Əli HƏSƏNOV: Azərbaycan Avropaya bu qitədən aldığından daha çox töhfə verməyə çalışır, çünki biz Avropanı bir ailə kimi görürük

 

 

Azərbaycan Avropaya bu qitədən aldığından daha çox töhfə verməyə çalışır, çünki biz Avropanı bir ailə kimi görürük.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Böyük Britaniyanın “The Business Year” jurnalının “Azerbaijan-2013" xüsusi buraxılışının (”The Business Year-Azerbaijan-2013") Bakıda keçirilmiş təqdimat mərasimindən sonra Avropanın siyasi, iqtisadi, biznes həyatı ilə bağlı informasiyalar və analitik məqalələr yayan nüfuzlu “New Europe” portalının enerji məsələləri üzrə redaktoru Kostis Geropoulosa məxsusi müsahibəsində söyləmişdir.

Əli Həsənov bildirmişdir ki, iqtisadiyyat Azərbaycanın Avropaya töhfələrinin əsas hissələrindən biridir. Əvvəllər Azərbaycan Avropa ölkələrindən sərmayə yatırılmasını gözləyirdi. Lakin indi Azərbaycan özü Avropa dövlətlərinə fəal şəkildə investisiyalar yatırır. Bundan başqa, biz Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın artan rolunu görürük.

Prezident Administrasiyanın rəsmisinin sözlərinə görə, Azərbaycan çalışır ki, Avropa təşkilatları və beynəlxalq institutlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal iştirak etsinlər. Avropanın üç ən nüfuzlu təşkilatı vardır: Avropa İttifaqı, NATO və ATƏT. Əlbəttə, Avropa  Şurasını da qeyd etmək lazımdır, çünki biz bu təşkilatla fəal tərəfdaşlıq edirik. Lakin regional təhlükəsizlik baxımından ən nüfuzlu təsisat NATO-dur. Avropa ölkələrinin iqtisadi əlaqələrinə gəldikdə, biz Avropa İttifaqı ilə əməkdaşlığımızı gücləndiririk. Təəssüf ki, bu iki təşkilat Dağlıq Qarabağ probleminin həlli prosesində fəal iştirak etmir. Bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatlar yayırlar və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırırlar. Lakin inanırıq ki, həmin təşkilatların regional təhlükəsizliyin təmini ilə bağlı imkanları daha çoxdur və onlar bu imkanlardan istifadə etməlidirlər.

Əli Həsənov Avropa İttifaqını və NATO-nu münaqişənin həlli istiqamətində daha ciddi addımlar atmağa çağıraraq demişdir: “Hesab edirəm ki, bu təşkilatlar regionda sülhün bərqərar olması üçün Ermənistandan beynəlxalq öhdəliklərə riayət etməsini tələb edə bilərlər. Bu, əlbəttə ki, regionda sülhün təmin edilməsinə gətirib çıxaracaqdır və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin daha etibarlı təmininə təsir göstərəcəkdir. Sülh təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa üçün zəruridir”. 

Şöbə müdiri diqqətə çatdırmışdır ki, Avropanın regionda iqtisadi, enerji və təhlükəsizlik maraqları vardır. Buna görə də Avropanın aparıcı təsisatları bu məsələyə cəlb oluna bilərlər. 

 “New Europe” portalı, həmçinin “The Business Year” jurnalının “Azerbaijan-2013" xüsusi buraxılışının təqdimat mərasimində Əli Həsənovun söylədiyi fikirlərə də yer vermişdir.

Bildirilir ki, Əli Həsənov mərasimdə ötən 10 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının təxminən 3 dəfə, sərmayələrin həcminin isə 10 dəfə artdığını söyləmişdir.

Şöbə müdiri demişdir: “Azərbaycan ən sabit inkişaf edən ölkələrdən biridir. Dünya iqtisadiyyatında üç ildir davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmiş və onu daha cəlbedici səviyyəyə qaldırmışdır. Azərbaycan enerji və qeyri-neft sektorlarının, xüsusilə də informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına xüsusi önəm verir. Bu il Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxmışdır”.

Əli Həsənov ötən ilin mayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini xatırlatmış, ölkəmizin beynəlxalq arenada fəal rol oynamağa başladığını vurğulamışdır.

“New Europe” portalı yazır ki, “The Business Year” jurnalının xüsusi buraxılışında Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlər ətraflı təhlil edilir. Yazıda “The Business Year” jurnalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan etməsi xüsusi vurğulanır.

Portal xüsusi buraxılışın təqdimat mərasimində çıxış edən Azərbaycan rəsmilərinin fikirlərinə də yer vermişdir. İqtisadi inkişaf naziri Şahin Mustafayevə istinadən bildirilir ki, Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının payı 80 faizdir. Ölkədə qeyri-neft sektorunun əhəmiyyətli inkişafı müşahidə olunur. Yoxsulluğun səviyyəsi 6 faizə enmişdir. Bu problemin tam aradan qaldırılması üçün gələcəkdə də tədbirlər görüləcəkdir.

Nazir qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Son üç il ərzində Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Ötən il iqtisadi artım qeyri-neft sektorunun inkişafı hesabına baş vermişdir. Proqnozlara görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 80 faiz təşkil edəcəkdir. Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində də mühüm işlər görülmüşdür. Hazırda Azərbaycanda 80 mindən artıq sahibkar vardır.

Məqalədə sənaye və energetika naziri Natiq Əliyevin fikirlərinə istinadən bildirilir ki, 1990-cı illərin sonu, 2000-ci ilin əvvəllərində xarici şirkətləri Azərbaycana sərmayə yatırmağın əlverişliliyinə inandırmaq çətin məsələ idi. İndi isə Azərbaycan özü həm ölkə daxilində, həm də xaricdə böyük investora çevrilir. TANAP layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 80 faiz paya malik olması buna əyani sübutdur.

Natiq Əliyev Azərbaycanın enerji təminatında bərpa olunan enerji mənbələrinin payını artırmaq niyyətində olduğunu da diqqətə çatdırmışdır. Nazir demişdir ki, hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 11 faizi bərpa olunan enerji mənbələrindən alınır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında