Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı Azərbaycanla bağlı növbəti xüsusi buraxılışını ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etmişdir. Jurnalda baş redaktor Ceyson Conun ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məqaləsi yer almışdır. AzərTAc məqaləni təqdim edir.
Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti təkcə Azərbaycanın XX əsrdəki mürəkkəb tarixini deyil, həmçinin ölkənin müstəqil bir dövlət kimi yenidən yaranmasını da özündə əks etdirir. Onun həm ömür yolu, həm də siyasi karyerasının ilk illəri Azərbaycan xalqının yaşadığı mürəkkəb siyasi çətinlikləri özündə birləşdirir. Məhz gərgin əmək nəticəsində o, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifələrinə qədər yüksəldi. Sovet rəhbərliyi tərəfindən təqiblərə məruz qalsa da, Azərbaycanın müstəqilliyi dövründə o, öz bilik, bacarıq və təcrübəsini ölkəsinin inkişafına sərf etmək üçün yenidən Vətənə qayıtdı. Onun yenidən siyasi hakimiyyətə qayıdışı zamanın tələbi idi. Bu qayıdış xalqın tələbi, onun zəngin təcrübəsi və ciddi xarakteri ilə səciyyələnirdi. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər ölkənin həm o vaxtkı, həm də gələcək inkişafına hesablanmışdı.
Başlanğıc
Heydər Əliyev ilk müstəqil Azərbaycan Respublikasının - Xalq Cümhuriyyətinin süqutundan cəmi bir neçə il sonra, 1923-cü il mayın 10-da Azərbaycanın uzaq əyalətlərindən biri olan Naxçıvanda çoxuşaqlı ailədə dünyaya göz açmışdır. Atası dəmir yolunda maşinist, anası isə 8 uşağın qayğısına qalan evdar qadın idi. Bu ailədəki uşaqların hamısının təhsilə, elmə, incəsənətə böyük marağı var idi. Təhsil inkişafa aparan yeganə vasitə, Sovet İttifaqının təhsil məktəbləri isə ailənin güzəranını yaxşılaşdırmağın yeganə çıxış yolu kimi görünürdü. Beynəlxalq Skautlar Assosiasiyasının sovet modeli olan pionerlər hərəkatı Heydər Əliyevin gəncliyində mühüm rol oynamışdır. Pionerlərin Naxçıvandakı mərkəzində Heydər Əliyev Azərbaycanın milli musiqi aləti olan tarda ifa etməyi öyrənərək musiqi təhsili almışdır. Burada o, həmçinin şahmat oynamağı da öyrənmişdir. Gənc Heydər incəsənətin rəssamlıq və teatr sahələrində də öz bacarığını göstərmişdir. Təxminən 14-15 yaşlarında o, pionerlərin səhnələşdirdiyi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti- vəziri-xani-Lənkəran” pyesində baş rolda oynamışdır. On altı yaşında o, “Hamlet” pyesində baş rolu ifa etmişdir. İncəsənət təhsili almaq üçün həmin dövrdə Leninqrad adlanan Sankt-Peterburq şəhərinə gedən qardaşı kimi Heydər Əliyev də rəssamlıq bacarığını inkişaf etdirmək istəyirdi. Doğma Naxçıvanı nadir hallarda tərk etsə də, Bakıda Elmlər Akademiyasında çalışan digər qardaşı onu təhsilini davam etdirməyə cəsarətləndirdi.
İrəvan və Tiflisdən keçərək üç gün müddətində qatarla səyahət edən Heydər Əliyev təhsilini davam etdirmək üçün Bakıya gəldi. O zaman Bakıda İncəsənət Akademiyası olmadığından Heydər Əliyev təhsilini rəssamlıq qabiliyyətini üzə çıxara biləcəyi memarlıq sahəsində davam etdirməyi qərara aldı. Universitetə qəbul olmaq üçün o, rus dilində aparılan qəbul imtahanlarından keçməli idi. O dövrdə Naxçıvanda olduqca az sayda rusdilli insanlar var idi və buna görə də qəbul imtahanlarından keçmək üçün o, Bakıda qısa müddətdə bu dili öyrənməli oldu. Təqaüd almasına baxmayaraq, bu kiçik məbləği bir qədər artırmaq üçün o, gecə növbəsində işləməyə başladı. Əvvəlcə tikinti sənayesində fəhlə, daha sonra isə qardaşının köməyi ilə Elmlər Akademiyasının Coğrafiya İnstitutunda çertyojçu işləmişdir.
1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olduqdan sonra o, yenidən teatr sevgisini reallaşdırmağa başladı. Universitetin üçüncü kursunda onun təhsili İkinci Dünya müharibəsinin başlaması ilə yarımçıq qaldı. Cəbhədən uzaqda yerləşməsinə baxmayaraq, Bakı faşist liderlərinə yağlı tikə kimi görünürdü. Çünki sovet silahlı qüvvələrinin müharibəyə tab gətirməsinə səbəb məhz Bakının zəngin neft yataqları idi. Fəhlə sinfinə mənsub olan Heydər Əliyev pionerlər hərəkatının üzvü olmasına və təmiz keçmişinə görə Stalinin hakimiyyəti dövründə böyük uğur hesab edilən bir məqsədə - təhlükəsizlik orqanlarında qulluğa keçməyə nail oldu. 1942-ci ildə o, təhlükəsizlik xidmətlərində ilk uğurunu, yəni leytenant rütbəsini qazandı. Həmin ildə onun atası vəfat etdi. Heydər Əliyev 1969-cu ildə Sovet Siyasi Bürosu tərəfindən Azərbaycan SSR-in rəhbəri seçilənə qədər, yəni 26 il ərzində təhlükəsizlik xidməti orqanlarında qulluq etmişdir.
İlk hakimiyyət
Bu iki əhəmiyyətli tarix arasında o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, ailə qurmuş və uşaqları dünyaya gəlmişdir. O, 1948-ci ildə Zərifə xanımla evlənmiş, qızı Sevil (1955-ci il) və Prezident vəzifəsində atasının yolunu davam etdirən oğlu İlham (1961-ci il) dünyaya gəlmişdir. Heydər Əliyevin siyasi səriştəsi və gərgin fəaliyyəti sovet təhlükəsizlik liderlərinin diqqətini cəlb etmiş və 1967-ci ildə o, general rütbəsinə layiq görülmüşdür. Elə bu rütbə ilə o, Azərbaycanın siyasi səhnəsinin pərdələri arasından çıxaraq 1969-cu ildə Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə yüksəlmişdir.
Azərbaycan SSR-in lideri olaraq o, müasir Azərbaycan Respublikasının əsasını təşkil edən siyasət yürüdür və sovet sistemi daxilində mövcud olan bir çox münaqişələri öz ölkəsindən uzaq tutmağa çalışırdı. O, iqtisadiyyat sahəsində ölkənin Sovet İttifaqına verdiyi zənginlikdən əhalinin bəhrələnməsini təmin edərək sürətli təsərrüfat və iqtisadi inkişaf proqramları həyata keçirirdi. İncəsənət və təhsil sahəsində o, bütün azərbaycanlıların inkişafına nail olmağa çalışırdı. Onun Azərbaycan dilini qorumaq istəyi 1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan bir il sonra bu dilin Azərbaycan SSR-in rus dili ilə yanaşı, ikinci rəsmi dil olaraq qəbul edilməsi ilə nəticələndi. Onun hakimiyyəti dövründə Prezident Aparatı və Milli Məclis kimi mühüm dövlət orqanlarının binaları tikilib istifadəyə verildi. Bu qurumlar mərkəzi sovet sisteminin orqanları hesab olunsalar da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz əsas vəzifələrini yerinə yetirəcəkdilər. Bu günədək onlar Azərbaycanın suverenliyinin əsas rəmzləri olaraq qalır. Sovet sisteminin məhdudiyyətləri daxilində sıxışdırılsa da Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi müddətdə xalqda Azərbaycan sevgisini yüksəltməyə çalışmışdır. Bu isə çətin vaxtlarda azərbaycanlılar tərəfindən yüksək qiymətləndirildi. Lakin onun bacarıq və səriştəsi yenidən sovet rəhbərliyinin diqqətini çəkdi.
1982-ci ildə Heydər Əliyev bir azərbaycanlı üçün inanılmaz uğura nail oldu: Sovet Siyasi Bürosunun tam hüquqlu üzvü təyin edildi. O, təkcə bu vəzifəyə təyin edilən ilk azərbaycanlı deyil, həm də Sovet İttifaqı tarixində əsrin yazılmamış qanunlarına rəğmən həmin ali kürsüyə yüksələn ilk müsəlman olmuşdur. Siyasi Büronun tam hüquqlu üzvü kimi Moskvada çalışan Heydər Əliyevin Azərbaycandakı hakimiyyətini onun dəstək verdiyi insanlar davam etdirdi. Həmin dövrdə o, sovet rəhbərliyinin Mixail Qorbaçov, Qriqori Romanov (Qorbaçovun rəqibi) və SSRİ-nin gələcək xarici işlər naziri, Gürcüstan Prezidenti Eduard Şevarnadzenin də daxil olduğu “gənc nəslinin” bir hissəsi hesab olunurdu. Bundan əvvəl isə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin müavini təyin olunmuşdu. Bu vəzifədə o, 1987-ci ildə məcburi təqaüdə göndərilənə qədər çalışdı. Siyasi Büronun üzvü olmaq ona dünyaya çıxış şansı qazandırdı və xarici ölkələrə səfərlər zamanı o, sovet sisteminin zəifliyini daha yaxşı başa düşməyə başladı.
1980-ci illərdə sovet rəhbərliyində sürətlə Brejnev, Andropov və Çernenko hakimiyyətləri dəyişən zaman gənc nəsil hakimiyyətə gəlmək şansı qazandı. Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə yüksəldi və onun hakimiyyətdə olduğu dövrdə aşkarlıq və yenidənqurma təşəbbüsləri meydana gəldi. Bu təşəbbüslər isə 1991-ci ildə Sovet İttifaqının süqutu ilə nəticələndi.
Qorbaçovun hakimiyyətə gəldiyi 1985-ci ildə Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə xanım vəfat etdi. Heydər Əliyev 1987-ci ildə Qorbaçovun təzyiqi ilə istefaya gedənə qədər Siyasi Büroda çalışmaqda davam etdi. Ona Azərbaycana qayıtmağa icazə verilmədi və partiyanın Moskva ətrafındakı mülkünə sürgünə göndərildi. Sovet imperiyasının zəiflədiyi 1990-cı ilin ortalarında doğma Vətəni Azərbaycan qonşu erməni millətçilərinin hücumu təhlükəsi qarşısında qalanda o, sürgündən xilas olmağı bacardı.
Oraya və geriyə
1990-cı ilin Qara Yanvar hadisələri Heydər Əliyevi sarsıtdı. Doğma Azərbaycanda müstəqilliyə qovuşmağa can atan xalqına qarşı Sovet İttifaqı rəhbərliyinin törətdiyi vəhşilik və Bakıda onlarla insanın öldürülməsi onun sovet sisteminə olan bütün inamını yox etdi. O, özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Kommunist partiyasının üzvlüyündən istefa verdi və Vətənə qayıtmaq üçün yollar düşünməyə başladı. Moskvada ev həbsində olduğu zaman onun sürgündən xilas olmaq cəhdlərinin qarşısı sovet rəhbərliyi tərəfindən alındı və nəhayət, 1990-cı ilin iyulunda o, Bakıya qayıda bildi. Azərbaycanın o vaxt hakimiyyətdə olan iqtidarı ona Bakıda yaşamaq imkanı vermədilər. Heydər Əliyev Naxçıvana getməyə məcbur oldu. Məhz Naxçıvanda o, Ali Məclisin deputatı olaraq siyasi fəaliyyətini yenidən bərpa etdi. 1990-cı ildə Azərbaycan SSR-ə rəhbərlik edən Ayaz Mütəllibov Moskvanın göstərişi ilə Heydər Əliyevin fəaliyyətinə hər vəchlə mane olmağa çalışırdı. Mütəllibovun hakimiyyəti dövrü Azərbaycanda özbaşınalıq və Dağlıq Qarabağın tam nəzarətdən çıxması ilə xarakterizə olunur. 1992-ci ildə Xocalı soyqırımından sonra onun hakimiyyətdə qalması artıq qeyri-mümkün idi və o, Moskvaya qaçmaqla hakimiyyətinə son qoydu. Bütün bu müddət ərzində Heydər Əliyev blokada şəraitində olan Naxçıvanda əhalinin təhlükəsizliyi və güzəranı üçün ciddi tədbirlər görür, mühüm qərarlar qəbul edirdi. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan sovet sisteminin dağılmasından sonra iqtisadi tənəzzül və Dağlıq Qarabağda davam edən müharibə vəziyyətində idi. 1993-cü ilin iyununda Elçibəy güclənən siyasi böhranı aradan qaldırmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev Ali Məclisin sədri seçildi. 1993-cü ilin iyun ayının sonunda Elçibəyin prezident vəzifəsindən uzaqlaşması ilə Heydər Əliyev konstitusional olaraq prezident vəzifəsini icra etməyə başladı. 1993-cü ilin oktyabrında keçirilən seçkilər onun prezidentliyini rəsmiləşdirdi. Müstəqilliyini bərpa edən Azərbaycanın taleyi artıq Heydər Əliyevin əllərində idi və onun çiynində dövləti qorumaq və onun gələcəyini planlaşdırmaq kimi çətin bir vəzifə dururdu.
Hakimiyyət dövrü
Heydər Əliyev ikinci dəfə Azərbaycan lideri olaraq hakimiyyətdə idi. Lakin bu dəfə o, artıq sovet əsarəti altında olan bir respublikanın deyil, müstəqil dövlətin rəhbəri idi. Onun xalqı qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanı parçalanmaqdan xilas etməsi, 1994-cü ildə Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olması idi. Elə həmin il o, dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycanın uzunmüddətli iqtisadi dirçəlişini təmin edən “Əsrin müqaviləsi”ni imzaladı. Təkcə bu uğurlar onun siyasi bacarığını sübut etməyə kifayət idi. İkinci müstəqil respublikanın birincinin taleyini yaşamaması üçün Heydər Əliyev əsas öhdəliyin iqtisadiyyatı gücləndirmək və daxili sabitliyi bərpa etmək olduğunu düşünürdü.
1995-ci ildə ölkənin Konstitusiyası qəbul olundu. Hakimiyyətdə olduğu iki prezidentlik dövrü ərzində Heydər Əliyev ölkə iqtisadiyyatını gücləndirməyə kömək edən xarici sərmayə axını vasitəsilə bazar iqtisadiyyatına keçidi təmin etdi. Ölkədə aparılan digər islahat Sovet İttifaqına məxsus kollektiv təsərrüfatın özəl təsərrüfata keçməsi olmuşdur. Dilçilik sahəsində o, 1930-cu illərdə Stalin rejiminin məcburiyyəti altında qəbul edilən Kirill əlifbasını ləğv edərək latın əlifbasının qəbul edilməsinə nail olmuşdur.
Xarici siyasət sahəsində Heydər Əliyev Qərbdə tərəfdaşlar axtarmağa və bununla da Azərbaycana gələcəkdə yardım edə biləcək dostlar qazanmağa başladı. 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası ilə bağlı müqavilənin imzalanması onun xarici siyasətini daha da möhkəmlətmiş və neft-qaz sənayesində Azərbaycanın iqtisadi bazarını şaxələndirməyə nail olmuşdur. Bu dövrdə həyata keçirilən islahatların bir çoxu onun vəfatından sonra öz bəhrəsini verməyə başladı. Bununla belə, onun əsasını qoyduğu uzunmüddətli inkişaf xətti Azərbaycanın iqtisadi dirçəlişinin əsasını təşkil edir.
2003-cü ilin dekabrında Heydər Əliyev 80 yaşında vəfat etdi. Onun qurub yaratdığı Azərbaycan keçmiş sovet respublikaları arasında ən güclü ölkələrdən birinə çevrildi. Artıq iqtisadiyyatı güclənən Azərbaycanın inkişafının yeni mərhələsi başlayıb. İqtisadi keçid mərhələsi başa çatıb. İkinci müstəqil Azərbaycan Respublikasının taleyi artıq təhlükəsizdir. İnkişaf yolunun üfüqləri aydındır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.