Azərbaycanın müstəqilliyinə etibarlı təminat yaradan lider

Tarix boyu şəxsiyyətlərin cəmiyyətdəki rolunu aydınlaşdırmağa çalışmış böyük mütəfəkkirlər daim bu fenomeni öyrənməyə, obyektiv elmi-politoloji nəticələr çıxarmağa çalışmışlar. Çoxsaylı nəzəriyyələrə, geniş fikir müxtəlifliyinə baxmayaraq ümumi qənaət bundan ibarət olmuşdur ki, hər bir xalqın milli inkişaf yolunu müəyyənləşdirərək onu dünya miqyasında tanıdan, layiqli mövqelərə çıxaran məhz dahi şəxsiyyətlərdir. Bu mənada, məşhur alman mütəfəkkiri Fridrix Nitşenin vaxtilə söylədiyi bir fikir hazırda da öz aktuallığını saxlayır: tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır.
Bəşəriyyətin təkamül və inkişaf mərhələləri bu mülahizənin həqiqiliyini tam təsdiqləməklə yanaşı, böyük dühaların, siyasət ustadlarının öz xalqlarının taleyində oynadıqları müstəsna rolu bütün qabarıqlığı ilə üzə çıxarır. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən olmaqla, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır. İndi siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Tarixi məhz bu dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, ictimai şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə qəlbən bağlı olan bir şəxsiyyətin bu ali kürsüyə yüksəlməsi o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə intibaha və milli özünüdərkə əsaslı zəmin yaratmışdı.
Xalqına bağlı rəhbər
Tarixi faktlar təsdiqləyir ki, ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdən birini tutmuş, respublikada iqtisadi-siyasi böhran dərinləşmişdi. Cəmiyyət həyatının ən müxtəlif sahələrində ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi böhran hökm sürür, neqativ hallar baş alıb gedirdi. Respublikamız bir çox sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı.
Yaranmış vəziyyətdə keçmiş SSRİ rəhbərliyi çıxış yolunu kadr dəyişikliyində görərək, ciddi və hərtərəfli araşdırmalardan sonra müxtəlif namizədlər arasından təşkilatçılığı, yüksək idarəçiliyi, savadı ilə fərqlənən, xalqın səciyyəvi milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevin üzərində dayanmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumu respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsini geniş müzakirə etmiş, toplantıda çıxış edənlər Heydər Əliyevin bu vəzifəyə ən layiqli şəxs olduğunu konkret arqumentlərlə əsaslandırmışlar. Həmin dövrdə 10 ildən artıq müddətdə respublikaya rəhbərlik etmiş Vəli Axundov plenumdakı çıxışında ümummilli lider Heydər Əliyevin yüksək mənəviyyata və idarəçilik keyfiyyətlərinə malik şəxsiyyət olduğunu xüsusi vurğulamışdır:
"Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə əsas verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, bütün böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli adamdır. Dzerjinski demişdi ki, çekistin isti ürəyi, aydın ağlı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə məxsusdur və mən əminəm ki, respublikaya rəhbərlik edərkən o, bu cəhətlərdən istifadə edərək respublikanın gözəl adət-ənənələrini layiqincə davam etdirəcək".
Ulu öndər Heydər Əliyev həmin plenumda qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış, qarşıda duran vəzifələri düzgün və obyektiv dəyərləndirmişdir. Azərbaycanın yeni rəhbəri qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini də xüsusi qeyd etmişdir: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır".
Həmin plenumda Heydər Əliyevin rəhbər vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi onun kamil şəxsiyyəti, yüksək idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir.
İqtisadi müstəqilliyə etibarlı zəmin
Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikaları sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ulu öndər respublikamızın üzləşdiyi problemlərin həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün naqisliklərini açıq deməkdən çəkinməmişdir. Bu baxımdan Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda tənqidi çıxışı sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi xatırlanır. Plenumda tənqidi çıxış edən Heydər Əliyev həmçinin dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu vurğulamışdır. Ulu öndər eyni zamanda çoxsaylı problemlərin həllində bir sıra rəhbər şəxslərin məsuliyyət daşıdığını da aşkar bəyan etmişdir:"Azərbaycanın bütün İttifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur".
Bu tarixi plenumdan sonra ulu öndərin rəhbərliyi altında respublikada geridə qalmış təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yolları müəyyən edilmişdir. Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bilmişdir. Keçmiş Sovet İttifaqının zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Eyni zamanda, Heydər Əliyevin yüksək idarəçilik bacarığı, işgüzarlığı və zəngin iqtisadi biliyi qısa müddətdə elmi nailiyyətlərin istehsalatda tətbiqinə, kənd təsərrüfatında struktur dəyişikliklərinin edilməsinə, yeni ehtiyat mənbələrin meydana çıxarılması və istifadəsi yolu ilə təsərrüfatçılıqda geriliyə son qoyulmasına, bir sözlə, sosial-iqtisadi tərəqqiyə imkan yaratmışdır.
Ötən əsrin 70-ci illərinin ortalarında Azərbaycan kənd təsərrüfatı və sənaye məhsulları istehsalına görə keçmiş SSRİ-də ön yerlərdən birinə yüksəlmiş, milli gəlir artmış, ölkə böyük tikinti-quruculuq meydanına çevrilmiş, yeni-yeni istehsal müəssisələri fəaliyyətə başlamışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Ümummilli liderin təşkilatçılıq qabiliyyəti və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Bu nöqteyi-nəzərdən ulu öndərin Bakı Məişət Kondisionerləri zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsinin vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail olmuşdur. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri zavodunun işə düşməsi məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.
Neft sənayesində mütərəqqi yeniliklərin təşəbbüskarı
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Ümummilli liderin qətiyyətli addımları nəticəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır.
Həmin dövrədək Xəzər dənizinin 40 metr dərinliyinə qədər sahələrdə bütün neft-qaz yataqları kəşf edilərək istismar olunurdu. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə 12 il müddətində Azərbaycana əvvəlcə dənizin 70 metr, sonra isə 200 metrədək dərinliyində işləyən "Şelf-2", "Şelf-3","Şelf-4","Şelf-5" kimi qurğular gətirilmişdir. Qurğuların işini təşkil etmək üçün "Süleyman Vəzirov","İsrafil Hüseynov" kimi boruçəkən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər, başqa texniki gəmilər gətirilmişdir. Açılan neft yataqlarında platformalar tikmək üçün Bakıda Dərin Dəniz Özülləri Zavodunun inşası da Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. (Bu da təsadüfi deyildir ki, həmin zavod hazırda ulu öndərin adını daşıyır - R.C.).
Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan aparıcı respublikalardan birinə çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə respublikamızın inkişafına yönəldilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, əgər 70-ci illərdə Azərbaycanın təkmil neft sənayesi kompleksi formalaşdırılmasaydı, müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də çətin olacaqdı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.
Haqqa tapınmaqla ucalan rəhbər
Respublikaya rəhbərliyinin ilkin dövrlərindən başlayaraq ulu öndər cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, milis, prokurorluq və məhkəmə orqanlarında sağlam mühitin formalaşmasına çalışmış, xüsusən də iqtisadi cinayətlərə - dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmləri tətbiq etmişdir. O, 70-ci illərin əvvəllərindən başlayaraq rüşvətxorluğa, oğruluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparmış, belə hallara yol verənlərin cəzalandırılmasında israrlı olmuşdur.
Ümummilli lider Heydər Əliyevin hələ o dövrdən idarəçilikdə təməlini qoyduğu mütərəqqi ənənələrdən biri də məhz xalq arasına çıxmaqla, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənmək olmuşdur. Heydər Əliyev hələ o dövrdən insanlarla ünsiyyətdə olmağı, onların üzləşdiyi çətinlikləri yerindəcə öyrənib təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə müsbət ənənə kimi yaratmış, dövlət məmurlarının sadə xalq kütlələləri ilə münasibətlərdə hər cür baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır. 2000-ci ildə - Azərbaycanın milli mətbuatının 125 illiyi münasibəti ilə keçirilən tədbirdə ulu öndər jurnalistlərlə söhbətində həmin dövrü belə xatırlamışdır:"Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan-burdan tapıb bir-birinə satmışdılar, vermişdilər ki, mağazaya gələn olanda bu portretə baxıb görsün, bu, Əliyevdir, yoxsa yox. Məsələn, mən bir dəfə gedib ət növbəsinə durdum. Nəyə görə? Çünki o vaxt üç növ ət var idi. Bu, mənim yaxşı yadımdadır. Bunlardan biri 3 manat 20 qəpik, digəri 3 manat 50 qəpik, o birisi isə deyəsən, 3 manat 80 qəpik idi. Qəssab nə edirdi? O, üçüncü növ əti birinci növ əvəzinə satırdı, yaxud 3 kiloqram ət verəndə adamları yarım kiloqram aldadırdı. Mən iki-üç dəfə gedib növbəyə durdum. Məni də aldadanda onu tutdum, milisi və başqalarını çağırdım. Mən şəxsən özüm bir neçə dəfə belə etdim, - insanlar bilsinlər ki, axı, belə iş görmək olmaz".
Böyük strateq Heydər Əliyevin yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsidir. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərarı imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmışdır. Bu prinsipial addımı ilə imkansızların, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş azərbaycanlı övladı - respublikamızın hazırkı adlı-sanlı hüquqşünasları ulu öndərin bu addımını daim böyük rəğbət və ehtiramla xatırlayırlar.
Ulu öndərin həmin illərdə minlərlə gəncin respublikamızın hüdudlarından kənarda ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. 70-80-ci illərdə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar hüquqşünas kadrların hazırlanması, hüquq-mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də qayğı ilə yanaşmışdır. Eyni zamanda Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. - mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdur.
Milli-mənəvi irsə yüksək qayğı nümunəsi
Ulu öndər Heydər Əliyev sərt ideoloji baryerlərin mövcud olduğu keçmiş imperiya dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Böyük strateq ötən əsrin 70-80-ci illərində böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.
1969-cu ildə respublikaya rəhbər təyin olunan Heydər Əliyev rəsmi dövlət tədbirlərində azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə ünvanlamışdır. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti hər zaman həssas olmuşdur. Hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır. Eyni zamanda, ümummilli liderin təşəbbüsü və köməyi ilə 70-ci illərdə nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliklərinə dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırmaq məqsədini güdmüşdür. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar. Yaranmış əlverişli imkanlardan istifadə edərək, Atabəylər dövlətinin tarixini yazan mərhum akademik Ziya Bünyadov 70-ci illərin ortalarında ümummilli lider tərəfindən dövlət mükafatına layiq görülmüşdür.
Həqiqi müstəqilliyin təminatçısı
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ulu öndər 1993-cü ilin - iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur.
Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nızamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın son 17 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı daha da gücləndirmişdir. Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar.
Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv proqram və konsepsiyalar mövcuddur, eyni zamanda, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur.
Statusundan asılı olmayaraq insanın hansı ideyanın daşıyıcısı, hansı əməlin sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir. Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ Prezident seçilməmişdən əvvəl də ulu öndərin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla münasibətlərın inkişafına, Azərbaycan idmanının yüksəlişinə verdiyi töhfələrlə sübuta yetirmişdir. Dövlətə rəhbərlik fəaliyyətinin ötən 7 ili isə cənab İlham Əliyevin Azərbaycan xalqına, dövlətinə qazandırdığı daha böyük uğurlarla əlamətdar olmuşdur.
Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi, təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə sevgisi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar cənab İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Bu səbəbdən də, cənab İlham Əliyevin pozitiv siyasi obrazının mahiyyətini ictimai rəyin adekvat münasibətində axtarmaq lazımdır. Ötən 7 ilə yaxın müddətdə Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz liderdir.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlət başçısı cənab İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bu günkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.

{nl}


Rafael CƏBRAYILOV, Milli Məclisin deputatı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında