Gürcüstanın böyük dövlət xadimi Eduard Şevardnadze “Keçmiş və gələcək günlər barədə memuarlar”ında ulu öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, eləcə də dahi şəxsiyyət tərəfindən 90-cı illərin gərgin dövrlərində bu ölkədə yaşayan soydaşlarımıza göstərilən tükənməz qayğıdan geniş bəhs olunur.
Mənim üçün xüsusilə xoşdur ki, soydaşlarımızın üzləşdikləri problemlərin diqqət mərkəzində saxlanılması, çətinliklərin aradan qaldırılması o zaman Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi mənə həvalə edilmişdi. E. Şevardnadze yazır ki, Aslan Aslanov əziz dostum Heydər Əliyevin tapşırıqlarını tam dəqiqliyi ilə operativ şəkildə yerinə yetirirdi... Aslan Aslanov Azərbaycan Prezidentinin tapşırıqları və tövsiyələrinin, ümumiyyətlə, onun daxili siyasətinin əsil ötürücüsü idi. Cənab Aslanov dövlət başçısı Heydər Əliyevin tapşırdığı işləri çox yüksək səviyyədə görür, iki qonşu xalq arasında əsil dostluq körpüsü rolunu oynayır və bütün bunlara görə biz də onu “Sədaqət” ordeni ilə təltif etdik".
İndi bu sözləri oxuyarkən yaxın keçmişin çoxlu adi və qeyri-adi olayları yada düşür. Ulu öndərin 90 illik yubileyi günlərində onun tapşırığı və tövsiyəsi ilə görülmüş işləri yada salmaq, ümumilli liderimizin soydaşlarımıza olan sevgi və məhəbbəti barədə oxucularda təsəvvür yaratmaq istərdim.
...O dövrdə Dağlıq Qarabağ və ətraf rayonlarda olduğu kimi, qonşu Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində də ağır vəziyyət hökm sürürdü. Terror terroru, faciə faciəni əvəz etdikcə camaat qorxu, həyəcan içində çaş-baş qalmışdı. Bir növ arxasız, köməksiz olan soydaşlarımızın Azərbaycana köçhaköçü, kütləvi axını başlanmışdı.
Azərbaycanın öz problemlərinin, necə deyərlər, başdan aşdığı bir dövrdə Prezident Heydər Əliyev əzabkeş soydaşlarımızı əsla unutmurdu. Ölkəmizə axının qarşısının alınması üçün Gürcustanla əlaqələri yaxşılaşdırmağı, soydaşlarımızın əmin-amanlığını təmin etməyi, burada azərbaycanlılara məxsus olan abidələri, adət-ənənələri qorumağı, onlara qayğı və diqqət göstərməyi ön plana çəkirdi.
İlk növbədə soydaşlarımızın itirilmiş inamını, etibarını, tapdalanmış milli hisslərini dirçəltmək, elindən-obasından bir növ əllərini üzmüş insanları yenidən öz dədə-baba yurdlarına bağlamaq kimi mühüm bir prosesin həyata keçirilməsi diqqət mərkəzində idi. Ulu öndər vəziyyətlə müntəzəm maraqlanır, bizə tövsiyələr, tapşırıqlar verirdi...Şaxtalı, çovğunlu bir qış günündə ilk humanitar yardım maşın karvanı Dmanisi rayonuna yola salındı. Sonra daha bir karvan... Daha bir karvan... Həftələr, aylar keçdikcə xeyriyyə karvanları daimi xarakter aldı. Soydaşlarımız hiss elədilər ki, müstəqil ölkəmiz, Azərbaycan xalqı, xüsusilə dünya şöhrətli Heydər Əliyev mövcud problemlərlə dərindən maraqlanır və onlara hər an, hər cür kömək göstərməyə hazırdır. Nankor ermənilərin, eləcə də Qamsaxurdiya rejiminin fitnə-fəsadından, terror əməllərindən sarsılaraq evini-eşiyini yiyəsiz qoyub Azərbaycana gəlmək istəyən insanların qarşısı alındı.
