Müasir Azərbaycanın QURUCUSU HEYDƏR ƏLİYEV-90

 

Anadan olmasının 90 illiyi zirvəsindən xalqımızın ümummilli lideri, görkəmli siyasətçi və  dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi roluna nəzər yetirmək, fəaliyyətini araşdırmaq həm praktik siyasət, həm də tarixi-elmi-nəzəri baxımdan aktuallıq kəsb edir. Yaşadığı dövrdən uzaqlaşdırqca böyüklüyü daha aydın görünən ulu öndər  Heydər Əliyevin müstəqil dövlətçilik fəaliyyətinin bütün  tərəflərini, heç şübhəsiz, bir məqalədə işıqlandırmaq mümkün deyil. Bunun üçün dərin elmi-tədqiqat işlərinin aparılmasına və sanballı əsərlərin yazılımasına  ehtiyac vardır. Bu məqalədə başlıca olaraq Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının yaradılması, qorunub saxlanılması və dövlətçiliyin möhkəmləndirilməsi sahəsində Heydər Əliyevin fəaliyyətinə nəzər yetirməyə çalışacağıq.

Tarixi tədqiqatların dünyada qəbul olunmuş metodoloji prinsiplərinə görə, dövlət xadiminə bir sıra meyarlar əsasında qiymət verilir. Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində fəaliyyət göstərdiyindən onun fəaliyyətinə də məhz həmin baxımdan yanaşmaq tarixi tədqiqatların metodoloji tələblərindən biridir. Dövlət rəhbərinə özündən sonra gələnlərlə deyil, özündən əvvəlkilərlə müqayisədə qiymət verilir. Lakin zamanı qabaqlayan, xalqının inkişaf yolunu əvvəlcədən bir neçə on illər və bəzən də yüz illər sonra üçün müəyyənləşdirən, xalqın tərəqqisi üçün başlıca şərt olan dövlətinin qüdrətlənməsi işinə ömrünü həsr edənlər  dahilər olurlar. Sonrakı tarixi dövrlərdə hakimiyyətə gələnlər öz xalqını və dövlətini daha da güclü etmək üçün məhz onların dövlətçilik irsinə və təcrübəsinə müraciət edirlər. Məhz həmin meyarlar baxımından Heydər Əliyevin dövlətçilik irsinə diqqət yetirmək, bəlağətə yol vermədən bəzi suallara elmi cəhətdən əsaslandırılmış və məntiqi cavab vermək yaxın tariximizi doğru bilmək, qiymətləndirmək və düzgün nəticələr çıxarmaq baxımından əhəmiyyətlidir. Doxsan ilin ucalığından Heydər Əliyev bir siyasətçi və dövlət xadimi kimi necə görünür? Regionun və dünyanın geosiyasətinin dəyişməsinə təsir edən dövlət xadimi kimi xarici siyasət fəaliyyəti necə görünür? Qeyd etmək istəyirəm ki, bu məqalə qətiyyən təbliğat məqsədi daşımır, böyük tarixi şəxsiyyətin fəaliyyətinə tarixçi  baxışıdır.

İstiqlalın təməli

Azərbaycan xalqı 1918-ci ilin may ayında müsəlman dünyasında bir “ilk”ə imza atdı. Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətini, respublika  idarə üsulunu  yaratdı. Müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının istilasına məruz  qaldıqdan sonra milli dövlət süquta uğradı. Azərbaycan SSR yaradıldı. Müstəqil dövlətçiliyin atributlarının məhv edilməsinə başlandı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında müstəqil dövlətlçiliyin ləğv edilməsi,  təbii sərvətlərinin amansızlıqla talan edilərək daşınıb aparılması, Azərbaycanın Mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli  ruhlu ziyalıların məhv edilməsi, təqiblər və repressiyalar ilə yadda qaldı. Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında intriqalar, Moskvaya şikayət dolu məktubların göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı. Sovet lideri Stalinin ölümündən sonra ölkədə nisbi yumşalma baş verdi. Lakin həmin yumşalmadan milli məsələlərin həlli üçün bacarıqla istifadə olunmadı. Mərkəz Azərbaycanı cəzalandırmaq yolu tutdu. Yenidən milli ruhlu insanlar sıxışdırılmağa başlandı.

1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra şərait tədricən dəyişməyə başladı. Fabrik və zavodların tikilməsi və işə salınması nəticəsində yerlərdən gənclərin paytaxta gəlməsi ilə çarizm və sovet dövrlərində əsl simasını itirimiş Bakı şəhərinə milli ruh qayıtdı.

Dövlət müstəqilliyinin maddi təməlləri olan ərazinin qorunmasına, əhalinin artımı və inkişafına,  hakimiyyətin  güclü olmasına xüsusi diqqət yetirildi. İstiqlalı üçün lazım olan maddi təməllər sovet sistemi daxilində formalaşmağa başladı. Azərbaycan ərazisindən qonşu respublikalara  pay verilmədi.Əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Bu, əhalinin demoqrafik inkişafına ciddi təsir etdi.

Heydər Əliyev sovet sistemi şəraitində Azərbaycanı daim didib-parçalayan, xalq haqqında mərkəzdə mənfi rəy yaradan intriqalara son qoydu. Hakimiyyətin qanadları arasında  yekdillik yaradıldı. Xalq ilə hakimiyyət arasında birlik quruldu, milli kadrların yerləşdirilməsinə üstünlük verildi.Güclü hakimiyyət formalaşdırıldı. Bütün ölkədə slavyan xalqların nümayəndələri milli respublikalarda hakimiyyət kürsülərinə daha çox gətirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçılar Heydər Əliyevin uğurlarından biri kimi məhz bu amili görürdülər.

İstiqlal üçün tələb olunan mənəvi amillərin formalaşması üçün addımlar atıldı. Məlum olduğu kimi, Azərbaycanın istiqlal fikri azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmışdı. İstiqlal məfkurəsini əsər və düşüncələrində gəzdirdikləri üçün əvvəlki illərdə daim təqib olunmuş alim, şair, yazıçı və jurnalistlər azad nəfəs aldılar. Belə şəxsləri Mərkəzin cənginə verməyən Heydər Əliyev bəzən yüngülcə tənqid etsə də, az sonra onlara yüksək fəxri adlar və vəzifələr verərək qoruyur və toxunulmaz edirdi. O, Azərbaycan dili üzrə tədqiqatların aparılmasını təşviq edir, həmin sahənin görkəmli alimlərinə dövlət mükafatları verirdi.Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Sovet dövründə hamının ümimi vətəni hesab edilən SSRİ-nin uzaq bir guşəsindən — Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin məzarının doğulduğu Naxçıvana köçürülməsinin dərin mənası var idi. Heydər Əliyev Azərbaycanın hər bir güşəsini ümumi  vətəndən üstün tutur, birinci yerə doğma yurdunu qoyurdu. Hüseyn Cavidin məzarının köçürülməsi təkcə tarixi ədəbi irsin mühafizəsinə göstərilən qayğı deyil, şair, yazıçı, jurnalist və alimləri cəsarətli olmağa çağırış idi. Əcnəbi tarixçilərin yazdığı kimi, azərbaycanlılar XX əsrdə iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinici dəfə, 1918-ci ilin sentyabr ayında —  Qafqaz İslam ordusu tərəfindən şəhər azad edildikdən sonra; ikinci dəfə isə özlərinə inamın artdığı 70-ci illərdə.Sonralar çıxışlarının birində Heydər Əliyev deyirdi:  “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır.Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.

Bakıdan Moskvaya

1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü başladı. Türk, müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə çəkilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması bir tərəfdən, dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana  müdaxilədən sonra müsəlman dünyasında  itirilmiş sovet nüfuzunu bərpa etmək niyyətləri ilə bağlı idisə, digər tərəfdən isə xarici ölkələrdə nəşr edilmiş əsərlərdə yazıldığı kimi, onun Azərbaycandan uzalqaşdırılması, Kremldə daha yaxın nəzarət altında saxlanılması  ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə hazırlanıb, yalnız onun formal elan edilməsi qalır. Bunun qarşısını Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqla deyil, Moskvada nəzarət altında saxlamaqla mümkün idi.

Lakin Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri respublikanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər. Azərbaycan geriyə getdi. SSRİ-də hakimiyyətə gələn Mixail Qorbaçov türk, müsəlman respublikalarının Leonid İliç Brejnev dövründə kifayət qədər irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətində idi. Buna görə də SSRİ rəhbərliyində olan türk dövlət xadimlərinə etinasızlıq göstərərək onları vəzifələrindən uzaqlaşdırdı, xalqlarını isə cəzalandırmaq yolunu tutdu. Heydər Əliyev də vəzifələrindən uzaqlaşdırıldı. Bundan sonra Azərbaycanın ağır günləri başlandı. Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə qarışmağa və hərbi müdaxiləyə başladı. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrildilər. Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri dağıdıldı. Hakimiyyət bütün bunların qarşısını almaq iqtidarında deyildi. Azərbaycan böhrana düşdü. Rəhbərlər bir-birinin ardınca dəyişdi. Lakin vəziyyət düzəlmədi.

Dönüş anı

SSRİ rəhbərliyi təcavüzkar Ermənistanı dayandırmaq əvəzinə, Azərbaycanı cəzalandırmaq yolunu tutdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşun hissələri dinc əhaliyə qarşı  kütləvi qırğın törətdi. Azərbaycan xalqına qarşı qəddar repressiya aktı olan bu hadisədən sonra Heydər Əliyev Moskvada təhlükəsizliyinin təmin edilməməsinə baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycan daimi nümayəndəliyinə gəlib bəyanat verərək 20 Yanvar qətliamını törədənləri  ittiham etdi, ən ağır məqamda xalqının  yanında oldu. Konkret mövqeyini ortaya qoydu. Bu, seçim anı idi. Heydər Əliyevin bu addımı onun gələcək siyasi və milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı, ümummilli liderlik üçün ilk addım idi.

Heydər Əliyev az sonra bəyanat verərək Sov.İKP sıralarını tərk etdi. Onun Kommunist Partiyasının sıralarından bəyanat verərək istefa etməsi bu ideologiyanın iflasında mühüm rol oynayan amillərdən biri oldu. Minlərlə insan ondan nümunə götürdülər. 20 Yanvardan sonra  xalq Moskva ilə yolunun bir olmadığı qənaətinə gəldi. Bu, bir dönüş anı idi. Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən başqa yolu qalmırdı. Respublika öz dövlət müstəqilliyinin bərpasının astanasında idi.

Moskvadan  Naxçıvana

Moskvada yaşamağın mümkün olmadığını görən Heydər Əliyev Moskvadan Azərbaycana gəldi. Lakin respublika rəhbərləri onun Bakıda yaşaması üçün təminat vermədilər. Heydər Əliyev doğulduğu Naxçıvana getdi. Naxçıvanlılar onu hərarətlə qarşıladılar. Az sonra  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri seçildi. Heydər Əliyevin sədrliyi altında Naxşıvan Muxtar Respublikası Ali Məclisi sovet dövrünün atributlarından imtina etdi. Azərbaycanın müstəqil dövlətçilik atributlarının bərpasına başlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti zamanı qəbul edilmiş üçrəngli bayrağımız ilk dəfə olaraq Naxçıvanda rəsmi olaraq dövlət bayrağı kimi qəbul edildi. Təkcə qəbul edilmədi. Azərbaycan rəhbərliyinə sovet dövrünün bayrağı, gerbi və himnindən imtina olunması da tövsiyə edildi. Beləliklə, Naxçıvan Azərbaycan milli dövlətçiliyinin bərpasının və qorunmasının bel sütununa çevrildi. Bir müddət sonra Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Bu, heç şübhəsiz, müasir tariximizin ən mühüm hadisələrindən biri oldu.

SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında əsasən aşağıdakı vəzifələr dururdu: Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq və qorumaq; Ermənistanın təcavüzünə son qoymaq; diktaturadan demokratiyaya, planlı təsərrüfatdan  azad bazar iqtisadiyyatına keçid və s.

Lakin Azərbaycan rəhbərləri həmin vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum yarandı. Hakimiyyət qanadları arasında ziddiyyətlər dərinləşdi.Ölkənin daxili və xarici siyasəti  ağır  vəziyyətə düşərək dalana dirəndi. Ermənistanın işğalının davam etdiyi bir şəraitdə Gəncədəki hərbi hissədə qiyam baş verdi. Qiyamı yatıra bilməyən hakimiyyət ölkədə baş verən proseslər üzərində nəzarəti tamamilə itirdi. Şimalda və cənubda separatçılıq gücləndi. Ölkə parçalanmaq təhlükəsi qarşısında qaldı. Azərbaycanın dövlət müstəqilliyi üçün təhlükə yarandı. Bu, Azərbaycan xalqının həyatında ağır  günlər idi. Xalqı və dövləti  uçurumdan çıxaran lider, dövlət xadimi yox idi. Xalqın mənəvi-psixoloji böhranı baş verdi. Sabaha ümidsizlik yaranmışdı. Xalq nicat yolu arayırdı. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə, intellektual səviyyəyə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət  beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Belə şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri  vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an olub, gələcəkdə xatırlanası və müraciət ediləsi deyil, utanc olan bir tarix idi. Xalq bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim çıxara bilərdi? Belə bir  tarixi şəxsiyyət var idimi?

Naxçıvandan Bakıya

Bu suallara cavb tapıldı. Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın inamına görə, yalnız o, Azərbaycan dövlətini dağılmaqdan, xalqı məvəvi-psixoloji böhrandan xilas edə, Ermənistanın işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət kursunu dəyişib yeni əsaslar üzərində qura bilərdi. Çarəsiz qalan respublika rəhbərliyi xalqın tələbləri əsasında Heydər Əliyevi Bakıya dəvət etdi. Əvvəlcə parlament sədri seçilən, az sonra isə ölkə prezidentinin  səlahiyyətlərini həyata keçirən Heydər  Əliyevin qarşısında daxili siyasət sahəsində xeyli ağır vəzifələrin həll edilməsi dururdu: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas  etmək, milli birliyi bərpa etmək, hakimiyyətin strukturları arasında həmrəylik yaratmaq, xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, ölkədə kriminogen şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz həyatını təmin etmək, ağır sosial-iqtisadi vəziyyətdə yaşayan xalqı inkişafa aparmaq və xalqının mənəvi-psixoloji ruhunu qaldıraraq dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və s.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında duran əsas vəzifələr dövləti qurmaq, Ermənistanın davam edən təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış bir istiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran  xarici siyasət xəttindən imtina etmək, ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq və s. idi. Bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Çünki Azərbaycan yerləşdiyi coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər imperiya siyasəti təcrübəsi olan böyük dövlətlərin sınaq meydanına, “qurdlar süfrəsi”nə çevrilmişdi.

Heydər Əliyev Bakıya gələn kimi yeni bir liderlik keyfiyyətini ortaya qoydu,  qiyamın baş verdiyi Gəncəyə təkbaşına getdi. Xalqın içində oldu. Gəncədə sabitlik tədricən bərqərar olmağa başladı.

Hakimiyyətə topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində  zora deyil, məhz xalqa arxalandı. Azərbaycanı boğan separatçılıq bilavasitə xalqın iradəsi ilə “dəfn” edildi. Xalq ayağa qalxıb separatçıları  qovdu. Azərbaycan xalqı dövləti müdafiə etdi. Lakin ölkə qarşısında həlli vacib olan digər məsələlər də dururdu. Ermənistan ilə müharibə davam edir, Azərbaycan əraziləri bir-birinin ardınca işğal edilirdi. Bu isə ölkənin inkişafına mane olan başlıca amil idi. Azərbaycan ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirməli, ya da hər hansı bir yol ilə atəşkəsə nail olub fasilə qazanmalı, dövləti qurmalı, onu möhkəmləndirməli idi.  Heydər Əliyev atəşkəs yolunu seçdi. Dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan  hərbi əməliyyatlar dayandırıldı. Bu, Azərbaycana bir sıra məsələləri həll etməyə imkan verdi.

İnkişafın açarı

Heydər Əliyevin bilavasitə iradəsi nəticəsində “Əsrin müqaviləsi” imzalanaraq həyata keçirilməyə başladı. O, bir-biri ilə didişən ölkələri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi. Ərazicə kiçik, əhalisinin sayı az olmasına baxmayaraq, Azərbaycan özündən qat-qat böyük olan dövlətləri bir araya gətirməyi bacardı. Sual oluna bilər: ərazisinə və əhalisinin  sayına görə kiçik bir dövlət olan Azərbaycanın dünya siyasətində rolunu artıran, mövqelərini gücləndirən, dünyanın cazibə mərkəzinə çevirən amillər  hansılar idi. Heç şübhəsiz, bu sualın konkret cavabı var: Heydər Əliyevin təkcə daxili siyasət məsələlərini, xalqın psixologiyasını deyil, dünya işlərini mükəmməl bilməsi, zəkası, uzaqgörənliyi, müdrikliyi, biliyi, bacarığı, qətiyyəti. Bu, Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, həmçinin bəşəriyyət  qarşısında nadir xidmətlərindən biri idi.    Heydər Əliyevin qətiyyəti “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında özünü aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdləri məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Bu çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz bir tərəfi oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, Azərbaycanda güclü dövlət vardır. Bununla da silahlı yolla  hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyuldu.

Çevrilişlərin qarşısının alınması digər bir mühüm məsələnin həllinə kömək etdi. Məlum olduğu kimi, Azərbaycanda sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və donor təşkilatlar Azərbaycana borc vermirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Azərbaycana investisiya axını başladı. Yeni neft strategiyası ölkənin inkişafı, güclü dövlət qurulması, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək üçün  açar oldu. İslahatlara başlanıldı. Özəlləşdirilmə həyata keçirildi. Azad bazar iqtisadiyyatına keçildi.Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirlirdi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu.

Xarici siyasətdə  yeni ab-hava

Ulu öndər hakimiyyətə qayıdarkən ölkənin xarici siyasəti böhran içində idi. Xarici siyasət xalqın və dövlətin qarşısında duran əsas vəzifələri yerinə yetirə, dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin edə bilmir, ölkəni problemlərə salırdı. Naşı insanların apardıqları xarici siyasət dövləti dalana dirəmişdi. Azərbaycan xalqı və dövlətinin maraqlarına cavab verməyən bu siyasətdən imtina edildi. Heydər Əliyev tarazlaşdırılmış xarici siyasət xəttini dövlətin beynəlxalq fəaliyyətinə gətirdi. O,  ilk xarici səfərini dünya demokratiyasına böyük töhfə vermiş, Azərbaycanın dövlət müstəqilliyinin de-fakto tanındığı və erməni lobbisinin güclü olduğu  Fransaya etdi. Bununla göstərdi ki, Azərbaycan demokratiya yolu tutub, dövlət müstəqilliyi daimi və əbədidir. Azərbaycan dövləti heç bir ölkənin deyil, yalnız öz maraqlarının yanındadır, erməni lobbisi və diasporunun fitnələrinə tutarlı cavab veriləcəkdir.

Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin nizama salınması üçün addımlar atıldı. İran və Rusiya ilə mehriban qonşuluq münasibətləri tədricən bərqərar edildi. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, starteji tərəfdaşları və müttəfiqləri müəyyənləşdirildi.   

Azərbaycan dövləti yeni neft strategiyasını reallaşdırdı. Çoxşaxəli neft və qaz kəmərləri inşa edilməyə başlandı. Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycanın müstəqilliyinin kəməri oldu. Hər hansı bir dövlətdən asılılığa son qoyuldu. Azərbaycanın neft strategiyası yenicə müstəqillik qazanmış Orta Asiya dövlətlərinin də dünyaya çıxışına kömək etdi. Tarixi İpək yolu bərpa edildi. Regionun geosiyasəti dəyişdi.

İnkişafdan doğan   problemlər

Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, xalqını parçalanmaqdan xilas etdi. Sabitlik yaratdı.Ölkəni inkişaf və islahatlar üçün hazırladı. Davamlı, sabit inkişafın təməli möhkəmləndirildi. Heç şübhəsiz, bütün bunlar asanlıqla başa gəlmədi. Azərbaycanın coğrafiyası elə 90-cı illərin əvvəllərindəki kimi eyni idi. Dəyişilməmişdi. Bəs nədən Azərbaycan belə bir inkişaf səviyyəsinə çatdı? Bu, geniş və dərin araşdırma tələb edən bir mövzudur.

Heç şübhəsiz, bütün digər ölkələr kimi Azərbaycan da problemlərsiz deyildir. Bu problemlər böhrandan, geriləmələrdən deyil, inkişafdan doğan problemlərdir. İnsanlar dünənkindən daha yaxşı yaşamağı istəyirlər. Bu isə yalnız müsbət  bir haldır.

İbrət

Heydər Əliyevin fəaliyyətindən alınan ibrət çoxdur. İlk növbədə, heç şübhəsiz, göz önünə lider və idarəçilik bacarığı, daxili və dünya işlərini mükəmməl bilmək amilləri gəlir. Xalq hakimiyyət kürsüsünü naşı adamlara verməməlidir. Təcrübə göstərdi ki, bu, ölkə üçün fəlakətlər yaradır. Xalq əgər sabit və davamlı inkişaf istəyirsə, dövlət güclü olmalıdır. Xalq dövlətinin yanında olmalı və onu qorumalıdır.

Gələcəyə böyük  ümidlərlə

Heydər Əliyevdən sonra hakimiyyətə gələn Prezident İlham Əliyevin hakimiyyəti Azərbaycan tarixində müasirləşmə ilə səciyyələnir. Tarixi təcrübə göstərir ki, ölkənin böyük maliyyə vəsaitləri, zəngin təbii sərvətləri ola bilər. Əgər ölkə həmin təbii sərvətləri milli sərvətlərə çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyi yadırğayarlarsa, ölkə digərlərindən geri qalır və çox vaxt da rəqabətə tab gətirmir. Buna dair çoxlu nümunələr gətirmək olar. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrildi. Azərbaycanı satış bazarına çevirmək istəyən bəzi ölkələr özləri Azərbaycan məhsulları  üçün satış bazarına çevrildilər. Sovet dövrü başa çatdıqdan sonra yaranmış boşluqda Azərbaycan xalqının əməyi yadırğamasının qarşısı alındı. İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazandı.Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, ölkə tərəqqi etdi, tikinti-quruculuq işləri genişləndirildi.Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi. Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanı başlıca ölkəyə çevirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin uğurla başa çatması ilə Azərbaycan dünyanın nəqliyyat qovuşağı olan bir ölkəyə çeviləcəkdir.

İlham Əliyev də tariximizdə bir sıra “ilk”lərə imza atdı. BMT Baş Məclisində çıxış edən ilk Baş nazirimiz, ruhumuzun şəhəri Təbrizə səfər edən ilk dövlət rəhbərimiz oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. İlham Əliyev Təhlükəsizlik Şurasının iclasına sədrlik edərək və  ən vacib dünya məsələləri barədə nitq söyləyərək dünya müdiriyyətinə rəhbərlik etdi. “Eurovision” mahnı yarışması ən mükəmməl şəkildə ölkəmizdə keçirildi. Tariximiz, maddi və mənəvi mədəniyyətimiz heç bir zaman  həmin yarışma keçirildiyi vaxtdakı kimi  təbliğ edilməmişdi. İşğal edilmiş ərazilər istisna olmaqla, Azərbaycan, ərazisində xarici hərbi baza və ya obyekt saxlamayan bir ölkəyə çevrildi. Azərbaycan kosmosa ilk peykini göndərərək Kosmos klubunun üzvü oldu. Tariximizdə ilk dəfə olaraq İlham Əliyev “dövlət canlı orqanizmdir, daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi. Azərbaycanın birinci Avropa Olimpiada oyunlarına 2015-ci ildə ev sahibliyi etməsi hər bir azərbaycanlı üçün qürurverici amil olacaqdır.

Alternativ varmı?

Bəzən soruşurlar: Heydər Əliyev yolunun Azərbaycanda alternativi varmı? Heç şübhəsiz, vardır. Həmin yol Azərbaycanı dağıtmaq, milli dövləti məhv etmək, ölkəni və xalqı parçalamaq, vətəndaş müharibəsinə sürükləmək, onu rəzil günə salmaq yoludur. Azərbaycan xalqı çətin ki, həmin yolu qəbul etsin.

Ötən illərin təcrübəsi göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu siyasi xətdən kənara çıxmaq Azərbaycana böyük fəlakətlər gətirər. Bu, həm də qonşu dövlətlər üçün arzuolunmaz proseslərin başlanması olar. Bu siyasətin davam etdirilməsi həm Azərbaycan xalqının, həm qonşu dövlətlərin, həm də bütün demokratik ölkələrin maraqlarına uyğundur.

Musa QASIMLI,
Milli Məclisin deputatı, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında