Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birinci iş günündə Büronun hesabatı və Ermənistanda keçirilmiş prezident seçkiləri haqda hesabatların dinlənilməsi və müştərək müzakirələrin keçirilməsi üçün ayrılan qısa vaxt bir çox deputatlara bu məsələlərlə bağlı mövqelərini ifadə etməyə imkan verməmişdir. Müzakirələrdə iştirak etmək üçün 40-a yaxın deputat əvvəlcədən qeydiyyatdan keçsə də, bütün çıxışlar üçün müəyyən edilən cəmi 30 dəqiqəlik vaxt sanki Ermənistanı ciddi tənqidlərdən kənarda qoymaq təsəvvürü oyatmışdır.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın apardığı siyasəti və bu ölkədə keçirilmiş prezident seçkilərindəki qanun pozuntularını ifşa edən, eləcə də Avropa Şurasında rəsmi Yerevana ikili standartlarla yanaşmanı kəskin tənqid edən fikirlərini yazılı şəkildə Assambleyanın katibliyinə təqdim etmiş və aprelin 23-də həmin sənəd ingilis dilində ayrıca nəşr edilmişdir. Sənəddə deyilir: “Avropa Şurası Parlament Assambleyasının qış sessiyasından yaz sessiyasına qədər keçilən yol sadəcə təqvimdəki bir neçə ay demək deyildir. Bu, qitənin və dünyanın həyatındakı daha bir mühüm dövr deməkdir və Büronun hesabatında da həmin mənzərənin konturları görünməkdə idi. Büronun hesabatının davamı kimi üzv ölkələrdən birində keçirilmiş prezident seçkiləri barədə hesabatın dinlənilməsi də təsadüfi deyildi. Çünki ayrı-ayrı ölkələrdə baş verən vacib siyasi hadisələr yalnız həmin ölkənin daxili işi olmaq kimi çərçivədən çoxdan çıxmışdır. Biz qapalı rejimlərdə yox, müştərək və demokratik Avropa məkanında yaşayırıq.
Adətən hər il bu ərəfədə dünyanın müxtəlif yerlərində erməni təşkilatları “soyqırımı” deyə təqdim olunan və uzaq tarixə aid hadisələrin ildönümünü qeyd edirlər. 1915-ci ildə baş verməsi iddia olunan bu proseslər barədə dünya tarixçiləri, elm adamları daim mübahisələr aparırlar, lakin hələ ki, ortada yekdil nəticə yoxdur və bütün bunlar Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələri böyük zaman keçəndən sonra təhrif edərək şişirtmək, yeni tarixi situasiyada siyasiləşdirmək kimi dəyərləndirilir. Bu iddialar və mübahisələr elmi təsdiqini tapmadan yəqin ki, hələ gələcəkdə də davam etdiriləcəkdir. Lakin çoxdan təsdiqini tapmış və bütün faktları göz qabağında olan başqa həqiqət vardır ki, erməni xalqına rəğbət bəsləyən insanlar və dövlətlər məhz ona diqqət yönəltməlidirlər. Erməni xalqına qarşı soyqırımı heç birimizin görmədiyi 100 il əvvəl törədilməyib, bizim dövrdə, hamımızın şahidliyi ilə baş verir. Ermənistanda öz xalqına qarşı məhz Ermənistan dövlətinin apardığı siyasət soyqırımıdır. Lap bu yaxınlarda saysız qanun pozuntuları, saxtakarlıq və zorakılıqların müşayiəti ilə keçirilmiş və indiyədək həmin ölkədə geniş kütlələrin etirazlarını ifadə etdiyi prezident seçkiləri həmin soyqırımının sadəcə olaraq kiçik bir elementidir. Ermənistanın dövlət siyasətinin erməni xalqına qarşı apardığı soyqırımı siyasəti əslində daha dərin, daha genişmiqyaslıdır. Ermənistanın Azərbaycana təcavüzü və bir sıra digər qonşu dövlətlərə də müxtəlif əsassız ərazi iddiaları elə bir şərait yaratmışdır ki, bu ölkə təcrid vəziyyətinə düşmüşdür. Ölkə səfalət içindədir, ağır iqtisadi durum gündən-günə çətinləşir, regiondakı bütün sərfəli iqtisadi layihələrdən məhz özünün apardığı anormal aqressiv siyasət nəticəsində məhrum olmuş Ermənistan iqtidarı xalqı uçuruma doğru aparmaqda inadla davam edir. Ermənistanın müasir dövlət siyasəti erməni xalqının bu günü və gələcəyini yaşanılmaz edir. Bütöv xalqa qarşı həyata keçirilən bu rəftar elə əsl soyqırımıdır. Öz xalqına qarşı aparılan soyqırımı! Mən müqayisə aparanda onu görürəm ki, Ermənistan iqtidarı, Ermənistanın dövlət siyasəti müharibə şəraitində olduqları Azərbaycandan daha çox Ermənistanda yaşayan öz sadə vətəndaşlarına qarşı düşmən mövqedədirlər. Erməni xalqına düçar olduğu belə ağır vəziyyətdə kömək etmək istəyənlər acı həqiqətləri görməzliyə vurmamalı, erməni xalqının qara gününü nəyinsə xatirinə süni şəkildə çəhrayı rəngə boyamamalı, baş verənləri obyektiv, olduğu kimi dəyərləndirməlidirlər. Lakin Avropa Şurası tribunasından Ermənistanda keçirilmiş seçkilər barədə elə hesabat verildi ki, sanki tamam ayrı bir ölkədən söhbət gedir və elə bil heç kimin heç nədən xəbəri yoxdur. Xeyr, hamı hər şeyi bilir, bu istiqamətdə hər şeyi hamıdan daha yaxşı ilk növbədə erməni xalqı bilir və ona görə də indiyədək meydanlardan çəkilmir, susmur, saxtalaşdırılmış seçkilərə etirazını ifadə edir. Avropa Şurasının yarandığı vaxtdan indiyədək ən başlıca amalı həqiqət dilində danışmağı öyrətməkdir. Bütün dillərin ən üstünü olan bu dili öyrənək!”.
Deputat Rafael Hüseynovun hazırladığı bu sənəd Avropa Şurasının katibliyi tərəfindən yayılmış, Parlament Assambleyasının saytında da yerləşdirilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.