Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları

 

 

 

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndərimiz Heydər Əliyev hər şeydən əvvəl böyük azərbaycanlı idi. “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən müdrik rəhbərimiz dünya azərbaycanlılarının əbədi yaddaşına bütün zamanların ən böyük azərbaycanlısı kimi həkk olunmuşdur.

Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olmuş dahi şəxsiyyətdir. Onun 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.

O illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə edilmiş yüksəliş məhz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə əlaqədar olan hər gün tarixi əhəmiyyət kəsb edir.

Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmişdir. Müdrik rəhbər uzaqgörən siyasəti ilə respublikanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyatda aparılan islahatlar müstəqil dövlətçiliyimizin təşəkkülünə və möhkəmləndirilməsinə zəmin yaratmışdır.

Azərbaycan dünya ölkələri arasında ən dinamik inkişaf edən, müstəqil siyasət yeridən, hüquqi, demokratik, dünyəvi və unitar dövlətdir. Onun siyasi, sosial-iqtisadi sisteminin, dövlət quruculuğunun əsasları ümummilli liderimiz Heydər Əliyevin gərgin səyi və xalqın dəstəyi ilə yaradılmışdır.

Dahi rəhbər Azərbaycanın siyasi və sosial-iqtisadi həyatına yeni meyillər, idarəçilik qaydaları, prinsiplər gətirdi. O, siyasi mədəniyyət, mətinlik, kompromis üsullar, siyasi, ideoloji, iqtisadi fəallıq, ölkənin fəal sosial-iqtisadi qüvvələrini vahid ideya ətrafında birləşdirmək, konsolidə olunmuş, qarşılıqlı əlaqəyə əsaslanan fəaliyyət praktikasının müəllifinə çevrildi.

Heydər Əliyevin respublika iqtisadiyyatının inkişafı naminə gördüyü misilsiz işlər danılmazdır. Bu gün müstəqil dövlətçiliyimizin tərəqqisinin mənbəyi görülmüş həmin işlərlə bağlıdır. Sözügedən dövrdə Azərbaycan özünün ən yüksək inkişaf zirvəsinə qalxmışdır. Heydər Əliyevin gələcəyə istiqamətlənmiş müdrik fəaliyyəti nəticəsində ölkəmiz keçmiş Sovet İttifaqında qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevrilmişdir.

Azərbaycanda çoxlu sayda yeni sənaye müəssisələri yaradılmış, neft və qaz sənayesinin inkişafı üçün infrastruktur qurulmuş, aqrar bölməyə mühüm önəm verilmiş, tikinti, nəqliyyat, rabitə və sosial sahələrdə həyata keçirilən inkişaf proqramları iqtisadiyyatın qüdrətlənməsinə, əhalinin sosial vəziyyətinin və həyat şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Elm, mədəniyyət və kadr hazırlığında müsbət nəticələr əldə edilmişdir. Ulu öndərimizin uzaqgörənliyi nəticəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yerləşən ən məşhur ali məktəblərdə təhsil alaraq vətənə dönmüşdür.

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli keçmiş SSRİ məkanında baş verən dağıdıcı proseslər Azərbaycana da öz təsirini göstərdi. Ermənipərəst ittifaq rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz edərək rəhbərlikdən istefa verən Heydər Əliyev 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı öz xalqına dayaq oldu. Həyatı üçün təhlükə olmasına baxmayaraq, müdrik rəhbərimiz Moskvadan bütün dünyaya etiraz səsini ucaltdı, xalqımıza qarşı törədilən qanlı faciənin səbəbkarlarını göstərdi.

Böyük enerji və qətiyyət sahibi olan Heydər Əliyev formalaşdırdığı və həyata keçirdiyi strateji xətlə, apardığı ardıcıl islahatlarla həmin dövrdə ölkəmizin dinamik inkişafının əsasını qoydu. Əldə edilmiş makroiqtisadi və sosial-siyasi sabitlik isə Azərbaycanın zəngin, qüdrətli dövlətə çevrilməsinin qarantı idi.

Heydər Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinə start verdi. Dahi öndərin reallaşdırdığı məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan bütün dünyada tanınmağa başladı, Avropa Birliyinin bərabərhüquqlu üzvlüyünə qəbul edildi. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyası sürətləndi.

Müdrik rəhbərimiz uzaqgörənliklə bildirirdi ki, milli iqtisadiyyatın quruculuğu bazar iqtisadiyyatı prinsiplərinə söykənməlidir. Ulu öndərin “Strateji xəttimiz - sərbəst iqtisadiyyat, özəlləşdirmə və sosial inkişaf yoludur” konsepsiyasına söykənən islahatlar ölkəmizi qısa zamanda sabitliyə və inkişafa gətirib çıxartdı. Respublikamızın bugünkü dinamik inkişafı məhz bu siyasətin məntiqi nəticəsidir.

Heydər Əliyev yeni iqtisadi sistemin formalaşması və inkişafının strateji xəttini, başlıca konturlarını, mexanizmlərini, alət və vasitələrini müəyyən etmişdir. O, ölkəni hiperinflyasiyadan, total ictimai-siyasi və sosial böhrandan, xaosdan xilas etmiş, siyasi, makroiqtisadi, makromaliyyə sabitliyi yaratmış və davamlı sosial-iqtisadi inkişafın bünövrəsini qoymuşdur. Heydər Əliyevin həyata keçirdiyi dövlət mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişafı, azad rəqabətə meydan açılması, qiymətlərin, gəlirlərin liberallaşması, struktur, idarəetmə islahatları, büdcə, vergi, pul-kredit, gömrük, tarif siyasətində radikal dəyişikliklər Azərbaycanda davamlı iqtisadi artıma təminat yaratmışdır.

Ulu öndərimizin reallaşdırdığı islahatlar sistemində dövlət əmlakının özəlləşdirilməsinə də mühüm əhəmiyyət verilmişdir. Dahi rəhbər bu prosesin həm dövlətin, həm də xalqın mənafeləri baxımından səmərəli təşkilinin vacibliyini daim ön plana çəkirdi. O, özəlləşdirmənin məqsəd və vəzifələrinin düzgün müəyyən edilməsinə, onun sosial ədalət prinsipləri gözlənilməklə həyata keçirilməsinə xüsusi həssaslıqla yanaşırdı.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qərarların qəbulundan öncə bu sahədə əsas məsələlərin ölkə rəhbəri tərəfindən müvafiq dövlət strukturlarının, təsərrüfat rəhbərlərinin, elm adamlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş müzakirəyə çıxarılması bu yanaşmanın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Ümummilli liderimiz 1994-1995-ci illərdə özəlləşdirmə proqramının hazırlanması ilə əlaqədar gərgin və səmərəli iş rejiminə rəhbərlik etdi. Ulu öndərin rəhbərliyi ilə müşavirələr, məsləhətləşmələr keçirildi. Mütəxəssislərin təklif və iradları diqqətlə dinlənildi. Nəhayət, üzərində dəfələrlə dəyişiklik aparılandan sonra dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında sənədlərin layihəsinin hazırlanma prosesi başa çatdırıldı. Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” hazırlandı.

Adıçəkilən proqramın məqsədi təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında özünütənzimləmə mexanizmlərinə malik bazar iqtisadiyyatı mühitinin yaradılması, xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə yenidən qurulması, iqtisadi prosesə bütün növ istifadə olunmamış ehtiyatların, yeni investisiyaların, o cümlədən, xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət idi.

Ümummilli lider Heydər Əliyev bu zaman sıravi insanların mənafeyinə xüsusi önəm verdi. O, dövlət əmlakı özəlləşdirilərkən bütünlükdə ölkə vətəndaşlarının özəlləşdirmə prosesindən kənarda qalmamasını, onların bu prosesə fəal surətdə cəlb edilmələrini başlıca şərt kimi qarşıya qoydu. Buna görə də özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi öyrənildi və nəzərə alındı. Nəticədə Azərbaycanda özəlləşdirmənin qarışıq modeli tətbiq edildi, yəni dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı. Bu məqsədlə 25 mart 1996-cı il tarixdə Prezident Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamə təsdiq edildi və “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” fərman imzalandı. Fərmana əsasən dövriyyəyə ümumi dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65 faizinə bərabər olan 32 milyon ədəd özəlləşdirmə çeki buraxıldı. Bununla da vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında güzəştli qaydada iştirak hüququna malik oldular. Eyni zamanda, özəlləşdirmə çeklərinin qiymətli kağızlar bazarında sərbəst alınması, satışı və digər formada özgəninkiləşdirilməsi üçün geniş şərait təmin edildi.

Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair birinci özəlləşdirmə proqramının və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olundu. Bu planın icrasının gedişində ölkəmizdə iqtisadiyyat liberallaşdırıldı, xüsusi mülkiyyətçilər təbəqəsi formalaşdı və bütün təsərrüfat sahələrində azad sahibkarlıq prinsipləri bərqərar oldu, istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin rasional strukturu yaradıldı. Həmçinin, inhisarsızlaşdırma və rəqabət mühiti formalaşdırıldı, iqtisadi səmərəlilik yüksəldi, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Özəlləşdirmənin I Dövlət Proqramında torpaq sahələrinin özəlləşdirilməsi öz əksini tapmamışdı və bunun da obyektiv səbəbləri vardı. Çünki proqram təsdiq ediləndə hələ “Torpaq islahatı haqda Qanun” mövcud deyildi və torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi respublikada həyata keçirilmirdi. Bütün bu məsələlər öz həllini ulu öndərin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”də və 2000-ci ildə imzaladığı müvafiq fərmanları ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nda və “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda tapmışdır.

Xatırladım ki, həmin dövrdə respublikada artıq sağlam rəqabət mühiti formalaşmağa başlamışdı. Nəticədə torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsi ilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsi ilə əlaqədar yeni qanunun qəbul edilməsinə ehtiyac duyulurdu. Məhz ulu öndərin zamanın nəbzini tutmaq və uzaqgörənlik siyasəti 1999-cu ildə “Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul edilməsi ilə nəticələndi.

Həmçinin qeyd etmək lazımdır ki, dahi rəhbərin hakimiyyəti dövründə müvafiq fərmanlarla qüvvəyə minmiş “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı torpaqların monitorinq və yerquruluşu haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və bir sıra digər qanunları qəbul edilmişdir.

Torpaq islahatı sahəsində aparılan bu geniş miqyaslı fəaliyyət həmin dövrlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Meşə Məcəlləsində və s. normativ hüquqi aktlarda da öz əksini tapmışdır.

Ölkəmizin inkişafının yeni dövründə meydana çıxan tələblər, dövlət başçısının iqtisadi quruculuq sahəsində irəli sürdüyü vəzifələr özəlləşdirmənin qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edirdi. Bununla əlaqədar ümummilli liderimizin təşəbbüsü ilə 2000-ci ilin avqust ayında Dövlət əmlakının özəlləşdirilməsi barədə yeni Qanun və Dövlət Proqramı qəbul edildi. Bununla yanaşı, II Dövlət Proqramının icrasını təmin edən normativ hüquqi aktlar təsdiq olundu.

Hər iki Dövlət Proqramına uyğun olaraq ilkin mərhələdə ticarət və xidmət obyektlərinin özəlləşdirilməsi ilə başlanan dövlətsizləşdirmə prosesi getdikcə iqtisadiyyatın daha geniş və aparıcı sahələrini-nəqliyyat və telekommunikasiya, tikinti və inşaat materialları, yüngül, yeyinti və emal sənayesi, maşınqayırma, metallurgiya, neft-kimya və kimya, hava yolları və digər aparıcı sahələri əhatə etmişdir.

Qeyd etmək lazımdır ki, özəlləşdirmə siyasəti gözlənilən səmərəni və gərəkli nəticələri verdi və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin əhatə dairəsinin genişlənməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investisiyaların qoyuluşunda mühüm rol oynadı. Özəlləşdirmə ilə bağlı proqramların icrası sayəsində dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi, qiymətlərin liberallaşdırılması və əsasən bazar tərəfindən tənzimlənməsi, vergilərin sayının və dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması özəl bölmənin fəaliyyəti üçün əlverişli imkanlar yaratdı. Nəticədə azad rəqabət təmin edildi və artıq Azərbaycan iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrildi.

Bütün bunlarla yanaşı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində real imkanlara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan mühüm dövlət tədbirləri görüldü. 26 yanvar 1993-cü il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanun təkmilləşdirildi. Mənzil fondunun özəlləşdirilməsi üzrə müəyyən edilmiş hüquqi mexanizmlər sadələşdirilərək vətəndaşların maraqlarına uyğunlaşdırıldı. Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi əsasında qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasında da mülkiyyət hüquqları ilə bağlı son dərəcə demokratik müddəalar təsbit olundu. Vətəndaşların başqa hüquq və azadlıqları kimi, mülkiyyət hüquqlarının da etibarlı qaydada qorunması dövlətin müəyyən etdiyi əsas məqsədlərdən biri oldu.

1996-cı ildən etibarən isə MDB məkanında ilk dəfə olaraq torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilməsi prosesi məhz Azərbaycanda başlandı.

2001-ci ildən bələdiyyələrin mülkiyyətinə verilən torpaq sahələrinin sərhədləri müəyyənləşdirildi və beləliklə, yeni bir mülkiyyət növünün - bələdiyyə mülkiyyətinin əsası qoyuldu. Belə şərait ölkədə daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir reallıqlara uyğun surətdə yenidən qurulmasını tələb edirdi. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı ” təsdiqləndi. Tədbirlər planına uyğun olaraq ölkədə “Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi” yaradıldı, sistemin texniki təminatı gücləndirildi və ərazi idarələrində lokal kompyuter şəbəkəsi quruldu.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ölkəmizin inkişaf strategiyası bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz bunun nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri səviyyəsinə çatmış, regionda lider dövlətə çevrilmişdir. Daim artan iqtisadi potensialımız Azərbaycana beynəlxalq aləmdə özünün milli və dövlətçilik maraqlarını ifadə etməyə imkan verir. Möhtərəm Prezidentimizin son illər həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizin davamlı sosial-iqtisadi yüksəlişinə və xalqımızın rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Respublikamız üçün vacib əhəmiyyətli bir sıra iri iqtisadi layihələr reallaşdırılmış, vətəndaşların sosial şəraitində müsbət dəyişiklik nəzərə çarpmışdır. Sosial-iqtisadi sahədə onlarla məqsədli dövlət proqramları qəbul edilmişdir və hazırda bu, ardıcıl şəkildə həyata keçirilməkdədir.

Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən iqtisadi siyasət nəticəsində regionların tarazlı inkişafı, bölgələrdə infrastrukturun yenidən qurulması, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı ilə bağlı uğurlar əldə edilməkdədir. Azərbaycanın regionlarının və Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı, paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi, yolların və körpülərin tikintisi, ekoloji vəziyyətin yaxşılaşdırılması və infrastruktur layihələrinin reallaşdırılmasına cənab Prezident tərəfindən xüsusi diqqət yetirilir.

Ulu öndər Heydər Əliyevin başladığı özəlləşdirmə siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident müasir dövrün tələblərinə uyğun olaraq dövlət əmlakı üzərində idarəetmənin təkmilləşdirilməsini və özəlləşdirmə zamanı şəffaflığın təmin edilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.

Prezident İlham Əliyev dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə özəlləşdirmə paylarının dövriyyə müddətinin başa çatmasına baxmayaraq, bir neçə dəfə çeklərin müddətinin uzadılması barədə fərmanlar imzalamışdır. Eyni zamanda, özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilmişdir. Bu isə birbaşa əhalinin özəlləşdirmədə geniş şəkildə iştirakının təmin edilməsinə xidmət göstərir.

Prezident İlham Əliyev Heydər Əliyev siyasətini davam etdirərək Azərbaycan iqtisadiyyatına yeni töhfələr qazandırdı. Dövlət başçısı bu istiqamətdə xeyli sayda fərman və sərəncamlar imzalamışdır. Onlardan biri də “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”dır.

 

Son dövrdə daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsi və müasir standartlar səviyyəsində qurulması, hüquqların qeydiyyatı ilə bağlı daxil olan hər bir müraciətə operativ yanaşılmasına xüsusi önəm verilir. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili ilə əlaqədar qəbul edilən qərarların icrası istiqamətində müvafiq işlər həyata keçirilir.

Ölkə başçısının tapşırıqlarına əsasən çevik və modern dövlət idarəetməsinin inkişaf etdirilməsi, şəffaflığın və səmərəliliyin artırılması üçün informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edilir. Bu, ölkəmizdə aparılan müasirləşmə siyasətinin prioritetlərindən birinə çevrilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən qərarlar əsasında dövlət orqanları tərəfindən əhaliyə və biznes qurumlarına beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərilir.

Son illər əmlak qeydiyyatı sistemi səmərəlilik və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə təkmilləşmişdir. Hazırda daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan çevik və etibarlı informasiya sistemi formalaşdırılır.

Son bir neçə ildə görülmüş işlərin nəticəsidir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi “Doing Business-2013” hesabatına əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Azərbaycan ən yaxşı vəziyyətin olduğu on ölkə sırasındadır. Respublikamız həmin göstərici üzrə 183 ölkə arasında 9-cu yerdədir.

Ulu öndərimizin adını şərəflə daşıyan, onun ideyalarını yaşadan Heydər Əliyev Fondu hesabına son illər müasir tipli yeni məktəblər, tədris, elm və mədəniyyət müəssisələri, uşaq bağçaları inşa edilmiş və digər sosial yönümlü layihələr həyata keçirilməkdədir. Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Bütün bunlar xalqımıza diqqət və qayğının göstəricisi olmaqla yanaşı, ümummilli liderimizin arzularının və ideallarının şanlı təcəssümüdür.

Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən, dahi şəxsiyyət olduğunu təcrübə və zaman təsdiq etdi. Bu müdrik insandan xalqımıza, həyatı və sağlamlığı bahasına yaratdığı güclü dövlət, bugünümüz və gələcəyimizin strateji xətti, olduqca radikal islahatlar, dinamik inkişaf relsinə çıxarılmasına ürəyinin hərarətini, yanğısını, bütün varlığını həsr etdiyi şah əsəri müstəqil Azərbaycan Respublikası qaldı.

Rafiq CƏLİLOV,
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında