Heydər Əliyev və dinamik, tarazlı inkişafın Azərbaycan modeli

Ümummilli  lider Heydər  Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən  çıxdı. Bu gün Azərbaycan beynəlxalq  aləmdə  çox görkəmli  yer tutur, beynəlxalq  təşkilatların  üzvüdür, onlarda fəal iştirak edir. Azərbaycanın  iştirakı olmadan  bölgədə  heç bir regional layihə həyata  keçirilə bilməz.  Beləliklə,  Azərbaycan  region  üçün  mərkəzə  çevrilibdir.  Bizim   nüfuzumuz  artır,  gücümüz  artır. Bütün bunlar Heydər Əliyevin  xidmətləridir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bu günlərdə  müstəqil Azərbaycan dövlətinin  paytaxtı Bakı  şəhəri beynəlxalq  iqtisadi  marağın  diqqət  mərkəzində oldu. Aprelin 8-də  nüfuzlu Dünya İqtisadi Forumunun (Davos Forumu)  növbəti  strateji  dialoqunu burada  keçirməsi Azərbaycanın iqtisadi-sosial uğurları ilə dünya sistemində  qazandığı  mövqeyin,  regionun  lider dövləti kimi  daşıdığı  önəmin  bir daha  etirafı və təsdiqi oldu.

Keçmiş  sovet imperiyasının ucqar əyaləti  kimi beynəlxalq aləmdən  təcrid,  milli haqlarından  məhrum edilmiş  bu  respublika dövlət suverenliyinin  ilk 2 onilliyində avtoritar  siyasi  sistemin  hüquqi-demokratik  cəmiyyətə,  mərkəzləşmiş inzibati üsullarla  idarə olunan  iqtisadi  sistemin liberallaşdırılmış, dünyaya açılmış  bazar  münasibətlərinə transformasiyası yönündə qazandığı  misilsiz  uğurları ilə   postsovet  məkanın öndə gedən, diqqətçəkən  ölkəsidir.

Keçmiş kommunist sisteminin  parçalanma  və dəyişmə ağrılarını  yaşasa da,  ərazisinin  20 faizinin  itirilməsi, əhalisinin 1 milyonunun  qaçqın-köçkünə çevrilməsi  ilə  nəticələnmiş  müharibə  vəziyyəti  davam etsə də Azərbaycan Respublikası  bu  dağıdıcı  proseslərin  cəngindən qurtula bilmiş, sivil, demokratik  inkişaf yolunda dünyanı  heyran  qoyan  uğurlar qazanmışdır.  Necə  olmuşdur ki, yeni yola başqa sovet respublikaları ilə   müqayisədə  ən  əlverişsiz  mövqedən  çıxmış bu  Qafqaz  dövləti  tarixən qısa  müddətdə  inkişaf etmiş ölkələrin  on illər,  hətta  yüz illər boyu  keçdiyi  məsafəni  qət edə bilmişdir?  Bəs  dünyanın  aparıcı  dövlətlərinin qlobal  iqtisadi böhranın  məngənəsində   çapaladığı bir  dövrdə  Azərbaycan bu bəladan  necə  kənarda  qala  bilmiş və  hərtərəfli  inkişafını  davam etdirməkdədir?

Dünyanın  iqtisadi-maliyyə  mərkəzləri,   nüfuzlu  strateji   qurumlar, tanınmış  alim  və  mütəxəssislər  bu  aşkar  sualların  cavablarını axtarırlar. Dirçəliş  və  tərəqqinin, sabitlik və dinamizmin  Azərbaycan modeli  öyrənilməkdə,  dəyərləndirilməkdədir.  Dünya İqtisadi Forumunun (Davos Forumu) “Cənubi Qafqazın  və Mərkəzi Asiyanın gələcəyi  ilə bağlı  strateji  dialoq”  mövzusunda Bakıda  keçirdiyi  söhbət açılan  məclisi də  bu yöndə  daha bir ciddi  təşəbbüs  oldu.

Dünya İqtisadi Forumunun  təsisçisi  və icraçı  direktoru Klaus Şvabın  Bakı  forumunun  iclasında  dediyi  sözlər  iqtisadi  inkişafın  Azərbaycan  modelinin  kənardan ümumi  görüntüsündən  xəbər verir: “Sonuncu  dəfə mən  20 il  bundan  əvvəl  burada  olmuşam.  Həqiqətən,  deməliyəm ki, o vaxtdan  bəri çox  böyük  dəyişikliklər baş verdiyini  müşahidə  etdim. Bakı  şəhəri,  həqiqətən,  çox gözəl  bir  məkana  çevrilmişdir.  Dünya  İqtisadi  Forumunun Azərbaycanda  keçirilməsi bizim  üçün bir  qürurdur. Azərbaycan çox böyük imkanların  olduğu bir ölkədir.  Ümumiyyətlə,  son illər  ərzində ölkədə  çox böyük   iqtisadi  göstəricilər qeydə  alınmışdır. Bu,  ilk  növbədə,  ölkənin  müstəsna  təbii potensialının düzgün  istifadəsi  sayəsində  mümkün olmuşdur. Eyni  zamanda, bu nailiyyətlər həmin resurslardan  ölkə  iqtisadiyyatının  şaxələndirilməsində  uğurla  və  bacarıqla  istifadə  sayəsində  qazanılmışdır.  Azərbaycan  informasiya texnologiyaları,  maliyyə,  tikinti  sahələrində  qabaqcıl  bir ölkədir”.

Tanınmış iqtisadçı-strateqə görə, bunlar hələ  yaxşı  bir  təməldir, əsl  yüksəliş  qabaqdadır: “Azərbaycanın  nadir coğrafi  mövqeyi, yüksək  təhsil  almış  işçi  qüvvəsi  vardır. Buradakı  sağlam  mühit, ümumiyyətlə,  birgə  iş  və əməkdaşlıq  çərçivəsində  çox  uğurlar  əldə oluna bilər”.

Dünya İqtisadi Forumunun  Bakı  dialoqunun  məramı  belə açıqlandı: “Azərbaycanın  uğurlarını  öyrənmək  və onu regional  məcraya  çıxarmaqla  Avrasiya  məkanında  nadir  iqtisadi  inteqrasiya  konveyerini  işə  salmaq  mümkündür. K.Şvab Bakı  tribunasından  bəyan  etdi: “Avropa qitəsinə,  yaxud  Asiya  regionuna  baxsaq,   görərik ki,  iqtisadi, sosial sahələrdə  uğurlar  əldə  etmək üçün  mütləq  etibar  və   uzunmüddətli əməkdaşlıq  şəraitində birgə səylər göstərilməkdədir”. Əlavə edək ki,  Azərbaycan Avrasiya  məkanında  belə bir  mütləq etibar qazanmış  və  uzunmüddətli  birgə  əməkdaşlığa töhfələri  ilə  möhkəm  təməllər  yaratmışdır.

Azərbaycanın  bugünkü  beynəlxalq  nüfuza,  gerçək  yüksəlişə milli tariximizin  ən  böyük  azərbaycanlısı olan Heydər  Əliyevin  dərin  zəkası,  sonsuz  Vətən sevgisi, böyük   amalları,  qüdrətli  iradəsi  və bitib-tükənməyən  enerjisi  gətirib çatdırmışdır. Bu amal   ulu öndəri  35  il  müddətində respublikamızı  iqtisadi  cəhətdən  inkişaf  etdirən,  xalqın gerçək  həyatını  dəyişdirən,  dünyanın nəzərlərində  Azərbaycan  iqtisadi möcüzəsini  yaradan  əfsanəvi  bir qəhrəman  səviyyəsinə  qaldırmışdır.  Heydər Əliyevin  bu   qəhrəmanlığı  özünü  hansı  cəhətlərlə  aşkara çıxartmışdır:

— Əvvəla,  fitri ağlında  və  istedadında;  ikincisi,  müstəsna bir zəhmətkeşliyində;  üçüncüsü  aydın  və  dəqiq  hədəflər  seçməsində; dördüncüsü,  ardıcıl  və qətiyyətli olmasında,   nəhayət, hər bir qələbəsilə xalq  qarşısında  daha  bir borcunu yerinə  yetirməsindən  duyduğu  sevincində.

1969-cu  ildə   Azərbaycanı  gerilikdən  çıxaracaq, mövcud  problemləri  həll edəcək  rəhbərə  ehtiyac yarananda  Heydər Əliyevin parlaq fiqurası,  siyasi,  mənəvi-intellektual  keyfiyyətləri  başqa  namizədlərə  üstün  gəldi.

1969-cu  il iyulun  14-də  respublikanın  siyasi  rəhbərliyinin  birinci  şəxsi  seçilən  46 yaşlı   Heydər  Əliyev   qısa  müddətdə bu böyük  etimada  yüksək  layiqliyini sübuta  yetirdi.  Yeni   rəhbər  dahiyanə  bir   zəka  və duyumla  Azərbaycanı  hərtərəfli  inkişaf  etdirməyin  yolunu   iqtisadi  sferada  arayıb-tapdı. Bunun üçün o,  alim  və  mütəxəssislərin  obyektiv   elmi mülahizələrini öyrənib, sovet gerçəkliklərini  nəzərə  alıb  sürətli  inkişaf konsepsiyası  hazırladı. Bu  konsepsiyanın  əsasında  təbii-iqtisadi  resursların  maksimum  qiymətələndirilməsi,  təşəbbüskarlıq,  düzgün kadr siyasəti, möhkəm icra   intizamı   dayanırdı. İnzibati-amirlik  sisteminin imkanlarının  tükəndiyi  yerdə yeni  rəhbər  mənəvi-siyasi mexanizmləri  işə  salırdı.

Bütün  bunlarla Heydər Əliyev respublikanın  potensialını  hərəkətə  gətirdi,  xalqın ümumi  rifah, xoş güzəran, milli  varlığı təsdiq  naminə  böyük hərəkata  qoşdu. Elmi  cəhətdən  əsaslandırılmış məhsuldar  iqtisadiyyat,  dəqiq  hazırlanmış  icra mexanizmləri,  prinsipial tələbkarlıq 1970-ci  ildən başlayaraq  respublika  iqtisadiyyatını sürətli  inkişaf yoluna  çıxartdı.   Götürülən  yüksək  qazanc  tikinti-quruculuq  işlərini sürətləndirməyə,  rabitə,  nəqliyyat  sahələrini  genişləndirməyə,  təhsil,  elm,  səhiyyə  sahələrinin  maddi-texniki bazasını  gücləndirməyə şərait yaratdı. O illərin heyrətli yüksəlişi tarixə silinməz-pozulmaz hərflərlə yazılmışdır.

Əvvəlki 50 ildə  mövcud olmuş 735  iri  sənaye müəssisəsinin  sayı  1982-ci  ilədək 1048-ə  çatdırıldı.  Respublikada buraxılan  350 adda  məhsul dünyanın 65 ölkəsinə  ixrac  edilirdi. 14  ildə  əvvəlki  yarım  əsrdəki  qədər  sənaye  məhsulu istehsal  edildi.  Aqrar  respublikada  qısa  müddətdə  ümumi  daxili  məhsulda  sənayenin  payı 66  faizə  yüksəldi.  14  ildə pambıq istehsalı  300  min tondan 1 milyon,  üzüm  isə 272  min  tondan 2  milyon  tona   yüksəldi.  Azərbaycan  ittifaqda yetişdirilən  pambığın  9,2,  üzümün 27  faizini verirdi.

Bu dövrdə  ümumi  sənaye  istehsalı  2,7 dəfə, kənd  təsərrüfatı  məhsulları 2,5 dəfə artdı.  1969 - 1982-ci illərdə  iqtisadiyyatın  inkişafına  7,2  milyard manatlıq, yaxud əvvəlki yarım əsrdəkindən 4,5  dəfə  çox  kapital  qoyuldu.  1982-ci ildə bu  rəqəm  1950-ci  ildəkini 30 dəfə  üstələmişdi. Həmin  illərdə  respublikada  20  milyon kvadratmetrə  yaxın  mənzil,  483,4  min   şagirdlik  məktəb, 13,5 min    çarpayılıq  xəstəxana,  13,7  min  xəstəlik  poliklinika  istifadəyə verilmişdi.  Yeni  səhiyyə  ocaqlarının  həcmi 14 ildə 42,2  faiz  artmışdı. Həmin  illərdə  əmtəə  dövriyyəsi,  xidmətlər 2,9  dəfə  yüksəlmişdi.  Əmək fəaliyyətinə  cəlb edilmiş  adamların sayı 1,5  milyon  nəfərdən  2,4  milyon  nəfərə  çatmışdı.

Bütün  bunlar paytaxt Bakının SSRİ-nin  cənubunda  dünyaya boy göstərən  bir  şəhərə  çevrilməsi,  digər  şəhərlərin  də  böyüməsi,  abadlaşması,  kənd və qəsəbələrin  simasının  tamamilə   dəyişməsi,  sivil tələbat  amillərinin  bütün   evlərə  yetişməsi,  rifahın  əsaslı  surətdə yaxşılaşması,  mədəni yüksəlişə  nail olunması demək idi.

14 ildə geridə  qalmış  aqrar respublikanı  göylərə  qaldırmış, SSRİ-nin  öncül  diyarına  çevrilmiş  Heydər Əliyev 1982-ci  ildə  Sovet İttifaqını  bürümüş gizli  böhranı  və durğunluğu  aradan  qaldırmaq  təşəbbüsləri başlananda  Moskvaya, sovet dövlətinin rəhbərliyinə aparıldı.  Burada  o, 20-dək  ittifaq  nazirliyinin işində  dönüş yaratmaq üçün ciddi  səylər göstərdi. O illərdə Heydər Əliyev  Azərbaycanın inkişafına da qayğı və diqqətini  artırdı.

SSRİ-nin dağılması, keçmiş iqtisadi əlaqələrin  qırılması, müharibə şəraiti, talançılıq, bacarıqsızlıq iqtisadiyyatı alt-üst etdi. Sovet dövrünün son 4, müstəqilliyin isə ilk 2 ilini Azərbaycan xalqı bax beləcə dağılma və fəlakətlərin  ağuşunda keçirdi. Nəhayət,  xalq fəlakətlərdən cana doyub öz qəhrəmanını —  ümummilli  lideri təkidlə siyasi  hakimiyyətə dəvət etdi.

1993-cü  ilin  böhranlı yayında Bakıya  qayıdıb,  ikinci  dəfə  öz  xalqının tale  məsuliyyətini  üzərinə götürən,   müstəqil  dövlətin  ilk  həqiqi  seçilmiş  Prezidenti  olan  Heydər Əliyev  dahiyanə  bir zəka və  iradə  ilə  xilaskarlıq  missiyasını  həyata  keçirdi.  Ulu öndər  qısa  müddətdə iqtidarsız  hakimiyyəti  möhkəmləndirdi,  siyasi  sabitliyi  bərpa  etdi,  xarici əlaqələri  sahmana  saldı,  cəbhədə  atəşkəsə  nail oldu. Bütün  bunlarla o, dövlət suverenliyinin  dönməzliyinə təminat yaradacaq quruculuq   işlərinə  başlandı. Ümummilli lider  yerli  tarixi  şəraiti nəzərə  almaqla  qabaqcıl  dünya təcrübəsinə  meydan  açdı.  Heydər  Əliyev  köhnə  iqtisadi  sistemin   demontajını  həyata keçirərkən bazar  iqtisadiyyatının  Azərbaycan  modelini yaratdı.  Bu, dövlət  tərəfindən  tənzimlənən  və xalqın  maraqlarını  maksimum  nəzərə  alan bazar  münasibətləri  oldu.

İqtisadiyyatın  strateji  sahələri dövlətin əlində  saxlandı  və iri  səhmdar  cəmiyyətlərə  çevrildi. Əkinə   yararlı 1,4  milyon  hektar  torpaq, mal-qara, kolxoz-sovxozların  bütün  əmlakı  3,5  milyon kənd  adamına paylandı.  Dövlət  müəssisələrinin  yerdə qalan hissəsi  3  mərhələdə (kiçik,  orta, iri) özəlləşdirildi. Ölkənin  əsas  təbii  sərvəti  neftin  yüksək  texnologiyalar  əsasında  çıxarılmasını təmin  etmək üçün   əvvəlcə “Azəri” – “Çıraq” –“Günəşli”  yatağı  üzrə  8 ölkənin  13 şirkəti ilə  “Əsrin  müqaviləsi” adını almış  möhtəşəm  layihə  imzalandı. Bunun  ardınca  neft-qaz  hasilatı üzrə  19 ölkənin 41  şirkətini  əhatə  edən  daha  26  layihəyə  start verildi.

Hasil  ediləcək  nefti dünya bazarına  çıxartmaq  üçün  Bakı –Novorossiysk  və Bakı – Supsa  kəmərləri  yenidən  quruldu. Bakı – Tbilisi – Ceyhan  adlı   misilsiz bir  kəmər  çəkildi.  Neft  layihələrinin  işə  salınması ilə  ölkədə  neft  hasilatı  4-5  dəfə   artaraq  45-50  milyon tona çatdı.  Ulu öndərin  Azərbaycan   iqtisadiyyatını  dünyaya  açıq  elan  etməsi,   xarici   aləmə   fəal  inteqrasiya xətti ölkəyə  milyardlarla  manat  investisiya gətirdi.  Bu  siyasət  nəticəsində bu günədək  Azərbaycan  iqtisadiyyatına  300  milyard  manatadək  xarici  sərmayə  yatırılmışdır.

İqtisadi  inkişafın  Heydər  Əliyev modeli  Azərbaycan  iqtisadiyyatını qısa müddətdə  sivil  inkişaf  yoluna  çıxararaq  böhrana  son qoydu, ümumi həyatı  dirçəltdi və  sürətli inkişafa qoşdu.  1996-cı  ildən  başlayan  yüksəliş  nəticəsində 2003-cü ilədək  ölkədə  ümumi   daxili  məhsul 71   faiz  artdı. Bunun  75  faizi  qeyri-dövlət  bölməsinin  payına  düşürdü.  Artan  neft  gəlirlərini  ölkənin gələcək  tələbatına  və bugünün  ümummilli   layihələrinə  yönəltmək  üçün  ulu öndər  ayrıca Neft Fondu  yaratdı.  1993-cü  ildə   xəzinəsi  boş olan  valyuta  fonduna on  milyard  manatlarla  vəsait  yığıldı.  Azərbaycan borc alan ölkədən  borc  verən ölkəyə  çevrildi.   Respublikada yeni  elektrik  enerjisi  mərkəzləri işə salındı, kənardan  qaz  alınmasına  son  qoyuldu. Hazırda  dövlət  büdcəmizin  xərcləri 25 milyard dollar, valyuta  ehtiyatlarımız isə  46  milyard dollar  həcmindədir.

Ulu öndər  daha  böyük  arzularını,  yarımçıq  qalmış  işlərini başa çatdırmaq üçün  çox  zəruri  bir amili  də  maksimum  nəzərə  almış — öz  siyasi  varisini və qadir siyasi  qüvvəni  də  yetişdirmişdir.  Heydər Əliyevin  layiqli  siyasi  varisi Prezident İlham Əliyev onun  kursunu  ardıcıl və yüksək  səviyyədə  davam  etdirir.  Ulu öndərin siyasi  irsini  yaşadan Yeni Azərbaycan  Partiyası  və  Heydər Əliyev  Fondu respublikanın yeniləşmə  və  tərəqqi yolu ilə  yüksəlişinin  önündə gedir.

Bu günlərdə başa çatmış  Dünya   İqtisadi Forumunun  yekununda  cənab Klaus Şvab Prezident  İlham  Əliyevə  xitabən bu həqiqətə mötəbər bir  möhür  basdı: “Cənab Prezident, Sizin  rəhbərliyiniz  altında  bu qədər  böyük nailiyyətlər  əldə etmiş  Azərbaycan  gələcəkdə  qlobal  miqyasda   ən mühüm rol oynayan  mövqelərdən  birini tutacaqdır”. Bu  uğur, bu  tərəqqi, bu perspektiv   ümummilli lider  Heydər Əliyevin  Azərbaycan   iqtisadiyyatında yaratdığı  dinamik   təməllər  üzərində  yüksəlir.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

(Yazı Zərdabi Mətbuat Mərkəzinin “Heydər Əliyev — 90: iqtisadi dinamizmin təməlləri” mövzusunda  keçirdiyi  müsabiqəyə  təqdim  olunur.)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında