Martın 19-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan haqları komitəsinin növbəti iclası keçirilmişdir. Komitənin yaz sessiyası ərəfəsindəki son toplantısında ayrı-ayrı məruzələrin müzakirəsi ilə yanaşı, iki vacib problem üzrə dinləmələr də təşkil olunmuşdur.
“Korrupsiya qanunun aliliyinə təhlükə kimi” adlanan məruzə ətrafındakı müzakirələrə ABŞ-ın Korrupsiya Əleyhinə Ədliyyə Təşəbbüsləri Açıq Cəmiyyətindən, Bolqarıstanın Liberal Strategiyalar Mərkəzindən, İsveçrənin Hüquqşünasların Beynəlxalq Komissiyasından, “Transparency International” təşkilatının Avropa və Mərkəzi Asiya regional bölməsindən aparıcı mütəxəssislər və ekspertlər dəvət edilmişdir. Müzakirələrdə müasir dünyanın, o cümlədən Avropa ölkələrinin üzləşdiyi ən ağır problemlərdən olan korrupsiyanın qarşısının alınması istiqamətində hüquqi çərçivədə görülməli işlər, həyata keçirilməli təxirəsalınmaz tədbirlər barədə mülahizələr səslənmişdir.
Varşava Universitetinin Beynəlxalq Hüquq İnstitutundan dəvət edilmiş professor Zdislav Qaliskinin iştirakı ilə keçirilən digər dinləmə “Vətəndaşlıq verilməsinin sadələşdirilməsi və Vətəndaşlıq Haqqında Avropa Konvensiyasının tətbiqi” adlı məruzə ətrafında olmuşdur.
Komitədə ciddi maraq doğuran bu mövzu üzrə məruzəçi Latviyadan olan deputat Boris Sileviçdir. Lakin bu mövzunun geniş əhatə dairəsini nəzərə alaraq AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsindən də ayrıca məruzəçi təyin edilmişdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu ilin sessiyalarından birinin gündəliyinə daxil edilməsi nəzərdə tutulan və həmməruzəçisi olduğu həmin problemlə əlaqədar demişdir: “Çoxvətəndaşlılıq, yaxud ikili vətəndaşlıq Avropanın, eləcə də dünyanın hansısa ölkəsində qanunla icazə verilən və tənzimlənən, hansısa ölkədə müvafiq yerli xüsusiyyətlərdən asılı olaraq məhdudlaşdırılan, ya da ümumiyyətlə yol verilməyən bir məsələdir. Yəqin ki, hələ bu istiqamətdə müzakirələr çox davam edəcək və yaxın illər ərzində bu sahədə ortaq məxrəcə gəlinməsi çətin olacaqdır. Lakin miqrantların vətəndaşlıq əldə etmək məsələlərində elə suallar vardır ki, onların cavabı təxirə salınmadan verilməli, müəyyən işlək mexanizmlər hazırlanmalıdır. Əksər Avropa ölkələrində miqrantların vətəndaşlıq əldə etməsi uzun və çətin bir prosesdir. Təbii ki, belə vəziyyət həmin şəxslərdən ötrü insani və siyasi hüquqlarını gerçəkləşdirməkdə mürəkkəb, bəzən isə aşılmaz maneələr yaradır. Belə insanlar elə Avropanın özündə minlərlədir. Amma bəs uşaqların təqsiri nədir? Avropada anadan olan, böyüyən uşaqlar doğulub yaşadıqları ölkənin vətəndaşlığını almaq yolunda saysız-hesabsız əlavə əngəllərlə, sərt çərçivələrlə üzləşirlər. Onların vətəndaşlıq əldə etməsini maksimal dərəcədə sadələşdirən addımların atılması, bu prosesi nizamlayan ümumavropa səciyyəli sənədlərin hazırlanması vacibdir”.
Avropa Şurasında əvvəllər də bir neçə dəfə Axısxa türkləri ilə bağlı məsələ qaldırmış Rafael Hüseynov müzakirə edilən mövzu kontekstində də həmin problemə bir daha toxunaraq bildirmişdir ki, 1944-cü ildə Cənubi Gürcüstandan Orta Asiyaya sürgün edilmiş, sonralar Rusiya, Qırğızıstan, Azərbaycan və digər ölkələrdə məskunlaşmış Axısxa türkləri indiyədək vətəndaşlıq əldə etmək üçün ardıcıl olaraq problemlərlə qarşılaşırlar. Sovet İttifaqının dağılmasından sonra Krasnodar bölgəsində yaşayan və ümumi sayı təxminən 13 min olan Axısxa türklərinə Rusiya vətəndaşlığı verilmədiyindən onlar siyasi, iqtisadi, sosial və digər hüquqlarından yetərincə yaralana bilmirlər”.
Hüquqi işlər və insan haqları komitəsinin cari iclasında bir sıra yeni mövzular üzrə məruzəçilər təyin edilmiş, eləcə də tamamlanmaqda olan və Parlament Assambleyasının açıq müzakirəsinə hazırlanan məruzələrlə bağlı dəqiqləşdirmələr aparılmışdır. “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması” adlı məruzəsi ətrafında ötən ilin sonlarında mütəxəssis və ekspertlərin iştirakı ilə kollokvium keçirilmişdir və məruzə ilkin variantda artıq hazırdır. AŞPA-nın payız sessiyasında açıq müzakirəyə çıxarılacaq və daha mükəmməl Avropa evinin yaranmasına töhfə olacaq məruzə ilə bağlı Rafael Hüseynov bildirmişdir: “Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması təşkilatımızın əsas fəlsəfəsi ilə bilavasitə bağlıdır və mahiyyəti etibarilə Avropada və dünyada ortaq hüquqi məkanın daha artıq bərqərar olması ideyasına xidmət edir. Bu, əslində hamımızın ortaq gələcəyimizlə əlaqədar olan məsələdir və həmin səbəbdən də mütəxəssislərin bu mövzuya həssaslıqla yanaşması təbiidir. Ortaq Avropa evini formalaşdırmaq, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, bütün Avropa cəmiyyətinin getdikcə daha geniş çərçivədə uyğun meyarlarla düşünməsini, yaşayıb fəaliyyət göstərməsini təmin etmək müştərək qanun müstəvisinin formalaşdırılması məsələsi ilə bilavasitə bağlıdır. Bu mənada Avropa Şurası konvensiyalarının yalnız bu təşkilatın üzvü olan 47 ölkədə deyil, həm də digər qeyri-üzv dövlətlərdə tətbiq edilməsi çox əhəmiyyətli ola bilər. Hazırda Avropa Şurasının 213 konvensiyası vardır ki, bunlardan yalnız 41-i qeyri-üzv dövlətlər üçün açıq deyildir. Bu sadə statistika açıq şəkildə nümayiş etdirir ki, əslində konvensiyaların əksəriyyəti lap başlanğıcdan məhz geniş əhatə üçün nəzərdə tutulmuşdur və heç vəchlə üzv dövlətlərlə məhdudlaşa bilməz. Lakin təcrübədə biz fərqli mənzərənin şahidi oluruq. Avropa Şurası konvensiyalarının əksəriyyəti hüquqi baxımdan qeyri-üzv dövlətlərin də qoşulmasına açıq olsa da, qeyri-üzv dövlətlərin özlərinin bu prosesdə iştirakı heç də arzulanan səviyyədə deyildir. Lakin təəssüf doğuran haldır ki, qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarında iştirakı nadir hallarda müzakirə və müfəssəl tədqiq obyektinə çevrilir. Amma buna da ehtiyac böyükdür. Çünki konvensiyaların hamısının qeyri-üzv dövlətlər üçün açıq olmasını təmin etmək tendensiyası vardır. Belə səylərin olması nə qədər müsbət dəyərləndirilsə də, təəssüf ki, həmin konvensiyaların bir qismi bütün dövlətlərə aid edilə bilmək üçün yetərincə işlənməmişdir. Qeyri-üzv dövlətlərin qoşulması üçün açıq olan ilk konvensiya 1953-cü ildə qəbul edilmişdir və arxada qalan 60 ilə yaxın müddətdə belə konvensiyaların miqdarı durmadan artsa da, qeyri-üzv dövlətlərin qoşulduğu, yaxud ratifikasiya etdiyi konvensiyaların sayı yalnız 76-dır. Zənnimcə, qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması və onların tətbiqində iştirakını intensivləşdirmək üçün mövcud müsbət təcrübələr diqqətdə saxlanılmalı, maraqların daha çox kəsişmə nöqtələri müəyyənləşdirilərək həmin istiqamətdə daha ardıcıl iş aparılmalıdır”.
AŞPA-nın aprel ayının sonlarında keçiriləcək qarşıdakı yaz sessiyasının gündəliyi də açıqlanmışdır və qeyd edilmişdir ki, ənənəvi olaraq yenə hüquqi işlər və insan haqları komitəsinin xətti ilə həmin sessiyaya təqdim edilən məruzələri çoxluq təşkil edəcəkdir.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.