Azərbaycan dövlətinin müstəqillik dövründə sosial - iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, xüsusilə son on ildə ölkə iqtisadiyyatının sıçrayışlı inkişafı və onun iqtisadi artım tempinə görə dünyanın lider ölkəsinə çevrilməsi, ÜDM-un həcminin dəfələrlə yüksəlməsi, dövlət büdcəsinin gəlirlərinin artması, neft strategiyasının uğurla reallaşdırılması bilavasitə düzgün iqtisadi siyasətin həyata keçrilməsi və iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi ilə bağlıdır.
Bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin vacibliyini vurğulayan məşhur ingilis iqtisadçısı və dövlət xadimi C.M.Keyns yazırdı ki, “Dünyanı idarə edən ayrı- ayrı ölkələrin dövlət başçılarıdır. Onların buraxdığı cüzi səhvlər böyük fəlakətlərə səbəb olur”. Azərbaycanın timsalında da bu daha aydın görünür. Belə ki, 1991-1993-cu illərdə ölkə rəhbərliyinə idarəçilik bacarığı və təcrübəsi olmayan şəxslərin gəlməsi Azərbaycanın müstəqil bir dövlət kimi məhv olmasına gətirib çıxaracaqdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdışı əhalini və dövləti böyük faciələrdən xilas etdi, müstəqil Azərbaycanın tərəqqisinə səbəb oldu.
Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şurunun oyanması, azadlığa və müstəqilliyə qovuşmaq arzularının çiçəklənməsi, ictimai həyatımızın, iqtisadiyyatımızın bütün sahələrində, elm və mədəniyyətimizin inkişafında böyük nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olmuşdur.
Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiya prosesinin hazırkı möhkəm təməli ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə yaradılmış potensiala əsaslanır. Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ulu öndər müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai - siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz—bütün bunlar günümüzün reallıqlarıdır.
Heydər Əliyevin milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirib, ölkəmizin Qərbə inteqrasiyasına geniş yol açıb. İndi biz bu möhtəşəm strategiyanın real nəticələrini, bəhrələrini görürük. “Əsrin müqaviləsi” çərçivəsində Bakı – Tbilisi – Ceyhan neft boru kəməri Azərbaycanı demokratik qərb dünyası ilə daha sıx birləşdirir və ölkəmizə milyardlarla dollar həcmində mənfəət gətirir.
Azərbaycan dövlətinin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin reallaşması da ümummilli liderimizin böyük xidmətlərindəndir.
Bu gün müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə olması ümummilli liderimiz tərəfindən başlanmış işlərin məntiqi davamıdır. Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Bu gün hər birimizin borcu ulu öndərin şah əsəri olan Azərbaycanı qorumaq və daha da inkişaf etdirməkdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin adı indi bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Siyasi və ictimai -siyasi vəziyyət baxımından Azərbaycan çox sabit ölkədir və Azərbaycana birbaşa xarici investisiyaların qoyulması bunu əks etdirir. İqtisadi potensialın möhkəmləndirilməsində uğurlar göz qabağındadır. Eyni zamanda, bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda islahatlar davam etdirilir və etdirilməlidir. Həm siyasi sahədə, həm də iqtisadi sahədə. Çox sevindirici haldır ki, ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanıyır. Bu onu göstərir ki, bizim islahatlarımız həqiqətən çox cəsarətlidir, uğurludur və əhəmiyyətlidir”.
Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının yeni sürətli inkişaf erası başlanmışdır. Bu isə dövlət tərəfindən, dövrün tələblərinə uyğun olaraq iqtisadi islahatların kompleks və əlaqəli şəkildə aparılması, proqnozlar əsasında formalaşdırılmış dövlət proqramlarının, yerli, regional və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi və dünya iqtisadiyyatına inteqrasiyası ilə əldə edilmişdir. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır.
İnkişafının keyfiyyətcə yeni və kifayət qədər sürətli mərhələsini yaşayan müasir Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəldilməsi, ölkə vətəndaşlarının etibarlı sosial müdafiəsinin təşkil edilməsidir. Qloballaşma prosesinin geniş vüsət aldığı mövcud dönəmdə zamanın tələbələrinə adekvat cavab verərək dünya iqtisadi sisteminə fəal inteqrasiya edən ölkə iqtisadiyyatında yaşanan yüksəlişin vətəndaşların həyatında da öz əksini tapması həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin yüksək səmərəliliyini və praktik nəticələrini aydın şəkildə nümayiş etdirir. Sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşması istiqamətində də yeni imkanlar açır. Təsadüfi deyil ki, dövlətin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, o cümlədən işgüzar fəallığın yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı, yoxsulluğun azaldılması və bu kimi digər sahələrdə ölkəmizdə son illər ərzində möhtəşəm nailiyyətlərə imza atılmışdır.
Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirərək böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən yürüdülən, praqmatizmə söykənən səmərəli siyasət nəticəsində Azərbaycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter daşımağa başlamışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Bu zaman ənənəvi xarakter daşıyan yerli xüsusiyyətlərin gözlənilməsi ilə mütərəqqi dünya təcrübəsindən istifadə olunması, sosialyönümlülük prinsiplərinin, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının nəzərə alınması əsas şərtlər sırasında yer alır. Sabit, dinamik inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir.
Ölkəmizdə həyata keçirilən çevik iqtisadi siyasətin dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına təsir göstərməsi fonunda sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcmi son illərdə davamlı şəkildə artmış, bunun nəticələri vətəndaşların pul və digər formada maddi gəlirlərindən tutmuş həyat şəraitinin yaxşılaşdırılmasına qədər geniş bir spektrdə özünü qabarıq şəkildə büruzə vermişdir. Artıq tarixə çevrilmiş 2012-ci ildə əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkili, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliyi ilə sıx bağlı olan əmək yaradıcılığı üçün müvafiq şəraitin formalaşması, məşğulluğun yüksəldilməsi, səmərəli istehlak səviyyəsinə nail olunması baxımından zəngin olmuşdur.
Qeyd etmək lazımdır ki, fəsadları hələ də tam aradan qaldırılmayan qlobal maliyyə-iqtisadi böhran ötən il ərzində dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun artım səviyyəsinin proqnozlaşdırılan həddə çatmasına imkan verməmişdir. Lakin sözügedən böhranın istər özünün zirvə nöqtəsinə çatdığı 2009-cu ildə, istərsə də dünya iqtisadiyyatını gərginlikdə saxladığı 2012-ci ildə Azərbaycanda ümumi daxili məhsulun yüksək artımı qeydə alınmışdır ki, bu da ölkəmizin inkişaf yolunun nümunəviliyini və səmərəliliyini dünya miqyasında sübuta yetirən ən mühüm hadisələrdən biri kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilmişdir. Ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərə çarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr vermişdir. Yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, regionların inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olmuşdur. Yoxsul əhalinin müvafiq iş yerlərinə və istehsal vasitələrinə çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi, məşğulluğun artırılmasına istiqamətlənmiş addımlar insanların gəlir əldə etmək imkanlarının genişlənməsində mühüm rol oynamışdır. Onu da xatırladaq ki, 2008-ci il sentyabrın 15-də ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurlu icrası əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılmasına nail olunması, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində mühüm rol oynamışdır.
Azərbaycanda həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilat Azərbaycanı “Doing Business” proqramında (2008-ci il) bir nömrəli islahatçı ölkə kimi tanımışdır. Dünyanın ən mötəbər qurumlarından olan Dünya İqtisadi Forumunun 2009-2010-cu illər üçün hazırladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanı 133 ölkə arasında 51-ci, MDB ölkələri arasında isə 1-ci yeri tutmuşdur. Məlumat üçün qeyd edək ki, adı çəkilən hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.
Azərbaycan makroiqtisadi sabitlik göstəricisinə görə də bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır. Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) “Doing Business 2011: Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması birgə hesabatının nəticələrinə əsasən, Azərbaycan sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü yeri tutmuşdur.
Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında cənab İlham Əliyev qazanılan nailiyyətləri dövlətin yürütdüyü doğru siyasətin bəhrəsi olaraq xüsusi vurğulamışdır. “Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf çox sevindiricidir... İqtisadiyyatımız, ümumiyyətlə, digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerdədir. Bax, budur görülmüş işlərin nəticəsi və əlbəttə, biz bu müsbət dinamikanı gündəlik həyatda da görürük”.
Bu davamlı, yüksək sürətli inkişafın əsas sirri siyasət, iqtisadiyyat və sosial sahələrdə islahatların paralel və əlaqəli aparılması, müasir layihələrin icrası və ən mühümü isə insan amilinin həmişə diqqət mərkəzində saxlanılmasıdır.
Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətimizin başçısının səmərəli, düşünülmüş praqmatik siyasi kursunun xarakterik xüsusiyyətlərini şərh edərək demişdir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. Azərbaycan Prezidentinin praqmatik siyasi kursu, hakim komandanın səmərəli fəaliyyəti və ən əsası, xalqımızın güclü dəstəyi olmasaydı, bütün bu uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna görə də dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir. Davamlı iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, sosial rifah, xalqla hakimiyyət arasında vəhdət—budur bugünkü Azərbaycanın reallıqları”.
Qeyd etmək lazımdır ki, bu gün ölkə rəhbərliyi iqtisadiyyatın çoxşaxəli inkişafına çalışır. Azərbaycanda həyata keçirilən neft strategiyası əhalinin maddi rifahının yüksəlməsinə, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına zəmin yaratmışdır.
Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm baza yaratmışdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadəsi nəticəsində Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq 15 ilə yaxındır ki, Azərbaycanın karbohidrogen ehtiyatları dünya bazarına çıxarılır. Onu da qeyd etmək lazımdır ki, neft və qaz ehtiyatlarının ixracı üçün yaradılmış çoxvariantlı boru kəmərləri ölkəmizin Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan verir.
(ardı var)
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
əməkdar elm xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.