Norveçin vəliəhdi HAAKON: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində artıq etibarlı tərəfdaş olduğunu sübuta yetirmişdir

 

 

Norveç Azərbaycan ilə enerji sahəsində sıx əlaqələrindən, həmçinin “Statoil” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasındakı əməkdaşlığın inkişafından olduqca məmnundur. 

AzərTAc xəbər verir ki, bu fikri Norveç Krallığının vəliəhdi Haakon Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının “Azerbaijan-2013" xüsusi buraxılışına müsahibəsində söyləmişdir.

Vəliəhd demişdir ki, Norveçin təchizat sənayesi Xəzər hövzəsində həyata keçirilən layihələrə əhəmiyyətli töhfələr vermişdir. Xəzər regionu dünya enerji bazarında mühüm rol oynayır. Neft-qaz istehsalçısı kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində artıq etibarlı tərəfdaş olduğunu sübuta yetirmişdir. Həm Norveç, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində tərəfdaşdırlar. Xəzər regionunu Avropa ilə birləşdirən “Cənub” qaz dəhlizi layihəsini həyata keçirməklə Azərbaycan dünya miqyasında nüfuzunu daha da artıracaqdır. Norveç Avropanın enerji təhlükəsizliyini gücləndirəcək “Cənub” qaz dəhlizi layihəsini tam dəstəkləyir.

Vəliəhd Haakon bildirmişdir ki, Azərbaycanın neft sənayesindəki təcrübəsinin tarixi 1840-cı illərə, Norveçin bu sahədəki tarixi isə 1960-cı illərə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən və xarici şirkətlər dəvət olunduqdan sonra Norveçin “Statoil” şirkəti bu ölkəyə sərmayə yatıran ilk beynəlxalq şirkətlərdən biri olmuşdur. Həm Azərbaycan, həm də Norveç gələcək nəsillərin də enerji ehtiyatlarından istifadəsini təmin etmək üçün yaxşı perspektivlərə malikdir. Norveçin bu sahədəki təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, milli gəlirin çox hissəsi neft və qaz sahəsindən əldə edilirsə, bu sahədə şəffaflığı və gəlirin düzgün istiqamətlərə yönəlməsini təmin etmək lazımdır. Bir çox ölkələr “bolluq paradoksu” adlanan qısamüddətli gəlirin yaratdığı bədxərclik sindromunu yaşamışlar. Buna görə də bizim uzunmüddətli strategiyalar, ekoloji məsuliyyət və şəffaflıq kimi məqsədlərimiz olduqca vacibdir.

Haakon demişdir: “Azərbaycanın ətraf mühitə göstərdiyi diqqət və Dövlət Neft Fondunun yaradılması təqdirəlayiqdir. Norveç xalqlarımızın qarşılıqlı marağına uyğun olaraq regionda sabitlik, təhlükəsizlik, insan hüquqları və demokratiya kimi sahələrdə də Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır.

Mən Norveç ilə Azərbaycanın müxtəlif ölkələrin və şirkətlərin şəffaflıq, cavabdehlik və idarəçilik qaydalarını inkişaf etdirmək üçün səylərini birləşdirdikləri Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirirəm. Azərbaycanın bu təşəbbüsə qoşulmasını və bu sahədə digər ölkələrə nümunə olmasını çox bəyənirəm.

Dünya enerji bazarında Azərbaycanın rolu artıq aydındır və bu rol gələcəkdə daha da artacaqdır. Ümid edirəm ki, Azərbaycan ilə Norveç arasındakı həm enerji, həm də digər sahələrdə səmərəli əməkdaşlıq gələcəkdə də inkişaf edəcəkdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında