Rəhim Qazıyev yenidən kimlərinsə əlində oyuncaq fiqura çevrilib

Artıq 21 ildən çoxdur ki,  müstəqillik qazanmışıq. Bu illər ərzində əldə edilmiş uğurlar kifayət qədərdir. Azərbaycanın bölgədəki, həmçinin  dünyadakı rolunun getdikcə artması və  mövqelərinin  möhkəmlənməsi  də bunu təsdiqləyir. Ölkəmizin müstəqillik tarixindəki son 10 il daha yaddaqalan olmuşdur. Söz yox ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

 Hamımıza yaxşı məlumdur ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. SSRİ - nin süqutundan sonra dövlət  müstəqilliyini bərpa etmiş Azərbaycanda  1991-1992-ci illərdə  baş vermiş özbaşınalıq, anarxiya, xaos,  vətəndaş qarşıdurması müstəqilliyimizə böyük zərbə vurmuşdu. Respublikamızda  müasir dövlət quruculuğu prosesi 1993-cü ildən sonra başlanmışdır. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra  bütün xoşagəlməz hallara son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, ölkəmizdə əmin - amanlıq, sabitlik yarandı. Hər bir ölkə üçün sabitlik  əsas şərtdir. Artıq bütün mütərəqqi bəşəriyyət açıq-aydın görür ki, hər hansı bir ölkənin uğurlu inkişafı üçün ilk növbədə həmin  ölkədə sabitliyin  olması əsas şərtlərdən biridir.

 Ulu öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1993-cü ildən sonra Azərbaycanda başlanmış sabitlik dövrü respublikamızın inkişafına təkan verdi. Xalqımızın böyük oğlunun   həyata keçirdiyi düşünülmüş strategiya müstəqil dövlətimizin  beynəlxalq aləmdə tanınmasına, reytinqinin artmasına öz təsirini göstərdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmləndi və müstəqil dövlətimiz dünya birliyində söz sahibinə çevrildi. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də bunu xüsusi qeyd edərək yazmışdır:"Ötən əsrin sonlarında SSRİ-nin süqutundan sonra dünyanın siyasi xəritəsində mühüm dəyişikliklər baş vermiş, yeni dünya nizamı formalaşmağa başlamışdır. Hesab edirəm ki, bu proses tam yekunlaşmamışdır və hazırda müşahidə olunan mürəkkəb siyasi və iqtisadi proseslər də məhz bu amillə bağlıdır. Lakin Azərbaycan xalqı bu nadir tarixi fürsətdən istifadə edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurmağa, siyasi varislik prinsipinə birmənalı dəstək verməklə onu inkişaf etdirməyə, dünyanın nüfuzlu ölkələrindən birinə çevirməyə nail olmuşdur. Şübhəsiz, öz müstəqil siyasi kursunu həyata keçirən, dinamik inkişaf edən, regionun lider ölkəsi olan və dünya miqyasında söz sahibinə çevrilmiş Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyəti, ən böyük sərvəti, həqiqətən də fəxr mənbəyimizdir. Bu gün dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, hələ 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Son 10 ildə biz iqtisadiyyatımızı şaxələndirməyə, ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə nail olduq. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq 46 milyard dolları ötmüşdür. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab olunmalıdır. Respublikanın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir.

 Ölkəmiz öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir".

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını diqqətə çatdıtran akademik R.Mehdiyev qeyd edir ki,  Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qlobal siyasətin formalaşmasında iştirak edir, sülhün və təhlükəsizliyin təmin olunmasına dəyərli töhfələr verir. “Eurovision”, BMT-nin İnternet İdarəçilik Forumu, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir. Bakı şəhəri Davos İqtisadi Forumunu qəbul etməklə özünün dünya əhəmiyyətli iqtisadi mərkəz statusunu möhkəmləndirəcəkdir. 2015-ci ildə isə biz birinci  Avropa Oyunlarını keçirən ölkə kimi tarixə düşəcəyik. Hesab edirəm ki, bu il ilk telekommunikasiya peykimizin orbitə çıxarılması, Azərbaycanda kosmik sənayenin yaradılması inkişafımızın zirvəsi olmaqla uğurlarımızın, nailiyyətlərimizin miqyasını təcəssüm etdirir.

Təbii ki, bütün bunlar hər bir vətənpərvər soydaşımızı qəlbən sevindirir və biz bundan qürur hissi keçiririk. Lakin adını müxalifət qoyan bəzi dairələr ölkəmizin qazandığı uğurlara sevinmək əvəzinə, öz paxıllıqlarını qizlədə bilmir, xarici düşmənlərimizin çirkli pulları hesabına ölkədə çaşqınlıq yaratmağa cəhd edirlər. Belə xəyanətkarlar gah gəncləri aldadaraq qeyri - qanuni aksiyalara təhrik edir, gah da icazəsiz mitinqlər keçirməyə cəhd edirlər. Ancaq həmin aksiyaların əsas təşkilatçısı olan “İctimai Palata” adlı qeyri - qanuni qurumun təsisçiləri  son anda qaçıb gizlənir, sonra isə hay - həşir salaraq guya Azərbaycanda insanların öz fikirlərini sərbəst səkildə ifadə etmələrinə şərait yaradılmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Belələrinə müxalifət yox, “milli xəyanətkar” adı daha çox yaraşır. 

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bundan istifadə edən xarici düşmənlərimiz çirkli pullarını işə salaraq ölkəmizdəki bəzi  xəyanətkarların, satqınların və üzüdönüklərin vasitəsilə respublikada qarşıdurma yaratmağa, dövlət başçısı ilə xalq arasındakı vəhdəti pozmağa çalışırlar.  Antiazərbaycan qüvvələrin əsirinə çevrilmiş belə milli xəyanətkarlardan  biri də sabiq müdafiə naziri Rəhim Qazıyevdir. “Sabiq müdafiə naziri” deyəndə bu vəzifə heç də R.Qazıyevə elə də şan - şöhrət, ad - san gətirməməlidir. R.Qazıyevin bu səviyyəyə qaldırılması heç də onun istedadının, hərbi  sahəni mükəmməl bilməsinin və ya qabiliyyətinin nəticəsi deyildi. Sadəcə olaraq o vaxtkı iqtidarın öz hakimiyyətini uzun müddət əlində saxlamaq üçün istifadə etdiyi bir vasitə idi. Bu da ondan xəbər verir ki, Rəhim Qazıyev elə o vaxtdan kimlərinsə əlində bir oyuncağa çevrilmişdi. R.Qazıyevin müdafiə naziri vəzifəsinə təyin olunması səriştəsiz və qorxaq hakimiyyət rəhbərliyinin guya müxalifətlə birlik yaratmaq görüntüsünün nəticəsi idi. Əslində isə 1992-ci ildə ölkəyə rəhbərlik edənlər Rusiyanın təsirindən çıxa bilmirdilər. Rəhim Qazıyev də o vaxt  Rusiya Federasiyasının müdafiə naziri Pavel Qraçovun Azərbaycan hakimiyyətinə “bəxşişi” və eyni zamanda agenti idi.

Adi bir riyaziyyat müəlliminin birdən-birə müdafiə naziri kimi məsul bir vəzifəyə təyin olunması hamını təəccübləndirdi. Ancaq sonradan məlum oldu  ki, bu, Azərbaycanda qarşıdurma yaratmaq istəyən dairələrin sifarişidir. Rəhim Qazıyev artistlik etməyi də bacarırdı. O, yalanı həqiqət kimi sırımağın öhdəsindən gəlir, çox asanlıqla cilddən-cildə girirdi. “Şuşa əldən getsə, başıma güllə çaxacağam” - deyən R.Qazıyev 21 il əvvəl  dediyi sözləri sanki unudub. O, həmin dövrdə ölkədə yaranmış anarxiya və xaosdan çox məharətlə yararlandı. Özünü düşmənlərimizin əsas rəqibi kimi göstərmək üçün guya ermənilərin onun başına pul qoyması barədə şayiə də yaymışdı. Guya o, bacarıqlı bir hərbçidir və ermənilər ondan çox ehtiyat edirdilər. Bu yalanı reallaşdırmaq üçün bir şou da quraşdırmışdı. Guya kimlərsə R.Qazıyevə sui-qəsd təşkil etmişdi. 1991-ci ildə  beş nəfər əsgərlə birlikdə olan R.Qazıyevə qarşı “təşkil olunmuş” sui - qəsd nəticəsində dörd əsgərimiz qətlə yetirildi, R.Qazıyev isə “ayağından yaralanaraq” bu “sui - qəsdən” sağ - salamat çıxdı. Bu gün özünü gənclərə canıyanan, orduda şəhid olan əsgərlərə ürəyi yanan kimi göstərən R.Qazıyev 1991-ci ildə 10 dəqiqənin içərisində dörd əsgərimizin qətlə yetirilməsini təşkil edəndə bəs onun heç vaxt olmayan vətənpərvərlik hissi harada idi?

R.Qazıyevin müdafiə naziri vəzifəsində çalışdığı on bir ay ərzində silah - sursat adı ilə yığdığı pulların miqdarını saymaqla qurtaran deyil. Ancaq yığılan pulların hara xərcləndiyi barədə bu gün də müfəssəl məlumat yoxdur. Onunla bir yerdə müəllim işləmiş şəxslərdən biri deyir ki,  çox çətinliklə də olsa,  bir dəfə Rəhim Qazıyevin qəbuluna düşə bildim. Onun kabinetində 6 ədəd ağzı bağlı  dolu kisə (hər biri 50 kiloqramlıq idi) var idi. Mən soruşmamış  özü dedi ki, puldur.Tank almaq üçün əhalidən yığmışıq. Sonra da dedi ki, bir kisəsini götür apar, uşaqlarla (müəllim yoldaşlarını nəzərdə tuturmuş) yeyib -  içərsiniz. Onsuz da biz istədiyimiz vaxt istənilən məbləğdə pul yığacağıq. Sabiq müdafiə nazirinin müəllim yoldaşı onun bu təklifini nifrətlə qarşılayaraq kabinetini tərk edib.

Şuşa işğal olunanda çoxlarına elə gəlirdi ki, bir neçə günə Rəhim Qazıyevin ölüm xəbəri yayılacaq. Axı, o, söz vermişdi ki, bu hadisə vaş verərsə, “başına güllə çaxacaq”.  Lakin R.Qazıyev bu cəsarəti özündə tapa bilmədi. O, başına güllə çaxsaydı, bəs  “silah almaq” adı ilə topladığı  külli miqdarda pulları kim xərcləyəcəkdi? Şuşa işğal olunanda bir qrup şuşalının Rəhim Qazıyevin yanına gəlməsini hamımız xatırlayırıq. Başına güllə çaxacağını deyən müdafiə naziri isə sanki Şuşanın ermənilərə verilməsini çoxdan gözləyirmiş kimi özü də bilmədən salavat çəkdi. Yəni, rahatlandı. Bundan sonra düşmənlərimizə vəd verdiyi növbəti rayonun hansı olacağını müəyyənləşdirdi. Təbii ki, bu da Laçın rayonu oldu. Bu rayonların ermənilərə çox asanlıqla təhvil verilməsi səhnəsini yəqin ki, R.Qazıyev heç vaxt unutmayacaq. Axı, necə unuda bilər ki, həmin satqınçılıq və xəyanətkarlıq nəticəsində aldığı pulları hələ də  xərcləyib qurtara bilmir. Bu rayonların ermənilərə asanlıqla təslim edilməsinin sonunda erməni lobbisinin Rəhim Qazıyevin  Azərbaycan Prezidenti “seçilməsi” vədi dayanırdı. AXC-Müsavat  hakimiyyəti dövründə R.Qazıyev müdafiə naziri vəzifəsindən azad olundu. Bəlkə də bu cütlüyün hakimiyyətdə olduğu dövrdə qəbul etdiyi yeganə düzgün qərar bu oldu. Çünki  R.Qazıyevin  cəbhədaşları da  onun nə qədər satqın və  xəyanətkar olduğunu çox yaxşı bilirdilər. Onu da bilirdilər ki, Şuşa və Laçının ermənilərə asanlıqla təslim olunmasında R.Qazıyevin “qazancı” nə olub və bu “qazancı” tək mənimsəyib.

R.Qazıyevin  satqınlığı, dövlətə, xalqa, Vətənə xəyanəti sonradan tam təsdiqini tapdı və sabiq müdafiə naziri Cinayət Məcəlləsinin 3 maddəsi üzrə ittiham edilərək ölüm cəzasına layiq görüldü. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edildi. 2005-ci ildə isə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tərəfindən əfv olundu. Bu, dövlətimizin başçısının ölkədə insan hüquq və azadlıqlarının qorunmasını yüksək dəyərləndirməsinin, böyük humanistliyinin nəticəsi idi. Xəyanətkarlığa, nankorluğa artıq adət etmiş R.Qazıyev ölkə başçısının bu humanistliyini qiymətləndirməyi bacarmadı.

Mən yaxın günlərdə Rəhim Qazıyevin Prezident İlham Əliyevə ünvanladığı məktubun mətni ilə tanış olanda onun xəyanətkarlığının, nankorluğunun  və riyakarlığının bir daha şahidi oldum. Müdafiə naziri vəzifəsinə qədər qaldırılmış ali təhsilli müəllimin ölkə başçısına müraciət etmək formasını hələ də dərk edə bilməməsi onun hansı savadın və  qabiliyyətin sahibi olmasından xəbər verir. Onun  xəbisliyi və paxıllığı özünü açıq şəkildə büruzə verir. Guya özünü gənc nəslə qayğıkeş kimi göstərən R.Qazıyev sanki unudur ki, onu layiq olduğu ağır cəzadan  məhz Prezident İlham Əliyev xilas edib. Bunu unutmaq isə ən böyük nankorluqdur.

Mən iki seçki dalbadal Prezident İlham Əliyevin vəkili olmuşam. Həmin vaxtlar prezidentliyə namizədin vəkili kimi, indi isə bir deputat kimi  keçirdiyim görüşlərdə seçicilər birmənalı olaraq dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini deyir, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin alternativi olmadığını bildiriblər. İnsanlar Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini, növbəti prezident seçkilərində də  yalnız ona səs verəcəklərini açıq şəkildə  bəyan edirlər. Rəhim Qazıyev və onun kimi milli xəyanətkarların, vətən xainlərinin və satqınların seçki öncəsi yenidən peyda olmaları və cəfəngiyyatları heç kimi yolundan döndərə bilməz. Çünki artıq hamıya bəllidir ki, həm Rəhim Qazıyev, həm reneqat Eldar Namazov, həm də “İctimai Palata” adlı qondarma qurumun təsisçiləri xarici düşmənlərimizin əlində bir oyuncaqdırlar. Belə xəyanətkarlar antiazərbaycan dairələrin  çirkli pulları hesabına istənilən havaya oynayırlar. Onlar üçün xalq, millət, Vətən önəmli deyil. Əsas erməni lobbisinin verdiyi puldur. Yaxşı ki, belə satqınların dediklərini özlərindən başqa eşidən yoxdur. Onlar öz gözlərində tiri qoyub başqasının gözündə tük axtarırlar.

Mirkazım KAZIMOV,

Milli Məclisin deputatı

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında