Əski dövrlərdən bəri, türk ruhunu yaşadan, saz-söz sənəti, laylalar, bayatılar, el nəğmələri olub. Harda olsaq, harda yaşasaq da, ədəbiyyat ruhumuzu və kimliyimizi öləziməyə qoymayıb. Ulu öndər, uzaqgörən siyasətçi Heydər Əliyev türk dünyasının yazarları ilə görüşündə buna ətraflı toxunub: “...Xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi öldürə, məhv edə, yox edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur.”
Siyasi sistemlər nə qədər fərqli və sərt olsa da, heç bir qüvvə və maneə insanın daxilindəki xalqına, soyuna və dəyərlərinə sahib çıxma əzmini, milli kimlik hissini və iradəsini məhv edə bilməz. Azərbaycanın yaxın tarixinə nəzər yetirdikdə ulu öndər Heydəz Əliyevin öz dərin zəkası, uzaqgörənliyi və strateji düşüncəsiylə bu meyarlara tam uyğun olduğunu görmək mümkündür. Onun düşüncə və ideyalarının arxasında milli təəssübkeşlik və xalqına sevgi, ona xidmət etmək amalı dayanırdı. O, hər zaman yurdunu, dövlətini daha qüdrətli, xalqını daha xoşbəxt görmək istəyir, bunun üçün çalışırdı. Ulu öndər Heydər Əliyevin irsini və fəaliyyətini araşdırarkən bunu aydın şəkildə görmək mümkündür. Onun istər sovet, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə yürütdüyü siyasət və çoxtərəfli fəaliyyəti milli maraqların müdafiə olunmasına, beynəlxalq siyasi arenada Azərbaycanın nüfuzunun artmasına xidmət edirdi.
Sovet ideologiyası və vətənsevərlik duyğusu
Mahir siyasətçi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanla bağlı atdığı bir sıra addımlar Moskvada qısqanclıq və təkəbbürlə qarşılanırdı. Respublika üçün bacarıqlı kadrların yetişdirilməsi məqsədilə gəncləri SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərir, onların hərtərəfli, savadlı və vətənsevər insanlar kimi formalaşmasına çalışırdı. SSRİ-nin bir sıra müttəfiq respublikalarında hərbi məktəblər olduğu halda, Azərbaycanda belə bir məktəbin yaradılmasına sovet rəhbərliyi ehtiyac görmür, əksinə, bunu döyüşkən bir xalq üçün “təhlükə” sayırdı. Bu məkrli siyasəti duyan Heydər Əliyev bütün maneələrə baxmayaraq, Bakıda C.Naxçıvanski adına hərbi liseyin açılışına nail oldu. Bu addımın nə qədər aktual olduğu və strateji önəmi isə müstəqilliyimizin ilk illərində erməni hərbi birləşmələrinin Qarabağa hücumu zamanı daha da aydın göründü. ...XX əsrin 80- ci illərində Bolqarıstanda yaşayan türklər hakimiyyət tərəfindən təzyiqlərə məruz qalırdı. Ölkədə türklərin adları və kimliklərinin bolqarlaşdırılması, onların hüquqlarını məhdudlaşdıran addımların atılması etiraz dalğasına səbəb oldu. Bu zaman baş verən hadisələrə biganə qalmayan Heydər Əliyev Siyasi Büroda öz mövqeyini bildirməkdən çəkinməmişdi. Heydər Əliyev hələ Siyasi Büronun üzvü olarkən Mixail Qorbaçov Kolbini Qazaxıstana MK-nin birinci katibi göndərəndə buna öz etirazını ifadə etmişdi. Çünki o, türk xalqlarına qarşı yeridilən ayrı-seçkilik siyasətinin görünməyən tərəflərini görür, vətənsevər insan kimi buna mane olmağa çalışırdı. Qazax yazıçısı Oljas Süleymenovla görüşündə keçmişdəki hadisələri xatırlaması ulu öndərin əsl bütöv xarakterini ortaya qoyur: “Qorbaçovun yeritdiyi milli siyasət məsələləri ilə əlaqədar bizim aramızda əvvəllər də ciddi fikir ayrılıqları olurdu. Yeri gəlmişkən deməliyəm ki, öz sələflərindən fərqli olaraq o, müsəlman xalqları, türk mənşəli xalqlar barəsində çox mənfi mövqe tuturdu. Siyasi Büronun iclaslarında,— xüsusən də bu iclaslar ”məhdud" dairədə keçəndə, —oturmaq və olduqca xoşagəlməz söhbətləri eşitmək mənim üçün çox ağır idi. Məsələn, yadınızda olduğu kimi, Özbəkistanda rəhmətlik Şərəf Rəşidova qarşı kampaniya başlanmışdı və əslində günahsız insanları zindanlara salırdılar. Hər həftə iclaslarda Rusiya Federasiyasının bu və ya digər vilayətlərinin siyahılarını təklif edir, adamlar seçir və onları Özbəkistana göndərirdilər. Soruşurdum: niyə? Mənə cavab verirdilər ki, orada kadrlar yoxdur. Özbəkistan belə yüksək səviyyədə olduğu halda, demə, orada “kadrlar yox imiş”. Hətta 30-cu illərdə Qazaxıstana Şahəhmətov - yerli millətdən olan adam başçılıq edirdi. Bəs indi necə oldu ki, 1986-cı ildə Qazaxıstanda, bu qədər kadrları olan belə böyük respublikada yerli millətdən olan adam yoxdur? Onun şovinist mövqeyi konkret işlərində çox aydın və konkret görünürdü”.
Müstəqillik qazanıldıqdan sonra: düşünülmüş hərtərəfli siyasət
Müasir dövrün tələblərinə uyğun olaraq, qarşıda duran məsələ imperiyanın dağılmasından sonra pozulmuş idarəçilik sistemini barpa etmək, əraziləri işğala məruz qalmış respublikanı dirçəltmək, iqtisadi gücünü artırmaq, müxtəlif sahələrdə hökm sürən xaos və tənəzzülü aradan qaldırmaq vəzifələri dururdu. İlk növbədə qonşu ölkələr də daxil olmaqla, dünyanın nüfuzlu inkişaf etmiş ölkələri ilə münasibətləri yoluna qoymaq, əlaqələr qurub bölgədəki blokadanı yarmaq lazım idi. Heydər Əliyev qısa müddət ərzində sarsılmaz siyasi iradəsi sayəsində Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə uzanan xarici və daxili təhdidləri tamamilə aradan qaldırdı. Xalqın tələbiylə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsiylə beynəlxalq arenada təzəcə addımlamaqda olan gənc bir ölkənin ictimai-siyasi həyatında yeni bir dövr başladı. Bu dövr öz fəaliyyət istiqamətinə görə düşünülmüş, balanslı və çoxtərəfli rakursda daha dərin və strateji zəka məhsulu kimi dəyərləndirilməlidir. Nüfuzlu beynəlxalq şirkətlərin ölkəmizə investisiya yatırmasına yaradılan imkanlar, regional və beynəlxalq tipli neft-qaz layihələri, digər iqtisadi proyektlərin özülünün qoyulması dövlətin iqtisadi dirçəlişi ilə yanaşı, uzunmüddətli inkişaf mərhələsi üçün nəzərdə tutulurdu.
Qarşıya qoyulan əsas məqsədlərdən biri də tarixin sərt rüzgarlarıyla bir-birindən ayrı salınan, keçmişi unutdurulmağa çalışılan və repressiyalara məruz qalan türk xalqları və elləri arasında mənəvi körpü, ictimai-siyasi və mədəni əlaqələrin qurulması idi. Yalnız Azərbaycanın deyil, ümumən türk dünyasının ən nüfuzlu siyasi xadimi olan Heydər Əliyevin müstəqillikdən sonra digər türksoylu xalq və dövlətlərlə əlaqələri bərpa etməsi, ümumtürk dünyasının inteqrasiyası üçün atdığı addım və fikirlər əslində daha uzun dövrə, bu günə və eyni zamanda gələcəyə hesablanmış strateji layihələr hesab edilməlidir. Türk dövlət başçıları və ziyalılarıyla görüşləri, türk mədəniyyəti və tarixiylə bağlı tədbirlərdə çıxış və fikirləri bir daha onun türk dünyasına bağlı əzmkar və işıqlı lider olduğunu göstərir. Bakı-Tbilisi-Ceyhan neft-kəmər layihəsinin ulu öndərin rəhbərliyi ilə reallaşmasından bir müddət sonra daha fərqli layihələr—uğurlu və perspektivli proyektlər gerçəkləşdi. Böyük bir regionu əhatə edən layihə ilk baxışda iqtisadi təməllər üzərində qurulsa da, əslində həm də Azərbaycan başda olmaqla, Cənubi Qafqazla Türkiyə arasında mənəvi təhlükəsizlik körpüsü idi. Hazırda İlham Əliyevin TANAP -Trans Anadolu layihəsinin reallaşdırılması və Bakı-Ərzurum boru kəmərinin istismara verilməsi də türk coğrafiyasına iqtisadi töhfə verən növbəti uğurlu layihələrdəndir. Gələcəkdə bu cür layihələrə Orta Asiya türk dövlətlərinin də qoşulması Avrasiyada Qafqazdan keçməklə Türküstandan Türkiyəyə böyük iqtisadi güc vektorunu formalaşdıra və möhkəmləndirə bilər. Belə güc mərkəzi isə ümumilikdə hər bir türk dövlətinin iqtisadi gücünü artırmaqla yanaşı, ümumilikdə ümumtürk iqtisadi mənafelərinin beynəlxalq arenada qorunmasına müsbət təsir edir. Bakı-Tbilisi-Qars dəmiryol xətti layihəsi isə nəqliyyat infrastruktunun bölgəyə verə biləcəyi ən böyük imkanları əhatə edir. Buraya turist axının daha da aktivləşməsi və gediş-gəlişin intensivləşməsi və gələcəkdə bu dəmir yol xəttinə Orta Asiyanın da qoşulması və s. daxildir. Daha bir maraqlı cəhət kimi Naxçıvanın nəqliyyat blokadasından çıxarılması amilini də buraya əlavə etmək olar.
TürkPA-nın mərkəzi – Bakı
Bu gün Azərbaycanın nüfuzu regionda və beynəlxalq aləmdə gücləndikcə, ölkəmiz beynəlxalq iqtisadi və siyasi strateji tədbirlərin iştirakçısı olmaqla yanaşı, həm də belə konfrans və layihələrin ev sahibinə çevrilməkdədir. Odur ki, Azərbaycan Qərb ölkələri ilə yanaşı, türk dövlətləri arasında ictimai-siyasi münasibətlərin inkişafında maraqlıdır. Son illər bu münasibətlərdə xeyli irəliləyiş olmuş, bir sıra qurumlar fəaliyyətə başlamışdır. 2008-ci il noyabrın 21-də əsası qoyulmuş Türkdilli Ölkələrin Parlament Assambleyası— TürkPA türk dövlətlərindən Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlamentlərini birləşdirdi, onlar arasında koordinasiya və əməkdaşlığa yol açdı. TürkPA-nın baş ofisinin Bakıda yerləşməsi isə rəsmi Bakının türk dünyası ölkələri ilə ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə göstərdiyi diqqəti biruzə verir. 2009-cu ildə Naxçıvanda Türkdilli ölkələrinin dövlət başçılarının IX zirvə toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaranması barədə saziş imzalandı. Bu isə ölkələr arasında operativ və məhsuldar koordinasiyaya doğru atılan qəti addım idi.
Heydər Əliyev Fondu
və TÜRKSOY mənəviyyatımızın keşiyində
Zəngin və qədim mədəni irsə malik türk ulusları XX əsrin sonlarından başlayaraq, ilk növbədə daha çox mədəni körpüləri bərpa etməyə təşəbbüs göstərdilər. Azərbaycanın da iştirakı ilə 1992-ci ildə yaradılmış TÜRKSOY bu işdə əsas mərkəz rolunu oynadı. Ulu öndər Heydər Əliyev istər Azərbaycan, istərsə də türk dünyasından olan mədəniyyət xadimlərinə qayğı və diqqətlə yanaşmış, onların türk ədəbiyyatı və mədəniyyətinin inkişafında rolunun vacibliyini vurğulamışdır. Türk dünyası yazıçılarının Bakıda keçirilən III qurultayında iştirak etmiş ulu öndər milli varlığımızın ədəbiyyatın köməyilə yaşadıldığını vurğulamışdır: “Qədim dövrlərdə ”Dədə Qorqud", “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız—Nizami, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən, ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir”. Doğurdan da, tarixin ən çətin dövrlərində beşik başında söylənən ninnilər, ağbirçəklərin yanğılı bayatıları yaddaşlardan-yaddaşlara ötürülərək günümüzə əmanət edilib. Bu baxımdan ulu öndər Heydər Əliyevin tannımış qazax şairi Oljas Süleymenovu və görkəmli qırğız yazıçısı Çingiz Aytmatovu yüksək qiymətləndirməsi və onlarla dostluq münasibətləri saxlaması onun türk ədəbiyyatına və dostluğuna verdiyi diqqətdən irəli gəlir. Oljas Süleymenov Sovet qoşunları 20 yanvar gecəsi günahsız insanları güllələyəndən iki gün sonra Bakıya gəlmiş, qardaş xalqın dərdini öz dərdi kimi bölüşmüş, Xocalı soyqırımını kəskin pisləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeninə layiq görülməsi isə xalqlarımızın dostluğuna verilən töhfədir.
Ulu öndərin Azərbaycanın tərəqqisi və türk dünyası mədəniyyətiylə bağlı ideyaları Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılır. Fondun təşəbbüskarı olduğu ənənəvi Beynəlxalq Muğam festivalında özbək, uyğur, Türkiyə və digər qardaş xalqların musiqiçilərinin iştirak etməsi Şərq xalqları arasında mədəni əlaqələrin genişlənməsinə öz töhfəsini verməkdədir. Milli mədəni irsimizin qorunması və tanıdılmasında Fondun fəaliyyəti danılmazdır.
Ordum varsa, yurdum var: ortaq hərbi əməkdaşlıq
2013-cü il yanvarın 25-də Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (TAKM ) yaradılması isə türksoylu dövlətlərlə yanaşı, regionun digər ölkələri üçün hərbi sahədə əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm strateji addım oldu. Təşkilatın adı TAKM-a üzv dövlətlərin— Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın ingiliscə adlarının baş hərflərindən yaradılıb. Bir sıra ekspertlər bunu türk ölkələrinin ortaq hərbi qurumu kimi qiymətləndirsə də, üzv dövlətlərin ordu quruculuğunda qarşılıqlı əməkdaşlığı ancaq müsbət töhfələr verə bilər. Müstəqillikdən sonrakı dövrdə Azərbaycan hərbi sahədə digər ölkələrlə yanaşı, qardaş Türkiyə ilə də əməkdaşlıq edir, Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin peşəkarlığının artırılması üçün Türkiyənin təcrübəsi öyrənilir. Ordu üçün kadrların hazırlanması məqsədilə gənclərin Türkiyənin hərbi məktəblərində təhsil almalarına şərait yaradılır.
Bu gün Heydər Əliyevin inkişaf strategiyası ilə bağlı qoyduğu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkdilli ölkələrin dövlət başçılarının ənənə halını almış zirvə görüşləri türk dünyasının gələcəyi üçün mühüm məna daşıyır. Rəsmi Bakının bu sahəyə verdiyi önəmin nəticəsidir ki, dövlət başçılarının IX zirvə görüşü məhz Naxçıvan şəhərində keçirildi. Prezident İlham Əliyev mütəmadi olaraq, türk ölkələrinə səfərləri və həmin xalqların nümayəndələri ilə görüşlərində türk xalqlarının əlaqələrinin möhkəmlənməsi və ölkəmizin türk dünyası inteqrasiyasına verə biləcəyi töhfələrdən söhbət açır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda gerçəkləşən (2007) Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında onun ortaq dilə, tarixə və ənənələrə malik olan türksoylu xalqların həmrəylik məsələsinə toxunması da bundan xəbər verir: “Bizim birliyimiz nə qədər güclü olsa, hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər. İndi dünyada gedən qloballaşma prosesləri, əlbəttə ki, bizim ölkələrdən də yan keçmir. Amma bununla bərabər, biz öz milli ənənələrimizə sadiqik, öz milli dəyərlərimiz üzərində dövlətlərimizi qururuq. Müstəqil olmayan dövrdə bizi bir xalq kimi saxlayan, milli mənsubiyyətimizi qoruyan tariximiz, mədəniyyətimiz, ana dilimiz, milli musiqimiz, ədəbiyyatımız olub. Bu sahədə birliyin və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün çox gözəl imkanlar var” Bu imkanları reallığa çevirmək, Azərbaycanın türk dünyasında və beynəlxalq arenada layiqli yer tutması isə hər birimizin səylərindən asılıdır.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.