Bakıda MDB ölkələrinin, Baltikyanı dövlətlərin və Gürcüstanın “Sülh göyərçinləri” beynəlxalq forumunun açılışı olmuşdur

 

 

Aprelin 15-də Bakı Slavyan Universitetində (BSU) MDB ölkələrinin, Baltikyanı dövlətlərin və Gürcüstanın “Sülh göyərçinləri” beynəlxalq forumu işə başlamışdır. MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən forum MDB-nin yaradılmasının 20 illiyinə həsr edilmişdir. Tədbir “Postsovet məkanında dövlət dilləri və rus dilinin qarşılıqlı münasibətləri” mövzusuna həsr edilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində keçirilən forumun məqsədi beynəlxalq əlaqələrin genişlənməsinə, ali məktəblər, müxtəlif ölkələrin tələbə və pedaqoji cəmiyyətləri arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək etməkdir.

Əvvəlcə tədbir iştirakçıları və qonaqlar BSU-nun yaradılmasından, onun fəxri doktorlarından bəhs edən filmə baxmışlar.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev tədbiri açaraq qeyd etmişdir ki, rus dili xalqlar arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradan amillərdən biridir. O demişdir: “Azərbaycanda rus dili cəmiyyətin həyatında mühüm yer tutur. Rus dilində qəzetlər, jurnallar nəşr edilir, radio və televiziya verilişləri yayımlanır. Ölkədə 100 mindən çox gənc rus dilində təhsil alır, 40 məktəbdə dərslər yalnız rus dilində keçilir”.

Rektor Bakı Slavyan Universitetinin fəaliyyətindən bəhs edərək bildirmişdir ki, universitetdə rusist filoloqlar, rus dili müəllimləri hazırlanır. Burada həmçinin rus dili üzrə tərcümə fakültəsi fəaliyyət göstərir. Universitetdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr rus dilini öyrənirlər.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç qeyd etmişdir ki, Bakıda belə bir forumun keçirilməsi rəmzi məna daşıyır, çünki Azərbaycan yüksək tolerantlığı ilə fərqlənir, burada müxtəlif millətlərdən olan insanlar sülh və həmrəylik şəraitində yaşayırlar. Diplomat demişdir: “Azərbaycan beynəlxalq konfessiyalararası dialoq məkanına çevrilmişdir. Ölkə rəhbərliyinin siyasəti tolerantlıq, xalqlar arasında qarşılıqlı anlaşma ideyalarının həyata keçirilməsinə yönəlmişdir. BSU bu tədbiri keçirməklə məhz həmin ideyanı reallaşdırır”.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etmişdir ki, MDB çərçivəsində əməkdaşlıq üçün böyük potensial vardır. O demişdir: “Azərbaycanda rus dilinin inkişafı və qorunub saxlanması üçün çox maraqlı bir model yaradılmışdır. Burada öyrənməli məsələlər, mənimsənilməli yaxşı təcrübə vardır”.

Forumun açılışında təhsil nazirinin müavini Qulu Novruzov, Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Asim Mollazadə, Elmira Axundova, yazıçı Natiq Rəsulzadə, MDB ölkələrindən gəlmiş professorlar və tələbələr də çıxış etmişlər.

Açılış mərasimində “Biz MDB haqqında nə bilirik və Birliyin yaradılmasının 20 illiyi ilə əlaqədar onun perspektivləri” mövzusunda inşa yazı müsabiqəsinin yekunlarına əsasən forum iştirakçılarına fəxri fərmanlar təqdim edilmişdir. Müsabiqənin laureatları arasında Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Litva, Estoniya və digər ölkələrdən olan iştirakçılar vardır.

12 ölkənin 15 universitetindən 50 nümayəndənin iştirak etdiyi forum aprelin 18-dək davam edəcəkdir. Bu günlər ərzində “Rus dili MDB məkanında inteqrasiyanın katalizatoru kimi”, “Rus dili KİV-də, mədəniyyətdə, təhsildə və elmdə”, “MDB məkanında humanitar inteqrasiya proseslərində gənclərin və tələbələrin rolu və fəal iştirak dərəcəsi” mövzusunda seksiya iclasları, səfirlərlə görüşlər keçiriləcəkdir.

     AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında