Radikal müxalifət düşərgəsində qarşıdurma daha da dərinləşir

Antidemokratik Milli Şura daxili didişmələri son həddə çatdırdı

“Yeni Müsavat” qəzetinin ötən saylarının birində dərc olunmuş məqalədə qeyd olunurdu ki, “Müxalifətin daxilində düşmənlərin sayı durmadan artır”. Radikal müxalifət düşərgəsində qarşıdurmanın güclənməsinə aydınlıq gətirən qəzet bunun əsas səbəbini düşərgənin seçki ilə bağlı hədəflərinin hələ də məlum olmaması ilə əlaqələndirirdi. Əsas dartışmalar isə “vahid”, “əsas”, “şanslı” namizəd termininin kimlərə daha çox yaraşdırılması üstündə gedir.

Məqalədə bildirilir ki, sosial şəbəkələr  müxalifət düşərgəsindəki didişmələri artıq qladiatorlar arasındakı qanlı döyüşlərə bənzədirlər. Vəzifə hərisliyində olan müxalifət nümayəndələrini tənqid edən siyasətçi və jurnalistlərin adları isə dərhal prezidentliyə “vahid  namizəd” arzusunda olan müxalifətin “qara siyahısı”na salınır. “Yeni Müsavat”da dərc olunan məqalədə yazılır: “Bütün bu anormallıqları izləyən sıravi vətəndaş isə ”qırın bir - birinizi" deyərək müxalifətdən üz çevirir".

Göründüyü kimi, radikal müxalifətin artıq meydanda tək qalması özləri tərəfindən də etiraf olunur. Bir həqəqəti  də etiraf edirlər ki, müxalifətin intellektual potensialı, kadr bazası yoxdur. Bunu həm AXCP - nin, həm də Müsavat Partiyasının “kölgə kabinet” siyahısı da təsdiqlədi.  Dağıdıcı müxalifətin “kölgə kabinet” siyahısı ictimaiyyət tərfindən kinayə və ikrahla qarşılandı. Çünki hamıya bəlli oldu  ki, müxalifətin “kölgə kabinet” siyahısının əsas məqsədi bir qrup insanın  ölkənin “yağlı tikələrini” ələ keçirmək cəhdindən başqa bir şey deyil. Bir daha təsdiqləndi ki, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və prezidentliyə namizədlik iddiasında olan digər müxalifət nümayəndələrini xalqın taleyüklü məsələləri deyil, özlərinin maddi maraqları daha çox maraqlandırır. “Kölgə kabinet” siyahısı  dağıdıcıların gizli niyyətlərini açıq şəkildə ortaya qoydu.

Radikal müxalifətin “kölgə kabinet” siyahısında  “yağlı vəzifə” ala bilməyən reneqat Eldar Namazov onu ortalığa atan himayədarları ilə birlikdə, əsasən də ona “dayılıq” edən Rüstəm İbrahimbəyova erməni lobbisi tərəfindən verilmiş çirkli pullardan gen - bol istifadə edərək “İctimai Palata”ya alternativ olan qondarma “EL” hərəkatını yaratdı. O, çıxışlarının birində deyib ki, İctimai Palatanın heç bir perspektivi və dəstəyi yoxdur. Bu qurum İsa Qəmbərlə Əli Kərimlinin diktəsi ilə “fəaliyyət göstərir”. Reneqat Namazov müsavatçıları və cəbhəçiləri öz ətrafına çağırıb.

Eldar Namazovun öz maddi maraqlarını həmişə önə çəkməsi onun köhnə peşəsidir. 1993-1999-cu illərdə dövlət vəzifəsində çalışarkən də  vəzifəsindən sui-istifadə edərək ilk növbədə şəxsi maraqlarını reallaşdımağa çalışmış, həmçinin, ölkəmizin inkişafını gözü götürməyən  antiazərbaycan dairələrlə əlaqə yaradaraq,  xalqımıza və təmsil olunduğu iqtidara arxadan zərbə vurmuşdur. Onun  xəyanətkar əməlləri ifşa olunduqdan sonra vəzifədən qovulmuşdur. Nankor və üzüdönük Namazov tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra yenidən siyasi riyakarlıq nümayiş etdirmiş, ölkəmizə düşmən qüvvələrlə əlaqə yaradaraq onların  çirkin planlarının reallaşdırılmasında vasitəçi olmuşdur.  O, rəhbərlik etdiyi  “Azərbaycan Naminə” İctimai Forumun xəttilə ABŞ və bir sıra Avropa ölkələrində fəaliyyət göstərən fondlardan qrantlar almaqla  daha da şirnikləşmiş, xarici düşmənlərimizə ölkəmiz haqqında yalan və böhtanla dolu məlumatlar ötürmüş, bunun da əsasında  qeyri-obyektiv hesabatlar hazırlanmışdır. O, aldığı qrantlar hesabına özü kimi vəzifədən qovulanlarla  öz  dəstəsinin üzvlərinin sayını bir qədər artırmışdır.

 E.Namazovun dəstəsinin üzvləri əsasən, hakimiyyətdən incik düşənlər, qanunsuz bizneslərini itirənlər, rüşvərxorluqdan əl çəkə bilmədiklərinə, dövlət əmlakını mənimsədiklərinə və heç bir əsas olmadan insanları incitdiklərinə görə vəzifədən qovulanlardan ibarətdir.  Bir sözlə,  riyakar və reneqat Eldar Namazov siyasi maraqlarını təmin etmək üçün erməni lobbisi ilə də əlaqəyə girdi və Rüstəm İbrahimbəyovun köməyi ilə Azərbaycanda təxribatlar törətmək üçün yollar axtaran düşmənlərimizlə əməkdaşlığa başladı. O, bu gün də  həmin əməkdaşlığını davam etdirir. Onun ətrafındakıların kimliyinə nəzər saldıqda hamısının  milli-mənəvi dəyərlərimizə ləkə gətirən, xalqa, millətə, Vətənə xəyanət edənlər olduğu bir daha aydın olur. Ona görə də bu gün müxalifət düşərgəsində nə Eldar Namazovu, nə də onun dəstəsini qəbul edən yoxdur. Çünki onların iç üzləri və çirkin niyyətləri hamıya bəllidir. Siyasi partiyaların rəhbərləri də reneqat Eldar Namazovun dəstəsini məqsəd və məramı məlum olmayan yığıntı adlandırırlar. Çünki bu dəstədə təmsil olunanlar siyasi proseslərdən tamamilə bixəbər adamlardır. Onlar sadəcə riyakar Eldar Namazovun yalan vədlərinə aldanaraq nə vaxtsa vəzifə alacaqlarına ümid edirlər.

Artıq Rüstəm İbrahimbəyovun antidemokratik  Milli Şurasının tərkibi də bəlli oldu. İctimai Palataya alternativ yaradılan daha bir qondarma qurum müxalifət düşərgəsindəki daxili didişmələri xeyli şiddətləndirib. Milli Şuranın tərkibi elan olunan gün həmin qurumda adı olanların bəziləri etirazlarını bildirərək bu qondarma şurada təmsil olunmağı özlərinə təhqir hesab ediblər. İlk növbədə ona görə ki, R.İbrahimbəyov siyahını təqdim etməklə ermənipərəstliyini açıq şəkidə ortaya qoyub. Ermənilərlə açıqdan - açığa əməkdaşlıq edən,  erməni qohumlarının tapşırıqlarını yerinə yetriərək ölkəmizə qarşı aqressiv mövqedə dayanan üzdəniraq hüquq müdafiəçisi Leyla Yunusun, “siyası məhbuslar”ın sayını gündən - günə artırmaq hesabına  öz “biznesini” getdikcə genişləndirən Arzu Abdullayevanın, hərbi xidmətdən boyun qaçıran  Bəxtiyar Hacıyevin və bu qəbildən olan digərlərinin adlarının Milli Şuranın tərkibinə daxil edilməsi bu oyuncaq  təşkilatın mövqeyini indidən ortaya qoymuşdur. Bundan sonra müxalifətin “vahid namizəd” davası daha geniş vüsət alacaq. Çünki  prezidentliyə daha bir namizədi qondarma Milli Şura irəli sürəcək. Reneqat Eldar Namazovun İsa Qəmbərlə Əli Kərimlini sıradan çıxarmaq üçün atdığı  addım artıq ortalıqdadır.

Müxalifət nümayəndələri də təsdiqləyirlər ki, prezident seçkiləri ərəfəsində yeni qurumların yaradılması heç də bu düşərgədə birliyin genişləndirilməsi demək deyil. “Yeni Müsavat” qəzetində dərc olunan məqalədə yazıldığı kimi, “Müxalifətin geniş birliyinin” yaradılması zəruriliyi haqqında iddialar absurddur. Məqalədə qeyd edilir ki, “əgər müxalifətin iki partiyası uzun illərdir ” vahid namizəd" məsələsində razılaşa bilmirsə, geniş koalisiya yaradılması təşəbbüsü nə dərəcədə əsaslıdır?"

Radikal müxalifət düşərgəsində tez-tez yeni təşkilatların yaradılması artıq adət halını alıb. İndi prezidentliyə namizədliyini irəli sürmək istəyən müxalifət nümayəndəsi 3-4 nəfərdən ibarət  adı olub özü olmayan bir təşkilat yaradır və özünü vahid namizədliyə iddialı hesab edir. Belə təşkilatların yaradılması ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilməsinin təzahürüdür. Göründüyü kimi, hər bir kəs prezident seçkilərində iştirak edə bilər, hər kim hər hansı bir təşkilat yaratmaqda problemlə qarşılaşmır, onlar süni əngəllər yaradılmır və fikrlərini sərbəst şəkildə ifadə edə bilirlər. Yaradılmış  demokratik imkanlardan istifadə edib ölkəmizə böhtanlar atmaq, xarici düşmənlərimizə donosbazlıq etmək  və milli-mənəvi dəyərlərimizi çirkli pullara qurban vermək isə nankorluqdur. Təəssüf ki radikal müxalifət nümayəndələri bu nankorluqlarından hələ də əl çəkə bilmirlər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında