Dünya sürətlə dəyişir. Ümumdünya prosesləri insan birliklərinin ən sistemli və təşkilatlanmış forması olan dövlətin tarixi-siyasi məzmununu da aramsız olaraq dəyişə-dəyişə inkişaf edir. Dəyişən dünyada artıq dəyişməz qalması mümkün olmayan dövlətin effektli siyasi idarəetmə sistemi kimi mövcudluğu və inkişafı onun özü ilə dünya arasındakı münasibətlərin dinamikasından və bu münasibətlərin nə dərəcədə çevik idarə edilməsindən həlledici dərəcədə asılılıq vəziyyətinə gəlir. İndi mövcud siyasi sistemlər üçün artıq qloballaşmaya qoşulmaq və ya qoşulmamaq dilemması yoxdur, onların əsas problemi – dünyanın idarə olunması prosesində hansı səviyyədə iştirak etmələridir. Ərəfəsində olduğumuz mümkün radikal qlobal dəyişikliklərin mahiyyətində də məhz bu məsələ dayanır. Bu baxımdan yanaşdıqda, dünya dövlətlərinin özlərində və dünyada baş verən dəyişmələri necə uzlaşdırmalarına görə onların çox maraqlı konfiqurasiya aldığını görürük.
Son 20 il ərzində dünyada baş verən köklü dəyişikliklərə və bu dəyişikliklər fonunda müxtəlif dövlətlərin siyasi manevrlərinə diqqət yetirdikdə müxtəlif dövlətlərin hazırda qlobal siyasət meydanında tutduğu mövqeləri aydınca görünür. İlk görünən isə budur ki, qlobal siyasi konfiqurasiyanın bir cinahında hələ də neoimperializm siyasətini davam etdirməkdə israrlı olan və özünü dünyaya hakim missiyasında görən dövlətlər dayanır. Onlar beynəlxalq siyasi sistemin yalnız onlar tərəfindən idarə olunması rejimini heç cür dəyişdirmək istəmir, ancaq açıq-aşkar görürlər ki, dünya dəyişir, ona görə də bu dəyişməni öz məqsədlərinə uyğun istiqamətdə yönəltməyə çalışırlar.
Neoimperialist siyasəti yeridən dövlətlər qrupuna Yaponiya istisna olmaqla, əsasən, dünyanın sənaye cəhətdən ən inkişaf etmiş dövlətlərini, eləcə də Rusiya və İranı aid etmək olar. İlk növbədə ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya dünyanın ən qlobal və universal birləşmə mexanizmi olan BMT-də Təhlükəsizlik Şurasının daimi üzvləri olduqları üçün və onların həlledici səs hüquqları rəsmən BMT-nin Nizamnaməsində təsbit olunduğundan yeritdikləri neo-imperialist siyasəti sanki özlərinin “halal haqları” hesab edirlər. Hərçənd unutmaq olmaz ki, onlara bu hüquq konkret tarixi şəraitdə, İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq, qalib dövlətlərin – o zaman üçün ən qüdrətli dövlətlərin əldə etdikləri imtiyaz kimi verilmişdi.
Bu unikal mexanizm yarım əsr ərzində hərbi cəhətdən ən qüdrətli və dünya hegemonluğuna iddialı olan beş dünya dövlətini ilk növbədə bir-biri ilə savaşmaqdan yayındıran və hər hansı birinin digər dövlətlərə qarşı münasibətdə birtərəfli qərəzli siyasət yeritməsinə mane ola biləcək bir vasitə kimi dünyada sabitliyin qorunub saxlanmasında əvəzsiz rol oynadı. Lakin bu müddət ərzində dünyada baş verən dəyişikliklər (müstəmləkəçiliyin sona çatması, dünya xəritəsində yeni dövlətlərin meydana gəlməsi, bir sıra dövlətlərin qlobal siyasi arenada iqtisadi, siyasi və hərbi cəhətdən kifayət qədər möhkəmlənməsi) nəticəsində yaranmış yeni situasiya XX əsrin ortalarında beynəlxalq siyasətdə tarazlaşmış konfiqurasiyadan əhəmiyətli dərəcədə fərqlənir.
Təxminən yarım əsrlik qısa bir dövrdə dünyada bu qədər dəyişikliklər, əsasən iki fövqəldövlət – ABŞ və SSRİ arasında hökm sürən soyuq müharibənin fonunda və həm də bu soyuq müharibənin nəticəsində baş verirdi. Nəhayət, 90-cı illərin əvvəllərində bu müharibə ABŞ-ın qələbəsi və SSRİ-nin süqutu ilə nəticələndi. Hadisələrin belə sonluğu öz növbəsində bütün iddialı dövlətlər üçün dünya miqyasında öz təsir dairəsini genişləndirmək uğrunda yeni mübarizə meydanı açmış oldu. Digər tərəfdən, SSRİ-dən yenicə qopmuş bütün sosialist düşərgəsi ölkələri öz inkişaf strategiyasını müəyyənləşdirmək kimi çox da sadə olmayan bir zərurətlə üzləşdilər və bu fonda dünyanın müxtəlif güşələrində inteqrasiya proseslərinin sürətlənməsi üçün yeni bir stimul yarandı (xüsusilə, Avropa qitəsində). ABŞ-ın bəzi xarici siyasət strateqləri tələskənliklə, nəhayət, birqütblü dünyanın real mövcudluğunu təsdiq edən bəyanatlarla çıxış edib məhz ABŞ-ın artıq dünyanın yeganə hegemon dövləti olduğunu elan etdilər ( Z.Bzejinski).
Lakin dünyanın dialektik inkişaf qanunauyğunları, baş verən hadisələrin tendensiyaları və qlobal sosiumun inkişaf perspektivlərini müəyyənləşdirən çoxsaylı nəzəriyyələr bunu təsdiq etmir və Amerika strateqlərinin yersiz eyforiyaya qapıldığını bir daha sübut edir. Bu, əlbəttə, başqa bir polemikanın mövzusudur. Məqsədimiz isə təkcə ABŞ-ın deyil, ümumiyyətlə, yuxarıda qeyd olunmuş imtiyazlara sahib olan bütün dövlətlərin siyasətində neo-imperializm əlamətlərini aşkarlamaq və bunun dünyanın bu günkü inkişaf tendensiyalarına və perspektivlərinə uyğun gəlmədiyini göstərməkdir.
Beləliklə, ABŞ-ın yeganə hegemon dövlətə xas olan təkəbbürlə öz təsir dairəsini bütün dünyaya yayması və planetin lider dövləti olduğunu sübut etməsi üçün isə tarix boyu sınanılmış bir vasitəyə – “uğurlu müharibə” vasitəsinə üstünlük verildi. Müharibənin kimə qarşı və hansı bəhanə ilə aparılmasına gəldikdə, həmin dövlətlərin özləri tərəfindən bəslənilərək onilliklər ərzində öz ölkələrində despotik mütləqiyyət hakimiyyəti yaratmış avtoritar rejimlər ən ideal siyasi qurbanlar kimi görünürdü. Müasir qlobal siyasi səhnənin digər ifrat cinahında da məhz onlar – avtoritarizm siyasəti yeridən qapalı rejimlər durur. Onlar bütün mümkün və qeyri-mümkün vasitələrlə özlərini dəyişən dünyanın təsirlərindən kənarda saxlamaq, hakim olduqları rejimləri özlərinin son nəfəsinə qədər qoruyub saxlamaq istəyirlər. Yeni əsrə avtoritar rejimlər kimi daxil olan dövlətlər – əsasən Ərəb Dövlətləri Ligasının üzvləri, keçmiş sosialist düşərgəsinin üzvləri olan Afrika və Latın Amerikası ölkələri, SSRİ-nin dağılmasından sonra hələ də Rusiyanın orbitindən çıxa bilməyən və ya çıxmaq istəməyən Mərkəzi Asiya rejimləri, Ermənistanda hakimiyyəti zəbt etmiş, erməni xalqının iradəsinə və ümumiyyətlə, bir xalq və dövlət kimi gələcəkdə mövcudluq perspektivinə məhəl qoymayan qondarma “fort-poste” qurumlar bu taleyi yaşayan və gələcəkdə yaşaya biləcək potensial qurbanlar rolunu bu gün də oynamaqdadır.
İki fərqli cinahda yer alan və ilk baxışdan antoqonist təəssüratı yaradan bu güclərin öz aralarındakı qarşılıqlı münasibətlər isə daha maraqlıdır. Belə ki, dünya hökmranlığı edən dövlətlər zahirdə özlərini həmin avtoritar rejimlərin “düşməni” kimi göstərsələr də, əslində uzun illər onları müdafiə edənlər də məhz bu dövlətlər olmuşlar. Lazım gəldikdə bu rejimlərin aparıcı fiqurlarını dəyişmiş, onların funksiyasını özlərinə daha yararlı hala gətirmişlər. Lakin artıq heç kimə sirr deyil ki, imperializm və avtoritarizm bir medalın iki üzü, eyni hadisənin iki fərqli görüntüsü, eyni prosesin iki fərqli təzahürüdür. Əminliklə deyə bilərik ki, hələlik dünya imperializmi - dünya avtoritarizminin, dünya avtoritarizmi isə dünya imperializminin dayağıdır.
Müasir dövrümüzdə beynəlxalq siyasətin yüksələn xətlə normal inkişafına əngəl törədən bu “cütlük” bəlkə özləri də istəmədən tez-tez qlobal siyasi böhranların determinantına çevrilirlər. Ona görə də onların əvvəllər bir-biri ilə imitasiya etdikləri, quraşdırılmış “konfrontasiyası” indi vaxtaşırı açıq, həqiqi konflikt formasında meydana çıxır. Əslində, bu - müasir beynəlxalq siyasətin altlayında cərəyan edən tragikomediyasıdır. Belə ki, avtoritar rejimlər hegemon dövlətlərin apardığı ikili siyasətin toru əhatəsində nə qədər mürəkkəb manevrlər və siyasi alver etmək iqtidarında olsalar da, sonda həmin dövlətlərin “milli maraqlarının” qurbanı olmağa məhkumdurlar. Son iyirmi il ərzində baş verən proseslər də bunu bir daha sübut edir. Bu proseslərin görünən və görünməyən tərəfləri, aparıcı tendensiyaların mahiyyəti ən yaxın keçmişin və bu günün global siyasi mənzərəsində bütün gerçəkliyi ilə açıla bilir.
Bu gün dünyada baş vermək ərəfəsində olduğumuz qlobal transformasiyalar nə neoimperialist dövlətlərə, nə də avtoritar rejimlərə yaxşı heç nə vəd etmir. Beynəlxalq siyasətdə bir zərurətə çevrilmiş qlobal transformasiyanı öz təbii yolundan azdırmağa hesablanan vurnuxmalar isə gündən-günə daha çox iflasa uğrayır. Məsələn, az əvvəl xatırlatdığımız kimi, ( “uğurlu müharibə” ) Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında koalisiya qüvvələri İraqda kütləvi qırğın silahlarının olması və İraq rəhbərliyinin Əl-Qaidə ilə əlaqələri bəhanəsi ilə 2003-cü ilin martında bu ölkəyə hərbi müdaxilə etdi. Lakin bütün hakimiyyəti boyu məhz həmin imperialist dövlətlərə arxalanaraq, həm də onların dəyişkən siyasətləri arasında reverans edərək ölkəsini müstəbid bir rejimin əsarətində saxlamış Səddam Hüseyn sonda bəşəriyyətə qarşı cinayətdə - 148 iraqlı şiənin qətlində suçlandırılaraq İraq dövlətinin Tribunalı tərəfindən edam olundu.
İslam dünyasının Qurban günü (30 dekabr 2006-cı ildə) əlində Quran tutmuş İraq diktatorunun asılması “səhnəsi” (teatrallaşdırılmış siyasət!) əslində, imperializmlə avtoritar-diktatura rejimlərinin qanlı ittifaqının nə ilə nəticələndiyini göstərən ibrətamiz bir dərsdir. Lakin İraq faciəsi və bütövlükdə Yaxın Şərq faciəsi bununla bitmədi. İki fövqəldövlətin – Sovet İttifaqı ilə ABŞ-ın “milli maraqlarının” uzun illər toqquşduğu digər konflikt məkanı - Əfqanıstan həmin fövqəldövlətlərdən birincisi dağılandan sonra yeni müharibənin girdabına düşdü. Bu ölkələrə hərbi müdaxilənin başladığı zamandan ötən dövrün, demək olar ki, hər günü amansız terror aktları ilə - insan parçalarının havaya sovrulması ilə müşayiət olunmaqdadır.
Bütün beynəlxalq humanitar təşkilatlar tərəfindən verilən statistikada bu zaman kəsiyində İraq və Əfqanıstanın əvvəlki dövrlərdən qat-qat daha çox fəlakətlərə, kütləvi insan qırğınlarına məruz qaldığı bildirilir. Deməli, ədalətsizliyin kökünü kəsmək məqsədilə daha böyük ədalətsizliyə yol vermək bu məsələnin düzgün və optimal həlli yolu kimi özünü doğrultmur və belə bir həll yolu siyasi əxlaqa və insanlıq mənəviyyatına ziddir. Eləcə də Fransa Senatında “erməni soyqırımını” inkar etməyə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi faktı - beynəlxalq siyasəti “köhnə qaydalar” çərçivəsində öz ölkəsinin siyasi maraqlarına uyğunlaşdırmaq iddialarının nə qədər absurd və təhlükəli olduğunu, “demokratiya beşiyinin” bu demokratiyanın keşiyində dayanmaq əvəzinə keçəri siyasi məqsəd ( seçki) naminə öz ölkəsində birbaşa söz, fikir azadlığına zidd olan absurd bir qanun layihəsini qəbul etməsi Fransanın özünün yüzillər ərzində təbliğ etdiyi prinsiplərdən imtina etdiyini göstərir. Və yaxud Fransada son prezident seçkiləri ərəfəsində real namizədlərdən biri olan Dominik Stross Kan ətrafında baş verən qalmaqallar ( bu hadisələrin təsadüf və ya qurğu olmasından asılı olmayaraq), eləcə də indiki prezident Fransua Hollandın özünün də etiraf etdiyi kimi gözlənilmədən, təsadüfən prezident seçilməsi burada dövlət siyasətinin mənəvi böhran keçirdiyini göstərən amillərdir.
Sarkozinin hakimiyyətdən getməsindən sonra onun prezidentliyi dövründə ölkə qanunlarına məhəl qoymadığını, seçki marafonunda qeyri-leqal üsullardan istifadə etdiyini və xüsusilə də Liviya diktatorunun milyardlarla dollar həcmində maliyyə dəstəyindən yararlandığını sübut edən faktların aşkar olunması müasir Fransa demokratiyasının pərdəarxası reallığıdır. Bütün bunlar Fransada dövlət siyasətinin həyata keçirilməsində rəhbər tutulan əxlaqi-mənəvi komponentlərin ifrat dərəcədə deqradasiyaya uğradığını göstərir.
Zahirən sabit, tolerant və demokratik cəmiyyət təəssüratı yaradan Almaniyada rasizmin və neonasizmin güclü mövqe qazanması və bunun arxasında ölkənin güc strukturlarının dayanması kimi ciddi iddiaların, hər addımda milli azlıqlara qarşı - xüsusən türklərə qarşı diskriminasiya hallarının təsdiqi hər hansı müstəqil jurnalist araşdırmasında yox, məhz ölkənin kansleri Angela Merkel tərəfindən bütün dünya qarşısında etiraf olunması dünya birliyində haqlı sual doğurmalıdır. Eləcə də yüksək rütbəli məmurların külli miqdarda rüşvət və vergidənyayınma cinayətləri haqqında demək olar ki, hər gün yeni cinayət işlərinin açıldığı Almaniya, Fransa, Yunanıstan və digər ölkələrin hökümət və qeyri-hökümət təşkilatları tərəfindən özlərindən başqa az qala bütün dünya dövlətlərinin korrupsiya və insan haqlarının pozulmasında günahlandırılması təəccüb doğurur.
Məntiqi bir sual yaranır ki, bəs onların özlərinə bu imtiyazları kim verib, bu kimi əməllərin baş verdiyi Avropa ölkələrinin tənqidi toxunulmazlığı hansı beynəlxalq qurumlar və ya normalar tərəfindən təmin olunur? Bütün bunları etiraf edən Avropa dövlətlərinin digər dövlətlərə sanksiya tələbi hansı mənəvi və hüquqi qanunlarla əsaslandırıla bilər? Deməli ki, müasir beynəlxalq siyasətdə hegemonların qənaətinə görə “özünü yaxşı aparmayan” dövlətlərin “diskvalifikasiyası” üçün onların özləri tərəfindən hazırlanmış “şablon damğalar” mövcuddur ki, onları istənilən an istənilən dövlətin adına vurmaq olar.
SSRİ-nin xarabalıqları içərisindən yenicə çıxmış Rusiya özü də yenidən “möhtəşəm” SSRİ xəyalları ilə beynəlxalq siyasətdə dominant mövqeyə qalxmağa can atır. Lakin Liviya diktatoru Muəmmər Qəddafini həmvətənləri sürüyüb öldürənədək, Suriya diktatoru Bəşər Əsədi son nəfəsinədək müdafiə etməyə çalışsa da, buna nail ola bilmir və qlobal siyasət arenasında öz mövqelərini itirməkdə davam edir. İyirmi milyonluq suriya xalqı iki ilə yaxın davam edən azadlıq mübarizəsində on minlərlə qurban versə də despotik rejimdən canını qurtara bilmir. Beynəlxalq birliyin hərbi müdaxiləsinə qarşı veto hüququndan istifadə etməklə vəziyyəti daha da mürəkkəbləşdirən Rusiyanın milli maraqlarında Bəşər Əsəd adlı bir şəxsin nə kimi qlobal rola malik ola bilməsi isə yalnız təəccüb doğurur.
Təsir gücünün sürətlə azaldığını görən Rusiya itirdiyi təsir dairəsini bərpa etmək xəyalları ilə “Avrasiya İttifaqı” kimi Rusiya üçün heç bir tarixi- sivilizasyon köklərə dayaqlanmayan absurd bir ideyanı xüsusi entuziazmla təbliğ edir. Rusiya siyasətindəki bu günkü gedişlər onu göstərir ki, 20 il əvvəl öz müstəqilliyini elan edən, sovet totalitarizmindən imtina etdiyini və liberal-demokratik dəyərlərə əsaslanan bir cəmiyyət yaratdığını iddia edən Rusiya bu günədək özünün yeni siyasətini müəyyənləşdirə bilmədiyindən köhnə siyasətə – mürtəce, ekspansianist və militarist siyasətə qayıtmağa üstünlük vermişdir. Sıravi vətəndaşlardan tutmuş dövlət orqanlarına qədər bütün səviyyələrdə ortaya çıxan istər siyasi, istərsə də iqtisadi mübahisələrin hələ də “Kalaşnikov” vasitəsilə həll olunduğu bir cəmiyyəti sovet inzibatçılığı prinsipləri ilə idarə etməyə çalışan rus dövləti bu günədək əhatəsində yerləşən dövlətlərə qarşı münasibətdə də sovet dövrünün siyasətindən fərqli bir siyasət ortaya qoymamışdır.
Əhəməni və Sasani imperiyalarının ehtirasları ilə yaşayan, İslam dünyasında liderlik iddiası ilə bütün dünyaya meydan oxuyan İran özü teokratiyanın əsarətində boğula-boğula dünyada özünə sadiq bir dost dövlət tapa bilməsə də, ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin doğma dilində bircə məktəb belə açmasa da, bir ovuc erməniyə qucaq açır. Sözdə din və mədəniyyət birliyini şüar edən İran hakimiyyətinin əməllərində Azərbaycana qarşı, eləcə də öz vətəndaşlarına qarşı apardığı mürtəce siyasəti və düşmənçilik mövqeyini görməmək mümkün deyil.
Hər birinin öz geosiyasi maraqları olan dövlətlər - ABŞ, Fransa, Rusiya və İran bir-biriləri ilə nə qədər ziddiyyətdə olsalar da, uzun müddətdir ki, Ermənistana havadarlıq etməklə və onun işğalçılıq siyasətinə göz yummaqla eyni mövqedə dayanaraq Azərbaycana qarşı münasibətdə açıq-aşkar ədalətsizlik nümayiş etdirirlər. Görünən isə odur ki, bu dövlətlərin hamısı Qarabağ münaqişəsinin dondurulmasında və uzadılmasında maraqlıdırlar. Vaxtaşırı ABŞ Dövlət Departamentinin və digər Avropa qurumlarının vacib məmurları tərəfindən səsləndirilən “Qarabağ məsələsinin həlli çox uzandı” və ya “həll vaxtı çoxdan çatıb” kimi eyhamları isə, doğrudan da, problemi həll etmək yox, bu münaqişədən əzab çəkən sadəlövh xalq kütlələrini özlərinin yalançı narahatlığına inandırmaq və özlərini ədalətli göstərmək cəhdlərindən başqa bir şey deyildir. Bütün bunlar hegemon dövlətləri idarə edən siyasi elitanın qənaətinə görə, guya həmin dövlətlərin “milli maraqları” naminə baş verir. Halbuki burada “milli maraqlar” ifadəsini “neo-imperialist maraqları” ifadəsi ilə əvəz etmədən bu proseslərin heç birini məntiq və siyasi əxlaq rakursundan əsaslandırmaq mümkün deyil.
Bu gün Avropada və Amerikada - dünyanın ən inkişaf etmiş ölkələrində baş qaldıran etiraz hərəkatlarının təkcə insanların maddi təminat problemləri ilə bağlı olduğunu düşünmək sadəlövhlük olardı. Bu əslində onun göstəricisidir ki, insanlar həm milli, həm regional, həm də qlobal səviyyədə qeyri-bərabərliyin və ədalətsizliyin bütün təzahürlərinə qarşı daha böyük həmrəyliklə birləşirlər. Çünki müasir dünyadakı qlobal asimmetriya o həddə çatıb ki, son hesablamalara görə, dünyanın 500 ən varlı adamının qazancı dünya əhalisinin 416 milyonunun qazancını ötüb, yüksək inkişaf etmiş ölkələrdə isə 10 faiz varlı adamın gəliri bütün dünyadakı gəlirin 54 faizini təşkil edir.
Paradoksal görünən isə budur ki, bütün bu zənginliklər məhz beynəlxalq siyasəti dünya hökmranlığı tendensiyasında aparmağa can atan dövlətlərin ərazisində cəmləşib. Bəs necə olur ki, son üç yüz ildə bütün dünyanın sərvətləri həmin dövlətlərin xəzinələrinə axdığı halda, bu ölkələrdə iqtisadi böhranlar yaşanır? Bunu “qlobal iqtisadi böhran” adlandırmaq nə dərəcədə düzgün yanaşmadır? Bu daha çox həmin dövlətlərin öz xalqları ilə seçkidən seçkiyə apardıqları siyasi alver proseslərinin nəticəsində yaranmış siyasi böhranın iqtisadi və mənəvi təzahürləri deyilmi? Gənc suveren dövlətlərdə “demokratiya problemlərini” qabartmaqla hökmran dövlətlər doğrudanmı demokratiyanı müdafiə edirlər?
(ardı var)
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.