Prezident İlham ƏLİYEV: Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasındakı birlik uğurlarımızı şərtləndirən əsas amillərdir

 

 

 

 

(əvvəli qəzetin 16 aprel

     2013-cü il tarixli sayında)

Azərbaycanda neft-qaz sektoru isə hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Bu baxımdan ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü tipli sazişlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş  “Əsrin müqaviləsi” çərçivəsində əvvəlki dövrlərdə olduğu kimi, 2012-ci ildə də mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə bir sıra  nailiyyətlər qazanılmışdır. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2012-ci ilin  nəticələrinə dair hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, yanvar-dekabr ayları ərzində  konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 725 milyon dollar, əsaslı məsrəflərinə isə  2 milyard 495 milyon dollar xərclənmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.

2012-ci ildə  müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 32,9 milyon ton və ya 243 milyon barel neft hasil olunmuşdur. Həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı isə 664 min 400 barel təşkil etmişdir. Bunun da 74 min 440 bareli “Çıraq”, 158 min 430 bareli “Mərkəzi Azəri”, 190 min 540 bareli “Qərbi Azəri”, 134 min bareli “Şərqi Azəri” və 107 min   bareli “Dərinsulu Günəşli” platformalarının payına düşür.  Bütövlükdə isə 1997-ci ilin noyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlandığı gündən 2012-ci ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən 292 milyon ton neft çıxarılmışdır.

Qeyd etmək lazımdır ki, hazırda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” yatağından çıxarılan  kondensatla yanaşı, Türkmənistan nefti də daşınır.  Bununla yanaşı, adıçəkilən kəmərlə Qazaxıstanın “Tengiz” yatağından neft həcmlərini daşımaq haqqında sazişlər də mövcuddur. Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli fəaliyyəti üçün geniş imkan yaradır. Göründüyü kimi, Azərbaycanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün ölkəmizdə son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan yaradır.

Ötən il Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin imzalanması olduqca mühüm tarixi hadisə sayıla bilər. Bu layihə ölkəmizin iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola malikdir. Prezident İlham Əliyev həmin layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda və Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır.”

Hazırda respublikamızda insanların güzəranının daha da yaxşılaşdırılması yalnız maaşların, pensiya və müavinətlərin artırılması ilə məhdudlaşmır. Bu istiqamətdə ən vacib məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Fərəhli haldır ki, son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən misilsiz nailiyyətlər bu məqsədin də uğurla reallaşmasına şərait yaratmışdır. Ölkə ərazisində ötən il ərzində yaradılmış 5417 yeni müəssisədən 60 faizi Bakı şəhərində, qalan hissəsi isə digər  iqtisadi rayonlarda fəaliyyətə başlamışdır. Hesabat dövründə Azərbaycanda 120355 yeni, o cümlədən 95685 daimi iş yeri açılmışdır. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2009-cu il tarixindən 1 yanvar 2013-cü il tarixinə qədər olan dövr ərzində cəmi 361088 olmaqla 275274 daimi iş yeri yaradılmışdır, işsizlik səviyyəsi 5,2 faizə enmişdir.

Hazırda dünya dövlətlərinin iqtisadi qüdrətini müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə həmin dövlətlərdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir vaxtda ölkəmiz də qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq respublika Prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. Bununla bağlı verilən sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair “Tədbirlər Planı”nı hazırlayıb və Azərbaycan Respublikasının Prezidentinə təqdim ediblər.

Heç də təsadüfi deyil ki, ölkə başçısı bu yaxınlarda Davos  İqtisadi Forumu (DİF) çərçivəsində keçirilən və “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusuna həsr olunmuş sessiyada çıxışında İKT-nin ölkəmizdə prioritet sahə elan edildiyini, dövlətin bu sahənin inkişaf etdirilməsinə stimullaşdırıcı maliyyə dəstəyi verəcəyini, eləcə də bu ilin “İKT ili” elan edildiyini bir daha beynəlxalq birliyə bəyan edib. Həmçinin Prezident İlham Əliyev Davosda “Booz&Co”, “McKinsey”, “Microsoft” və “ThalesAlenia” şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə də İKT, internet, peyk sənayesi və əlaqədar sahələrin ölkəmizdə sürətli inkişafını təmin etmək üçün kompleks işlərin görüləcəyini potensial investorların diqqətinə çatdırıb.

Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın və buna görə də real iqtisadiyyatın inkişafını prioritet elan etmişdir. Qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasi regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı davamlı inkişafın mahiyyəti barədə demişdir: “Bəzi hallarda bizim uğurlu işlərimizə kölgə salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı cavabımızı vermişdik. Bu gün də demək istəyirəm ki, dünyada bizdən qat-qat çox neft hasil və ixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik—budur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.

Dövlət başçısı bu günədək həyata keçirilən siyasi-iqtisadi kursun uğurlarını, hərtərəfli inkişafın davamlı olacağını vurğulayaraq demişdir ki, Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir. Biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük, rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik. Biz böyük maliyyə imkanlarına malikik. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Bu, dünya miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik aradan qaldırılır. Birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir.

Qeyd etmək lazımdır ki, son dövrdə ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni tikili və obyektlərin istifadəyə verilməsi davam etdirilmişdir. 2012-ci ildə Bakı şəhərində Metal konstruksiyalar zavodu, Bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bərk məişət tullantılarının yandırılması zavodu, “Baku Crystal Hall” İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, “Qafqaz Baku City Hotel and Rezidences” və “JW Marriott Absheron”, “Four Seasons” otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına stadion yenidənqurmadan sonra, “Bakcell Arena” stadionu, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində “Azgüntex” zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzi zavodları, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Qazax rayonunda konserv zavodu və Şahmat Mərkəzi, Qusar rayonunda “Qusar-1"   Kiçik Su Elektrik Stansiyası, ”Zirvə"   və “Qaya” otelləri, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Şəki rayonunda “Shaki Palace” oteli, taxıl anbarı və dəyirman kompleksi və digər obyektlər, bundan əlavə, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1757,4 min kvadratmetr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 996 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 47468 şagird yerlik ümumtəhsil məktəbləri, 1115 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilmişdir.

Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına yardımın verilməsi, habelə  istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalının stimullaşdırılması məqsədilə hər hektar üçün əlavə olaraq 40 manat yardımın verilməsi  və bütövlüklə sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyi ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına öz müsbət təsirini göstərmiş və nəticədə ölkənin aqrar bölməsi 2012-ci ili uğurla başa vurmuşdur.

Ötən il Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2012-ci ildə xarici ölkələrlə 33,6 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 9,7 milyard dollarlıq idxal və 23,9 milyard dollarlıq ixrac əməliyyatları aparılmış, 14,2 milyard dollarlıq müsbət saldo yaranmışdır. 2011-ci ilə nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 10,7 faiz, o cümlədən ixracın həcmi 13,8 faiz, idxalın həcmi isə 3,1 faiz azalmışdır.

 2012-ci ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,8 faiz artaraq 34,7 milyard manata, hər nəfərə düşən gəlirlərin məbləği isə 12,2 faiz artaraq 3784,3 manata çatmışdır. Gəlirlərin 61 faizi son istehlak xərclərinə, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 29,3 faizi isə yığıma yönəldilmişdir.

Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ötən il pensiyaların və sosial müavinətlərin məbləği artırılmışdır. Cari ilin əvvəlinə 317 min nəfər sosial müavinət, 35 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 133,6 min ailənin 589,9 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır. 2012-ci  il ərzində birdəfəlik müavinət alanların sayı 120,7 min nəfər olmuşdur.

 Bu gün respublikamızda real iqtisadiyyatın dayanıqlığı, ümumi daxili məhsulun rəqabətədavamlılığı inkarolunmaz faktdır. Azərbaycanın davamlı və dayanıqlı yüksək templə sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrində özünü etibarlı tərəfdaş kimi təsdiq etməsi onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayını sürətlə artırır. Bir sözlə, fərəhlə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasi kurs xalq tərəfindən dəstəklənir. Bütün bunlar bir daha onu təsdiq edir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasəti yaşayır və qalib gəlir.

Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
əməkdar elm xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında