(əvvəli 5 aprel 2013-cü il tarixli sayımızda)
Neoimperialist siyasəti yeridən dövlətlərin doğrudan doğruya demokratiyanı müdafiə etməsi hansı məntiqə sığır? Lüləsinə “demokratiya” geydirilən silahla hansı ölkədə əsl demokratiya “əkmək” olar? Belə suallar zəncirindən asılıb qalan və ağırlaşaraq bu yükün basqısından irəli hərəkət edə bilməyən ekspansionist siyasətin özünü beynəlxalq siyasət kimi qələmə vermək bu gün daha heç kimi inandırmır və belə bir siyasət artıq hərbi güc üstünlüyü olmadan dünyanın heç bir bölgəsində özünə dəstək tapa bilmir.
Özünün yaratdığı problemlərin girdabında boğulan “arxaik siyasətin” dünyada “demokratiya dəlikləri” axtarması və onlara barmaq tıxaması getdikcə daha tez-tez əks-nəticələr verir və onun özünü aramsız böhranlar burulğanına salır.
Lakin qlobal siyasi arenanın iştirakçıları yalnız neo-imperialistlər və avtoritarlardan ibarət deyil. Bu gün beynəlxalq həyatda yetişməkdə olan yeni siyasi situasiyanın reallığı neoimperializmin teatrallaşdırdığı mühafizəkar dünya modeli ilə birbaşa ziddiyyət təşkil edir. Çünki artıq dünya “köhnə qaydalarla” yaşaya və idarə oluna bilmir. Dünya dövlətlərinin böyük əksəriyyəti qlobal siyasət “teatrında” onlara ayrılmış, daha doğrusu, onlara sırınan rolların itaətkar ifaçısı olmaqdan imtina edir. Hələ latent formada davam edən bu qarşıdurma bəzi siyasi situasiyalarda açıq qarşıdurmalara səbəb ola biləcək qədər təhlükəli görünür. Çünki özlərini dünyaya hökmran sayan dövlətlər bu üstünlüyü heç vəchlə əldən vermək istəmir, dünya siyasətində son onilliklərdə fəallaşma mövqeyi qazanan gənc suveren dövlətlər isə beynəlxalq siyasi rejimin onları daim əhəmiyyətsizlik və fəaliyyətsizlik şəraitində saxlayan mühafizəkar qaydaları çərçivəsinə sığmırlar. Kifayət dərəcədə iqtisadi və siyasi sabitlik əldə etmiş, öz vətəndaşları üçün zəruri olan ümumbəşəri və demokratik dəyərləri öz cəmiyyətlərində bərqərar etmiş Türkiyə, Argentina, Braziliya və s. kimi dövlətlər artıq qlobal siyasət səhnəsində onlara uzun müddət əvvəl ayrılmış rollarla haqlı olaraq qane olmaq istəmirlər. Belə bir vəziyyətdə dünyanı idarə edən dövlətlər də güzəştə getməyin qaçılmaz olduğunu anlayır və vaxtaşırı dünyanın müxtəlif bölgələrində baş verən hadisələrin dəyərləndirilməsi zamanı fəallaşmaqda olan dövlətlərin mövqeləri ilə hesablaşmaq zorunda qalır, bəlkə özləri də bunu istəmədən həmin dövlətlərin qlobal siyasətə daha fəal şəkildə cəlb olunmaları üçün imkan yaratmalı olurlar. Belə bir dinamikanı və belə bir perspektivin ilk əlamətlərini “Dünya nəhəngləri” adlandırılan dövlətlərin daxil olduğu G-7 formatının əvvəl G-8-ə, daha sonra G-20-yə transformasiya etməsi prosesində müşahidə edirik.
Beləliklə, müasir dünyanın siyasi həyatında əsl mübarizə neoimperializmlə avtoritarizm arasında deyil, neoimperializmlə fəallaşmaqda olan digər dövlətlərin, şərti olaraq “yeni nəsil dünya dövlətləri” adlandıracağımız dövlətlərin arasında - yəni qlobal hegemonluq ilə qlobal təşəbbüskarlıq arasında baş verir.
İndiyədək, yəni XXI əsrin astanasına qədərki dövrdə müstəqilliyini və suverenliyini itirmək qorxusu altında öz siyasətini daim hegemon dövlətlərin siyasətinə uzlaşdırmağa çalışan yeni nəsil dünya dövlətləri artıq neoimperializmə qarşı öz siyasi, ideoloji və hüquqi platformasını yaratmaq əzmindədirlər. Bu onu göstərir ki, artıq müasir siyasi əxlaq və sivilizasiya qanunları beynəlxalq həyatda “paternalizm” siyasətini və onun yaratdığı “vassallıq” münasibətlərini qəbul etmir.
Belə bir vəziyyətdə dünyanın idarə olunmasının yeni konfiqurasiyasının tapılmasına ehtiyac hiss olunur və bu da öz növbəsində qlobal idarəetmənin yeni qlobal siyasi vəziyyətə uyğunlaşdırılmasını aktuallaşdıran mövqeyin ortaya qoyulmasını zəruri edir. Belə bir mövqeyi nə hegemonlar, nə də avtoritarlar ortaya qoya bilər. Çünki dünyanın idarə olunması kimi qlobal bir məsələdə hər hansı bir islahata və ya güzəştlərə getmək, ümumiyyətlə, onların mahiyyətinə uyğun deyil. Bu mübarizədə böyük demokratiya təcrübəsinə malik olan Avropa dövlətləri ön cinahda olmaqla, yeni nəsil demokratik dünya dövlətlərinin sırası daha da genişlənməli və möhkəmlənməlidir. Məhz belə bir siyasətin tərəfdarları beynəlxalq siyasətdə böyük perspektivi olan yeni bir tendensiyanın tarixi yaradıcısı ola bilərlər. Bu dövlətlərin yürütdüyü və getdikcə daha inamla yürüdəcəyi beynəlxalq siyasətin idarəetmə planında beynəlxalq həyatın bütün reallıqları nəzərə alına bilər. Məhz bu kontekstdə fəallaşaraq, əlverişli beynəlxalq siyasi situasiyada ümumdünya siyasətinin müəyyənləşdirilməsində, regional və qlobal layihələrin həyata keçirilməsində və qlobal idarəetmədə öz üzərinə yeni rol və məsuliyyət götürməyə çalışan Türkiyə, Braziliya, Argentina və s. kimi dövlətlər qlobal siyasət arenasında öz mübarizəsinə başlamaqdadır. Son on ildə Azərbaycanda baş tutan hərtərəfli davamlı inkişaf, daxildə həyat səviyyəsinin yüksəlməsi ilə bərabər beynəlxalq miqyasda gündən-günə genişlənən təşəbbüskarlıq və dünya birliyinin də əsasən adekvat reaksiyası Azərbaycanın da yaxın gələcəkdə bu dövlətlər sırasında yer ala biləcəyini deməyə əsas verir. Onların apardığı siyasətin öz məzmununa, məramına və hədəflərinə görə həm neo-imperialistlərin, həm də avtoritar rejimlərin inadla aparmağa israrlı olduğu ekspansionist və öz xalqlarına qarşı despotik siyasətdən tamamilə fərqləndiyini görmək isə heç də çətin deyil. Məhz bu dövlətlərin təşəbbüskarlığının müasir global siyasətdəki inikası başlıca məram və məqsədləri ilə “Yeni Nəsil Dünya Dövlətləri” ideyasının əsasında duran idealları özündə əks etdirir.
Məram, məqsəd və ideallarına görə bu mövqedə dayanan dövlətlərin birgə fəaliyyətinin getdikcə daha çox beynəlxalq siyasətin mütərəqqi ruhunu və optimist tendensiyalarını ifadə etməyə qadir olacağı mümkün görünür. Məhz belə bir mövqeyin dünya dövlətləri arasında tədricən aktuallaşmasının parlaq təsdiqidir ki, 155 dövlətin dəstəyi ilə Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Beynəlxalq sistemin subyektləri onların mənafeyini daha yüksək səviyyədə qoruya bilən gənc bir dövlətə - Azərbaycana etibar etdilər. Bu etimad, heç şübhəsiz, beynəlxalq siyasətdə öz universal platformasını müəyyənləşdirməkdə olan yeni nəsil dünya dövlətlərinin hamısı üçün örnək və möhkəmləndirici dayaqdır.
Əslində, guya, bütün dünyanın böhranla üzləşdiyi bir vaxtda bir sıra dövlətlər, o cümlədən gənc suveren dövlət olan Azərbaycan nəinki bu böhrandan sovuşub, hətta son 8 il ərzində ölkədə ümumdaxili məhsulun üç dəfə artmasına nail olub. Bu nailiyyət təkcə ölkədaxili amillərlə bağlı deyil, həm də Azərbaycanın özünü kimlərinsə maraq dairəsinə tabe etdirmədən, beynəlxalq siyasətdə digər suveren dövlətlərlə çiyin-çiyinə qlobal əməkdaşlıq tendensiyasını gücləndirməsinin və dünya birliyini bu yolun doğruluğuna inandırmaq uğrunda səmimiyyətlə çalışmasının bəhrəsidir. Bu gün Azərbaycanın həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət beynəlxalq miqyasda qlobal əməkdaşlığa və dinamik inkişafa, iqtisadi-mədəni əlaqələrin dərinləşməsinə və daha məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır. Beynəlxalq siyasətin inkişafında Azərbaycan kimi öz mövqeyi olan yeni nəsil demokratik dövlətlərin rolunun artması bu inkişafın dialektik qanunauyğunluğunun nəticəsidir. Azərbaycan kimi gənc bir dövlətin 200 dövlətdən 155-nin dəstəyini qazanmasını məhz belə bir nəticə hesab etmək olar. Bu təkcə Azərbaycan üçün yox, həm də uğurlu bir presedent kimi bütün dünya birliyi üçün mütərəqqi hadisədir. Belə ki, bütün beynəlxalq subyektlər paritet əsaslarda beynəlxalq siyasəti təmsil etmək və irəlilətmək imkanlarına malik olduqda, qlobal siyasət öz mütənasibliyini əldə edərək bütün tərəfdaşların gücünü dünyanın qlobal problemlərinin həllinə doğru daha optimal şəkildə səfərbər edə bilər. Bu gün neoimperializmin paternalist siyasətinə, qlobal idarəetmənin öz mahiyyətindən yayındırılmasına, beynəlxalq münasibətlərin gərginləşdirilməsinə, beynəlxalq hüquq qaydalarının pozulmasına, qlobalmiqyaslı ədalətsizliyə, demokratiyanın təhrifinə və ondan sui-istifadə edilməsinə, dünya birliyinin ayrı-ayrı hegemon dövlətlərinin “milli maraqları” naminə demokratiyanın sarsıdılmasına qarşı BMT özünün yeni konsepsiyasını ortaya qoymalıdır. Bu konsepsiyada dünyanın gələcəyinə yeni yanaşmanın yüksək siyasi əxlaq meyarları ilə uzlaşan nəzəri istiqamətləri müəyyən olunmalıdır.
Fenomenal dəyişiklikləri nəzərdə tutmalı olan yeni konsepsiya müasir dünyadakı gərgin situasiya kontekstində beynəlxalq sistemdə hər hansı bir forma və səviyyədə dominantlıq siyasətinin status-kvo kimi saxlanmasını, hər hansı bir subyektin və ya subyektlərin birtərəfli şəkildə üstünləşməsini və onların öz mövqeyini dünya birliyinə diktə etməsini istisna etməlidir. Təbiidir ki, bu prosesdə hazırda qlobal idarəetmədə həlledici mövqeyə malik olan dövlətlərin öz aralarındakı münasibətlər və belə bir aparıcı mövqeyi əldə etməyə çalışan yeni qüdrətli dövlətlərin beynəlxalq arenaya çıxaraq buradakı prioritetləri bölüşməsi həm də dünyanın siyasi inkişafına yeni təsir imkanları yaradacaq.
Yeni nəsil demokratik dünya dövlətlərinin birgə səyi və fəaliyyəti ilə baş verməsi mümkün olan bu transformasiya prosesi “realpolitikin” dünyanı fövqəldövlət rejiminin mütləqliyində saxlanmasına yönəlmiş mühafizəkar doktrinaları ilə ziddiyyət təşkil edir. Doğrudan da, qlobal təhlükəyə potensial mənbə olan bugünkü beynəlxalq şəraitin dəyişməzliyini hər hansı bir inkişafın şərti hesab etmək absurd görünür. Beynəlxalq siyasətin yeni təhlükəsizlik konsepsiyası bu metafizik doktrinaya qarşı özünün dialektik konsepsiyasını ortaya qoymaqla beynəlxalq sistemin siyasi, hüquqi və etik əsaslarının daha mükəmməl dayaqlar üzərində qurulmasına nail olmalı və beləliklə, daimi təhlükəlilik və qeyri-sabitlik rejimini getdikcə neytrallaşdıraraq aradan çıxarmağın mümkün vasitə və mexanizmlərini yaratmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, hər bir dövlətin milli siyasətinin beynəlxalq siyasətlə orqanikləşməsi onların hər ikisinin bir-birini stimullaşdıraraq inkişaf etməsi deməkdir. Suveren milli dövlətlər mənsub olduqları sivilizasiyaların kodunu daşıdığına görə, onların beynəlxalq siyasi sistemdə strukturlaşdırdığı siyasət də həmin sivilizasiyanın özünəməxsus keyfiyyətlərinə, yəni həm də fərqli yanaşma dəyərlərinə, özünəməxsus meyar və prinsiplərinə malikdir. Beləliklə, siyasət özünün bütün parametrləri ilə sivilizasiyanın dərin köklərinə, onun ümumi inkişaf məntiqinə bağlıdırsa və öz növbəsində sivilizasiyanın da bütün taleyi və perspektivi onun etik substansiyasından – əsaslandığı əxlaqi dəyərlərin kamilliyindən və keyfiyyətindən asılıdırsa, deməli, siyasət və onun idarəetmə texnologiyaları da çevrəsində olduğu sivilizasiyanın əxlaq mentalitetindən və etik tərəqqi tələblərindən kənarda qala bilməz.
