Aprelin 5-də Milli Məclisin növbəti iclası keçirilmişdir. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Hesablama Palatasının 2012-ci ildəki fəaliyyətinə dair hesabat dinlənilmişdir.
Palatanın sədri Heydər Əsədov görülən işlər, aparılan yoxlamaların nəticələri, analitik təhlillər barədə məlumat verərək demişdir ki, palatanın ötən ildəki fəaliyyəti də dövlət başçısının maliyyə intizamının möhkəmləndirilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi, şəffaflığın və cavabdehliyin artırılması, eləcə də korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi sahəsində nəzarət orqanları qarşısında qoyduğu vəzifələrə istiqamətlənmişdir. Hesabat ilində palata 68 audit və 2 analitik təhlil aparmışdır. Bu isə 2010-cu illə müqayisədə 27, 2011-ci illə müqayisədə 22 audit tədbiri çoxdur. Aparılan auditlər təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı də digər sahələri əhatə etməklə investisiya xərcləri, tikinti və ilk dəfə olaraq hesabat ilində dövlət mülkiyyətində olan torpaqlardan istifadənin vəziyyətinin araşdırılmasına yönəldilmişdir.
Həyata keçirilən nəzarət tədbirlərinin nəticələrinə əsasən palata tərəfindən yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, eləcə də digər əlaqədar orqanlara 100 təqdimat göndərilmişdir.
Nöqsanların aradan qaldırılması üçün lazımı tədbirlər görülmüşdür.
Vergilər Nazirliyi ilə aparılan birgə yoxlamalar nəticəsində 3 vergi ödəyicisi barədə cinayət işi açılaraq hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Bundan əlavə, aparılan işlər nəticəsində bir çox dövlət qurumlarında qanun pozucuları barəsində inzibati cəza tədbirləri görülmüşdür. Belə ki, 13-ü rəhbər şəxs olmaqla 44 nəfər işdən azad edilmiş, 40-dan artıq adama şiddətli töhmət verilmişdir (18-i rəhbər vəzifəli şəxsdir).
Palatanın beynəlxalq əlaqələrinin də genişləndiyini vurğulayan Heydər Əsədov bildirmişdir ki, yaxın günlərdə ölkəmizdə Avropa və Ərəb auditlər qruplarının beynəlxalq konfransı keçiriləcəkdir. BMT-nin 66-cı sessiyasında qəbul olunan Ali Audit Qurumlarının rolunun gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin artırılması barədə qərara uyğun olaraq belə bir toplantının ilk dəfə Bakıda keçirilməsi dövlət başçısının şəffaflığın artırılması istiqamətində apardığı siyasətin məntiqi nəticəsidir.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri yarandığı vaxtdan ötən qısa müddətdə palatanın peşəkar bir quruma çevrildiyini, Milli Məclisə təqdim olunan hesabatların ildən-ilə təkmilləşdirildiyini vurğulamış, rəy və təkliflər irəli sürmüşlər.
Qeyd olunmuşdur ki, elmi əsaslara söykənən hesabatda bütün sahələr əhatələnmiş, maliyyə nəzarəti ilə bağlı böyük iş görülmüşdür.
Palatanın hesabatı normativ-hüquqi aktlara uyğun hazırlanaraq parlamentə təqdim olunmuş, iş planındakı bəndlər yerinə yetirilmişdir. Palatanın beynəlxalq əlaqələrini genişləndirilməsi də müsbət məqamlardan biri kimi xarakterizə olunmuşdur.
Hesabat ilində dünya iqtisadiyyatında davam etməkdə olan qeyri-müəyyənliyə baxmayaraq, aparılan məqsədyönlü iqtisadi siyasət və ona uyğun həyata keçirilən əsaslandırılmış tədbirlər nəticəsində ölkə iqtisadiyyatında əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, qlobal böhranın təsiri nəticəsində dünya iqtisadiyyatında artım templərinin zəifləməsi fonunda ölkəmizdə ümumi daxili məhsulun istehsalı üzrə əvvəlki illə müqayisədə 2,2 faiz artım əldə edilmişdir ki, bu da makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın sahə və regional strukturunun optimallaşdırılması, fiskal siyasətin mövcud şəraitə uyğun uzlaşdırılması, iqtisadi potensialın gücləndirilməsi üçün diversifikasiya siyasətinin həyata keçirilməsini təmin edən tədbirlərin artırılması və qeyri-neft sektorunun sürətli inkişafına nail olunması, maliyyə potensialının və valyuta ehtiyatlarının daha da gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində əldə olunmuşdur. Bu uğurlar isə 2012-cu ili ölkə iqtisadiyyatı üçün uğurlu illərdən biri kimi xarakterizə etməyə əsas verir.
Heydər Əsədov deputatların səsləndirdiyi rəy və təkliflərə münasibət bildirdikdən sonra hesabat səsvermə ilə nəzərə alındı.
Sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə, “Yol hərəkəti haqqında”, “Diplomatik xidmət haqqında” qanunlara dəyişikliklər olunmuşdur.
Bildirilmişdir ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin miqdarının 50 manatdan 150 manata qədər artırılması nəzərdə tutulmuşdur.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı isə “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişiklikdə sürücülük vəsiqəsinin alınması zamanı tələb olunan sənədlərin siyahısında dəqiqləşmə aparılmışdır. Qanun qüvvəyə mindikdən sonra yalnız yaşı 60-dan çox olan və xüsusi riskli xəstəliklərdən əziyyət çəkən şəxslər (adları müvafiq dispanserlərdə qeydiyyatda olanlar) sağlamlıq haqqında arayış təqdim edəcəklər.
İclasın sonunda yeni hazırlanan “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Layihəni təqdim edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev bildirmişdir ki, qanun vətəndaşların dövlətin idarə olunmasında iştirak hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsinə təminat yaradacaqdır.
Qeyd olunmuşdur ki, 4 fəsil, 20 maddədən ibarət qanun vətəndaşların hüquq və mənafelərinin qorunmasında əlavə təminat yaradacaq. Müzakirələrdən sonra layihə qəbul olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.