Gediş-gəliş artdıqca soydaşlarımızın qəlbində inamsızlığı ümid, qorxunu cəsarət əvəz etdi. Əsrlərdən bəri mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasında Heydər Əliyevin müdrik siyasəti sayəsində dostuğun yeni mərhələsi başlandı. Müntəzəm görüşlər, əlaqə-ünsiyyət, səmimi münasibətlər insanların psixologiyasına, əhval-ruhiyyəsinə güclü təsir etdiyindən soydaşlarımızın öz dədə-baba yurdlarından perikməsinə son qoyuldu.
Qaçqın karvanı əvəzinə bizə minnətdarlıq məktublarının axını başlandı. Gürcüstan dövlət başçısının Borçalı quberniyası üzrə nümayəndəsinin müavini Hacımurad Xəlilovun bu qayğı və köməkdən ürəklənən həmyerliləri adından şəmkirlilərə ünvanladığı məktubu indi də həyəcansız oxumaq olmur: “Əziz Aslan müəllim, hər dəfə Siz, Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı ilə bu yerlərə gəlib-gedəndə inanın ki, qəlbimiz dağa dönür. Istər hökumət nümayəndələrinin, istərsə də şair və yazıçıların, ayrı-ayrı peşə sahiblərinin səfərləri bizə daim qol-qanaq verir. Bu ağır günlərdə bir də yəqin elədik ki, Azərbaycan bizim ümid yerimiz, cənab Heydər Əliyev isə arxamız, dayağımızdır...”.
Bu sözləri oxuduqca AXC-Müsavat hakimiyyəti dövründə ölkənin müxtəlif rəhbər orqanlarına atamın yazdığı məktublar, teleqramlar yada düşür. Atam Şəmkir Dövlət Damazlıq Birliyinin rəisi idi. Azərbaycandakı hərc-mərcliyi görəndə vəzifəsindən imtina etdi. Sözü bu idi ki, Heydər Əliyev respublika rəhbərliyinə dəvət olunsun. Gördü ki, yuxarılarda bu fikrə əhəmiyyət verən yoxdu, 1992-ci il aprelin 16-da özü birbaşa Heydər Əliyevə məktub yolladı (həmin məktubu və sonra göndərilən məktubları atamın əziz yadigarı kimi saxlayıram). Məktubda deyilirdi: “Möhtərəm Heydər Əlirza oğlu! Respublikamız böhran içindədir. Xalqı bu faciədən yalnız Siz xilas edə bilərsiniz. Sizdə bu qabiliyyət, qətiyyət, təcrübə, savad və mənlik vardır. Ona görə də artıq dərəcədə xahiş edirəm, tezliklə Azərbaycan Respublikası prezidentliyinə öz namizədliyinizi verəsiniz. Xalqımızın ümidi yalnız Sizədir. Ölkəni bu bəladan yalnız Siz xilas edə bilərsiniz.
Dərin hörmətlə,
Əli Aslanov".
...Xalqın tələb və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı xaosdan xilas etdi. İndi də ondan Gürcüstandakı soydaşlarımız nicat gözləyirdilər. Budur, dağ vüqarlı, polad iradəli Heydər Əliyev soydaşlarımızın köməyinə gəlib... 1996-cı ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Respublikasına ilk rəsmi səfəri çox mətləblərə işiq saldı. Gürcüstan–Azərbaycan dostluğunun qədim tarixinə yeni səhifələr yazıldı, yeni fəsillər əlavə olundu... Burada uzaqgörən ulu öndərimizin müdrikliyindən, tükənməz milli təəssübkeşliyindən, soydaşlarımıza, onların ata-baba yurdlarına olan dərin məhəbbətindən xəbər verən bir epizod yada düşür. Cənab Heydər Əliyevin Gürcüstana səfəri ilə əlaqədar keçirilən təntənəli toplantı zamanı çıxış edən Eduard Şevardnadze xalqlarımızın tarixi dostluğundan danışarkən necə oldusa “Azərbaycan diasporu” sözünü işlətdi. Cənab Heydər Əliyev o dəqiqə söhbətə müdaxilə etdi. “Diaspor-yox-dedi, -azərbaycanlılar sonradan gəlmə deyillər. Tarixən bu yerlərdə yaşayırlar. Buralar onların əzəli, əbədi məskənləridir”. Şevardnadze gülümsədi və cənab Heydər Əliyevin sözünü təsdiq etdi.
Bu tarixi görüşdən sonra Prezident Heydər Əliyevin tapşırığı ilə Gürcüstanda yaşayan soydaşlarımıza şəmkirlilərin xeyriyyəçilik ənənələri yeni vüsət aldı. Qardabanidə köhnə, uçulub dağılmaqda olan məscid binası bərpa olundu. Marneuli rayonunda yeni məscid tikildi, Kosalı kənd orta məktəbinə xeyli miqdarda yanacaq və tədris ləvazimatı verildi. Bolnisi rayonunda Arkivan kənd orta məktəbi təmir edildi. Qardabani və Dmanisi rayonlarında ehtiyac içində yaşayan onlarca ailəyə vaxtaşırı ərzaq və tikinti materialı göndərildi. Tbilisidə azərbaycanlı uşaqların oxuduqları 73 saylı orta məktəb əsaslı təmir olundu, onun bağlanmaq təhlükəsi aradan qaldırıldı. Qısa müddət ərzində burada şagirdlərin sayı 60-dan 300 nəfərə çatdı. Həmin dövrdə Tbilisidə azərbaycanlı uşaqların oxuduqları daha bir məktəbin də maddi-texniki bazası möhkəmləndirildi.
...“Gürcüstan” qazeti 75 illik yubileyə hazırlaşırdı. Qəzetin maddi-texniki bazası isə çox zəif idi. Söhbətlərdən birində dövlətimizin başçısı soydaşlarımızın mətbu orqanı olan “Gürcüstan” qəzetinə lazımi qayğı göstərilməsinin vacibliyini bildirmişdi. Prezidentin tövsiyəsini, tapşırığını dərhal reallaşdırdıq. Qəzetin 75 illik yubileyi ərəfəsində yaradıcı kollektivə bir neçə ton kağız, kompyuter dəsti, faks, surətçıxaran aparat, iki ədəd printer və digər avadanlığı hədiyyə etdik. Qəzet əməkdaşlarının bir neçə aylıq əmək haqqının ödənilməsini yoluna qoyduq. Gördük ki, qəzetin kollektivi nəqliyyat sarıdan əziyyət çəkir. Bunu eşidən rəhmətlik atam “Qaz-24” markalı “Volqa” maşınını redaksiyaya bağışladı.
Biz təkcə soydaşlarımıza yox, ulu öndərin tövsiyəsi ilə gürcü dostlarımıza da yardımlar aparırdıq. Xüsusən, Abxaziyada milli münaqişələrdən sonra doğma ev-eşiklərindən, yurd-yuvalarından qaçqın düşüb Tbilisidəki “İveriya” mehmanxanasında məskunlaşan gürcülərə, eləcə də ölkənin müxtəlif bölgələrində sığınacaq tapan qaçqınlara da əl tutur, müəyyən yardımlar edirdik.
O qanlı-qadalı günlərdə “İveriya” mehmanxanasında olan bir görüş heç yadımdan çıxmır. Abxaziyada milli münaqişələrdən sonra yurd- yuvalarından didərgin düşmüş gürcülərə, eləcə də ölkənin müxtəlif bölgələrindən gəlib sığınacaq tapan qaçqınlara Şəmkirdən xeyli ərzaq aparmışdıq. Sovqatlar paylanan zaman Gürcüstanın xalq yazıçısı Quram Pancikidze həyəcanla deyirdi: “Mənim xalqım gözütox, zadəgan, knyaz nəslindəndir. Onlar acından və şaxtadan ölsələr də, öz qürurlarını saxlayaraq heç kimə əl açmayıblar. Bu gün şəmkirlilərin sovqatını qardaş payı kimi qəbul edirik. Bilirik ki, bu yardımlar gürcü ziyalıların sevimlisi Heydər Əliyevin tapşırığı ilə gətirilib”.
Ulu öndərin ünvanına belə xoş sözlər tez-tez səslənirdi. Bir dəfə din xadimlərinin dilindən eşitdiyim söhbətləri heç unuda bilmirəm. Soyuq qış günlərindən biri idi. Təbii qaz balonları və ərzaq məhsulları aparmışdıq. Ümumgürcüstan katolikosu-patriarx II İlya Azərbaycan xalqının xeyirxahlığından minnətdarlıqla söz açdı. Dövlətimizin başçısının müdrikliyini xüsusi vurğuladı. “Cənab Heydər Əliyevin qədrini bilin-dedi, -o, bütün Qafqazın ağsaqqalıdır. Həmişə insanlar arasında səmimiyyət, mehribanlıq yaratmağa çalışır. Çətinə, dara düşənlərə əl tutur, qayğı göstərir. Qoy Tanrı onu qorusun”. Sonra da məndən dönə-dönə xahiş etdi ki, Gürcüstanın bütün din xadimlərinin səmimi salamlarını və dərin təşəkkürünü cənab Heydər Əliyevə yetirim.
XIX əsrin sonlarında və XX yüzilliyin əvvəllərində Tbilisi şəhəri Zaqafqaziyanın mədəni mərkəzlərindən biri sayılırdı. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə azadlıq fədailərinin sığınacaq məkanlarından birinə çevrilmişdi. Ulu öndər tapşırıq verdi ki, bu qədim şəhərdə dünyasını dəyişən ziyalıların taleyini araşdırım. İlk öncə Mirzə Fətəli Axundovun geniş və yaraşıqlı evi müəyyən təmir-bərpa işləri aparılaraq azərbaycanlıların mədəniyyət mərkəzinə çevrildi. Sonra Nəriman Nərimanovun doğma ocağı erməni əsilli nankorlardan təmizləndi. Mirzə Cəlilin mənzilində, “Molla Nəsrəddin” jurnalının redaksiyasında, “Qeyrət” mətbəəsində təmir-bərpa işləri aparılaraq xatirə muzeyləri yaradıldı. Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin nəzdində İbrahim İsfahanlı adına teatrın fəaliyyəti bərpa olundu. Az qala, unudulmaqda olan bu səhnə fədaisinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Cümə məscidinin qənşərində böyük sənətkarın yaşadığı binaya xatirə lövhəsi vuruldu.
Tbilisidəki Nəbatat bağında yenidənqurma işləri aparıldı. Köhnə qəbirlər tamamilə sıradan çıxa bilərdi. Ulu öndərin tövsiyəsilə iki yüz kvadratmetrdən çox ərazi abadlaşdırıldı. Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə qovuşduğu bu müqəddəs yer əsil ziyarətgaha çevrildi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovım büstü bərpa edildi. Unudulmaz şairimiz Mirzə Şəfı Vazehin qəbirüstü abidəsi ucaldıldı. Görkəmli ziyalı Həsən bəy Ağayevin büstü qoyuldu. Qədim müsəlman qəbiristanlığında Tiflis ədəbi mühitindən çıxmış, müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparmış insanların, tanınmış elm və mədəniyyət nümayəndələrinin, ictimai-siyasi xadimlərin adları yazılmış fəxri güşə yaradıldı. Zərli boya ilə “Azərbaycan övladları” sözləri yazılmış mərmər lövhədə öz dövrünün adlı-şanlı ziyalıların, böyük şəxsiyyət kimi tanınan soydaşlarımızın: Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtinski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov və onlarca başqalarının adları həkk olundu. Bütün bunlar bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və tövsiyəsi ilə həyata keçirildi.
Burada çox önəmli bir epizodu da xatırlatmaq istərdim. 1996-cı ilin soyuq qış günlərindən biri idi. Həmişə olduğu kimi, soydaşlarımızla görüş üçün Tbilisiyə getmişdik. İşimizi görüb evə qayıtmağa hazırlaşırdıq. Axşam saat doqquz olardı. Mənə məlumat verdilər ki, ağbirçək bir qadın təklikdə görüşmək, nəsə bir söz demək istəyir. Görüşdük, söhbətdən məlum oldu ki, qocaman müəllimə xalqımız üçün çox böyük əhəmiyyətə malik bir sirrin üstünü açmaq fikrindədir. Müəllimə illər boyu heç kimə bildirmədiyi bir həqiqəti-Fətəli Xan Xoyskinin dəfn edildiyi yeri mənə açıqladı: “O zaman-dedi, -Fətəli Xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırdılar...”.
Sonra qadın o yeri göstərib dedi ki, buradakı ermənilər xəbər tutsalar, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevə çatdırmağınızı xahiş edirəm.
Həmin gün axşam Şəmkirə qayıtdım və ulu öndər Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstanla bağlı ümumi məlumat verdim. Sonda ölkə Prezidentinə ağbirçək müəllimənin dediklərini də çatdırdım. Ümummilli liderimiz dərhal soruşdu: “Bu məsələdən daha kimin xəbəri var?” Cavab verdim ki, məndən başqa sürücüm və daha iki nəfər bilir. Ani sükutdan sonra Heydər Əliyev soruşdu:
-Yorulmamısan? Dedim: -Xeyir. Tapşırdı ki, elə indi geri qayıdıb, orada keşik çəkin. Səhər isə Tbilisi Cümə məscidinin axundunu da götürüb müsəlman adət-ənənəsi ilə, deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrinin M. F. Axundovun büstünün yanına köçürülməsini təmin edin. F.X.Xoyskiyə xüsusi məhəbbətim olduğu üçün qəbirüstü abidənin açılışında mən özüm iştirak edəcəyəm.
Ulu öndərin dediyi kimi də elədik. Abidə vaxtında hazır oldu. Çox gözəl də alındı. 1996-cı il mart ayının 9-da cənab Heydər Əliyev Fətəli Xan Xoyskinin büstünün açılışında şəxsən iştirak etdi.
Bu cür geniş miqyaslı əlaqəli-əhatəli problemlərin həlli ilə yanaşı, dövlətimizin başçısı hər bir ziyalının, hər bir soydaşımızın qeydinə qalır, onun taleyi ilə maraqlanırdı. Yəqin oxucuların yadındadır: 1996-ci ilin mart ayının 17-də Bakıdan Borçalı mahalına gedən avtobus Tovuz rayonu ərazisində qəzaya uğramışdı. İyirmi altı nəfər bir anda həyatdan köçdü. Aralarında yenicə dil açan körpələr də var idi, nişanlı qızlar da, yeniyetmə oğlanlar da. Elə həmin gün ulu öndər Şəmkirə zəng çaldı. Mənə tapşırdı ki, mərhumların ata-baba yurdlarına çatdırılmasını, onların el adətincə son mənzilə yola salınmasını və onların hüzn məclislərinin keçirilməsini təşkil edim. O qəmli-hüznlü günlərdə qədirbilən insanların, el ağsaqqallarının göz yaşları içərisində Heydər Əliyevə necə xeyir-dua etdiklərini ömürboyu unuda bilmərəm. Onu da qeyd edim ki, ulu öndərimizə hörmətin ifadəsi olaraq həmin mərasimlərdə Eduard Şevardnadze də mənimlə birgə iştirak edirdi.
Ustad aşıq Kamandar dünyasını dəyişəndə ulu öndər mənə dedi ki, dəfnində, yasında iştirak etmək lazımdır. Bax gör, nəyi var, nəyi yox... Qəbirüstü abidəyə də özün fikir ver.
Bir də görürdün ən “sadə” bir insanın günü-güzəranı, xeyri-şəri ilə maraqlanır. Biz də çalışırdıq ki, hər işi o böyük, dahi insanın adına layiq görək.
Gürcüstanın xalq artisti İbrahim İsfahanlının yüz illik yubileyi, demək olar ki, unudulmuşdu. Cənab Heydər Əliyev yada saldı. Yığışıb Tbilisiyə getdik. Şota Rustaveli adına Dövlət Akademik Dram teatrında təntənəli yubiley gecəsi keçirildi. Yaşadığı binaya xatirə lövhəsi vuruldu, barelyefi qoyuldu... Bu cür tədbirlər saysız-hesabsızdır.
2001-ci ilin avqust ayında cənab Heydər Əliyevin tapşırığı ilə mən, akademik Məmmədtağı Cəfərov və yazıcı-jurnalist Əhməd İsayev Marneuli şəhərinə getdik. Azərbaycanın uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair-pedaqoq Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar onun dədə-baba ocağında ev muzeyinin və barelyefinin açılışında iştirak etdik. Xatırladım ki, ev muzeyin yerləşdiyi küçəyə həmin vaxt asfalt örtük çəkilməsi də unudulmamışdı. Onu da deyim ki, sözügedən açılış mərasimində şairin oğlu, ədəbiyyatşünas-alim Kamal Talıbzadə çıxışında ulu öndər Heydər Əliyevə dərin minnətdarlığını bildirdi.
Azərbaycanda hamı yaxşı bilir ki, Şərqin böyük siyasətçilərindən hesab olunan yazıçı, həkim Nəriman Nəcəf oğlu Nərimanov Tbilisidə anadan olub. N. Nərimanov doğulub, boya-başa çatdığı binanı Kərbəlayı Allahverdi qədim müsəlman məhəlləsində oğlu Nəcəf üçün, yəni Nəriman Nərimanovun atası üçün tikdirib... Sovet rejimi bərqərar olandan, daha dəqiq desək, 1929-30-cu illərdən sonra hərə bir yana dağılıb, mülk əldən-ələ keçib. İndi isə bütün dünya azərbaycanlıları fəxrlə, qürurla deyə bilərlər ki, tanınmış dövlət xadimi, yazıçı, doktor Nəriman Nərimanovun Tbilisidə də ev-muzeyi var. Qeyd edim ki, həmin ev-muzey ulu öndərin tapşırığı ilə mənin adıma özəlləşdirilmişdir.
Yeri gəlmişkən, N. Nərimanovun və C. Məmmədquluzadənin (“Qeyrət” mətbəəsi də burada yerləşir) ev-muzeyləri ermənilərdən alınaraq mənim adıma özəlləşdirilmiş və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirilməsi tarixi bir hadisədir. Bu missiyada iştirak etdiyimə görə məmnunluq hissi keçirirəm. Ümumiyyətlə, həmin evlərin xalqa qaytarılması ilə bağlı müraciətimə tez bir zamanda cavab və icrasına göstəriş verdiyinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdaram.
Müdrik Heydər Əliyev iki qonşu xalq arasında mehribanlığın, səmimi dostluğun, əlaqə-ünsiyyətin günü-gündən inkişafı üçün mümkün olan hər bir tədbirdən istifadə edirdi. Həyatın hər sahəsində-istər mənəvi münasibətlər, istərsə də ədəbi-mədəni əlaqələr getdikcə genişlənirdi. Bununla bağlı bir neçə faktı diqqətə çatdırmaq istərdim. Dövlətimizin başçısının yeritdiyi müdrik siyasət sayəsində Eduard Şevardnadzenin “Mənin seçimim” kitabı gürcücədən Azərbaycan dilinə, “Azərbaycan-Gürcüstan. Dostluğumuzun təntənəsi” adlı məqalələr toplusu isə azərbaycancadan gürcü dilinə çevrilərək nəşr olunmuşdur. Görkəmli türk publisisti İrfan Ülkünün Prezidentimiz-ulu öndər Heydər Əliyevin həyatından bəhs edən “Qızıl ulduzdan hilala doğru” əsəri türk dilindən, “Əsrin adamı”, habelə Mir Cəlalın “Bir gəncin manifesti” əsəri, Aşıq Ələsgərin “Qoşmalar”ı Azərbaycan dilindən gürcü dilinə tərcümə edilmiş, gürcücə-azərbaycanca lüğətlər nəşr olunmuşdur. Nodar Dumbadzenin “Mən günəşi görürəm” adlı əsəri, Quram Pançikidzenin “Saf daş” romanı, Çansuq Çarkvianinin “Mən və mən” şeirlər kitabı, Moris Posxişvilinin “İki məhəbbət” poeması, İmir Məmmədlinin “Peyğəmbərin kəlamları”, ümumən 50-dən çox kitab Azərbaycan oxucusuna çatdırılmışdır.
Bütün bu sosial-mənəvi məsələlərlə yanaşı, ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm proqramların həyata keçirilməsində də qonşu Gürcüstan Respublikasının maraqlarına xüsusi önəm verirdi. Uzun illər cənab Heydər Əliyevlə çiyin-çiyinə çalışmış Eduard Şevardnadze öz “Memuarlar”ında ulu öndərimizin bu tarixi xidmətlərini minnətdarlıqla xatırlayaraq yazır: “...Əliyev enerji daşıyıcılarının əsas marşrutunun Gürcüstandan keçməsi üçün əlindən gələni əsirgəmirdi. Bakı-Supsa ilkin neft borusu tez bir zamanda 6-7 ay ərzində inşa olundu... Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikilişi beynəlxalq maraqlara, eləcə də ABŞ və Türkiyənin aktiv dəstək obyektinə çevrilməsinə səbəb oldu və Gürcüstana çox əhəmiyyətli bir beynəlxalq funksiya qazandırdı”. Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Gürcüstan–Azərbaycan dostluğu yolunda yaratdığı ulu körpünün qızıl kərpicləri sayıla bilər. Bu dostluq bədxah qonşularımız istəsələr də, istəməsələr də getdikcə möhkəmlənir, yenilməz qüvvəyə çevrilir.
2007-ci ilin may ayında Tbilisidə Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili tarixin reallıqlarına söykənən çıxışında demişdir: “Regionumuzun geosiyasəti məhz Heydər Əliyevin qərarından sonra dəyişdi... Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müasir Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində inteqrasiya və müvəffəqiyyətin, ümumi gələcəyimizin rəhnidir”.
Tarixin yaddaşında müdrik Heydər Əliyevin əvəzsiz işləri barədə saysız-hesabsız faktlar yaşayır. Eduard Şevardnadze öz “Memuarları”nda ulu öndər Heydər Əliyevlə bağlı çox mühüm mətləblərdən söz açır: “Tale elə gətirdi ki, Əliyev və mən 10 il ərzində öz ölkəmizə rəhbərlik etdik. Bu illər mükəmməl dostluq və qardaşlıq illəri idi. Moskvada olduğumuz zaman biz ailəvi yaxın idik-mənim həyat yoldaşım Nanulı Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımın xətrini səmimi-qəlbdən istəyirdi. O, çox gözəl insan, həkim və professor idi... Xatırlatmaq istəyirəm ki, Əliyevə öz kurasiyasından başqa, tez-tez digər məsələlərlə birgə, müxtəlif regionlarda xarici-siyasi əlaqələrin həllini də tapşırırdılar, o da bunu özünəməxsus məsuliyyətlə yerinə yetirir və böyük nailiyyətlər əldə edirdi. Möhkəm iradəli və olduqca müdrik bir dövlət xadimi idi. Tezliklə bütün ittifaq miqyasında nüfuzu artdı...”.
Burada bir məqamı da nəzərə çarpdırmaq istərdim. 1994-cü il oktyabr və 1995-ci ilin mart hadisələrində ölkəmiz xarici düşmənlərin təsiri altına düşmüş daxili qüvvələrin təcavüzünə məruz qalanda, dövlət çevrilişinə cəhd göstəriləndə bunun qarşısının alınması məqsədilə Şəmkir rayonunda, qərb bölgəsində mənim rəhbərliyim altında xüsusi qərargah yaradılmışdı. O zaman ulu öndərin ölkədə sabitliyin qorunub saxlanması üçün verdiyi tapşırıqlar nə qədər çətin və ağır olsa da, qətiyyətlə yerinə yetirdim. Yaxşı xatırlayıram: həmin günlər od-alov içində keçirdi. İndi bununla fəxr duyuram ki, dahi rəhbərin mənə verdiyi tapşırıqları ləyaqətlə yerinə yetirmişəm...
Yeri gəlmişkən, həmin dövrdə Kəlbəcər uğrunda ağır döyüşlər gedirdi. Cəbhənin silah-sursatla təchizatı ilə bağlı ulu öndər mənə də müəyyən tapşırıqlar vermişdi. Bununla əlaqədar Tbilisidən 30 ədəd tank mühərriki alıb hərbi hissəyə göndərmişdim. Dahi öndər bundan xəbər tutduqda zəng edib soruşdu ki, mühərrikləri neçəyə almısan?.. Qiyməti dedim. Gülərək bildirdi ki, bu işi davam etdir. Ölkənin maliyyə vəziyyətinin indiki ağır vaxtında bizim Müdafiə Nazirliyi həmin ehtiyat hissələrini dəfələrlə baha qiymətə Ukraynadan alır... Xatırladım ki, o zaman 30 ədəd “Zil-131" maşını, 17 ədəd raketi ucuz qiymətlərlə alıb cəbhə bölgəsinə təhvil verdim. Əlbəttə, bu, qonşu ölkə ilə aramızdakı şəxsi dostluq münasibətinin nəticəsi idi...
Burada cənab Prezidentimiz İlham Əliyevin 2004-cü ildə Qurtuluş Günündə şəmkirlilərlə görüşündə dediyi sözləri diqqətə çatdırmaq istəyirəm: “ESiz bütün dövrlərdə Azərbaycanın dövlətçiliyinə xidmət etmisiniz. Müstəqil Azərbaycanımızın, müstəqil dövlətimizin müstəqilliyini gücləndirmisiniz. Azərbaycan üçün ən çətin dövrlərdə şəmkirlilər Azərbaycan dövlətçiliyinə arxa və dayaq olmuşdur. Bunu bütün Azərbaycan bilməlidir”.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş nəcib ənənə davam edir. Eduard Şevardnadzenin dediyi kimi, bu gün Heydər Əliyevin işini və ölkəmizin qardaşlıq ənənələrini onun oğlu—böyük ziyalı, dövlət xadimi İlham Əliyev uğurla davam etdirir. O, atasının irsinə dəyərli şəkildə başçılıq edir və Azərbaycanda, eləcə də Gürcüstanda böyük inam və nüfuz qazanmışdır.
Dövlətimizin başçısı İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə yeritdiyi siyasi kursa sadiq qalaraq Gürcüstan-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi üçün böyük işlər görürlər. Azərbaycanlılar yaşayan bölgələrdə məktəblər təmir edilir, yollar abadlaşdırılır, körpülər salınır, su və qaz problemləri aradan qaldırılır. Hər il qonşu respublikaya Azərbaycan dilində yüzlərlə dərslik, kompyuter və digər avadanlıq göndərilir. Soydaşlarımızın adı ilə bağlı olan hər bir guşənin abadlığı və əbədiliyi üçün lazımi qayğı və kömək göstərilir.
Gürcüstan–Azərbaycan dostluğunun tarixinə hər il yeni-yeni səhifələr yazılır. Bu isə ilk öncə ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasətinin bəhrəsidir.
Aslan ASLANOV,
YAP Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.