Arxitektonik quruluşlu qlobal siyasi sistemin beynəlxalq ədalətə söykənən universal ideyasına görə, yalnız millətlərin birliyi bəşəriyyətin gerçək substansiyasını ifadə edir. Müasir dünya birliyinin təşəkkülünə doğru inkişafın hazırkı mərhələsində ümumdünya demokratikləşmə və modernləşmə hərəkatının genişlənməsi və məhz demokratik suveren milli dövlətlərin sıx konsolidasiyası dönməz proses olaraq planetar siyasi-antropoloji sistemi onun inkişafının yeni fazasına, bəşəriyyəti təşkil edən millətləri isə daha geniş əməkdaşlıq münasibətlərinin qurulmasına hazırlayır. Beynəlxalq münasibətlərin inkişafının, həqiqətən, əməkdaşlıqdan başqa alternativi yoxdur. Əməkdaşlıq isə idarə edənlə idarə olunan arasında mümkün olmur. Buna görə də indiyədək - ən azı Sovet imperiyasının sonunadək “Parçala və hökm” sür prinsipinə əsaslanan beynəlxalq siyasət (və ya qlobal siyasət) artıq dəyişilməyə məhkumdur. Müasir dövrümüzdə dövlətlərarası münasibətləri tənzimləyəcək və dünyanın sülh və sabitlik şəraitində idarə olunmasını təmin edə biləcək siyasət artıq dünyanın bölüşdürülməsinin deyil, birləşdirilməsinin qlobal siyasətinə çevrilməlidir.
Qloballaşan dünya – ayrı-ayrı siyasi, iqtisadi, hərbi, ideoloji, dini maraqların toqquşma meydanı kimi daralan, geopolitik ərazilərə parçalanan, təbii ehtiyatları tükəndirilən dünya deyil, əksinə, qarşılıqlı əməkdaşlıq meydanı kimi genişlənən, geopolitik maraqların konsensusu yaradılan, təbii-intellektual ehtiyatlarının fasiləsiz artımı təmin olunan dünya modelində proyeksiya alaraq bütün bəşəriyyətin məsuliyyət daşıdığı İnsan Planeti olmalıdır. Planetimiz isə bu gün, doğrudan da, çoxqütblüdür. Bu qütblər isə yalnız neo-imperialistlərdən, avtoritarlardan və yeni nəsil demokratik dünya dövlətlərindən də ibarət deyil. Bir anlığa İran, Şimali Koreya kimi dövlətlərin nüvə silahına malik ola bilmək ehtimalını və dünyanın bütün qitələrində tez-tez öz mövcudluğunu hiss etdirən beynəlxaq terror qurumlarını da göz önünə alanda müasir dünyanın, doğrudan da, çoxqütblü, bu qütblər arasındakı münasibətlərin isə olduqca ziddiyyətli və mürəkkəb olduğuna şübhə yeri qalmır. Bu ziddiyyətlərdən doğan dağıdıcı təsir qüvvəsi isə beynəlxalq sistemin hər bir subyektinə bu və ya digər dərəcədə təsir etməkdədir. Bu baxımdan belə bir transformasiya yalnız söz sahibi olmaq uğrunda mübarizəyə qalxan dövlətlər üçün deyil, Yer üzündə yaşayan hər bir insan üçün əhəmiyyətlidir. İnsan - Dövlət münasibətlərinin yeni quruluş alması istiqamətində formalaşan yeni siyasi-antropoloji sistemdə İnsan özünü Siyasət tərəfindən idarə olunan passiv obyekt kimi deyil, siyasəti idarə edən aktiv subyekt kimi dərk etməlidir. Bu gün sürətlə transformasiyaya uğrayan planetdə beynəlxalq siyasətin yeni platforması hegemon dövlətlər tərəfindən deyil, məhz sözün əsl mənasında dünya birliyi tərəfindən işlənib hazırlanmalıdır. Belə bir platformada insan inkişafı - dünya inkişafının, suveren milli dövlət - genişlənən dünya birliyinin, yaradıcı əxlaq - rasional siyasətin, ləyaqət və humanizm - getdikcə cilalanan bəşər sivilizasiyasının dayağı anlamında bəyan edilməli və istisnasız olaraq bütün dövlətlər tərəfindən qəbul edilməlidir. Bütün bunların həqiqətə çevrilməsi üçün beynəlxalq sistemdə ciddi struktur dəyişikliklərinin həyata keçirilməsi gündən-günə zərurətə çevrilməkdədir. Yalnız o zaman biz yeni dünyanın və ya dünya inkişafının yeni mərhələsinin vətəndaşları olduğumuzu hiss edə və bununla fəxr edə bilərik.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.