Vladimir Litvin: Azərbaycan deyəndə mən ilk növbədə Heydər Əliyevi xatırlayıram

{nl}

Ukrayna Ali Radasının sədri Vladimir Mixayloviç Litvin bu fikri "Azərbaycan dünyası" beynəlxalq jurnalının baş redaktoru, "Dədə Qorqud" Xeyriyyə Fondunun vitse-prezidenti Eldar İsmayılov ilə müsahibəsində demişdir. Azərbaycan-Ukrayna münasibətlərini yüksək qiymətləndirən Vladimir Litvin bir sıra digər məsələlərə də toxunmuşdur. AzərTAc həmin müsahibəni təqdim edir.
-Hörmətli Vladimir Mixayloviç, Azərbaycanda Ukrayna xalqına həmişə xoş, səmimi münasibət olmuşdur. Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq hazırda hansı mərhələdədir və bu münasibətlərin gələcəyini necə görürsünüz?
-Demək istəyirəm ki, Azərbaycan deyəndə mən, ilk növbədə, Heydər Əliyevi xatırlayıram. Mən bir dəfə Bakıda olmuşam. O vaxta qədər mənə dövlətlərarası tədbirlərdə Heydər Əliyevi yalnız kənardan müşahidə etmək qismət olmuşdu. Biz Azərbaycan deyəndə Heydər Əliyev başa düşürük, Heydər Əliyev deyəndə isə Azərbaycan. Mən bunu xüsusilə Heydər Əliyev ilə bilavasitə ünsiyyətdə olandan sonra başa düşdüm. O, çox müdrik adam idi. Onun şəxsiyyətində şərqliliklə avropalılıq birləşmişdi. Bu böyük qüvvədir. İnsan ən müxtəlif mədəniyyətləri, təcrübələri özündə cəmləşdirəndə mürəkkəb dövrümüzün meyillərini anlaya bilir. Mən Bakıda olanda İlham Əliyevlə görüşdüm və onun, xüsusilə siyasi məsələlərdə atasının necə layiqli davamçısı olduğunu gördüm. Bu, məni heyran etdi. Bir də əlbəttə ki, insanlar. Sizin insanlar olduqca təvazökar, tolerantdırlar, böyük şəxsi ləyaqət hissinə malikdirlər. Ölkənizin böyük sənaye mərkəzinə çevrilməsinə baxmayaraq, xalqınız özgürlüyünü, ənənələrini, mədəniyyətini qoruyub saxlaya bilmişdir.
Ölkələrimiz arasında münasibətlər qarşılıqlı etimad, qarşılıqlı rəğbət əsasında qurulmuşdur. Beynəlxalq münasibətlərdə bu, çox vacib amildir. Ölkələrimizi coğrafi baxımdan müəyyən məsafə ayırsa da, müxtəlif mədəniyyətlərə malik olsaq da, xalqlarımızın oxşar cəhətləri çoxdur. Xalqlarımız nəinki inkişaf edir, qloballaşan dünyada layiqli yerlərini tuta bilirlər. Dövlətlərimiz arasında münasibətlər təkcə, necə deyərlər, protokol xatirinə deyildir, bu əlaqələr həm siyasi, həm də diplomatik sahədə xalqlarımızın dərin köklərə söykənən dostluğuna əsaslanır. Bu, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin xüsusi statusundan xəbər verir. Azərbaycanlılar dözümlülükləri, digər xalqların nümayəndələrinə qarşı tolerantlıqları ilə fərqlənirlər. Məsələn, Milli Məclisdə bütün millətlərin nümayəndələri, o cümlədən ukraynalılar təmsil olunur. Azərbaycanda Ukrayna icması böyük olmasa da, öz mədəniyyətini, ənənələrini, dilini qoruyub saxlamaq üçün bütün imkanlara malikdir. Bu, həm bazar günü məktəbləri, həm müəyyən təşkilatlarla işdir. İnanın ki, hər bir ölkə, hər bir xalq bunu yüksək qiymətləndirir. Həm iqtisadi, həm humanitar sahələrdə çox böyük potensialımız vardır. Həm Ukraynada, həm Azərbaycanda dövlət quruculuğunun və inkişafının müəyyən dövrü var idi ki, biz dünyanın aparıcı ölkələri ilə əlaqələr yarada bilmirdik. Ancaq ölkələrimiz arasında münasibətlər həmişə mövcud olmuşdur. Həmin dövrdə anlayırdıq ki, bizi birləşdirən köklər var və onları qoruyub saxlamalıyıq. Düşünürəm ki, müasir dünyada dövlətlərimizin əhəmiyyəti artdıqca biz bir daha münasibətlərimizi həm siyasi, həm iqtisadi, ilk növbədə isə humanitar sahələrdə inkişaf etdirmək, yeni səviyyəyə yüksəltmək ehtiyacı duyuruq. Parlamentlərimiz arasında əlaqələrin dərinləşəcəyinə ümid bəsləyirik. Bizim dostluq qruplarımız vardır. Biz parlamentlərimizin komitələri, komissiyaları, partiyalar arasında sıx əlaqələrin yaranmasında maraqlıyıq. Mən əminəm ki, bu elə xalqlarımızın ünsiyyəti deməkdir. Xalqlar danışanda isə siyasətçilər də razılığa daha tez gəlirlər. Müxtəlif səviyyəli parlament forumlarında görüşlərimiz çox faydalı ola bilər. Bu cür görüşlər olduqca məqsədəuyğundur. Ümid edirəm ki, Milli Məclisin rəhbərliyi Kiyevə, Ali Radanın nümayəndə heyətləri Bakıya və Azərbaycanın digər şəhərlərinə tez-tez səfərlər edəcəklər. Daimi dialoq bizim üçün çox vacibdir.
-Ötən ilin noyabrında Yalta şəhərinin meri Sergey Brayka Azərbaycana gəlmişdi. Xaçmazda iki gün görüşlər keçirdi. Yalta bizim kurort zonası sayılan Xaçmazla qardaşlaşmış şəhərdir. Sonra onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi. Görüşdə qeyd olunmuşdu ki, qardaşlaşmış şəhərlərimiz nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu xalq diplomatiyasıdır. Birbaşa əlaqələrin tərkib hissəsi həm iqtisadi münasibətlərdir, həm sərmayə yatırımlarıdır... Məsələn, bizim ictimai təşkilatların hesablamalarına görə, təkcə Bakıda 60 min ukraynalı yaşayır. Azərbaycanın digər rayonlarında da ruslar, ukraynalılar, malakanlar kompakt şəkildə yaşayırlar. Bəs Ukraynadakı Azərbaycan diasporu barədə nə deyə bilərdiniz?
-Ukraynada çoxsaylı Azərbaycan diasporu vardır. Deyim ki, ölkəmizdə yaşayan azərbaycanlılar qanuna tabe olan, Ukrayna cəmiyyətinə yaxşı inteqrasiya etmiş, eyni zamanda, öz mədəniyyətini, ənənələrini qoruyub saxlamış vətəndaşlardır. Ancaq təəssüflə söyləməliyəm ki, Ukraynanın siyasi həyatında kifayət qədər yaxından iştirak etmirlər.
-Bu, onların passivliyindən irəli gəlir?
-Mən deyərdim ki, bu, ədəb-ərkandan, təvazökarlıqdan irəli gəlir. Onlar qanunlara riayət edir, işləyir, təhsil alırlar. Lakin digər icmalardan fərqli olaraq, öz nümayəndələrini hakimiyyət strukturlarına, məsələn, Ukrayna Ali Radasına irəli çəkmirlər. Mən bu barədə dəfələrlə onlara demişəm. Bu məsələdə mənim özümün də siyasi marağım vardır. Özünüz yaxşı başa düşürsünüz, təxminən 300 minlik Azərbaycan diasporunun 200 min nəfərinin Ukrayna vətəndaşı kimi seçib-seçilmək hüququ vardır. Bu böyük qüvvədir. Bizim seçki sistemimiz proporsionaldır. Eyni zamanda, bu, Ukraynada yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələrini ölkənin ictimai-siyasi həyatına cəlb etməyə imkan verir.
-Azərbaycanda Heydər Əliyevin hakimiyyəti dövründə parlament proporsional seçki sistemini ləğv etmişdi. İndi bizdə majoritar seçki sistemi mövcuddur. Sizdə bu sahədə vəziyyət necədir?
-Ölkəmizdə partiya sisteminin özü tamamilə xalq nümayəndəliyini təmin etməyə imkan vermir. Təəssüf ki, bəzən partiyanın maraqları ölkənin maraqlarından irəli çəkilir. Partiya xalqa deyil, xalq partiyaya xidmət edir. Buna görə də biz demokratik seçki sisteminə qayıdış barədə düşünməliyik. Mən proporsional seçki sisteminin tərəfdarı deyiləm. Hazırda Ukraynada 198 siyasi partiya vardır. Bu göstərir ki, bizdə cəmiyyətin partiyalaşması prosesi çox uzanmışdır.
-Mən Azərbaycan cəmiyyətini, hamımızı daim düşündürən bir sual vermək istəyirəm. Tanınmış siyasətçi kimi, Qarabağ münaqişəsi barədə nə deyə bilərsiniz?
-Bilirsiniz ki, hər bir ölkədə mümkün gərginliyin potensial mənbələri vardır. Xüsusilə keçmişi nəzərə alsaq, görərik ki, ərazilər əsassız olaraq yenidən bölünürdü. Ərazilər ən müxtəlif səbəblərdən bir respublikadan başqasına verilirdi. Biz Ali Radada belə hesab edirik ki, hazırkı sərhədlər toxunulmazdır. İnformasiyalardan bilirəm ki, Qarabağ münaqişəsinin qurbanlarının sayı minlərlədir. Bir milyon qaçqın vardır. Biz hesab edirik ki, BMT və digər beynəlxalq təşkilatların xətti ilə qəbul edilən qərarlar yerinə yetirilməlidir və biz ədalətin zəfər çalması üçün əlimizdən gələni etməyə hazırıq. Dondurulmuş münaqişələrin həllinin uzadılması təkcə bu münaqişənin bilavasitə iştirakçıları üçün deyil, digər ölkələr üçün də xoşagəlməz nəticələr verə bilər. Çünki onların hər birində belə ağrılı nöqtələr vardır. Bizim mövqeyimiz belədir ki, münaqişə beynəlxalq prinsiplər əsasında vasitəçilərin iştirakı ilə dialoq yolu ilə nəhayət ki, həll olunmalıdır. Burada fərqli yanaşma, fərqli dəstək olmamalıdır. Biz dünyada bir çox gərginlik mənbələri ilə əlaqədar bunu müşahidə edirik.
-BMT-nin işğal olunmuş torpaqların geri qaytarılması barədə 4 qətnaməsi hələ də yerinə yetirilməmişdir. Rusiya, Türkiyə, ABŞ münaqişənin sülh yolu ilə həllinə tərəfdardırlar. Lakin Azərbaycan zərərçəkmiş tərəfdir və bəzən ikili standartlar tətbiq olunur.
-Ukraynada mənim yaşıdım olan adamların bir çoxu bu problemə ürəkağrısı ilə yanaşırlar. Böyük Vətən müharibəsi illərində Ukraynadan çoxları evakuasiya edilmişdi. Mən Azərbaycanda yerləşən hospitallarda müalicə olunmuş adamları tanıyırdım. Doğrudur, onlar artıq vəfat etmişlər. Çox xoş xatirələr söyləyirdilər. Azərbaycanlıların qonaqpərvərliyindən, onlara necə qulluq etmələrindən, axırıncı tikələrini bölmələrindən danışırdılar. Həmin adamlar Qarabağda baş verənləri şəxsi faciə kimi qəbul edirdilər. Bilirsiniz, münaqişə yerindən məlumatlar, informasiyalar əsasında mülahizə yeritmək olar. Ancaq bilavasitə hər şeyini itirmiş insanların gözlərini görəndə, iztirablardan qurtarmağa çalışan insanları görəndə çox məqamlar aydın olur. Mən əminəm ki, Ukrayna münaqişənin sivil yolla həlli üçün əlindən gələni edəcəkdir. Çox mürəkkəb, dramatik problemdir.
Əgər mənim imkanım olsaydı, hərbi dövrün çətinliklərini görmüş adamların, döyüşlərdə həlak olmuş, xüsusilə Ukraynanın, Avropanın azadlığı uğrunda canlarından keçmiş azərbaycanlıların ruhu qarşısında diz çökərdim. Öz torpağı, ocağı, evi uğrunda döyüşənləri başa düşmək olur. Ancaq Vətəni Azərbaycandan min kilometrlərlə uzaqda, Ukraynanın azadlığı uğrunda həlak olanların rəşadəti ikiqat qəhrəmanlıqdır. Arxa cəbhədə çalışanlar da böyük fədakarlıq göstərmişlər. Bakı nefti olmasaydı, qələbə də olmazdı. Təsadüfi deyildir ki, düşmən Bakıya, Bakı neftini ələ keçirməyə can atırdı. Bakı neftçilərinin fədakarlığı isə ölçüyəgəlməzidir. Onlar əsl qəhrəmanlıq, sədaqət, əzmkarlıq rəmzidir. Düşünürəm ki, dərinliklərində zəngin təbii ehtiyatlar olan torpaqdan güclü müsbət enerji gəlir. Sizin insanlar istedadlıdırlar. Azərbaycan dünyaya hazırda bəşəriyyətin qürur duyduğu bir çox şəxsiyyətlər bəxş etmişdir. Bu torpağın insanlarının xoşbəxt olmağa haqqı vardır. Mən hər bir Azərbaycan ailəsinə, hər bir azərbaycanlıya xoşbəxtlik, səadət, rifah arzulayıram.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında