Dağlıq Qarabağın azərbaycanlı icması öz fəaliyyətini genişləndirir

{nl}

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutmuşdur. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.
Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Prezident Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir.
Ümumiyyətlə, 1992-ci ildən başlayaraq ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və bu qurumla qarşılıqlı əməkdaşlıq ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri ilə Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 140-a qədər görüş keçirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq təşkilatlarin səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən başlayaraq, yeni formatda addımlar atılmişdır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan bu günə qədər iki respublikanın prezidentləri Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Kişinyovda, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sürixdə, Praqada, Münhendə, Soçidə, Sankt-Peterburqda və iki respublikanın sərhədində - Sədərəkdə 40-dan çox görüş keçirmişlər.
Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneçilik törədir.
Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirmişdir və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.
Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirmiş, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.
Münaqişənin nizama salınmasına dair aparılan danışıqların "Praqa prosesi" adını almış variantının ictimaiyyət üçün açıqlanan əsas elementləri ondan ibarətdir ki, burada nizamlanmanın "mərhələli həll" variantının detalları müzakirə obyektinə çevrilmişdir. Ermənistanın münaqişənin "Praqa prosesi", yəni "mərhələli həll" variantı ilə razılaşmaq məcburiyyətində qalması, heç şübhəsiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nailiyyətlərindən biri hesab olunmalıdır.
2004-2006-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsi "Praqa prosesi"nin yenidən dalana dirənməsinə və danışıqların nəticəsiz qalmasına gətirib çıxardı. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu.
Bundan sonra, 2008-ci il iyunun 5-də Sankt-Peterburqda, noyabrın 2-də Moskvada, 2009-cu il yanvarın 28-də Sürixdə, mayın 7-də Praqada, iyunun 4-də Sankt-Peterburqda, iyulun 17-18-də Moskvada, oktyabrın 8-9-da Kişinyovda, noyabrın 22-də Münhendə, 2010-cu il yanvarın 25-də Soçidə, iyunun 17-də isə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşü keçirilmişdir. Bu görüşlər zamanı danışıqların mahiyyəti haqqında verilən məlumatlarda bildirilir ki, son beş ildə "Praqa prosesi" çərçivəsində işlənilməsi başlanılan və Madrid sənədinə çevrilən baza prinsipləri mövcuddur. Bu prinsiplərin bəziləri üzrə müəyyən razılaşma əldə edilmişdir. Hazırda prezidentlər səviyyəsində müzakirə olunan bir neçə prinsip üzrə anlaşmanın müəyyən cizgiləri hiss olunur. Bu kontekstdə bütün məsələlərə dair ümumi razılıq əldə olunduqdan sonra hər hansı bir yekun sənədin qəbul ediləcəyi bildirilir.
Aparılan danışıqların gedişi konfidensial səciyyə daşısa da, Azərbaycan Prezidenti İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Eyni zamanda, Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq, sonadək öz mövqeyimizi müdafiə edəcəyik.
2009-cu il iyulun 10-da "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ problemini də müzakirə etdilər. Sonda hər üç prezidentin münaqişə ilə bağlı qəbul etdikləri birgə bəyanatda həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, yəni 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırdılar. Bununla yanaşı, sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin prezidentlərinin Azərbaycan və Ermənistan prezidentlərinə qalan fikir ayrılıqlarını aradan qaldırmaq və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərini razılaşdırılmasını başa çatdırmaq çağırışı öz əksini tapdı. Eyni zamanda, bəyanatda bu prinsiplərin Helsinki Yekun Aktına, yəni gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququna əsaslandığı qeyd olundu.
Artıq 18 ildir ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Azərbaycan dövlətinin mövqeyi isə, əvvəlki kimi birmənalıdır. Yəni, ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri mərhələli şəkildə azad etməli, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar. 2008-ci il noyabrın 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladığı bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. 2009-cu il dekabrın 5-də ATƏT-in xarici işlər nazirlərinin Afinada keçirilən görüşündə qəbul edilmiş sənəd də məhz bu yanaşmanı təsdiq edir.
Ermənistan tərəfinin mövqeyinə gəldikdə isə, ermənilər öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırlar. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ ötən əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dağlıq Qarabağ bölgəsinin erməniləri isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bundan əlavə, Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il iyulun 13-də Londonda məşhur Kral Beynəlxalq Münasibətlər İnstitutunda görüşü zamanı Ermənistan rəhbərinin Moskva bəyannaməsini tərəf kimi imzaladığını vurğulamaqla yanaşı, danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını və bunun beynəlxalq format olduğunu bildirərək qeyd etdi ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bəyannaməni imzalamazdı. Bununla yanaşı, dövlət başçısı bəyan etdi ki, "Əgər Dağlıq Qarabağın erməni icması iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlara gedə bilərlər". Bu baxımdan son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən formalaşması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycana münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin sədri və icmanın rəhbəri seçilmişdir.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə yanaşı, Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərinin iştirak etdikləri qurultayda keçən dövr ərzində görülmüş işlər ətraflı təhlil edilmiş, icma qarşısında duran əsas vəzifələr müəyyənləşdirilmişdir. Bununla yanaşı, qurultayda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ azərbaycanlılarının düşdüyü acınacaqlı vəziyyət, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması icmanın qarşısında duran ən mühüm vəzifə kimi vurğulanmış və gələcək tədbirlər planının həyata keçirilməsi mexanizmləri göstərilmişdir.
Qurultayda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilməklə yanaşı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı əhalisinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqları öz əksini tapdı. Həmin gün yeni seçilmiş idarə heyətinin üzvlərinin qurultaydan sonra xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüşü keçirilmiş, Ermənistanın hərbi təcavüzü və onun nəticələri barədə diplomatlara məlumat verilərək təmsil etdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə çatdırılması işində onların rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin iclasında idarə heyəti üzvləri arasında vəzifə bölgüsü aparılmış, onların daxil olduğu elm, təhsil və mədəniyyət, icmadaxili məsələlər, beynəlxalq əlaqələr, informasiya və ictimaiyyətlə əlaqələr, hüquqi təminat və insan hüquqları bölmələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, əlaqələndirmə şurasının strukturu təsdiq edilmişdir. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev çıxış edərək icmanın yenidən formalaşmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş, idarə heyətinin iki istiqamətdə fəaliyyət göstərməsini, yəni həm ölkə daxilində iş aparmasını, həm də beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Akademik R.Mehdiyev icmanın fəaliyyətinin canlandırılması və məqsədyönlü xarakter alması üçün Qarabağ əhalisi arasında maarifləndirmə işlərinin səviyyəsini yüksəltməyin zəruriliyini bildirmiş, bu istiqamətdə icmanın saytının, mətbu orqanın xüsusi rol oynayacağını və Azərbaycanın mövqeyinin dünyaya çatdırılması üçün beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etmiş və bu görüşlərin sayəsində ermənilərin azərbaycanlılar barədə yaratdıqları yanlış təsəvvürü heçə endirməyi tövsiyə etmişdir. İcmanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün təcavüzkarın ifşası istiqamətində, eləcə də münaqişənin nizama salınması prosesində Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış edərək daha səmərəli fəaliyyət göstərməsi çox vacib və əhəmiyyətlidir. Bu səbəbdən dövlət başçısı İlham Əliyev 2009-cu il avqustun 31-də "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzaladı.
Sərəncamda 65 min nəfərdən çox insanı birləşdirən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolunun əhəmiyyətli dərəcədə artdığı vurğulanaraq, icmanın keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilməsi və idarəetmə strukturlarını yaratması bildirilir.
Dövlət başçısı tərəfindən Dağlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət, icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermiş və bu istiqamətdə ictimai birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, eləcə də təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir. Belə ki, 2009-cu il iyulun 2-də icmanın idarə heyətinin ATƏT-in həmin dövrdəki fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanniş, oktyabrın 6-da isə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirilmişdir. Həmin görüşlərdə idarə heyətinin üzvləri bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar doğma yurdlarına qayıdandan, eləcə də hər iki icma üzvlərinə bərabər şərait yaradıldıqdan sonra müəyyənləşdirilə bilər.
Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz yurdlarına qayıtmasının münaqişənin ədalətli həlli üçün başlıca şərt olduğu vurğulanmaqla yanaşı, bu bölgənin bütün dövrlərdə Azərbaycan mədəniyyətinin əsas mərkəzlərindən biri olduğu bildirilmiş və qeyd edilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində həmin ərazilərdə xalqımızın çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdılmış və ya məhv edilmişdir.
Ermənilərin daim öz müqəddəratını təyinetmə prinsipini ön plana çəkməsinə baxmayaraq, beynəlxalq hüquqda bu prinsipin heç bir vəchlə müəyyən dövlətin ərazisinin bir hissəsinin həmin dövlətin razılığı olmadan ondan ayrılmasına əsas və icazə vermədiyi bildirilmişdir. İdarə heyətinin üzvləri keçirilən görüşlərdə Azərbaycan dövlətinin Dağlıq Qarabağın inkişafı üçün orada yaşayacaq hər iki icmanın xeyrinə lazımi tədbirləri görməyə hazır olduğunu qeyd edərək, bu mərhələyə keçmək üçün ilk növbədə Ermənistan tərəfindən bütün Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini diqqətə çatdırmışlar.
Bununla yanaşı, Dağlıq Qarabağın azərbaycanlı icması regionda və dünyada baş verən hadisələrə müntəzəm olaraq öz münasibətini bildirmiş, beynəlxalq tədbirlərdə mövqeyini açıqlamışdır. Belə ki, 2009-cu il oktyabrın 12-də ictimai birliyin idarə heyətinin iclasında Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin yaradılmasına dair protokolların imzalanması ilə bağlı qardaş ölkənin ictimaiyyətinə edilən müraciətdə Azərbaycan ərazilərinin işğalının davam etdiyi hazırki şəraitdə Türkiyənin Ermənistanla sərhədini açmasının yolverilməz olduğunu vurğulamaqla yanaşı, qeyd edilirdi ki, bu hadisə təcavüzkarı işğalçılıq siyasətini davam etdirməyə ruhlandıraraq münaqişənin ədalətli həlli prosesinə böyük zərbə vuracaq, azərbaycanlıların Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasına əngəl törədəcək.
2009-cu il dekabrın 16-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi adından ABŞ Prezidenti Barak Obamaya göndərilmiş məktubda vurğulanırdı ki, Azərbaycan və Ermənistan prezidentləri arasında sülh danışıqlarının getdiyi bir mərhələdə ABŞ Konqresinin Dağlıq Qarabağdakı qondarma bir rejimə 8 milyon dollar məbləğində vəsait ayırması Dağlıq Qarabağın azərbaycanlı icmasını silah gücü ilə öz doğma torpaqlarından çıxararaq etnik təmizləmə siyasəti həyata keçirən separatçı rejimin və Ermənistanın dəstəklənməsi deməkdir. Bu hadisə Dağlıq Qarabağ icmalarına münasibətdə balansın pozulmasına gətirib çıxara biləcək bir amildir və ona görə də göstərilən hər hansı siyasi, iqtisadi və maliyyə dəstəyi hər iki icmaya bərabərhüquqlu yanaşma nümayiş etdirilməsi istiqamətində olmalıdır ki, bu da münaqişənin ədalətli həllinə kömək edə bilər.
