Joao Soareş: "Mən Azərbaycanın birinci mərhələdə gördüyü işlərə heyran qalıram. Bu, həqiqətən də tərifəlayiqdir"

ATƏT Parlament Assambleyasının Norveçin Oslo şəhərində keçirilən XIX illik sessiyası çərçivəsində ATƏT PA-nın sədri Joao Soareşin BBS-nin Azərbaycan bölməsinin müxbirinə müsahibəsi erməni nümayəndənin narazılığına səbəb olmuşdur.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, sessiyanın ümumi müzakirələrində Ermənistan nümayəndə heyətinin rəhbəri Aram Safaryan ATƏT PA-nın sədri Joao Soareşə "Ermənistan prezidenti prosesin irəliyə doğru hərəkəti üçün kifayət qədər nüfuza malik deyil" fikrinə görə iradını bildirmişdir. Ermənistanlı deputat qeyd etmişdir ki, prezident və xalq bir çox məsələlərdə, o cümlədən Ermənistan xalqının rifahına dair məsələlərdə yekdildirlər. Fransa, ABŞ və Rusiya prezidentləri Kanadada Dağlıq Qarabağ üzrə bəyanatla çıxış etmişlər, Madrid prinsipləri qəbul olunmuşdur. Lakin, bu gün biz tez-tez Azərbaycan tərəfindən militarist hədələr eşidirik. Aramızda inamın zəif olduğu hiss olunur".
Joao Soareş Aram Safaryanla razılaşmamış və qeyd etmişdir ki, erməni deputat ingilis dilini zəif bildiyinə görə onun fikirlərini düzgün başa düşməmişdir. J.Soareş iclasa qədər bu məsələnin müzakirəsi üçün imkan olmasına baxmayaraq, erməni deputatın mövzuya iclas zamanı qayıtmasına da iradını bildirmişdir.
Öz mövqeyi barədə təkrar məlumat verən ATƏT PA sədri bunu dəfələrlə Yerevanda, Bakıda, Tbilisidə ifadə etdiyini vurğulayaraq bildirmişdir: "Mənim mövqeyim istənilən problemin sülh yolu ilə həllinə töhfə vermək istəyən, müstəqillik prinsiplərinə və insan hüquqlarına riayət olunmasına çalışan insanın mövqeyidir. Mən heç zaman bu prinsipə xilaf çıxmayacağam. Hesab etmirəm ki, bir-birini təpikləmək, bir-birinə hücum etmək düzgündür. Mən Azərbaycanın birinci mərhələdə gördüyü işlərə heyran qalıram. Bu, həqiqətən də tərifəlayiqdir. Azərbaycan Norveçdə mövcud olan ən yaxşı modeldən istifadə etmişdir".
Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Bahar Muradova sədrlik etdiyi dövrdə bütün dövlətlərə və müzakirə olunan məsələlərə obyektiv münasibətinə görə J.Soareşə təşəkkür etmiş, məsələyə münasibətini bildirmişdir. B.Muradova vurğulamışdır ki, Ermənistan prezidentinin öz respublikasında, öz vətəndaşları arasında böyük nüfuza malik olması bizi sevindirir. Əgər bu belədirsə, onda sülh razılığına gəlmək çətin deyildir.
Payızda Azərbaycanda parlament seçkiləri keçiriləcəyini qeyd edən B.Muradova vurğulamışdır ki, o, öz seçiciləri, həmçinin məcburi köçkün, hələ də öz doğma yurd-yuvasına qayıtmaq ümidi ilə yaşayan 82 yaşlı anası qarşısında özünə bir deputat kimi necə bəraət qazandıracağını bilmir.
Beş il bundan əvvəl seçiciləri tərəfindən qarşısına qoyulmuş əsas tələblərdən birincisinin məhz ATƏT PA-da Dağlıq Qarabağ probleminin həlli üzrə müvafiq sənədlərin qəbul edilməsinə nail olmaqdan ibarət olduğunu deyən B.Muradova keçirdiyi çoxsaylı və müxtəlif səviyyəli görüşlərə baxmayaraq, çox böyük təəssüf hissi ilə qeyd etmişdir ki, hələ nəticə yoxdur.
ATƏT məkanında Qarabağ mövzusunun digər problem məsələlərdən daha çox müzakirə edildiyini bildirən B.Muradova demişdir ki, Minsk qrupu həmsədrləri, Azərbaycan və Ermənistan prezidentləri, habelə onların nümayəndələri arasında keçirilən görüşlər getdikcə intensivləşir. ABŞ, Fransa və Rusiya prezidentlərinin son bəyanatından sonra münaqişənin məhz Madrid prinsipləri əsasında həllinə ümidlərin artdığını diqqətə çatdıran B.Muradova Azərbaycan tərəfinin tezliklə sülh müqaviləsinə hazırlıq mərhələsinə keçilməsini istədiyini vurğulamışdır.
ATƏT PA-dakı həmkarlarının bu barədə mümkün qədər az danışmağa çalışdığını anlaşılmaz hal hesab etdiyini deyən deputatımız, ümumiyyətlə, bununla əlaqədar sənədlərdə müvafiq fikirlərin əks olunmasına cəhd göstərilmədiyini söyləmişdir. Bildirmişdir ki, Miqliori və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Q.Lenmarker Gürcüstan və Moldovaya dair öz fikirlərini çox aydın şəkildə bildirsələr də, heç bir yerdə Azərbaycanı yada salmaq istəmirlər.
"Mən heç cür başa düşə bilmirəm, məgər Dağlıq Qarabağ tam nəzarətsiz ərazi deyilmi. Məgər bu ərazidəki transmilli cinayətkarlıq, qeyri-leqal silah satışı, narkotik və insan alveri bizi narahat etməli deyilmi" suallarına cavab istəyən B.Muradova azərbaycanlı qaçqın və məcburi köçkünlərin də öz evlərinə qayıtmaq istədiyini qeyd etmişdir.
Azərbaycana görə ATƏT PA nümayəndələrinin narahatlığını dəfələrlə müşahidə etdiyini bildirən B.Muradova soruşmuşdur ki, onda nəyə görə Minsk qrupu həmsədrlərinin və danışıqlar aparan tərəflərin belə fəal fəaliyyəti fonunda ATƏT PA bu prosesin həllinə kömək edəcək sənədləri qəbul etmək istəmir?! Biz susmaqla, sona qədər sözümüzü deməməklə özümüzü prezidentlərin bəyanatını dəstəkləmək imkanından məhrum etmirikmi?
B.Muradova təəssüf hissi ilə bildirmişdir ki, ötən illər ərzində "qızıl imkan"a dair məruzə müzakirə olunmamışdır. Nə Q.Lenmarkerin regiona çoxsaylı səfərləri, nə də onun problemə dair çıxışları hər hansı konkret sənəddə öz əksini tapmamışdır. Deputat çıxışını belə yekunlaşdırmışdır: "Hər birimiz başa düşürük ki, bu münaqişə regiondakı sülh prosesinin təminatına necə böyük təhlükə törədir. Ona görə də mən ATƏT PA-nın yeni seçiləcək rəhbərliyini bütün münasibətlərə eyni cür yanaşmağa və danışıqlar prosesinə müsbət təsir göstərən sənədlərin qəbul olunmasına dair təşəbbüsləri dəstəkləməyə çağırıram.
Bu gün dostum Kimmo Kilyunenn kimi, mən də deyə bilmərəm ki, xoşbəxtəm. Çünki problem barədə danışmaq heç də onun həlli demək deyildir. Tanrı bizə kömək olsun!"
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Q.Lenmarker isə bildirmişdir ki, indi əsas istiqamət tərəflərin münaqişənin həlli üzərində fikirlərini cəmləməyə hazır olmalarıdır. Tərəflər ilk növbədə məsələnin daxili həlli barədə düşünməlidirlər. Çünki bunsuz hər hansı bir nəticəyə gəlmək mümkün olmayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında