Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və NATO-nun ölkəmizdəki əlaqələndirici səfirliyinin təşkilatçılığı ilə “Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin formalaşdırılmasında NATO-nun rolu” mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransın “NATO-Azərbaycan: gələcək əməkdaşlığa doğru” panelində Cənubi Qafqaz ölkələrinin NATO missiyasına töhfələri, ümumi təhlükəsizlik maraqları, müdafiə əlaqəli məsələlər üzrə əməkdaşlıq mövzularına geniş şəkildə toxunulmuşdur. Həmçinin Azərbaycanın regionda yürütdüyü xarici siyasətin möhkəmləndirilməsində beynəlxalq təşkilatların rolu, NATO-nun regiondakı ölkələrlə münasibətlərinin perspektivləri məsələləri də müzakirə edilmişdir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov NATO-Azərbaycan əməkdaşlığının zəngin tarixə malik olduğunu qeyd etmişdir. E.Aslanov Azərbaycanın sülhməramlı hərbi kontingentinin Əfqanıstanda həyata keçirilən NATO missiyalarında fəal iştirak etdiyini bildirmişdir.
Azərbaycan ilə NATO arasında parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan E.Aslanov ölkəmizin bu qurum ilə hərbi sahədə islahatların aparılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Bu cür mötəbər tədbirlərin keçirilməsinin NATO ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinə dəstək verdiyini vurğulayan E.Aslanov Azərbaycanın terrordan əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Aslanov məsələnin hələ də həll olunmamasının səbəbi kimi Ermənistanın qeyri-konstruktiv mövqeyini göstərmişdir.
E.Aslanov qeyd etmişdir ki, dünya ictimaiyyətinin münaqişənin həlli məsələsində qeyri-fəal mövqe tutması da bir sıra maneələr yaratmaqdadır. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun ümumi inkişafına mənfi təsir göstərməkdədir. E.Aslanov bölgədə real inkişafın təminatı üçün sülh və təhlükəsizliyin bərqərar olunmasının zəruriliyini vurğulamışdır.
Daha sonra çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində ölkənin regional inkişaf proqramlarından təcrid olduğunu qeyd etmişdir.
Türkiyənin münaqişənin ilk illərində onun həll edilməsi istiqamətində müəyyən addımlar atdığını diqqətə çatdıran H.Çətin Ermənistanda sahibkarlığın zəif inkişaf etdiyini, xarici investorların ölkəyə maraq göstərmədiklərini bildirmişdir. Sabiq diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin Ermənistan üçün yeni fürsətlər yaradacağını, regionun bütövlükdə inkişafını təmin edəcəyini bildirmişdir.
H.Çətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin soyuq müharibə başa çatandan sonra regionda yaranmış ən ciddi problemlərdən biri olduğunu qeyd etmişdir. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan H.Çətin münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həll olunmasının əhəmiyyətini qeyd etmişdir.
NATO ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu hərbi əməkdaşlığın artırılması üçün bir sıra yeni layihələrin nəzərdə tutulduğunu qeyd etmişdir. Rumıniyalı səfir NATO-nun hərbi sahədə öz layihələri ilə Azərbaycana gələcəkdə də dəstək verəcəyini vurğulamışdır.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da artdığını bildirən diplomat Alyansın ölkəmizdə silahlı qüvvələrin müasirləşdirilməsi, minatəmizləmə məsələlərində yardım göstərdiyini diqqətə çatdırmışdır. Səfir qeyd etmişdir ki, NATO enerji təhlükəsizliyi sahəsində də Azərbaycana dəstək verməkdədir.
SAM-ın direktoru Fərhad Məmmədov Azərbaycanın 1994-cü ildən NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini, sonrakı dövrlərdə rəsmi Bakının Alyansın bir sıra proqramlarına qoşulduğunu xatırlatmışdır. SAM-ın direktoru qeyd etmişdir ki, bu gün Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarına mühüm töhfə verir. Ölkə Əfqanıstana yönəlmiş hərbi yardımlarda fəal iştirak edir. Əfqanıstana tranzit yüklərinin çatdırılmasının 30 faizini məhz Azərbaycan təşkil edir.
NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin Avratlantik inteqrasiya və təhlükəsizlik bölməsinin məsul əməkdaşı Stefan Elqerzma tədbirə video-konfrans vasitəsilə qoşulmuşdur.
Azərbaycanın NATO-nun Əfqanıstandakı kontingenti üçün mühüm tranzit ölkə olduğunu bildirən S.Elqerzma bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulamışdır. 2014-cü ildən sonra Əfqanıstanda fəaliyyətlərin hansı istiqamətdə olacağı ətrafında keçiriləcək müzakirələrdə Azərbaycanın da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir.
S.Elqerzma Azərbaycanın NATO ilə kibertəhlükəsizlik, terrorçuluğa qarşı mübarizə məsələlərində fəal əməkdaşlıq etdiyini bildirmişdir.
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim ölkəmizin Alyans çərçivəsində mühüm infrastruktura rəhbərlik etdiyini bildirmişdir.
Tədbirin “Uzunmüddətli regional münaqişələr: Azərbaycanın gözləntiləri və perspektivləri” adlı 2-ci hissəsində məsələ ilə bağlı ABŞ və Avropa İttifaqının yanaşmaları təhlil olunmuşdur.
Daha sonra konfrans müzakirələrlə davam etmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.