Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi – taleyüklü hadisələrlə dolu otuz dörd ildən artıq bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və xalqımızı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.
Ümummilli liderin respublikamıza rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları ulu öndərin strategiyasının təntənəsidir. Azərbaycanın bu gün hərtərəfli və dinamik inkişaf yolunda olması artıq dünya birliyi tərəfindən də qəbul edilir. Həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi özünü büruzə verir. Bu gün ölkəmizdə davam edən geniş quruculuq, abadlıq və yenidənqurma işləri qüdrətli şəxsiyyət Heydər Əliyev zəkasının bəhrəsidir. Müstəqil dövlətimizin tarixinə qurucu və xilaskar kimi daxil olmuş ümummilli liderimizin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri olmuşdur.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra respublikamızın həyatında iqtisadi islahatlar geniş vüsət aldı. Qısa müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər əldə olundu, mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atıldı. O illərdə Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir.
Həmin illər həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Respublikamızın nüfuzu sürətlə artır, milli kadrların hazırlanması, seçilib - yerləşdirilməsi insanların gələcəyə olan inamını artırırdı. Azərbaycançılıq ideologiyasının inkişafını prioritet vəzifə kimi qarşıya qoyan ulu öndər Kommunust Partiyasının sərt rejimi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa nail olmuş, dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər addım atılaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli məhz dahi şəxsiyyət Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Heydər Əliyevin dövlət idarəçiliyindəki istedadı, siyasi uzaqgörənliyi, tükənməz enerjisi 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə göstərmişdir. Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasına rəhbərliyi sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi.
SSRİ-nin dağılması ilə çətin, müəmmalı iqtisadi-siyasi vəziyyət yaranmışdı. İttifaqın süqutundan sonra dövlət müstəqilliyi qazanmış Azərbaycanda anarxiya, xaos və özbaşınalıq baş alıb gedirdi. Bu azmış kimi, Dağlıq Qarabağda yaradılan münaqişə Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı. Müstəqillik yolunda ilk addımlarını atan gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar hakimiyyətdə olanların ölkəni idarə edə bilməyəcəyindən xəbər verirdi. Vəziyyət getdikcə daha da kəskin xarakter alırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında qeyri - qanuni silahlı qruplaşmaların yarandığı açıq-aydın görünürdü və bu qruplaşmaların mübarizəsi vətəndaş müharibəsi həddinə çatmışdı.
Tez-tez baş verən hakimiyyət dəyişikliyi müstəqil Azərbaycanı kiçik xanlıqlara parçalamaq həddinə çatdırmışdı. 1992-ci ilin mayında silahlı münaqişə və xarici dairələrin himayədarlığı ilə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz acı nəticəsini göstərirdi. Hakimiyyətə rəhbərlik edənlərin savadsızlığı və səriştəsizliyi nəticəsində ölkə həyatının bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Ermənistanla sərhəd bölgələrdə vəziyyət getdikcə ağırlaşırdı. Könüllü qruplaşmalar adlanan silahlı qüvvələr mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaq, torpaqlarımızı qorumaq əvəzinə, şəxsi maraqlarının girovuna çevrilirdi. Yenicə müstəqillik qazanmış Azərbaycan məhv olmaq həddinə çatmışdı.
Belə çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da gərginləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, ölkəni demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. Xalqın son ümid və pənah yeri dövlət idarəçiliyində böyük təcrübəsi olan Heydər Əliyev idi. Ona görə də Vətənin bu ağır günündə xalq Böyük Azərbaycanlı Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın o zamankı hakimiyyət rəhbərliyinin təkidli xahişini qəbul edib, iyunun 9-da Bakıya gəldi, Bu gəliş Azərbaycanda vətəndaş müharibəsinin, müstəqil dövlətimizin parçalanmasının qarşısını aldı. Məhz ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu, onu xilas etdi və yeni Azərbaycanın əsasını qoydu. Xalqın xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir. Xarici ölkələrlə pozulmuş münasibətləri qaydaya salan, Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən ulu öndər ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır.
1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinə zəmin yaratmışdı. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafını təmin etmişdir. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür. Bu boru kəməri Azərbaycanı inkişaf etmiş Qərb ölkələri ilə daha sıx birləşdirmişdir. Azərbaycanın yeni neft strategiyası ölkənin qarşısında dayanan bir sıra sosial, iqtisadi, siyasi, geostrateji məsələlərin həllində önəmli rol oynamışdır. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitəsinə çevrilərək, ölkənin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin çox böyük xidmətlərindəndir.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsində və inkişafındakı xidmətlərini saymaqla qurtaran deyil. Müstəqil Azərbaycanın Konstitusiyasının onun rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi ölkəmizin tarixində böyük siyasi hadisə kimi qiymətləndirilir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Ulu öndərin yorulmaz fəaliyyəti və Azərbaycanın demokratik proseslərin inkişafına xüsusi önəm verməsinin nəticəsi olaraq müstəqil dövlətimiz insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk müsəlman ölkəsi olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq aləmdəki reytinqini daha da artırmışdır. 2001-ci ilin yanvarın 25 - də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilməklə demokratiya yolunda inamla irəlilədiyini bir daha sübut etdi. Onu da qeyd edək ki, bu mötəbər beynəlxalq təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.
Bütün varlığı ilə Vətənə və xalqa qəlbən bağlı olan görkəmli şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır.O, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlıları Bakıya toplayaraq onları biriliyə çağırmış, bir - biri ilə sıx əməkdaşlıq qurmağı tövsiyə etmişdir. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində müstəsna xidmətlər göstərən Heydər Əliyevin dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərərək bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin xalqımıza verdiyi minlərlə töhfələrindən biridir. Ulu öndər dünya azərbaycanlılarına müraciət edərək demişdir ki, unutmayın ki, hamınızın bir Vətəni var - Azərbaycan. Məhz ulu öndərin tövsiyəsi ilə dünya azərbaycanlıları arasında sıx əlaqə yaranmış, milli - mənəvi dəyərlərimizin, adət - ənənələrimizin, mədəniyyət və incəsənətimizin dünya miqyasında təbliğ olunmasına geniş meydan açılmışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. Ulu öndər qürur hissi ilə deyirdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...” Öz titanik fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan Heydər Əliyevin azərbaycanlı olmasından necə böyük qürur duyduğu bir daha özünü təsdiqlədi.
Heydər Əliyev dövlətin xilaskarı olmaqla yanaşı, həm də millətinin taleyinin xilaskarıdır. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Qüdrətli şəxsiyyətin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məntiqli siyasət ölkəmizi bütün sahələrdə tərəqqiyə aparır. Əsası ulu öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkədə vətəndaş cəmiyyətinin inkişafına yol açıb.Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, dünya miqyasında təcrübəli diplomat kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.
Möhtərəm Prezidentimiz İlham Əliyev varislik haqqını hərtərəfli qazanmışdır. Ona görə Azərbaycan cəmiyyəti sabahkı günə işıqlı bir ümidlə baxır və şübhə etmir ki, bu gün Heydər Əliyev ailəsi kimi möhtəşəm bir nəslin varisi olan, siyasi və ideoloji varislik haqqı qazanan ölkə başçısı İlham Əliyev müstəqil dövlətçiliyimizin zəminində yaranmış bugünkü ənənələrimizi uğurla davam və inkişaf etdirəcəkdir. Möhtərəm Prezidentimiz ölkədə vətəndaş həmrəyliyinin qorunub saxlanılması, davamlı siyasi sabitliyin təminatı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması uğrunda əzmlə çalışır. Bir faktı diqqətə çatdırım ki, İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bir milyondan çox yeni iş yeri yaradılmışdır. Dövlət başçısı ölkədə vətəndaş həmrəyliyinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi naminə fəal siyasət həyata keçirir. Təbii ki, Prezident İlham Əliyevin atdığı bu addımlar bütün mənalarda təqdirəlayiq faktdır. O, bununla öz vətəndaşlarına ehtiramını və müdafiə etdiyi prinsiplərə sədaqətini bir daha təsdiqlədi. Ölkə başçısı öz fəaliyyəti ilə sübut etdi ki, onun bütün fəaliyyəti Heydər Əliyev ənənələrinin davam etdirilməsinin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursu Azərbaycana təkcə sarsılmaz təməllər üzərində inkişaf edən bir dövlət yox, həm də onun problemlərini həll etməyə qadir güclü siyasi hakimiyyət komandası verib.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.