2009-cu il dekabrın 1-də Berlin şəhərindəki Brandenburq Elmlər Akademiyasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi və Almaniya-Azərbaycan Forumu "Dağlıq Qarabağ - Azərbaycanın mədəniyyət beşiyi" mövzusunda elmi simpozium keçirmişdir. İcmanın xaricdə keçirilən ilk beynəlxalq tədbirində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına ciddi əngəl olduğu, davamlı sülhə və sabitliyə təhlükə yaratdığı bildirilməklə yanaşı, Dağlıq Qarabağın mədəni-tarixi irsindən, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edən fotosərgi və Qarabağ xalçaları nümayiş etdirilərək bu bölgənin əzəli Azərbaycan torpağı və ayrılmaz bir hissəsi olduğu faktlarla diqqətə çatdırılmışdır.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi müntəzəm olaraq Xocalı soyqırımı, Şuşanın və digər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciətlər etməklə, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmağa və onları bu məsələyə biganə qalmamağa çağırmışdır.
Ümumiyyətlə, Dağlıq Qarabağın 65 min nəfərdən çox olan azərbaycanlı əhalisinin fəallığının artırılması istiqamətində görülən işlər çox zəruri və təqdirəlayiqdir. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binasının istifadəyə verilməsi icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İcmanın nüfuzlu şəxslərdən - Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərindən ibarət olan idarə heyəti artıq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirir.
İctimai birliyin fəaliyyətini daha da canlandırmaq üçün təşkilatlanma işlərini sürətləndirmək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün keçirilən tədbirlərin coğrafiyasını genişləndirmək, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq lazımdır.
2010-cu il yanvarın 25-də Rusiyanın vasitəçiliyi ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü zamanı münaqişənin nizama salınması istiqamətində danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin 2009-cu ilin dekabr ayında təklif etdiyi yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır. Bu danışıqlardan sonra Azərbaycan tərəfi Madrid prinsipləri əsasında verilən bu təklifi prinsip etibarı ilə qəbul etmiş, Ermənistan isə verilən təklifə münasibət bildirmək üçün iki həftə vaxt istəmişdi. Ancaq keçən dövr ərzində Ermənistan həmsədrlərə rəsmən heç bir cavab verməmişdir.
2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin "Böyük səkkizlərin" Torontoda keçirilən sammitində qəbul etdikləri birgə bəyanatda münaqişə tərəflərinə təqdim olunmuş yenilənmiş Madrid prinsiplərinə istinad edilir. Bu prinsiplərə görə Ermənistan qoşunları işğal edilmiş rayonlardan çıxmalı, qaçqınlar öz yurdlarına qayıtmalı, münaqişə bölgəsində sülhməramlı qüvvələr yerləşdirilməli, Dağlıq Qarabağa özünüidarəetmə imkanı yaradan aralıq status verilməlidir. Yekun statusun müəyyənləşdirilməsi isə növbəti mərhələdə müzakirə edilib həyata keçirilə bilər. Bu səbəbdən yenilənmiş Madrid prinsiplərinin Azərbaycanın deyil, üç həmsədr (ABŞ, Rusiya, Fransa) ölkənin təklifi olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan tərəfinin öz mövqeyini bildirməsinin vacibliyini vurğulayaraq qeyd etmişdir: "...Ermənistan ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə müsbət cavab verəcək və o təqdirdə biz məsələnin həllinə yaxınlaşacağıq, ya da ki, mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni bir dövr başlaya bilər".
Praqa prosesinin Ermənistan üçün son şans olduğunu bildirən dövlət başçısı İlham Əliyev bugünkü status-kvonun davam edəcəyinin heç cür qəbul olunmayacağını bəyan etmişdir: "Status-kvo dəyişilməlidir. Ya danışıqlar bir görüntü üçün, imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan heç vaxt buna da razı olmayacaqdır... ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil ki, bu da hərbi variantdır. O, heç vaxt istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta da hər zaman hazır olmalıyıq".
Buna görə də Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir. Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirakı zamanı bu məsələnin ölkə qarşısında duran ən ağrılı və ən vacib problem olduğunu bildirməklə yanaşı, qeyd etmişdir ki, Dağlıq Qarabağ və ətraf bölgələrin işğalı dözülməzdir. Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi heç vaxt bu vəziyyətlə barışmayacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını bildirməklə yanaşı, dövlət başçısı İlham Əliyev vurğulamışdır: "Bu məsələ bizim üçün və Prezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır".

{nl}

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında