, ağır iqtisadi durumda yaşamağa məhkum etmişdir. Ermənistan bütün milli azlıqları sıxışdıraraq ölkədən kənarlaşdırmış, monoetnik bir dövlətə çevirmişdir. Ermənistan seçkilərin əsas fəlsəfəsi olan seçmək anlayışını çoxdan ləğv edərək, bunu irəlicədən müəyyənləşdirilən təyinata çevirmişdir. Ölkədəki son saxta prezident seçkiləri buna bariz nümunədir. Ən dəhşətlisi odur ki, erməni xalqının bu anacan həmin seçkilərdəki total saxtakarlığa etirazları səngiməsə də, Avropa Şurası Parlament Assambleyasının rəsmi hesabatında həmin seçkilər müsbət dəyərləndirilir, keçən seçkilərə nisbətən irəliləyiş adlandırılır. Həqiqətənmi Ermənistandakı 2013-cü il prezident seçkiləri keçən prezident seçkisinə nisbətən uğurdur? Düzdür, bu dəfə keçən seçkidəki kimi hakimiyyət tərəfindən kütləvi qətllər həyata keçirilməmişdir. Seçkilərlə əlaqədar etirazlarına görə döyülənlərin, müxtəlif zorakılıqlara məruz qalanların, həbs olunanların sayı ötən dəfəkinə nisbətən azdır. Xeyr, ona görə ki, rejim bir az yumşalmışdır. Ona görə ki, Ermənistan cəmiyyətində insanlar keçən dəfəkinə nisbətən daha ümidsizdirlər, ölkədəki qorxu, hakimiyyətin vahiməsi atmosferi onların etiraz hisslərini də daha artıq kütləşdirmişdir. Avropa Şurası isə on minlərlə, yüz minlərlə insanın səsini eşitmək, dərdinə qalmaq, onların haqlarının müdafiəsinə qalxmaq niyyətindən uzaqdır. Yaxşı, Ermənistan rejiminin Azərbaycana qarşı törətdiyi cinayətlərə göz yumulur yumulsun, bəs Ermənistandakı rejimin xatirinə erməni xalqının əzablarına niyə biganə qalırsınız, onlara ki həmişə daha doğma münasibətiniz olmuşdur!?
İndi belə bir rejim, onun siyasətini həyata keçirən təmsilçilər gəlib Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməli, Avropa Şurası adından danışmalıdırlar.
Zənnimcə, Avropa Şurası özü özünə zərbə vurmaqdan çəkinməli, bu tragikomediyanın baş verməsinin qarşısını almalıdır. İnsan haqlarına, demokratiyaya, qanunlara hörmətsizliyin eybəcər nümunəsi olan təcavüzkar Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsinə qətiyyən yol verilməməli, təxirə salmadan bu siyasi və tarixi biabırçılığın qarşısı alınmalıdır”.
Deputat Rafael Hüseynovun çıxışı maraqla qarşılanmışdır.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.