Heydər Əliyev və onun xalqa xidmətdən ibarət böyük missiyası

 

 

 

 

Bəşəriyyətin siyasi tarixi zaman baxımından istər yetərincə qısa müddətləri, istərsə də daha uzun intervalları əhatə edən müxtəlif liderlik nümunələri ilə zəngindir. Lakin bütün dövrlər üçün və bütün xalqın lideri olmaq siyasətdə nadir hadisədir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev məhz bu cür siyasi fenomenə aid liderlərdəndir. O, işığı heç vaxt azalmayan, inamlı və sakit sayrışması ilə zaman-zaman bəşəriyyəti heyrətləndirməkdə davam edən bir meqaulduzdur. Azərbaycanın öz milli lideri kimi tanıdığı, xalqın yaddaşında və tarixində daimi olaraq qalacaq insanın əməlləri özündən sonrakı həyat fonunda - indi Heydər Əliyev şəxsiyyəti nümunəsində - cismən əbədiyyətə qovuşandan sonra daha parlaq, daha qabarıq, daha sanballı görünür.

Zaman bizdən - müstəqil Azərbaycanın müasir vətəndaşlarından israrla tələb edir ki, Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin banisi kimi dərk edək və qiymətləndirək. Ümummilli lider Heydər Əliyev realist və praqmatik yanaşma çərçivəsində ümumi azərbaycançılıq ruhunun birləşdirdiyi yekdil millətin keşiyində dayanaraq fəaliyyət qabiliyyətli dövlət yaratmaqla taleyüklü uğurlara nail olmuş, ölkənin uzunmüddətli perspektiv inkişafının Azərbaycanın gələcəyi üçün əhəmiyyət kəsb edən strateji istiqamətlərini müəyyən etmişdir.

Heydər Əliyev dünya miqyaslı siyasi lider istedadına malik idi. Bu istedad xalqın inkişaf yollarını aydın görməkdə və qarşıya qoyulmuş məqsədlərə ardıcıl nail olmaqda parlaq şəkildə təzahür etmişdir. O, Azərbaycanın modernləşməyə əsaslanan milli inkişaf strategiyasının - azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin iqtisadi firavanlığı, ölkəmizin ərazi bütövlüyü ideyalarına əsaslanan müstəqil, siyasi baxımdan sabit dövlət qurulması strategiyasının təməlini qoymuşdur.

Heydər Əliyev müstəqil dövlətimizin banisi, ölkədə demokratik dəyişikliklərin əsas təşəbbüsçüsü olmaqla uğurlu inkişafın Azərbaycan modelinin əsasını qoymuş, hakimiyyətdə olduğu illərdə sərrast hakimiyyət vertikalını qurmuş, dövlətçiliyi möhkəmlətmiş, sosialyönümlü bazar iqtisadiyyatının istiqamətlərini ifadə etmişdir. Onun təbiətən ünsiyyət üçün açıq, səmimi insan olması demokratik proseslərin inkişafı və vətəndaş cəmiyyəti təsisatları ilə dialoqun fəallaşması üçün şərait yaradırdı. “Liderlik təkcə şəraiti təhlil etmək və qərarlar qəbul etməklə bitmir, bu, həm də və ilk növbədə liderin təklif etdiyi tədbirlərin həyata keçirilməsində mühüm rol oynamalı olan insanların zəkasına və enerjisinə təsir göstərmək deməkdir” (Weber, Max. “Political Writings”. Cambridge University Press, 2004, p. 295). Biz, Azərbaycan vətəndaşları Heydər Əliyevin rəhbərliyi ilə hərtərəfli ölçülüb-biçilmiş genişmiqyaslı iqtisadi və siyasi dəyişikliklər planının işlənib hazırlanmasının və həyata keçirilməsinin şahidi olmuşuq. Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, onun istər ölkə daxilində, istərsə də xaricdə son dərəcə yüksək nüfuz sahibi olması qazanılmış nəticələrin təsbit edilməsinə və ölkə qarşısında duran uzunmüddətli strateji məsələlərin həllinə şərait yaratmışdır.

Heydər Əliyev tərəfindən işlənib hazırlanmış siyasi strategiya Azərbaycan cəmiyyətini səfərbər etməyə və sıx birləşdirməyə şərait yaratmışdır. 1988-ci ildə bütün dünyanı bürümüş iqtisadi böhran neçə-neçə ölkənin iqtisadiyyatını bərbad etmiş, iri qonşu dövlətləri iqtisadi xaos və defolt girdabına yuvarlatmışdır. Lakin hətta dünya böhranı şəraitində də uğur qazanmağın mümkün olmasını sübut edən Azərbaycan xalqı öz qüvvəsini, həyatı yaxşılaşdırmaq, bütün sahələrdə firavanlığa nail olmaq imkanını nümayiş etdirmişdir. Tamamilə qanunauyğun haldır ki, bir sıra milli iqtisadiyyatların beynəlxalq iqtisadi arenadan silinməsi ilə nəticələnmiş 2008-ci il böhranının qorxunc dalğaları da bizim ölkəni sarsıtmadı. Azərbaycan iqtisadiyyatı möhkəm təmələ əsaslandığına görə belə hallar onun üçün qorxulu deyildir.

Prezident İlham Əliyev 2013-cü ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda demişdir: “Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Özü də bu, təkcə enerji sahəsinə aid deyildir. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir”.

Belə sabit iqtisadi firavanlıq şəraitində vətəndaşlar əmin olurlar ki, bizim ölkəmiz modernləşmə və informasiya texnologiyalarının inkişafı yolu ilə bundan sonra da müvəffəqiyyətlə irəliləyəcəkdir.

Beynəlxalq nüfuza malik olan əsas reytinq agentlikləri bir sıra inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı saldıqları bir vaxtda, Azərbaycanın kredit reytinqlərinin qaldırılması sevindirici haldır. Bu, o deməkdir ki, Azərbaycan iqtisadiyyatı rəqabətədavamlı iqtisadiyyatdır.

1. Prezident İlham Əliyev deyir: “Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bütün bunlar statistik göstəricilərdir. Bunu inkar etmək olmaz. Bunu nəzərə almamaq olmaz. Bu, reallıqdır. Bu reallıq bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Bu yol 1992-ci ilin noyabrında başlamışdır. Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı növbəti dəfə öz müdrikliyini göstərib ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi”.

Heydər Əliyev qəlbinin bütün hərarətini Azərbaycana həsr etmişdi. O, Azərbaycanı sadəcə Vətən deyil, doğma ev hesab edirdi, onun hər bir sakininə ata kimi diqqət və qayğı göstərirdi. Bu gün bütün dünyada Azərbaycanla ilk növbədə ona görə maraqlanırlar ki, Azərbaycan postsovet məkanında siyasi və iqtisadi novasiyaları ən fəal şəkildə tətbiq edən bir ölkə hesab edilir və bu da ilk növbədə Heydər Əliyevin - Şərq müdrikliyini və Qərb dinamizmini özündə təcəssüm etdirən, Azərbaycanı dünyaya tanıdan, sülhə, sabitliyə və təhlükəsizliyə sadiqliyi ilə tanınan dahi bir insanın xidmətidir.

Biz, adi insanlar, liderlərlə sadəcə hakimiyyəti əldə saxlayan adamlar arasında fərqi görə bilərikmi? Biz onların töhfələrini, yaxud əksinə, səhvlərini layiqincə qiymətləndirə bilərikmi? Liderlər çox vaxt hakimiyyət kanallarını idarə edən, lakin əslində zəruri təsir gücünə malik olmayan “adi menecerlər” deyilmi"? Biz siyasi həyatın xarakterini transformasiya edən dahilər axtarırıq, lakin bu halda tapdığımız sadəcə vəzifəli şəxslər deyilmi? Amerikalı alimlər C.Komer və S.Riqdon haqlı olaraq belə hesab edirlər ki, bu kəskin suallar politoloqları çox düşündürür.

2. Heç də təsadüfi deyildir ki, Fransada deyirlər: “Que la Republique etait belle sous LEmpire” (“İmperiyada yaşayanda bilirsən ki, Respublika necə də gözəldir!”) (John Comer, and Susan M. Rigdon. Understanding American Government. 8th ed. Belmont, USA: Thompson Wadsworth, 2006, r.65).

Əminliklə deyə bilərəm ki, Heydər Əliyevin bütün həyatı xalqa xidmət etməkdən ibarət böyük bir missiya idi. Buna görə Azərbaycan vətəndaşı heç vaxt belə bir problem qarşısında qalmayacaqdır: “Mən hansı ölkədə yaşamaq istərdim?”

Ənənəyə görə siyasi liderin missiyası iki koordinatla müəyyən olunur: xalqın iradəsini ifadə etmək və dövlətçiliyi möhkəmlətmək. Azərbaycanın dövlət suverenliyi əldə etməsi və dünyanın siyasi xəritəsində müstəqil Azərbaycan adlı bir dövlət yaranması üçün dövlətin və hakimiyyətin məxsusi Azərbaycan modeli işlənib hazırlanmalı idi. Heydər Əliyev dövlət başçısı olaraq çox mürəkkəb daxili və geosiyasi şəraitdə müstəqil və demokratik dövlət yaratmaq kimi tarixi məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin çətin və mürəkkəb bir dövrdə ölkənin inkişafının Prezident Heydər Əliyev tərəfindən təklif olunmuş perspektivli və inandırıcı kursu ölkəmizin ən yeni tarixinin bütün gedişinə, Azərbaycan dövlətçiliyinin təşəkkülünə və möhkəmlənməsinə təsir göstərmişdir.

Heydər Əliyev xalqın iradəsi ilə hesablaşaraq, ölkədə dövlət hakimiyyətini möhkəmlətməyə başladığı ilk günlərdən etibarən güclü prezident hakimiyyətinə əsaslanan suveren dövlət qurulmasını strateji məqsəd kimi müəyyən etmişdir.

“Təsadüfi deyildir ki, 1993-cü ilin yayında - Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir”.

Azərbaycanda dövlət sisteminin özəyinə çevrilmiş prezidentlik institutunun təşəkkülü və möhkəmlənməsi Prezident Heydər Əliyevin şəxsiyyəti ilə əlaqələndirilir. Seçkili milli liderin şəxsində güclü və sabit dövlət hakimiyyətinin bərqərar olması zərurəti iqtisadi, siyasi və sosial sahədə dəyişikliklərin ilk illərindən özünü göstərmişdir. Azərbaycan xalqı müstəqilliyə nail olduqdan sonrakı ilk illərdə dövlətçiliyin və onun əsaslarının yaradılması, ölkənin idarə edilməsi gündəmdəki ən kəskin məsələ idi. Hələ tam dərk edilməmiş, çox vaxt idarə edilməyən demokratiya dalğasında bu məsələnin həlli üçün konkret proqram, strategiya və taktika yox idi. Deməli, inkişaf oriyentirləri və gələcək haqda aydın siyasi təsəvvür də yox idi.

Bu şəraitdə Heydər Əliyev növbəti dəfə öz qüdrətli naturasına xas olan dəqiqlik və konkretlik nümayiş etdirərək, amorf, demaqoq manipulyasiyaları qətiyyətlə rədd edərək, bunun əvəzinə milli müstəqilliyin əsası kimi dövlətçiliyin inkişafı və möhkəmlənməsi kursunu təklif etdi. Heydər Əliyevin təşəbbüsləri sayəsində Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrində islahatlar başlandı. Yeni iqtisadi münasibətlərin, pul-kredit, büdcə və gömrük sistemlərinin formalaşması idarəçilik, mənəvi-mədəni, elm-təhsil siyasətinin kökündən dəyişdirilməsini tələb edirdi. Yaranmış vəziyyət çevik və qeyri-ordinar qərarlar qəbul edilməsini sürətləndirirdi. Dövlət başçısının fərmanları ilə elə qanunlar qəbul edildi ki, bunlarsız ölkənin və cəmiyyətin modernləşdirilməsi sadəcə mümkün olmazdı. Milli modernləşmə yolunu müəyyən etmiş Prezident Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti məhz həmin dövrdə üzə çıxdı. Bir sıra nüfuzlu xarici ekspertlərin vurğuladığı kimi, sözün hərfi mənasında iki il müddətində gələcək dinamik inkişaf üçün baza hazırlanmaqla iqtisadiyyatda bir sıra struktur məsələləri həll edildi. Məhz o vaxt - ötən əsrin 90-cı illərində neft-qaz layihələri əsasında vəziyyəti yaxşılığa doğru kökündən dəyişmək, boru kəmərlərinin çəkilişinin strateji yollarını prinsipial baxımdan müəyyən etmək mümkün oldu.

Azərbaycan xalqının və Azərbaycan dövlətinin vəhdətini təcəssüm etdirməli olan prezidentlik institutunun modernləşmə xarakteri Azərbaycanda islahatların gedişində daha aşkar görünürdü. Tranzit dövrü şəraitində tələb edilən prezident idarəçilik forması ən qısa müddətdə güclü və konsolidə edilmiş hakimiyyət sistemi yaradılması, sosial iqtisadi şəraitin sabitləşdirilməsi üçün güclü siyasi baza rolu oynamışdır. Prezident idarəçilik forması hakimiyyətin qanunvericilik və icraçılıq şaxələrinin sinergiyasını, onların çəkindirmə və tarazlama sisteminə, səmərəli qarşılıqlı təsirinə əsaslanan vahid işlək mexanizm şəklində inteqrasiyasını təmin etmişdir.

Azərbaycanda prezidentlik institutu dünya miqyaslı görkəmli lider Heydər Əliyevin şəxsiyyəti ilə birlikdə ölkənin davamlı inkişafı, onun dünya birliyinə daxil olması, bütün mənfi amillərə və təhdidlərə uğurla müqavimət göstərməsi üçün zəruri şərt idi. Bu nəticə həyatın gedişi ilə təsdiqlənmişdir. Onun arxasında Heydər Əliyevin həqiqətən titanik əməyi və görkəmli istedadı durur. Qanunauyğun haldır ki, 1990-cı illərin axırlarında beynəlxalq siyasət elmində “Əliyev fenomeni” termini yaranmışdır. Dinamizm, islahatlara meyl, praqmatizm və yüksək səmərəliliyə malik idarəçiliyin nadir şəkildə birləşməsini ifadə edən “Əliyev fenomeni” sabit inkişaf, sosial həmrəylik, milli birlik, fəaliyyətdə olan azərbaycançılıqdır. Mütərəqqi ideya olan azərbaycançılıq modernləşmə tranzitinin optimal şəkildə həyata keçməsini və milli inkişaf məsələlərinin həllini təmin edir. Digər tərəfdən, həmrəy şüura və siyasi iradəyə malik olmayan xalqları eroziyalı diffuziya, identikliyin yox olması təhlükəsi gözlədiyi bir dövrdə azərbaycançılıq milli özünəməxsusluğu qoruyub saxlamağın rəhninə çevrilmişdir.

3. Heydər Əliyev göstərirdi ki, “azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən - inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir” (Dirçəliş-XXI əsr, № 45, s.11).

Qərbdə hələ bir neçə il bundan əvvəl çox səylə təbliğ edilən, lakin yaxın vaxtlarda Qərb siyasətçilərinin özlərinin gərəksiz hesab etdiyi multikulturalizm ideyaları iflasa uğradığı şəraitdə azərbaycançılıq ideologemi bu gün xüsusi aktuallıq kəsb edir. Gələcəyə yönəlmiş mütərəqqi ideya kimi çıxış edən azərbaycançılıq modernləşmə tranzitinin optimal axınını və milli inkişaf məsələlərinin həllini təmin etmişdir. Azərbaycançılığın baza dəyərlərinə bağlılıq bizim sosiumun birləşdirici amilinə çevrilməklə ictimai sabitliyi və firavanlığı, islahatların uğurunu, qlobal siyasətdə milli mənafelərin həyata keçirilməsini təmin edir.

Heydər Əliyevin siyasi missiyasının daha bir fenomeni ondan ibarətdir ki, dövlət idarəçiliyinin Avropa standartlarına çox ciddi diqqət yetirməklə möhkəm administrativ sistem yaradır. Vaxtilə Heydər Əliyevin başladığı strateji məsələ - Azərbaycan administrativ idarəçilik kompleksini Avropa normalarına maksimal dərəcədə uyğunlaşdırmaq məsələsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Siyasi tarixdə “ictimai usanma”, yəni cəmiyyətin liderdən “usanması” faktları məlumdur. Özü də bu, ləyaqətli, öz fəaliyyətində bir sıra parlaq qələbələr qazanmış liderə də aid ola bilər. Bu mənada, “ictimai usanma” ənənələrini Miltiad, Femistopl, Perikl kimi antik siyasətçilərdən başlamış, praktiki müasirlərimiz sayılan Çörçill və de Qolla qədər izləmək olar. Xalq bu siyasətçilərin xidmətlərini inkar etməsə də, ölkənin gələcək idarəçiliyində onlardan qətiyyətlə imtina etmişdir. Müxtəlif ölkələrdə, müxtəlif tarixi dövrlərdə müxtəlif liderlərin siyasi liderliyinin xarakterinin eyni olacağını gözləməyə dəyməz. Lakin tam əminliklə deyə bilərik ki, fərqli cəhətlərə baxmayaraq, siyasi liderlik hakimiyyətin ən yüksək və geniş əhatəli formalarından biridir.

Heydər Əliyevə xas olan idarəçilik qabiliyyəti heç də təsadüfi olmayan Tanrı payı idi. Lakin bu fitri qabiliyyətin Azərbaycan dövlətinin hüquqi əsaslarında öz harmonik əksini tapması məhz onun şəxsiyyəti sayəsində mümkün olmuşdur.

Əlamətdar haldır ki, məhz Heydər Əliyev Azərbaycanın Prezidenti vəzifəsində fəaliyyətə başlayarkən birinci olaraq, həm Qurana, həm də Konstitusiyaya əl basaraq and içmişdir. Əlbəttə, həm dövlət rəmzləri, həm də dini rəmzlər özlüyündə çox vacibdir, lakin burada söhbət mənəvi irsdən - dünya siyasətinin fırtınalı dəryasında dövlət gəmisinin yolunu işıqlandıran ideyalardan gedir.

Çox təəccüblü olmasa da, hər halda qəribə təsir bağışlayan daha bir məqam vardır: biz çox vaxt elə düşünürük ki, böyük liderlər keçmişdə qalmışdır. Görünür, məsələyə bu cür nöqteyi-nəzərin yaranmasını onunla izah etmək olar ki, Qərb demokratiyalarında liderlər qismində çıxış edənlər, bir qayda olaraq, menecerlərdir. Qabaqcıl sənaye ölkələrində siyasi və inzibati həyatın mürəkkəblikləri ona gətirib çıxarır ki, rəhbərlər “sadəcə olaraq” cəmiyyətin strukturunda cüzi dəyişikliklər yolu ilə onu modifikasiya etməyi bacarırlar.

Ölkəmiz üçün inkişaf modelini, yaxın və uzaq perspektiv üçün onun siyasi və iqtisadi gələcəyini məhz bu qeyri-adi insan müəyyən etmişdir. “Azərbaycan yolu”nun bütün dünyada qəbul edilməsinin bilavasitə nəticəsi kimi, indi ölkəmiz beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.

U.Çörçill öz həyat yoluna yekun vuraraq yazırdı: “Gərək sən öz ölkən uğrunda ölməyə hazır olasan, lakin bundan daha vacibi odur ki, sən öz ölkən naminə yaşamağa hazır olasan”. Heydər Əliyev öz ölkəsi naminə yaşadı və yaratdı.

Heydər Əliyevi müəyyən mənada kommunikativ mühəndis qurğusunun müəllifi hesab etmək olar. Azərbaycan xalqının ümummilli lideri bu və ya digər mövqeləri insanlara zorla qəbul etdirməyə çalışmırdı, o, müvafiq ideyanın məqsədlərini insanlara izah edir, nəticədə insanlar onun müttəfiqlərinə çevrilirdi. Bizim cəmiyyətin dəyər oriyentasiyaları sistemində azərbaycançılıq intensionallığı məhz bununla müəyyən edilir. Azərbaycançılıq intensionallığı fenomeni siyasi liderin və ölkə vətəndaşlarının fəaliyyətinin məqsədləri arasında uyğunluğu optimallaşdırmalı olan özünəməxsus bir vasitə, mühüm bir amil kimi çıxış edir. Azərbaycançılıq intensionallığı prosesinin istiqaməti, məzmunu və xarakteri Azərbaycan vətəndaşlarının üstünlük verdiyi dəyərlər, motivlər, tələb və maraqlar sistemi ilə siyasi liderliyin məqsəd və vasitələrinin vəhdətini əks etdirən inteqrativ indikatorlardır. Milli inkişafın ümummilli lider tərəfindən işlənib hazırlanmış siyasi kursu həm dövlət idarəçiliyi texnologiyalarının məqsəd funksiyalarını, həm də dövlətçilik fəaliyyətinin bu növünün dəyər-normativ məzmununu əhatə edir.

Hər bir dövlətin tarixi nadirdir. Azərbaycan dövlətçiliyinin nadirliyi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bizim hamımızın nəzərində Vətəni fədakarcasına sevmək nümunəsi olmuş, onun birləşdirici azərbaycançılıq ideyası Azərbaycan vətəndaşları üçün, bizim hər birimiz üçün mənəvi kateqoriyaya çevrilmişdir. Buna görə də Azərbaycan xalqı Heydər Əliyevin həyata keçirdiyi siyasi missiyanı bütünlüklə dərk edir, anlayır ki, bu insan olmasaydı, respublika sadəcə məhv olardı.

Aqiyə NAXÇIVANLI,

 siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında